Ermənistanda daxili vəziyyət gündən – günə gərginləşir. Bir tərəfdən işsizlik, əhalinin aclıq və səfalətdən əziyyət çəkməsi, digər tərəfdən isə səbəbi açıqlanmayan əsgər ölümləri insanların səbir kasasını daşırıb. Son vaxtlar orduda gənc əsgərlərin qətl və intiharlarının sayının artması validenyləri hərəkətə gətirib.
Onlar işğalçı ölkənin Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirdikdən sonra, parlamentin binası qarşısına, oradan isə Prezident Administrasiyasının qarşısına toplaşıblar. Hüquq – mühafizə orqanlarının əməkdaşları əsgər analarına zor tətbiq etməklə, aksiyanı dağıtmağa çalışıblar.
Son iki ildə erməni hərbçiləri və əsgər analarının etiraz aksiyaları səngimək bilmir. Əsgər anaları övladlarını Dağlıq Qarabağa göndərməkdən imtina edirlər. Bunun səbəbini isə həmin ərazilərin onlara aid olmaması ilə əlaqələndirirlər. Etiraz aksiyasında iştirak edən əsgər anaları qışqıra-qışqıra deyirlər: “Dağlıq Qarabağ Azərbaycanın torpağıdır və biz istəmirik ki, övladlarımız başqasının torpağı uğrunda vuruşub həlak olsunlar”.
Xatırladaq ki, bir il öncə işğalçı Ermənistan ordusunun hərbi qulluqçusu "Azadlıq" radiosunun erməni xidmətinə verdiyi müsahibədə də bu fikirləri səsləndirmişdi. O demişdi ki, gənclər başqasının torpağına görə ölmək istəmirlər və hərbi xidmətdə olanların əksəriyyəti könüllü surətdə Azərbaycan tərəfinə keçir. Onlar Azərbaycana keçərək, üçüncü ölkəyə getmək imkanından istifadə edirlər.
Erməni hərbi qulluqçusu etiraf etmişdi ki, onlar Dağlıq Qarabağ uğrunda canlarını qurban vermək istəmirlər. Çünki bu, Azərbaycan ərazisidir. Hərbçilərin bir çoxu başqa ölkənin torpağı uğrunda ölmək istəmədiyini bildirmişdi.
Son illər dəfələrlə şahidi olmuşuq ki, erməni əsgərləri ağ bayraq qaldırıb Azərbaycan Ordusuna təslim olaraq, könüllü surətdə Azərbaycan tərəfinə keçdiklərini bildiriblər. Sonra isə üçüncü ölkəyə getmək imkanından istifadə ediblər.
Bütün bunlardan təngə gəlmiş valideynlər Müdafiə Nazirliyi və hökumət binasının qarşısına toplaşaraq, övladlarının qatilinə çevrilmiş Serj Sarkisyan iqtidarının istefasını tələb edirlər.
“Aravot” qəzetinin yaydığı bir məlumatda bildirlir ki, Şirak vilayətinin Hadsiq kəndində 19 yaşlı Sloyan soyadlı əsgər intihar edib. Qeyd edilir ki, Armavir şəhərində hərbi xidmət keçən gənc zabitlər tərəfindən fiziki zorakılığa, işgəncələrə və təhqirlərə məruz qalıb. Əsgərin yaxınlarının dediyinə görə, təhqirləri dilə gətirmək mümkün deyil. Bütün bunlara dözməyən əsgər hərbi hissədən qaçmış və bir müddət sonra əmisinin evində asılmış vəziyyətdə tapılmışdır.
Oxşar hadisə Mubareşen hərbi hissəsində də baş verib. Hərbi hissənin gənc əsgəri Vardan Melkumyan intihar edib. Əsgərin yaxınlarının dediyinə görə, o, intihar etməyib, onu işgəncə ilə öldürüblər. Əsgərin valideynləri bu barədə artıq Helsinki Vətəndaş Assambleyasına da müraciət ediblər. Məlumatda deyilir ki, son vaxtlar orduda belə halların baş verməsi adi hala çevrilib. Əsgər analarını hiddətləndirən əsas amillərdən biri hakimiyyət orqanlarının orduda ölüm hadisələrini ötr-basdır etməsi, gənc əsgərlərə işgəncə faktına qarşı tədbir görülməməsidir. Bununla yanaşı, ordudakı qeyri - qanuni hadisələrin, hərbi xidmətə yeni çağırılmış əsgərlərin yüksək rütbəli hərbçilərin bağ evlərində qul kimi işlədimələrini, əsgər və zabitlərin ölümünün, intihar hallarının xalqdan gizlədilməsi də ciddi narazılıq yaradıb.
Əsgər analarından birinin dediyinə görə, onun hərbi xidmətdə olan öğlu yüksək rütbəli zabit tərəfindən öldürülüb. Həmin zabit prezident Serj Sarkisyanın yaxın qohumu olduğundan bu cinayət faktı ötr-basdır edilib. Müxtılif vasitələrlə qətlə yetirilmiş hərbçilərin valideynləri deyiblər ki, onların övladları rejimin qurbanına çevriliblər. Son vaxtlar gənclər hərbi xidmətdən ya əlil kimi qayıdır, ya da heç geri qayıtmırlar. Onlar ya intihar edir, ya da öldürülür.
Orduda baş verən acınacaqlı hallara son qoyulmasını tələb edən əsgər anaları bütün valideynlərə müraciət edərək, övladlarını belə rejimə qurban verməməyə çağırıblar. Etiraz edən valideynlərin əsas tələblərindən biri də gənclərin Qarabağda xidmətdən uzaqlaşdırılması olub. Onlar bunu Qarabağın başqa dövlətin ərazisi olması ilə əlaqələndiriblər: “Niyə bizim uşaqlarımız gedib Azərbaycanın torpağında xidmət etməli və bu torpaq uğrunda həlak olmalıdırlar? Biz razıyıq, qoy bizim övladlarımız öz Vətəninin müdafiəsi uğrunda canlarını qurban versinlər. Daha Qarabağın yox. Çünki Qarabağ Azərbaycanın ərazisidir”.
Prezident Administrasiyasının qarşısına toplaşan əsgər analarına qarşı zor tətbiq olunaraq, aksiya dağıdılıb. Əsgər anaları qışqıra – qışqıra deyiblər: “Serj, Qarabağ bizim ərazimiz deyil, Azərbaycan torpağıdır. Biz başqasının torpağı uğrunda övladlarımızın ölməsini istəmirik. Uşaqlarımızı rejimin qurbanına çevirməyin!”.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.