Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini gündən-günə möhkəmləndirməkdədir. Son illər dünyada baş verən toqquşmalar, qarşıdurmalar və qanlı müharibələrin getdikcə alovlandığı bir zamanda Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, davamlı sabitliyi qoruyub saxlaması və beynəlxalq təşkilatlarda uğurla təmsil olunması artıq reallığa çevrilib. Bu nailiyyətlərin əsasını uğurlu xarici siyasət təşkil edir.
Təbii ki, qısa müstəqillik tarixi olan ölkənin dünya birliyində söz sahibinə çevrilməsi və hazırkı inkişaf mərhələsinə gəlib çatması o qədər də asan başa gəlməyib. Müstəqilliyimizin geridə qalan illərini gözlərimiz önündə canladırdıqda, ölkəmizdə bir neçə dəfə dövlət çevrilişinə cəhdin, beynəlxalq təşkilatların və Qərbin bir sıra dövlətlərinin, həmçinin ermənipərəst qüvvələrin təzyiq və təhdidləri ilə qarşılaşdığının şahidi oluruq. Təəssüf edirik ki, bu gün dünyada mövcud olan ikili siyasət nəticəsində ölkəmiz hələ də ədalətsizlik və haqsızlıqlarla üz-üzədir. Bütün bunlara baxmayaraq, əsası ulu öndər Heydər Əliyev tərəfindən möhkəm təməllər üzərində qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı beynəlxalq aləmdə nüfuzlu dövlətlərdən birinə çevirib.
Azərbaycan demokratik dəyərlərə sadiq, müstəqil inkişaf yoluna malik olan bir dövlət kimi mövqelərini getdikcə möhkəmləndirir. Respublikamızın beynəlxalq müstəvidə nüfuzunu təsdiqləyən əsas amillərdən biri Azərbaycanın iştirakı və razılığı olmadan bölgədə hər hansı layihənin həyata keçirilməsinin qeyri-mümkünlüyüdür. İstər bu baxımdan, istərsə də ordu quruculuğu baxımdan Azərbaycan bölgədə söz sahibidir.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət müstəqil Azərbaycanı inkişaf yolunda inamla irəliyə aparır. Xalqın iradəsinə və dövlətçilik maraqlarına əsaslanan bu yol ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub.
Son illər beynəlxalq aləmdə baş verən hadisələr də təsdiqləyir ki, Azərbaycanın dinamik inkişafı, dünya birliyinə sürətli inteqrasiyası, bölgədə sülh və sabitliyin bərqərar olunmasına, regionun qarşıdurmalar deyil, əməkdaşlıq məkanına çevrilməsi yolunda atdığı qətiyyətli addımlar dünya birliyində də etiraf olunur.
Azərbaycan dövlətlər və xalqlararası münasibətlərdə beynəlxalq hüququn qəbul edilmiş prinsiplərinin, sivil birgəyaşayış normalarının tətbiq olunmasının tərəfdarı olduğunu həyata keçirdiyi xarici siyasətlə təsdiqləyib. Dövlətimizin başçısı bu siyasətə sadiqliyini dəfələrlə bəyan edib. Bildirib ki, Azərbaycanda təhlükəsizlik məsələləri yüksək səviyyədə təmin edilir. Bunu gündəlik həyatımızda da hiss edir və görürük. Hazırda müxtəlif regionlarda, bölgələrdə vəziyyət gərgin olaraq qalır. Bütün bunlara baxmayaraq, Azərbaycan dövlətlər və xalqlararası münasibətlərdə beynəlxalq hüququn qəbul edilmiş prinsiplərinin, sivil birgəyaşayış normalarının tətbiq olunmasının tərəfdarıdır.
Müasir dünyada dini, ideoloji, irqi, milli münaqişələrin doğurduğu müharibələr, siyasi çaxnaşmalar, iqtisadi böhranlar davam etdiyi bir halda, dövlətimizin başçısının təşəbbüsü ilə Azərbaycanın ikitərəfli formatda əldə etdiyi nailiyyətləri üçtərəfli formatda davam etdirməsi reallığa çevrilib. Dövlətimizin başçısının təşəbbüsü ilə Bakıda bir il əvvəl İran, Rusiya, Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün keçirilməsini xatırlatmaq yerinə düşərdi. Bu tarixi hadisə üç ölkə arasında yeni əməkdaşlıq formatının yaranmasının əsasını qoymuşdur. Bu görüşün Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilməsi ölkəmizin bölgədə sülh və sabitliyin təşəbbüskarı olmasının bariz nümunəsidir. Bunu həmin görüşdə prezidentlərin səsləndirdiyi fikirlər də təsdiqləyir. Zirvə görüşündə səsləndirilən bəzi fikirləri diqqətə çatdırmaq istərdik.
Zirvə görüşünün regional əməkdaşlığa yeni təkan verəcəyini bəyan edən Azərbaycan Prezidenti əsrlər boyu yanaşı yaşayan xalqlarımızı ortaq tarix və coğrafiya birləşdirdiyini diqqətə çatdırmış, Azərbaycanı həm İran, həm Rusiya ilə sıx dostluq əlaqələri bağladığını bildirmişdir. Son illər bu əlaqələrin daha da inkişaf etdiyini və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bəyan edən Prezident İlham Əliyev demişdir: “İran, Rusiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Ölkələrimiz həmişə BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər. Azərbaycan İran ilə İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində, Rusiya ilə ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edir. Sadaladığım təşkilatlarda üç ölkə daim bir-birini dəstəkləyir”.
Dövlətimizin başçısının Azərbaycanın İrana və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyaların əleyhinə olduğunu və öz mövqeyini dəfələrlə açıq şəkildə bildirdiyini bəyan etməsi, ölkəmizin regionun qarşıdurmalarla deyil, əməkdaşlıq məkanına çevrilməsinə verdiyi töhfənin bariz nümunəsidir: “Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət beynəlxalq hüquq normalarına, ədalətə və ölkəmizin milli maraqlarına əsaslanır. Qonşularımızla yaxın əlaqələr milli maraqlarımıza tam cavab verir”.
Dövlətimizin başçısı beynəlxalq terrorizmə qarşı səylərin birləşdirilməsinin zəruriliyini qeyd edərək demişdir ki, əslində, bütün dünya bu istiqamətdə səylərini birləşdirməlidir: “ Biz ancaq bu halda beynəlxalq terrorizmə qalib gələ bilərik. Azərbaycanın terrorizmə qarşı mübarizədə prinsipial mövqeyi dəyişməzdir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliklə bağlı mühüm məsələləri müzakirəyə çıxarmış, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi təşəbbüsünü irəli sürmüşdür”.
Bu təcrübə göstərdi ki, üçtərəfli formatda əlaqələrin qurulması iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaq. Rusiya və İranın respublikamız üçün əsas ticarət tərəfdaşları olduğu bir faktdır . Buna baxmayaraq, üçtərəfli formatın digər sahələr, o cümlədən biznes strukturları üçün də faydalı olacağı əminlik yaratmışdır. Dövlətimizin başçısı da təşəbbüskarı olduğu bu formatın böyük fayda verəcəyinə əminlik ifadə etmişdir: “Yaratdığımız yeni üçtərəfli əməkdaşlıq formatı böyük potensiala malikdir. Bu, çox önəmli, yeni geosiyasi təşəbbüsdür. Üçtərəfli əməkdaşlıq regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcəkdir. İqtisadi əməkdaşlıq, energetika, nəqliyyat sektorlarında üçtərəfli əməkdaşlıq xalqlarımızın rifah halının yaxşılaşmasını təmin edir. Əsasını qoyduğumuz bu format beynəlxalq aləmdə özünə layiq yerini tutacaq. Biz bu gün mehriban qonşuluq nümunəsini göstəririk. Biz bu gün sübut edirik ki, əgər qarşılıqlı hörmət, xoş niyyət varsa, arzularımız səmimidirsə, hətta bizim qeyri-sabit, böhran və münaqişələrlə dolu olan regionumuzda ölkələrimizi risklərdən qoruya, sabitliyi möhkəmləndirə, əməkdaşlığı dərinləşdirə bilərik”.
İran və Rusiya prezidentləri də Azərbaycan Prezidentinin regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcək üçtərəfli formatda əlaqələrin qurulması təklifini yüksək dəyərləndirmişlər.
İran Prezidenti Həsən Ruhaninin dediklərindən: “İran hesab edir ki, üç ölkənin eyni mövqeyə, qarşılıqlı etimada sahib olması müxtəlif sektorlarda, xüsusilə mədəni, iqtisadi sahələrdə potensialı üzə çıxarmağa imkan yaradacaq. Bu ölkələrin bir-birinə yardım etmələri regionda mövcud olan təhdidlərə qarşı mübarizə sahəsində əməkdaşlığa da töhfə verə bilər. Regionda üç ölkənin əməkdaşlığı sayəsində inkişafın mümkünlüyünə inanırıq. Bugünkü görüş bunu bir daha göstərir... Həqiqətən də iqtisadi inkişaf və rifah regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir. Belə bir şəraitdə terrorizmə və ekstremizmə qarşı mübarizə, sabitliyin və təhlükəsizliyin təmin olunması müxtəlif fikir ayrılıqlarını müzakirə və danışıqlar yolu ilə həll etməyin mümkün olduğunu göstərir. Terrorizmlə, ekstremizmlə mübarizədə əməkdaşlığımızın potensialından istifadə etmək faydalı olar”.
Rusiya Prezidenti Vladimir Putin də Prezident İlham Əliyevin təşəbbüsü ilə üçtərəfli formatda görüşlərin keçirilməsini yüksək qiymətləndirmiş və bunun dövlətlərin münasibətlərində yeni səhifələr yaradacağını bildirmişdir: “Azərbaycan və İran Rusiya üçün mehriban qonşular və mühüm tərəfdaşlardır. Biz bir-birimizlə səmərəli əməkdaşlıq üzrə zəngin təcrübə toplamışıq. Sözsüz ki, bu gün biz münasibətlərimizdə yeni səhifə açırıq, üçtərəfli formatda qarşılıqlı fəaliyyətə start veririk. Bizim fikrimizcə, bu cür formata ehtiyac olması aşkardır. Üç ölkəni birləşdirən əsas amil geniş əhatəli regional və qlobal məsələlərə yanaşmanı əlaqələndirməyə hazır olmağımız, ticari-iqtisadi sahədə çoxplanlı praktiki əməkdaşlığı bundan sonra da genişləndirmək istəyimizdir”.
Regionlarda vəziyyətin çox mürəkkəb – risklərlə, təhdidlərlə dolu olduğu bir vaxtda Azərbaycan Prezidentinin siyasi xəttində üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizlik üçün əsas şərt hesab edilmişdir. Bu format Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması baxımından vacib hesab edilmişdir. Məlum olduğu kimi, Xəzər dənizi dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizidir. Bu baxımdan Azərbaycan Prezidenti Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Bunu Xəzəryanı dövlətlərin başçıları ilə keçirilən son görüşlər də təsdiqləyir.
Xatırladaq ki, Azərbaycan Prezidenti Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşdiyi bir vaxtda da bu gərginliyin aradan qaldırılması üçün əməli fəaliyyətə hazır olduğunu bildirmişdi. Hər iki ölkənin Azərbaycan üçün əhəmiyyətini vurğulayan dövlətimizin başçısı özünün tərəfsizliyi və sülhpərvər mövqeyi ilə Türkiyə və Rusiya arasındakı mövcud gərginliyi körükləyən müəyyən qüvvələrdən fərqli olaraq, regionun bu iki böyük aktoru arasında qarşılıqlı əlaqələrin və mehriban dostluq münasibətlərinin yenidən bərpa olunması prosesinə önəmli töhfə verdi.
Prezident İlham Əliyevin təşəbbüsü ilə İstanbulda təşkil olunan 23-cü Dünya Enerji Konqresində bir araya gələn Azərbaycan-Türkiyə-Rusiya prezidentlərinin üçtərəfli formatı ölkələrin maraqlarına uyğun hesab edilmişdir. Bu siyasi xətt hər üç ölkənin əməkdaşlıq imkanlarının daha da artırılmasına əminlik yaratmışdır.
Göründüyü kimi, Azərbaycan dövlətinin, onun başçısının bölgədə sülh və sabitliyin bərqərar olması, həmçinin əməkdaşlıq məkanına çevrilməsi yolunda atdığı qətiyyətli addımlar bu gün öz bəhrəsini verir. Təsadüfi deyildir ki, dünyada Azərbaycan sabitlik, təhlükəsizlik məkanı kimi tanınır. Baxmayaraq ki, işğalçı Ermənistan ordusu hər gün atəşkəsi 115-120 dəfə pozur, Azərbaycan tərəfi düşməni yalnız susdurmaqla kifayətlənir. Əgər ölkəmiz sülh tərəfdarı olmasaydı və bölgədə qarşıdurmaların daha da genişləndirilməsinə nail olmaq fikrindən daşınsaydı, o zaman Ermənistan ordusunu qısa bir müddətdə darmadağın edərdi. Biz bunu ötən il aprelin əvvəlində də gördük. Həm xalqımz, həm də beynəlxalq ictimaiyyət də şahid oldu ki, Azərbaycan Ordusu cəmi dörd gün ərzində Ermənistan silahlı qüvvələrini darmadağın etdi və uzun illər işğal altında qalmış min hektarlarla ərazimizi azad etdi.
Dünyada baş verən hadisələr, qarşıdurmalar, bir-birinin işinə qarışma və təhdidlər də təsdiqləyir ki, hər bir ölkənin inkişafı üçün ictimai-siyasi sabitlik, iqtisadi inkişaf, təhlükəsizlik əsas şərtdir. Qürur hissi ilə deyə bilərik ki, son illər ərzində Azərbaycanda təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təmin edilir. Buna görə də ən mötəbər qurumlar öz tədbirlərini keçirmək üçün məhz Azərbaycanı seçirlər. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz heç bir ölkənin daxili işinə qarışmırıq, heç bir avantüraya qoşulmuruq, öz işimizlə məşğuluq, öz ölkəmizi inkişaf etdiririk, xalqımızın rifahını təmin edirik.
Azərbaycan Prezidentinin həyata keçirdiyi xarici siyasətdə həm ikitərəfli, həm də üçtərəfli formatlara xüsusi önəm verməsi ölkəmizi bölgədə sülhün və əmin-amanlığın tərəfdarı kimi tanıdıb. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya dövlətləri ilə ikitərəfli, çoxtərəfli və çoxformatlı əlaqələrinin daim genişlənməsi xarici siyasətin uğurlu olmasının bariz nümunəsidir. Dövlət başçımızın xarici siyasəti sülhə, əmin-amanlığa, beynəlxalq əməkdaşlığa istiqamətlənib. Bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə istiqamətlənən xoşməramlı siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunu getdikcə artırır və tərəfdaşlarının sayını çoxaldır.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.