Pan Gi Mun: Azərbaycan-Koreya əlaqələrini genişləndirmək üçün böyük potensial var

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan BMT-nin sabiq Baş katibi Pan Gi Munla görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan–Koreya münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib, iki ölkə arasında gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Pan Gi Munun ölkəmizə səfərini yüksək qiymətləndirib və belə görüşlərin ikitərəfli münasibətlərə əhəmiyyətli töhfə verdiyini bildirib. O, Pan Gi Munun BMT-nin Baş katibi kimi fəaliyyəti dövründə ölkəmizlə təşkilat arasında əməkdaşlığın inkişaf etdirilməsində oynadığı rolu təqdir edib.

Görüşdə bu il Azərbaycanla Koreya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyi və bu məqsədlə hər iki ölkədə müxtəlif tədbirlərin keçirildiyi vurğulanıb.

Pan Gi Mun iki ölkə arasında əlaqələri genişləndirmək üçün böyük potensialın olduğunu, bu xüsusda neft, qaz, nəqliyyat, yüksək texnologiyalar və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin, birbaşa uçuşların həyata keçirilməsinin vacibliyini qeyd edib.

Sonra BMT-nin sabiq baş katibi Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cari vəziyyətlə maraqlanıb. Elmar Məmmədyarov danışıqlar prosesinin hazırkı durumu və statusu barəsində qonağı məlumatlandırıb. O, münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində də əks olunduğu kimi, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb. Həmçinin regional sülhə və təhlükəsizliyə ciddi təhdid olan bu münaqişənin həlli üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Nazir Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman ölkəmizin ədalətli mövqeyini və münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəklədiyinə görə Koreya hökumətinə təşəkkür edib.

Pan Gi Mun 41-ci Dünya Skaut Konfransının təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib. Belə tədbirlərin dünyada gənclər arasında ideya və ünsiyyət mübadiləsinin həyata keçirilməsinə töhfə verdiyini qeyd edib.

Görüşdə, həmçinin Koreya yarımadasındakı vəziyyət, dünyadakı münaqişələrin həllində BMT-nin rolunun artırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında