Hazırda Azərbaycanın 176 dövlətlə diplomatik əlaqələri vardır. Ölkəmizdə 81 diplomatik nümayəndəlik və konsulluq fəaliyyət göstərir. Öz növbəsində Azərbaycanın 62 ölkədə səfirliyi, 5 baş konsulluğu və 10 daimi nümayəndəliyi mövcuddur. Təbii ki, bütün bunlar son hədd deyil. Azərbaycan xarici dövlətlərlə diplomatik münasibətlərini daha da genişləndirmək istiqamətində fəaliyyətini artırır, yeni səfirliklər açılması yolunda qətiyyətli adımlar atır. Ölkəmizin xarici siyasət kursunun son dərəcə çevik prinsiplər üzərində qurulması və respublikamızın dünya birliyində reytinqinin getdikcə yüksəlməsi Azərbaycan diplomatiyasının fəallığını daha da artırır. İndi Azərbaycan mötəbər beynəlxalq təşkilatların fəal üzvüdür və həmin qurumlarda çox yaxşı fəaliyyət göstərir.
Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında, BMT-nin Təhlükəsizlik Şurasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında, UNESCO-da, digər nüfuzlu təşkilatlarda Azərbaycanın xüsusi yeri vardır. Ölkəmiz Avropa İttifaqının TRASEKA, “Yeni Qonşuluq”, “Şərq tərəfdaşlığı” kimi proqramlarının fəal iştirakçısıdır.
Bu faktlar ölkəmizin 26 illik müstəqillik dövründə diplomatik fəaliyyətinin qazandığı uğurları əks etdirir. Azərbaycanın bu gün beynəlxalq birlikdə reytinqinin getdikcə yüksəlməsinin və dünyada söz sahibinə çevrilməsinin əsası ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə qoyulub. “Xarici siyasətimiz sülhsevər siyasətdir. Azərbaycanın daha geniş tanınmasına xidmət edir. Xarici siyasət, ilk növbədə, Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Əsas vəzifəmiz dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm də Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir” – deyən ümummilli lider bu vəzifələri dövlət siyasətinin prioriteti hesab edirdi. Heydər Əliyev dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın xarici siyasətinin əsasını müəyyənləşdirmişdir.
XX əsrin 90-cı illərində SSRİ-nin təlatümlü dövründə dünyada çox çətin və mahiyyəti tam aydın olmayan geosiyasi proseslər gedirdi. Bir qədər sonra , SSRİ-nin süqutu müttəfiq respublikalara müstəqillik qazandırdı. Bundan sonra həmin respublikaların öz inkişaf yolunu müəyyənləşdirməsi, böyük siyasi müdriklik, dövlət idarəçiliyində zəngin təcrübə və düşünülmüş strategiya tələb edirdi.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra baş verən proseslər bir daha təsdiqləyir ki, ulu öndər Heydər Əliyev həmin keyfiyyətlərə malik olan müdrik tarixi şəxsiyyətdir. Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı, həmin qurumların fəal üzvünə çevrilməsi, eyni zamanda, xarici siyasət sahəsində əldə etdiyi uğurlar bu fikri tam təsdiqləyir. Heydər Əliyevin işləyib hazırladığı dövlət quruculuğu konsepsiyası əsasında möhkəmlənən müstəqilliyimiz bu gün artıq əbədiyyətə çevrilib.
1993-cü ilə qədər ölkədə baş verən prosesləri gözlərimiz önünə gətirsək, yalnız xarici siyasət sahəsində buraxılan səhvlərin respublikamıza necə baha başa gəldiyinin şahidi olarıq. Əvvəlki iqtidarın bu sahədə yol verdiyi ciddi nöqsanlar Azərbaycanın regionda təklənməsinə doğru aparırdı. Həmin dövrdə Ermənistanla müharibə getdiyi bir şəraitdə yaxın qonşularımız olan Rusiya və İranla münasibətləri gərginləşdirən iqtidarın yanlış siyasəti yalnız Heydər Əliyevin müdrikliyi sayəsində aradan qaldırıldı. Həmin dövrdə ulu öndər Azərbaycanın MDB-yə daxil olmasını da zəruri hesab etmişdir. Müdrik şəxsiyyət özünün xarici siyasət kursunda bu quruma daxil olan keçmiş sovet respublikaları ilə birbaşa ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə mühüm yer ayırmışdı. Ulu öndərin müəyyənləşdirdiyi xarici siyasət kursu Azərbaycanı mötəbər beynəlxalq təşkilatların fəal üzvünə çevirdi.
Ulu öndərin müəyyənləşdirdiyi istiqamətlər üzrə siyasi-diplomatik fəaliyyətin məzmunu və məqsədi dəqiqləşdirilmiş, onun konkret tövsiyələri və tapşırıqları əsasında xarici siyasətdə bir-birinin ardınca uğurlar əldə edilmişdir. Bu siyasi kursun əsasını təşkil edən müddəalar beynəlxalq hüquq normaları ilə tənzimlənən dövlətlərarası münasibətlərə, bütün dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşmaq, bütün mübahisəli məsələləri sülh və danışıqlar yolu ilə həll etmək, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq qurmaq və dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətləri aradan qaldırmaqdan ibarətdir.
Ulu öndərin bütün sahələr üzrə müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə diplomatik sahədə qazanılan uğurlar Azərbaycanı beynəlxalq birliyin fəal üzvlərindən birinə çevirmişdir.
Dövlət başçımızın qarşıya qoyduğu əsas vəzifələrdən biri də Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir. Bu, xarici siyasətin prioriteti kimi qəbul edilib. Bunun səbəbi isə hər kəsə aydındır: Ərazi bütövlüyünün təmin edilməsi dövlətin müstəqilliyinin və suverenliyinin əsas göstəricilərindən biridir. Ərazi bütövlüyünün təmin olunması yalnız Azərbaycanın inkişafı üçün deyil, həm də ümumilikdə regional inteqrasiyanın reallaşmasının təməl şərtlərindən biridir. Çünki Ermənistanın işğalçılıq siyasəti və bunun nəticəsində bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, ərazimizin 20 faizinin işğal altında saxlanılması ölkəmizin inkişafında problemlər yaradır. Bu baxımdan ərazi bütövlüyünün təmin olunması əsas vəzifədir. Bu vəzifə Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunun prioritetini təşkil edir.
Azərbaycan Prezidentinin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olması artıq dünya birliyinə də bəllidir. Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli xüsusilə mühüm yer tutur. Aparılan uğurlu diplomatiya nəticəsində artıq nüfuzlu beynəlxalq təşkilatlar, həmçinin münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri də haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edirlər. Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribat nəticəsində 2 yaşlı Zəhranın və onun nənəsinin qətlə yetirilməsi, digər yaşlı qadının ağır yaralanması nəticəsində ATƏT-in Minsk qrupunun verdiyi ikinci bəyanat da bunu təsdiqləyir. Xatırladaq ki, həmin bəyanatda təxribatların Ermənistan tərəfindən törədilməsi, Cenevrə konvensiyalarının və danışıqlar prosesinin məhz işğalçı Ermənistan tərəfindən pozulması aydın şəkildə ifadə edilir. Məhz həmin bəyanatda iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verən hadisələr təxribat kimi qiymətləndirilib.
Nüfuzlu beynəlxalq təşkilatlar artıq haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanı təcavüzkar dövlət kimi tanıyırlar. Azərbaycanda akkreditə olunan ABŞ, Çin, Pakistan, Türkiyə, Rusiya, Çexiya, Qazaxıstan, Belarus, Koreya, Gürcüstan və Ukraynanın hərbi attaşelərinin və Almaniya səfirliyinin diplomatının, həmçinin beynəlxalq media nümayəndələrinin Alxanlı kəndinə təşkil edilən səfərləri və diplomatik korpusun nümayəndələrinin yerindəcə bu faktın şahidi olmaları düzgün müəyyənləşdirilmiş xarici siyasətin nəticəsidir.
Diplomatik fəaliyyətimizin uğurları təkcə bununla bitmir. Azərbaycanın haqlı mövqeyi Avropa Şurasında, BMT, Avropa Birliyi, ATƏT, NATO, İKT, GUAM və digər beynəlxalq təşkilatlarda da dəstəklənmişdir. 2010-cu il noyabrın 19-20-də Lissabonda keçirilmiş NATO-nun zirvə görüşünün yekun bəyannaməsində region ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş, münaqişələrin məhz bu prinsiplər nəzərə alınmaqla həllinin vacibliyi vurğulanmışdır. Avropa Parlamenti tərəfindən qəbul edilmiş “Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı” adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğal altında olması faktı təsdiq edilmişdir. Qətnamədə, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev indiyədək ATƏT-in Minsk qrupunun həmsədrləri ilə 50-dən çox görüş keçirmişdir. Bu da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda ölkəmizin ilk növbədə sülh variantına üstünlük verdiyinə sübutdur.
Milli maraqlara söykənən diplomatik fəaliyyət əsasında Azərbaycan regionda və onun hüdudlarından kənarda mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq mühiti formalaşdırmağa nail olub. Biz ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə seçkiləri zamanı da bunun şahidi olduq. Ümumiyyətlə, bu seçki və Azərbaycanın həmin seçkidə 155 dövlətdən dəstək alaraq qalib çıxması müstəqillik illərində əldə etdiyimiz ən böyük diplomatik nailiyyətdir. Ölkəmizin müstəqilliyinin 20-ci ilində belə böyük uğurun əldə edilməsi Azərbaycan dövlətinin başçısı tərəfindən həyata keçirilən uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında bu mötəbər quruma qeyri-daimi üzv seçilən ilk, bütün MDB məkanında isə ikinci ölkə olmuşdur. Onu da qeyd edək ki, MDB ölkələrindən məhz Ukrayna Azərbaycandan əvvəl seçilmişdi, lakin unutmayaq ki, Ukrayna hələ 1945-ci ildən BMT-nin üzvüdür.
BMT Təhlükəsizlik Şurasına Azərbaycanın qeyri-daimi üzv seçilməsini tarixi qələbə kimi səciyyələndirən dövlət başçısı İlham Əliyev bildirmişdir ki, müstəqilliyin iyirmi illiyinə təsadüf edən bu qələbə ölkəmizin uğurlu inkişafını göstərir: “Eyni zamanda, onu göstərir ki, biz erməni lobbisi tərəfindən Azərbaycan haqqında yanlış rəy formalaşmasına böyük zərbə vura bilmişik. Yəni, biz o rəyi dəyişdirə bilmişik və bu gün 155 ölkə Azərbaycanı dəstəkləyir. Biz Təhlükəsizlik Şurasına üzv seçilən zaman mən demişəm ki, ədaləti, beynəlxalq hüququ müdafiə edəcəyik və ilk günlərdən bu prinsipə sadiqik. Bu gün mənim həmkarlarımla keçirilən görüşlərdə daim bu mövzu haqqında fikir mübadiləsi aparılır. Azərbaycanın ədalətli, cəsarətli mövqeyi daim vurğulanır”.
Azərbaycanın 2014-cü il 14 maydan 13 noyabra qədər Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi də xüsusilə qeyd edilməlidir. Bu quruma üzv olduqdan sonra Azərbaycan ilk dəfə Nazirlər Komitəsinə sədrlik etmişdir,
6 ay ərzində Avropa Şurasının üç aparıcı sahəsi – insan hüquqları, hüquq norması və demokratiya üzrə hədəflərinə xidmət göstərmişdir.
Azərbaycanın sədrliyi dövründə əsas prioritetlər Avropa Şurasının gündəliyindəki aktual məsələlər və üzv ölkələrin daim qarşılaşdığı çağırışlar olmuşdur. Sədrliyi dövründə respublikamız öz müsbət nailiyyətləri və aparıcı sahələr üzrə nisbi üstünlükləri ilə Avropa Şurasının missiyasına öz töhfəsini vermişdir.
Müstəqillik dövründə diplomatiyamızın qazandığı uğurlardan biri də ölkəmizin Qoşulmama Hərəkatına üzv olmasıdır. 2011-ci ildə ölkəmiz bu nüfuzlu quruma üzv olub. BMT Baş Məclisindən sonra 120 dövlətin iştirak etdiyi Qoşulmama Hərəkatı ən böyük beynəlxalq platformadır. Qoşulmama Hərəkatı yarandığı vaxtdan bəri beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayır. Bu təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilmiş XVII Sammitdə 2019-cu ildə XVIII Zirvə toplantısının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub. 2019-cu ildə Bakıda keçiriləcək XVIII Sammit həm də rəmzi xarakter daşıyacaq. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacaq. 2019-2022-ci illər ərzində Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək.
Göründüyü kimi, Azərbaycanın uğurlu diplomatiyası ölkəmizin beynəlxalq aləmdəki əlaqələrini daha da genişləndirmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi kursun əsasları üzərində qurulmuşdur. Bu strategiya ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini daha da möhkəmləndirmişdir.
Bu gün Azərbaycan müstəqil dövlət olaraq, artıq sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rol oynayan nüfuzlu beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq edir. Dünya siyasətini istiqamətləndirən fövqəldövlətlərlə tərəfdaşlığı daha da genişləndirmək, eyni zamanda, daxildə həyata keçirilən sosial, iqtisadi, siyasi, mədəni və hüquqi islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlətimizin xarici siyasətinin prioritetini təşkil edir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.