Həqiqəti deyən vicdanlı insanlara dayaq duraq

(əvvəli ötən sayımızda)

Aureliya Qriqoriu bunu əsas götürərək, dondurulmuş münaqişələr baş verən ərazilərdə insan hüquqlarının pozulduğunu bildirməyə risk edib.Ombudsmanın məqsədi ondan ibarət olub ki, gələcəkdə həmin zonalarda insan hüquqlarının bu cür pozulmasının qarşısı alınsın və həmin münaqişələrin yalnız dinc vasitələrlə tənzimlənməsi təmin edilsin. O, Azərbaycan, Gürcüstan və Moldova haqqında öz məruzəsinin giriş hissəsində beynəlxalq sənədlərə, “Promo-Lex”Assosiasiyasının nəşrlərinə,habelə Moldova Respublikası Prezidentinin rəhbərliyi ilə 2012-ci ildə “Dövlət İdarəçilik Akademiyası” mövzusunda keçirilmiş beynəlxalq konfransın materiallarına istinad edib.

Ermənistanın Azərbaycana qarşı yönəlmiş təcavüzkar siyasətinə toxunan Moldova ombudsmanı BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinin (№ 822(1993), № 853(1993), № 874 (1993) və № 884 (1993), habelə, BMT Baş Məclisinin 62|243 nömrəli qərarının (mart 2008) məzmununa tamamilə uyğun şəkildə öz çıxışını qurub. Lakin ona öz çıxışını davam etdirməyə imkan verməyiblər, sözünü yarımçıq kəsiblər. Bilavasitə Ermənistan parlamentinin binasında keçirilən həmin tədbirdə onun ünvanına “siyasi satqınlıq və Azərbaycan təbliğatını yaymaqla məşğul olması barədə” yalançı ittihamlar səsləndirilib.Ermənistan parlamentinin vitse-spikeri Elmine Nağdalyan dünyanın 30-dan çox ölkəsini təmsil edən iştirakçıları konfransın yekun sənədində Moldova ombudsmanının çıxışını pisləməyə çağırıb, lakin bu təşəbbüs dəstəklənməyib.Bundan əlavə, onu öz çıxışına görə “cəzalandırmaq” üçün tədbirlər görməyə başlayıblar.

Bu dəhşətli anları xatırlayan Aureliya Qriqoriu ürək ağrısı ilə qeyd edir: “...Sürücü məni aeroporta aparmaqdan imtina edəndə isə Moldova Respublikası Konstitusiya Məhkəməsinin hakimi və bizim nümayəndə heyətinin üzvü, cənab V.Pops məni həyatım üçün təhlükə vəziyyətində atıb getdi.Yalnız Rumıniya (Avropa İttifaqının üzvü kimi) və Gürcüstan diplomatlarının təkidi ilə mənim həmin ölkədən çıxmağım təmin edildi. “Avropa standartları” üzrə Yerevanda aldığım dərsi heç vaxt unutmaram” (Bax, “Azərbaycan”qəzeti, 27 avqust 2013-cü il, səh. 3). Lakin Moldova ombudsmanı heç kəsdən üzr istəmədən məğrur şəkildə Ermənistanı tərk etdi.

Təsəvvür etmək çətin deyildir ki, o, məlum çıxışını etdikdən sonra qısa müddətdə qonaq kimi dəvət olunduğu ölkədən – Ermənistandan Gürcüstan və Rumıniyanın Ermənistandakı səfirliklərinin köməyi ilə Yerevan aeroportuna gəlincə və Moskvaya uçunca hansı mənəvi sarsıntılar və həyəcan keçirib və nə qədər təzyiqlərlə üzləşib. Haqq sözü dilə gətirdiyinə görə mənəvi terrorla üzləşən bu qadına hansı məbləğdə və kim tərəfindən kompensasiya ödəniləcək. Dünyada özünü demokratik ölkə kimi qələmə verməyə çalışan Ermənistanda “ombudsmanın çıxışını yarımçıq kəsib, ondan öz çıxışına görə üzr istəməsini tələb etmək”, buna nail olmadıqda hakimiyyət orqanları tərəfindən “köməksiz xanımın aeroporta qədər təhlükəsiz şəkildə yola salınmaması” və “onun təhlükəsizliyinə heç bir qarant verilməməsi barədə xəbərdarlıq edilməsinə görə”, ombudsmanın “Facebook” ünvanına hədələr gəlməsinə”, “hoteldə qaldığı nömrəyə zəng edib onu saçlarından tutub sürüyəcəklərini və onunla haqq –hesab çəkəcəklərini deməyə görə”, “ailəsinin ünvanına belə hədələr göndərilməsinə görə” və başqa hərəkətlərə görə, kimlər dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar qarşısında nə vaxt və necə cavab verəcəklər. Bu hadisəyə layiqincə qiymət verilsə, dünyada özünü “əzabkeş” və “demokratik ölkə” kimi qələmə verən, əslində, işğalçı, təcavüzkar və antidemokratik bir dövlət olan Ermənistan Respublikasının əsl mahiyyətini üzə çıxarmağa və onu olduğu kimi tanımağa kifayət edər.

Moldova ombudsmanı deyib: “Mən Moldovaya qayıdandan sonra da ünvanıma yeni hədələr daxil olmaqda davam edir. O cümlədən, müasir demokratiyanın beşiyi sayılan ölkənin – ABŞ-ın vətəndaşları olan ermənilərdən. Erməni diasporu mənim tutduğum vəzifədən istefa verməyimə nail olmağa cəhd göstərmişdir. Onlar Moldova parlamentinin insan hüquqları və etika üzrə daimi komissiyasına baxılmaq üçün müvafiq iddialar təqdim etmişlər”.

Bütün bu qeyd olunanlar işğalçı bir dövlətin–Ermənistanın və erməni diasporunun əsl mahiyyətini sübut edən və gözlənilən hərəkətlər idi və heç kəsi təəccübləndirmir.

Ancaq məni başqa bir məsələ çox narahat edir: Azərbaycana gələrkən həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə etdiyini bəyan edən Moldova rəsmiləri nə səbəbə görə həmin fikirləri Ermənistan parlamentində səsləndirən öz vətəndaşını və ombudsmanını müdafiə etmir, əksinə, bəyan edirlər ki, orada səsləndirilən fikirlər Moldova dövlətinin rəsmi mövqeyi deyil, ombudsmanın şəxsi mövqeyidir. Moldova parlamentinin spikeri İqor Korman demişdir: “Qriqoriu ölkənin imicinə ziyan vurmuşdur”. Parlament komissiyasının sədri Mizin isə belə demişdir: “Qriqoriunun şikayəti peşəkar səviyyədə tərtib edilməmişdir və bizim ölkənin mövqeyini əks etdirmir”.

Bu kimi fikirlərə münasibət bildirən A.Qriqoriu deyir: “Sual edilir, BMT Təhlükəsizlik Şurasının və BMT Baş Məclisinin qətnamələrini imzalamış ölkənin parlamentinin spikerinə və parlamentin insan hüquqları və etika komissiyasının sədrinə bu cür sözlər yaraşarmı? Axı, həmin qətnamələrdə Ermənistanın təcavüzkar siyasəti pislənilir və Azərbaycanın ərazi bütövlüyü tanınır”.

O ki qaldı Aureliya Qriqoriuya, fiziki baxımdan da olduqca gözəl və cazibədar olan bu xanıma Allah çox böyük cəsarət və ədalət hissi, tükənməz mənəvi aləm, təmiz əxlaq, sağlam ruh və digər bir çox başqa ümumbəşəri dəyərlərə hakim olan bir ürək verib.

2013- cü il iyulun 7-dən bu günədək Moldova Respublikasının paytaxtı Kişinyov şəhərinə qayıdaraq orada yaşayan Moldova ombudsmanı Aureliya Qriqoriuya qarşı təzyiqlər davam edir. Onun çıxışından dərhal sonra Moldovada və başqa yerlərdə yaşayan ermənilər dərhal hücuma keçiblər. Moldovada onun ailəsi və özü ilə bağlı düzgün olmayan məlumatlar da yayılmaqdadır.

Moldava ombudsmanı Aureliya Qriqoriu, həmçinin özünün çox kritik durumda olmasına və təhlükəsizliyi ilə bağlı həyəcan keçirərək öz dövlətinə güvənməsinə baxmayaraq, həmin orqanların da onu lazımınca müdafiə etmədiyini bildirib. O deyib: “Dövlətdən heç bir dəstək almıram. Mənə qarşı informasiya müharibəsi aparılır, sanki məndən xalq düşməni obrazı yaratmaq istəyirlər. Məni Ermənistanda tək qoyan şəxs qəhrəman, mən isə xalq düşməni oldum”. Vəziyyətin belə davam edəcəyi halda, ölkəni tərk etmək, ya da yaşayış yerinin dəyişdirilməsinin mümkünlüyü barədə danışan Moldova ombudsmanı artıq bu barədə fikirləşdiyini bildirib. O, öz sosial şəbəkədəki səhifəsində ona hədə-qorxu gələn ermənilərə müraciət edərək yazıb: “Cənab ermənilər! Mənə olan nifrətiniz sizə Moldova xalqını təhqir etmək hüququ vermir. Təhqirləri dayandırmağınızı tələb edirəm. Əks təqdirdə mən bunu ictimai müzakirəyə çıxaracağam” (Bax, “Şərq” qəzeti, 16 avqust 2013-cü il).

Ombudsman əlavə edib ki, təhdidlərdən başqa, onu və vəkilini izləməyə başlayıblar. O deyib: “EDİTURA STATİSTİKA” adlı dövlət qurumu mənim özəl vəkil büroma qarşı qanunsuz təzyiq kampaniyasına başlayıb, mənim ombudsman olduğum dövr ərzində həmin müəssisə fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Həmin qurumun rəhbəri olan dövlət məmuru atdıqları addımların mənim İrəvanda səsləndirdiyim fikirlə bağlı olduğunu gizlətmir. Həmin şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı yazdığım müraciətlərə isə baxılmayıb. Bütün bu faktlar dövlət qurumlarının hüquqlarımı bərpa etmək niyyətində olmadığını göstərir” (Bax, “525-ci qəzet”, 23 avqust 2013-cü il,
№ 152, səh.1).

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan tərəfi yaranmış vəziyyəti ciddi müşahidə edir və Aureliya Qriqoriuya qarşı repressiyalara yol verilməməsinə çalışır. Bu hadisədən dərhal sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova Moldova ombudsmanı Aureliya Qriqoriunun hüquqlarının pozulması ilə bağlı bəyanat verib. Bəyanatda qeyd olunurdu ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxsin, xüsusilə də xarici ölkə vətəndaşının və xarici ölkənin rəsmi nümayəndəsinin sivil ölkələrdə azad fikir meydanı kimi qəbul edilən parlamentdə dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş tarixi faktları və həqiqətləri söylədiyinə görə, Ermənistanda təzyiqlərə məruz qalması və hüquqlarının məhdudlaşdırılması bu ölkənin hüquqi, demokratik dövlət olmadığını bir daha sübut etdi. Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyəti qurumun payız sessiyasında Moldova ombudsmanı Aureliya Qriqoriunun Ermənistan dövləti, erməni lobbisi və ASALA erməni terror təşkilatı tərəfindən təzyiqlərə məruz qalması, hədələnməsi ilə bağlı məsələ qaldırdı. Ona görə ki, ATƏT-ə üzv olan bir ölkə (Ermənistan) digər üzv ölkənin (Moldova) insan hüquqları müvəkkilini ölümlə hədələyir. Əslində, sessiya çərçivəsində bu məsələni Azərbaycanla bərabər Moldova və digər üzv dövlətlər də qaldırmalı və Aureliya Qriqoriunu müdafiə etməlidir.

2013-cü il avqustun 25-də Ukraynanın paytaxtı Kiyevdə Moldova ombudsmanı Aureliya Qriqoriu insan hüquqlarının müdafiəsi sahəsində göstərdiyi rəşadətə görə, Müqəddəs Vladimir Pravoslav ordeni ilə təltif olunub. O, həmçinin də Qırğızıstan Respublikasında fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun ali mükafatı olan “Türk Dünyasının Fəxri – Heydər Əliyev”qızıl medalına layiq görülmüşdür.

A.Qriqoriu Azərbaycan xalqına ona verdiyi dəstəyə görə, öz minnətdarlığını bildirib. O, həmçinin bəzi təşkilatlar tərəfindən ona Azərbaycanda siyasi sığınacaq verilməsi təklifinə də münasibət bildirərək deyib: “Çox ümid edirəm ki, mənim Azərbaycana köçməyimə ehtiyac qalmayacaq. Lakin polis, yerli idarəetmə orqanları və dövlət qurumları tərəfindən qeyri-adekvat hərəkətlər məni bu sual barədə düşünməyə vadar edir. Üstəlik, müəyyən orqanlar tərəfindən mənə qarşı kompromat axtarmağa başlayıblar. Sual yaranır: bu, kimə və nə üçün lazımdır? Ona görə, son qərarı hələlik qəbul etməmişəm. Amma təzyiqlər və mənə qarşı qanundankənar hərəkətlər davam edərsə, Azərbaycan hökumətinə müvafiq müraciət edəcəyimi istisna etmirəm”.

Moldova ombudsmanı Aureliya Qriqoriu Almaniyanın “Tabula Rasa” nəşrində jurnalist Ştefan Qrossa verdiyi müsahibəsində beynəlxalq təşkilatları, o cümlədən Avropa İttifaqını, Avropa Şurasını, ATƏT-i, üzv ölkələri bu məsələlərə biganə qalmamağa çağırıb. O, Ermənistan Respublkasının Avropa İttifaqı ilə assosiativ müqavilə bağlamağa hələlik hazır olmadığını bildirib. O qeyd edib ki, mən Ermənistanda olmağımı, öz təcrübəmi əsas götürərək deyə bilərəm ki, bu ölkədə qanunun aliliyi prinsipi kimi Avropa dəyərlərinin tətbiq edilməsi barədə danışmaq düzgün olmazdı. Ermənistanda istər ölkə daxilində, istərsə də onun hüdüdlarından kənarda birinci yeri milli maraqlar tutur.

Beləliklə, əsas məqsədi “dondurulmuş”münaqişələr sahəsində, xüsusən, Avropa ailəsinə üzv olmaq məqsədlərini bəyan etmiş dövlətlərdə insan hüquqlarının pozulmasına beynəlxalq birliyin diqqətini cəlb etmək olan A.Qriqoriunun özünün hüquqları pozulmuşdur və onun həyatı təhlükədədir. Onun nitqini münaqişələrin dinc yolla tənzimlənməsinə çağırış kimi başa düşmək lazımdır. Onun çıxışı, həmçinin də Avropa dəyərlərinin reallaşmasına çağırışdır. Bütün bünları nəzərə alaraq, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlıların, türklərin və digər dost ölkələrin diaspor təşkilatlarından bu məsələ ilə əlaqədar beynəlxalq təşkilatlara ardıcıl şəkildə müraciətlər ünvanlanmalı, bütün dünyanın diqqəti Aureliya Qriqoriu məsələsinə yönəldilməlidir. Mən bütün dünya azərbaycanlılarını, Azərbaycan və türk təşkilatlarını, dünyanın bütün sülhsevər və tərəqqipərvər insanlarını sabiq Moldova ombudsmanı, hazırda isə Moldova İctimai Palatasının sədri vəzifəsində işləyən Aureliya Qriqoriunun müdafiəsinə qalxmağa, mümkün vasitələrlə onun təqib olunmasına imkan verməməyə, onun namizədliyini Nobel sülh mükafatına və digər beynəlxalq mükafatlara təqdim etmək üçün təbliğat aparmağa çağırıram.

İkinci misal: Tanınmış rus tarixçi-alimi Oleq Kuznetsov “XX yüzillikdə transmilli erməni terrorunun tarixi” kitabını SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xidməti materialları, erməni terrorçularının Azərbaycan və Rusiya ərazisində törətdikləri cinayətlərə dair cinayət işləri əsasında yazıb. Bir qrup erməni bundan qəzəblənərək, 2017-ci il iyulun 10-da Moskvada Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinin qəbulunda olub. Müvafiq göstəriş əsasında, bir müddət sonra ermənilər Rusiya İstintaq Komitəsinin Moskva şəhəri Qərb İnzibati Dairəsi üzrə İdarəsinə müraciət ediblər. 2017-ci il avqustun 4-də “XX yüzillikdə transmilli erməni terrorunun tarixi” əsərinin müəllifi Oleq Kuznetsov adıçəkilən həmin əsəri yazdığına görə xüsusi işlər üzrə müstəntiq Andrey Alekseyeviç Berlyov tərəfindən dindirilib. Tarixçi alimin sözlərinə görə, Rusiya qanunlarına əsasən, şikayət ərizəsi kollektiv şəkildə verilə bilməz. Ona görə, şikayət ərizəsi Ruben Stepanoviç Kirakosyan adlı bir vəkil tərəfindən verilib. Təcrübəli hüquqşünas olan Kirokosyan bilməli idi ki, Rusiya Ali Məhkəməsi Plenumunun qərarı ilə elmi fəaliyyətin nəticəsi ekstremist material hesab oluna bilməz. Bu qərara müvafiq olaraq, həmin monoqrafiyada milli zəmində nifrətə təhrikin və həmin cinayət tərkibinin olması mümkün deyil. Rusiyada vəkil kimi fəaliyyət göstərən erməni hüquqşünaslar hesab edirlər ki, hüquqi fəaliyyət ilə əlaqədar bütün məsələləri qanundankənar, pul müqabilində həll edə bilərlər. Dindirmə zamanı müstəntiq Oleq Kuznetsova 4 sual verib: Birinci sual onun həqiqətənmi həmin monoqrafiyanın müəllifi olması, ikinci sual, onun adı ilə bağlı olan saytın ona aid olub-olmaması, üçüncü sual monoqrafiyada nədən bəhs etməsi, dördüncü sual isə bu monoqrafiyanın haralarda yayılması. Göründüyü kimi, milliyyətcə rus olan bir alim Rusiya qanunlarlna zidd olaraq erməni millətçilərinin şikayəti əsasında öz ölkəsində təqib olunur. Doğrudur, müstəntiq onun barəsində cinayət işinin açılmasından imtina edib, hər halda, onun çağırılması, sorğu-suala tutulması özü də bir təzyiq formasıdır.Erməni millətçiləri isə məqsədyönlü şəkildə Oleq Kuznetsovdan əl çəkmək istəmirlər. Ona görə Azərbaycan diasporu daim onun yanında olmalı, ona arxa və dayaq durmalı, lazım gəlsə, hər vasitə ilə onu müdafiə etməyi öz üzərinə götürməlidir.

Üçüncü bir misal: Məşhur özbək tarixçi alimi, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun fəxri doktoru Şuxrat Salamov (Barlas) barəsində “Qarabağ: İdeyalar müharibəsi” kitabına görə, rəsmi Yerevanın və erməni diasporunun təzyiqi ilə millətlərarası nifrətin qızışdırılması maddəsi üzrə Özbəkistan Baş Prokurorluğunda cinayət işi qaldırılıb. Tədqiqatçı alimin əsərində erməni daşnaklarının öz himayəçilərinin köməyi ilə insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktlar əksini tapıb. Həmin müəllif tərəfindən “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” kitabı da yazılmışdır. Bu kitablarda müəllif öz ölkəsinin həqiqətlərini də araşdıraraq üzə çıxarıb. Hər iki kitab işıq üzü gördükdən sonra Ermənistanda və Özbəkistanda yaşayan ermənilərin təzyiqi ilə müəllifə qarşı kampaniya başlayıb. Doğru faktları həzm edə bilməyən erməni diasporu isə Şuxrat Salamova qarşı əsl qarayaxma kampaniyasına start verərək, onu saxtakarlıqda, millətçilikdə, pantürkizm və fırıldaqçılıqda ittiham edib. Erməni diasporu tərəfindən alimin evi daş-qalaq edilib və o, ekstremist quruplarla əlaqədə günahlandırılıb. Rəsmi İrəvanın və erməni icmasının təsiri ilə müəllifə qarşı cinayət işinin başlanması gündəmdədir.

 Gırğızıstanda fəaliyyət göstərən “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”, Azərbaycanda fəaliyyət göstərən Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM), Qarabağ Azadlıq Təşkilatı, Beynəlxalq Diaspor Mərkəzi, Bütöv Azərbaycan Ocaqları və başqa təşkilatlar tərəfindən bu məsələ ilə əlaqədar olaraq Özbəkistanın Azərbaycandakı səfirliyinə müraciətlər edilib. Həmin müraciətlərdə qeyd olunur ki, Azərbaycanla Özbəkistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mahiyyətinə uyğun şəkildə yazılmış bu kitaba görə müəllifin təzyiqə məruz qalması ölkənin seçdiyi demokratik yola uyğun gəlmir.Görəsən, Özbəkistanda erməni daşnakları və millətçiləri tərəfindən XX əsrin əvvəllərində özbəklərə, türk və müsəlman əhaliyə qarşı törədilən soyqırımlarını, milli ayrı-seçkiliyi, genosid və represiyaları unudublar? O zamanlar bolşeviklər bilavasitə ermənilərin əli ilə 36 mindən çox günahsız özbəyi qətlə yetiriblər. Bu işdə əli Azərbaycan xalqının qanına boyanmış Mirzoyan mühüm rol oynayıb. 1985-86-cı illərdə SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Qıdılyan başda olmaqla sovet hüquq-mühafizə orqanlarının törətdikləri cinayətlər də yaddan çıxarılmamalıdır. 1989-cu ildə baş vermiş Fərqanə hadisələrinin istintaq araşdırmaları zamanı Ahıska türklərinə qarşı kütləvi terror və etnik təmizləmə siyasətinin həyata keçirilməsində də erməni millətçilərinin izi müəyyən edilib.

Hələ bu azmış kimi, 2016-cı ilin dekabrın 19-da Daşkənddə akademik Rustamyon Abdullayev tərəfindən yazılmış “Fundamental iqtisadiyyat” (rus dilində) jurnalında dərc edilmiş “Nə üçün erməni soyqırımı, Kokand muxtariyyəti, daşnaklar və basmaçılıqla bağlı olan tarixi saxtalaşdırırlar?” (rus dilində) adlı məqalədə də Şuxrat Salamovun adı çəkilən əsərləri tənqid olunur. Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin əməkdaşları, o cümlədən də elmi işçi Güntəkin Nəcəfli bu iddialara qarşı etiraz edən məqalə ilə çıxış ediblər.

 Özbəkistandakı Azərbaycan diasporu ermənilərin iç üzünü faktlarla ifşa edən özbək tarixçisinin müdafiəsinə qalxıb. Onlar tərəfindən tarixçi-publisist Şuxrat Salamovun hüquqlarının müdafiəsi ilə bağlı komissiya yaradılıb. Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Mərkəzinin rəhbəri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Mobil Məmmədovun təşəbbüsü ilə yaradılmış komissiya çərçivəsində vəkillər qrupu fəaliyyət göstərir. Vəkillər qrupuna Özbəkistan – Azərbaycan Qadınlar Cəmiyyətinin sədri, tanınmış hüquqşünas Fatimə Piriyeva rəhbərlik edir.

Dördüncü misal: Александр Фоменков ([email protected]) Rusiya Federasiyasının Rostov vilayətinin Taqonroq şəhərində yaşayır. Onu Azərbaycana tale bağlayıb.Azərbaycan Respublikasını və onun xalqını, Dağlıq Qarabağ məsələsində ölkəmizin mövqeyini ardıcıl şəkildə müdafiə edən bir qələm sahibi və şairdir. Yazdığı məqalələr, Azərbaycana həsr etdiyi kitab və şeirləri onu Rostov vilayətindəki güclü erməni diasporunun hədəfinə gətirib. 30 iyun 2017-ci ildə Taqonroq Şəhər Məhkəməsinin qərarı ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib. 8 avqust 2017-ci ildə Taqonroq Şəhər Məhkəməsində Aleksandr Fomenkovun 30 iyunda qəbul edilmiş qərardan apelyasiya şikayətinə baxılıb. Aydındır ki, Fomenkovun məhkəməyə çəkilməsinin səbəbi onun Dağlıq Qarabağ məsələsində tutduğu mövqe və Azərbaycan diasporunun yanında yer almasıdır.

Göründüyü kimi, erməni millətçiləri və diasporu Azərbaycan xalqının tərəfini saxlayan, həqiqəti dilə gətirən insanları məhkəmələrə çəkir, onları sındırmağa, susdurmağa çalışırlar. Belə olan halda, artıq bu insanların müdafiəsi milli ləyaqət, şərəf və vicdan məsələsidir. Əgər biz onlara dayaq durmasaq, dostlarımız bizdən inciyəcək, düşmənlərimiz isə sevinib deyəcəklər: “Bəs sizin müdafiə etdiyiniz azərbaycanlılar niyə köməyinizə gəlmir?”. Bizi, daha doğrusu, bizim haqq işimizi müdafiə etmək istəyən digər vicdanlı insanlar da onların başına gətirilənləri görüb həqiqəti dilə gətirməkdən çəkinəcəklər. Gəlin, belə insanlara dayaq duraq.

Qafar ƏLİYEV,
Azərbaycan Respublikası Prezidenti Administrasiyası
İctimai-siyasi məsələlər şöbəsinin
xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun müdiri,
Yeni Azərbaycan Partiyası
Siyasi Şurasının üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında