Dövlət proqramları əhalinin həyat səviyyəsinin yüksəldilməsinə zəmin yaradır

Azərbaycan  dövlət müstəqilliyini bərpa etdikdən sonra  demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Təbii ki, bu seçim xalqımız üçün  heç də sadə olmamışdır. Müstəqilliyin ilk illərində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşadığını hər birimiz yaxşı xatırlayırıq. O illərdə Azərbaycanda dövlət quruculuğu prosesinə başlanması, ilk növbədə, sabitliyin bərqərar olmasını zəruri edirdi. Ancaq həmin dövrdə  respublikamızda  baş alıb gedən  özbaşınalıq, siyasi səbatsızlıq və naşı idarəçilik, vətəndaş müharibəsi təhlükəsi,  yenicə əldə edilmiş müstəqilliyimizi addım-addım uçuruma yaxınlaşdırırdı. Ərazilərimizin hissə-hissə Ermənistan tərəfindən işğal olunması qarşıda duran həyati əhəmiyyətli  vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi.

Xalqın təkidli xahişlərindən sonra yenidən Azərbaycana rəhbərlik edən  ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və dövlət idarəçiliyindəki zəngin təcrübəsi nəticəsində  ölkədə  tədricən sabitlik təmin edildi və  qarşıda duran taleyüklü dövlət quruculuğu məsələlərinin həyata keçirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. İctimai-siyasi sabitliyə nail olunması vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq münasibətlər sisteminə inteqrasiyaya istiqamətlənən, sosial ədalət prinsipinə əsaslanan demokratik, hüquqi dövlət quruculuğuna imkan yaradan qanunvericilik aktlarının və dövlət proqramlarının qəbul edilməsi  ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu prosesini getdikcə sürətləndirmişdir.

Belə proqramların qəbulu ölkəmizdə, sözün əsl mənasında, demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılmasını, aqrar sahənin inkişafını,  insanların hüquq və azadlıqlarının müdafiəsini, azad, müstəqil ədalət mühakiməsinin bərqərar olmasına yönəlmiş məhkəmə-hüquq islahatlarının həyata keçirilməsini,  ordu quruculuğunu, yeni iş yerlərinin yaradılmasını, habelə əhalinin həyat səviyyəsinin yüksəldilməsini yeni mərhələyə qaldırmışdır. Hər şeydən əvvəl, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası sürətlənmiş və bu, yeni hüquqi dövlət quruculuğu konsepsiyasının işlənib hazırlanmasını şərtləndirmişdir.

Artıq iyirmi  altı ildir ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü  –  müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində respublikamız dünya miqyasında sürətlə inkişaf edən dövlətlər sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizi dünyanın aparıcı dövlətləri sırasına qoşmuş, qüdrətini daha da artırmışdır. Milli inkişaf modelinin uğurla tətbiqi, sosial-siyasi islahatların, iri infrastruktur layihələrin reallaşdırılması, qanunvericilik bazasının zənginləşdirilməsi,  müxtəlif sahələri əhatə edən dövlət proqramlarının təsdiqi,  hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, Azərbaycanın  beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirmişdir. Bütün bunlar Heydər Əliyev siyasi kursunun davamında özünü bariz şəkildə büruzə vermişdir.

2003-cü ildə respublikamızda keçirilən prezident seçkilərini hər birimiz yaxşı xatırlayırıq. Prezidentliyə namizədlərdən biri – cənab İlham Əliyev seçicilərlə keçirdiyi görüşlərdə vəd  etmişdi ki, əgər xalq ona etimad göstərərsə, qısa müddətdə 600 min yeni iş yerinin yaradılmasına nail olacaq. Təbii ki, bu, seçki xatirinə verilən vəd deyildi. Biz sonradan da bunun şahidi olduq. Heydər Əliyev kimi dahi şəxsiyyətin siyasi məktəbinin yetirməsi olan Prezident İlham Əliyev  ölkəyə rəhbərliyə başladığı ilk illərdə respublikamızın sürətli inkişafını elmi əsaslarla tənzimləyən  dövlət proqramlarının təsdiq olunması istiqamətində ilk ciddi addım 2004-cü ildə  atıldı.

Prezidentin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” qarşıdakı illər üçün ölkənin sosial-iqtisadi inkişafının, yeni iş yerlərinin yaradılmasının və əhalinin məşğulluğunun artırılmasının əsasını qoydu. Bu proqram çərçivəsində nəzərdə tutulmuş tədbirlərin uğurla reallaşdırılması nəticəsində regionların iqtisadi potensialı hərəkətə gətirildi, fəaliyyətini dayandırmış istehsal və sənaye müəssisələrinin əsaslı şəkildə yenidən qurulması istiqamətində konkret vəzifələr müəyyənləşdirildi. Ölkənin davamlı  inkişafına yönəldilmiş bu proqramın icrasına başlanması ilə Azərbaycanda regional inkişafın təməli qoyulmuş, bölgələrin iqtisadi qüdrəti artmış, yeni müəssisələr fəaliyyətə başlamış, yerli sakinlərin gələcəyə olan inamı artmışdır.  İş axtarmaq üçün  başqa dövlətlərə üz tutan gənclər tədricən respublikaya qayıtmış və onlarda  təşəbbüskarlıq hissi güclənmişdir.

Azərbaycan  Prezidentinin 2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında yeni mərhələ yaratmışdır. Artıq yoxsulluğun səviyyəsi enmiş, əhalinin məşğulluğu artmış, sosial proqramların  hazırlanmasına zəmin yaranmışdır.  Sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında və əhalinin rifah halının yaxşılaşdırılmasında irəliyə doğru daha bir uğurlu addım atılmışdır. Birinci və ikinci regional inkişaf proqramları çərçivəsində qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi yeni layihələrin reallaşdırılmasına geniş imkan açmışdır. Bundan sonra Prezident İlham Əliyevin bir-birinin ardınca müxtəlif sahələri əhatə edən dövlət proqramlarını təsdiqləməsi və qarşıya qoyulan vəzifələrin icrasını nəzarətə götürməsi Azərbaycanı  Cənubi Qafqazda lider dövlətə çevirmişdir. Artıq  ölkəmizlə razılaşdırılmadan bölgədə hər hansı bir layihənin həyata keçirilməsi mümkün deyil.

Azərbaycan  Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, eləcə də digər analoji proqramlar – “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf  Dövlət Proqramı”, “Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, 2012-ci il 29 dekabr tarixli fərmanla təsdiq edilmiş “Azərbaycan – 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun inkişafı istiqamətində və ərzaq təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri kimi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqət yetirilməsinin nəzərdə tutulmasını da aqrar sahəyə göstərilən diqqətin nümunəsi hesab etmək olar.

Qeyd edək ki, dövlət başçımızın səyi nəticəsində qəbul olunan dövlət proqramları bütün sahələri əhatə etmişdir.  Bunun nəticəsində  ölkədə yüksək inkişafa nail olunmuş, əhalinin maddi rifahı xeyli yaxşılaşmış, yoxsulluğun səviyyəsi minimuma enmiş və respublikamızın dünya birliyindəki əlaqələri daha da genişlənmişdir. Gerçəkləşdirilən islahatlar, dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaratmışdır.

Ölkədə iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, habelə sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, eləcə də cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə, inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində mərkəzi yer tutur. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 noyabr tarixli  sərəncamına əsasən, müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə, həmçinin ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanmışdır. Konsepsiya demokratik prinsiplər gözlənilməklə açıq müzakirəyə verilmiş və yekun sənəd maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınmaqla ərsəyə gətirilmişdir.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsi ilə gerçəkləşdiriləcəkdir.

Səhiyyənin, elmin, təhsilin, mədəniyyətin, gəncliyin, sosial və aqrar sahənin inkişafı ilə əlaqədar qəbul olunmuş dövlət proqramları Azərbaycanın yeni inkişaf modelini yaratmışdır. Ölkə başçısının respublikamızın hərtərəfli inkişafını təmin edən  dövlət proqramlarını təsdiqləməsi Azərbaycanın beynəlxalq aləmdəki reytinqinin yüksəlməsinə də öz təsirini göstərmişdir. Yeni iş yerlərinin sayı getdikcə artmış, hətta 1 milyon 600 mini ötmüş, gənclərin beynəlxalq aləmə inteqrasiyası sürətlənmiş, elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafı yeni mərhələyə qədəm qoymuşdur.

 Azərbaycan  Prezidentinin 2005-ci il 30 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” dövlətin  bu sahədə gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olmuşdur. Həmin proqramın icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermişdir. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunmuşdur. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirmişlər.

Bu gün ölkəmizin güclü və qüdrətli ordusu beynəlxalq aləmdə də diqqət mərkəzindədir. 1990-cı illərin əvvəllərində  öz ərazisini qorumaq  gücündə olmayan Azərbaycan Ordusu bu gün Cənubi Qafqazda ən güclü ordudur.  Ordu quruculuğu düşünülmüş strategiya əsasında  getdikcə daha da formalaşmışdır.  Hazırda Azərbaycan  dünyanın 57 ölkəsi ilə ikitərəfli hərbi əməkdaşlıq edir, onlardan 34-ü ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalamışdır.

İkitərəfli hərbi əməkdaşlıq üzrə il ərzində Azərbaycanda və xarici ölkələrdə orta hesabla 400-dək müxtəlif tədbir keçirilir. Bu tədbirlərdə Silahlı Qüvvələrin 1500-dək nümayəndəsi iştirak edir. Qürurla qeyd etmək olar ki, hazırda 24 dövlətdə Silahlı Qüvvələrimizin hərbi attaşelik aparatı və hərbi nümayəndəliyi təsis edilmiş və fəaliyyət göstərir. Həmçinin  NATO-nun yeddi regional qərargahında Silahlı Qüvvələrimizin zabitləri xidmət edir. Alyansın Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, o cümlədən Planlaşdırma və Analiz Prosesi çərçivəsində  Azərbaycanın öz əməkdaşlığını uğurla davam etdirir.

Prezident İlham Əliyev ən yeni tarixin qarşıya qoyduğu siyasi-sosial sifarişlərin yerinə yetirilməsi üçün kompleks tədbirlər proqramının müəllifi kimi siyasi-iqtisadi sabitliyin möhkəmlənməsinə baza yaradıb. Dünyada baş alıb gedən maliyyə və iqtisadi böhran, neftin kəskin ucuzlaşması qeyri-neft sektorunun inkişafını diqqət mərkəzinə gətirmişdir. Kənd təsərrüfatının starteji sahələrindən hesab edilən və ölkəyə valyuta gətirən pamçıqçılığın, tütünçlüyün, fındıqçılığın, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədi ilə çayçılığın və üzümçülüyün inkişaf etdirilməsi, bu sahələri əhatə edən dövlət proqramlarının qəbulu bu gün artıq öz bəhrəsini verir.

Dövlət proqramlarının əhəmiyyətindən danışan ­Prezident İlham Əliyev demişdir: “Sosial infrastruktur yaradıldı, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi tikildi. Eyni zamanda, sahibkarlara verilən kreditlər hesabına yüz minlərlə yeni iş yeri yaradılmışdır. Bütövlükdə, 2004-cü ildən bu günə qədər 1 milyon yarım iş yeri açılmışdır ki, bunun böyük əksəriyyəti daimi iş yeridir. Demək olar ki, hazırda Azərbaycanda işsizlik kimi bir çox ölkələri incidən, boğan sosial amil yoxdur. İşsizlik 5 faiz səviyyəsindədir. Bu gün işləmək istəyən özü üçün iş tapa bilər. Son iki il ərzində xüsusilə kənd təsərrüfatı, sənaye sahələrində çox böyük işlərin görüldüyünü nəzərə alsaq, Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək”.  Dövlət başçımızın qeyd etdiyi kimi,  xalqımız, dövlətimiz bu böyük bəlalardan qurtuldu.

Dövlətimizin başçısı da vurğulayır ki, bu vaxta qədər qəbul edilmiş proqram və layihələrin ölkə tarixində çox böyük rolu vardır.  Məhz həmin dövlət proqramlarının qəbulu nəticəsində bölgələr dirçəldi, inkişaf etdi, böyük investisiya təmin edildi, beynəlxalq standartlara cavab verən istehsal və sənaye müəssisələri yaradıldı, ölkəmizlə əməkdaşlıq etmək istəyən iri şirkətlərin sayı sürətlə artdı. Bütün  bunlar Azərbaycanı bölgənin liderinə çevirdi və dünyanın inkişaf etmiş dövlətləri ilə bir sıraya qaldırdı. 

Dövlət proqramlarının qarşıya qoyduğu vəzifələrin uğurlu icrası müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modelini yaradıb.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında