Azərbaycan skaut hərəkatına özünün yüksək töhfəsini verdi

Qəbələ və Bakı şəhərlərində keçirilən irimiqyaslı tədbirlər bütün dünyada yeniyetmə və gənclər arasında müsbət dialoqun genişlənməsinə imkan yaradacaq

Azərbaycanda mütərəqqi beynəlxalq hərəkat və təşkilatlar uğurla fəaliyyət göstərirlər. Xüsusilə də yeniyetmə və gənclərə yüksək amallar aşılayan, Vətənə sədaqəti və humanizmi təbliğ edən beynəlxalq hərəkatlar səmərəli fəaliyyətləri ilə fərqlənir. Belə hərəkatlardan biri də Dünya Skaut Hərəkatı Təşkilatıdır (DSHT). 1997-ci il oktyabrın 11-də təsis edilmiş Azərbaycan Skautlar Assosiasiyası (ASA) 2000-ci ildən etibarən ölkəmizi DSHT-də təmsil edir. Ötən müddət ərzində azərbaycanlı skautlar beynəlxalq aləmdə yüksək səviyyədə münasibətlər qurmağa müvəffəq olmuşlar. Avqustun 7-10-da Qəbələ şəhərində keçirilən 13-cü Dünya Skaut Gənclər Forumunun uğurla başa çatması və avqustun 14-18-də isə Bakıda 41-ci Dünya Skaut Konfransının keçirilməsi tərəflər arasında formalaşmış möhkəm əlaqələri bir daha təsdiqləyir.

Ümumiyyətlə, bu il АSA-nın Milli Müstəqil Skaut Təşkilatı və Avrasiya Skaut Regionu kimi yaradılmasının 20-ci ildönümü tamam olur.  Bununla əlaqədar  Qəbələ şəhərində 13-cü Dünya Skaut Gənclər Forumu keçirildi. Dünyanın 157 ölkəsindən ümumilikdə 1500-dən artıq skautun qatıldığı bu beynəlxalq tədbirlərdə Dünya Skaut Hərəkatı Təşkilatı üzvlərinin nümayəndələri və müxtəlif dövlətlərdən gəlmiş yüksək vəzifəli qonaqlar da iştirak edirlər. ASA-nın məlumatına görə, Dünya Skaut Gənclər Forumu yeniyetmə və gənc üzvlərin böyük yaşlı bölümlərdə birgə inkişafının iştirakı prosesinə dəstək məqsədilə keçirilən təhsil tədbiridir. Daha ətraflı desək, bu, gəncləri gücləndirən və onları ruhlandıran, skautlar içərisində və daha geniş cəmiyyətdə istifadə edə biləcək, qərarvermə bacarıqlarını inkişaf etdirməyə kömək olan bir tədbirdir. Qəbələdə keçirilmiş Dünya Skaut Gənclər Forumunun iştirakçıları gənc liderlik, fəal vətəndaşlıq mövqeyi, skautinqin dünyada baş verən qlobal dəyişikliklərə təsirinə dair mövzular ətrafında müzakirələr aparmış, eləcə də tədbirin bütün iştirakçıları arasında gənclər proqramlarının həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi etmişlər. Foruma 133 ölkədən 320 gənc qatılmışdı. Forum çərçivəsində “Mədəniyyət axşamı”nda hər bir iştirakçı öz ölkəsinin tarixi və ənənələrini, milli geyim, mətbəx, musiqi və rəqslərini nümayiş etdirmişdir. Azərbaycanlı skautinqlərin  milli mədəniyyətimizi təqdim etməsi maraqla qarşılanmışdır.

Xatırladaq ki, skaut hərəkatı 1907-ci ildə lord Baden-Pauel tərəfindən təsis edilmişdir. Bu hərəkat müasir gənc nəslin təhsil prosesində və gündəlik həyatında böyük və əvəzedilməz rol oynayır. Dünya Skaut Təşkilatı 200-dən çox ölkədən və ərazilərdən 40 milyondan çox insanı birləşdirən 165 Milli Skaut Təşkilatının konfederasiyasıdır. Skautinqin ali məqsədləri dünyada sülhün yaranmasına, digər xalqların adət-ənənələrinə, dini inanclarına və cəmiyyətlərinə hörmətlə yanaşmağın, dinc həyat tərzini,  sevgi və tolerantlıq hissini aşılamağın inkişafına böyük töhfədir.

Təşkilat  2023-cü ildə 100 milyon gəncin yerli ictimaiyyətin üzvü olmasını qarşısına bir məqsəd kimi qoyur. Dünya gənclərinin aparıcı təhsil hərəkatı kimi tanınan skautinq bu məqsədə nail olmaq üçün bir sıra dəyişikliklər həyata keçirməyi planlaşdırır. Milli skaut təşkilatları bu yolda zəruri addımlar atır və inkişaf prosesində fəal iştirak edirlər. Baş ofisi Bakının mərkəzində yerləşən Milli Skautlar Assosiasiyası da  son 20 il ərzində inkişafa nail olmuş, idarəetmə sistemini artırmış, təşkilat strukturunu təkmilləşdirmiş, bir çox irimiqyaslı tədbirləri həyata keçirmiş və beynəlxalq düşərgələr təşkil etmişdir. Yeni nəslin təhsilinin inkişafında əhəmiyyətli rol oynayan ASA-nın tərkibində Azərbaycanın 16 regionundan 1750 üzv fəaliyyət göstərir. Belə göstərici skautinqin Azərbaycanda və yaxın bölgələrdə irəliləyişini və üzvlərinin sayının artması ilə yanaşı, tərəfdaşlarının çoxalmasını da zəruri edir. Qeyd etmək yerinə düşər ki, 2014-2017-ci illər ərzində bir çox tədbir və layihələrə ev sahibliyi etmiş ASA müntəzəm olaraq illik proqram və yay düşərgələri təşkil edir və Azərbaycan skautinqini  regional və dünya miqyaslı tədbirlərdə təmsil edir.

Avqustun 13-də paytaxtımızın gözəl məkanlarından biri olan Fəvvarələr meydanında 41-ci Dünya Skaut Konfransı çərçivəsində fotosərgi açılmışdır. Bakı Konqres Mərkəzində, eləcə də Heydər Əliyev Mərkəzində 14-18 avqust tarixlərində keçirilən Dünya Skaut Konfransında isə  əsas mövzu skaut təşkilatlarının gələcək inkişafı, strategiya və fəaliyyətlərinin yaradılması, eləcə də təşkilatın rəhbər orqanlarına sədrin və üzvlərin seçilməsidir. 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı miqyasına görə, Avrasiya Skaut Regionunda keçirilmiş ilk irimiqyaslı və müsəlman ölkələri arasında ikinci ən böyük tədbirlər kimi tarixə düşəcək.

Xatırladaq ki, Azərbaycan 2013-cü ilin fevralında DSHT-nin əsas tədbirləri olan və üç ildə bir dəfə keçirilən Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumuna ev sahibliyi edəcək tərəf kimi namizədliyini irəli sürmüşdü. Seçim nəticəsində qalib ölkə elan olunmuş Azərbaycan növbəti dəfə dünya miqyasında əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilmişdir. Bu, bir daha Azərbaycanın yüksək beynəlxalq nüfuzundan xəbər verir. Əlavə edək ki, Qəbələdə keçirilən forum iştirakçıların sayına və təmsil olunan ölkələrin müxtəlifliyinə görə skaut hərəkatı tarixinin ən böyük toplantısıdır. Sonuncu forum Sloveniyada 95 ölkədən olan skautların iştirakı ilə keçirilmişdi. Bu forumda gənc skautlar fəal vətəndaş mövqeyi və liderliyə həsr olunan sessiyalarda çalışmış və müvafiq təqdimatlara qatılmışlar.

Tədbirdə iştirakçı gənclər dünyada baş verən proseslərə (ekoloji, sosial və digər sahələrdəki problemlər) təsir məqsədilə müxtəlif mövzular üzrə müzakirələr aparmış, forum çərçivəsində təşkil olunmuş “Mədəniyyət axşamı”nda hər bir iştirakçı öz ölkəsinin tarixi və ənənələrini, milli geyim, mətbəx, musiqi və rəqslərini nümayiş etdirmişlər. Mütəxəssislərin sözlərinə görə, Dünya Skaut Gənclər Forumu lider olmaq və hərəkatın gələcəyi üçün töhfə vermək istəyən gənc nəsil üçün unikal imkandır. Forumun iştirakçıları plenar iclaslarda gənc liderlik, fəal vətəndaşlıq mövqeyi və digər mövzularda müzakirələr aparmış, eləcə də gənclər proqramının həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi etmişlər. Forumda 2017-2020-ci illər üçün Dünya Skaut Komitəsinin İdarə Heyətinə yeni üzvlər, gənc məsləhətçilər seçilmişdir. Məsləhətçilərin əsas məqsədi Dünya Skaut Hərəkatı Təşkilatında qərarların verilməsi prosesində gənclərin rolunun artırılmasına imkan yaratmaqdır. Ümumdünya Skaut Hərəkatı Təşkilatının icraedici orqanı olan Dünya Skaut Komitəsinin sədri Joao Armando Qonsalves Azərbaycanda və dünyada skautinqin inkişafı üçün Qəbələ forumunun əhəmiyyətini yüksək qiymətləndirmiş və son illər skaut hərəkatının genişləndiyini, gənclərin bu sahəyə marağının artdığını bildirmişdir. Komitə sədri Azərbaycanın bu mötəbər tədbirlərə ev sahibliyi etməsini təşkilat üçün çox mühüm əhəmiyyət daşıdığını vurğulamış, turizmin inkişafı və ölkənin dünyada tanıdılması üçün bu cür böyük tədbirlərin Qəbələ və Bakıda təşkil edilməsini düzgün addım adlandırmışdır.

Bir sözlə, Dünya Skaut Komitəsinin 41-ci konfransı və 13-cü Dünya Skaut Gənclər Forumu səs çoxluğu ilə regionda ilk dəfə olaraq Azərbaycanda keçirilməsi ölkəmizin mötəbər tədbirlərin təşkil olunduğu məkana çevrildiyini bir daha təsdiqləyir. Mütəxəssislər deyirlər ki, belə irimiqyaslı tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin imicinə müsbət təsir göstərməklə yanaşı, geniş ictimaiyyətin diqqətini skaut hərəkatına da cəlb edəcək. Onlar bildirirlər ki, skautinq cəmiyyətdə vətənpərvərlərin və şüurlu vətəndaşların yetişdirilməsində böyük rol oynayır. Skautinq böyüməkdə olan nəslin asudə vaxtının faydalı təşkilinə kömək olunması baxımından da mühüm əhəmiyyət daşıyır. Hərəkatda yardıma əsaslanan dəyərlər sistemi gənclərə yüksək amallar uğrunda mübarizə aparan fərd kimi formalaşmasına müsbət təsir edir və kömək etməyi özünə borc, yüksək mənəvi vəzifə sayan müstəqil, məsuliyyətli və sədaqətli insan kimi yetkinləşməsinə imkan yaradır. Skautların emblemində də bu ali məqsədlər öz əksini tapmışdır. Emblemdə təsvir olunmuş zanbaq gülünün üç ləçəyi skaut andının elementlərini – insanın öz şəxsiyyəti, yaxınları və Allah qarşısında borcunu göstərir. Ümid edirik ki, Qəbələ və Bakı şəhərlərində keçirilmiş irimiqyaslı tədbirlər Azərbaycanın müdafiə və inkişaf etdirdiyi multikultural dəyərlərin daha da güclənməsinə imkan yaratmaqla bərabər, dünyada yeniyetmə və gənclər arasında müsbət dialoqun genişlənməsinə də təkan verəcəkdir.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında