Hazırda Yaxın Şərqdə və Afrikada milyonlarla insan kütləvi şəkildə öz ata-baba yurdlarını tərk edərək Avropa, Amerika və başqa qitələrdə yaşamağa gedirlər. XXI əsrin ilk onilliyində milyonlarla insanın başına gələn bu fəlakətlərin bir səbəbi də ondan ibarətdir ki, yəhudilərdən, ermənilərdən, yunanlardan fərqli olaraq həmin ərəblərin və digər insanların sözünü deyən güclü diasporları və lobbiləri yoxdur.
Azərbaycanın daxil olduğu Cənubi Qafqaz bölgəsində bu proseslər XIX əsrin başlanğıcından etibarən çar Rusiyasının Qafqazı işğal etməsi səbəbindən kütləvi xarakter almış, azərbaycanlılar da tarixi torpaqlarından deportasiya olunaraq və ya köç edərək Rusiya, Türkiyə, Ukrayna, Belarus, Avropa, Amerika və başqa bu kimi ərazilərə miqrasiya etmişlər. SSRİ dövründə və onun dağılmasından sonra da azərbaycanlılar müxtəlif səbəblərdən xarici ölkələrə miqrasiya etmişlər. İndi həmin insanların övladları köç etdikləri ölkələrin ictimai-siyasi həyatına inteqrasiya olunmuş, öz diaspor cəmiyyətlərini yaradaraq təşkilatlanmışlar. Xüsusilə, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə dünyada baş verən proseslərin nəticəsində Azərbaycanın yenidən öz müstəqilliyini bərpa etmiş, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan diasporu mütəşəkkil bir qüvvəyə çevrilmişdir. Azərbaycan dövlətinin və cəmiyyətinin gücü həm də xaricdə yaşayan, formalaşan, güclü qüvvəyə çevrilən həmin soydaşlarımızdadır. Bu insanlar həm Azərbaycanı xaricdə təmsil edir, müxtəlif sahələrdə əldə etdiyimiz uğurları, mədəniyyətimizi, incəsənətimizi, musiqimizi, tariximizi, adət-ənənələrimizi təbliğ edir, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırırlar.
Lakin etiraf etmək lazımdır ki, müasir dünyada ədalət və beynəlxalq hüquq normaları güclü qüvvələrin mənafeyinə qurban verilir. Əfsuslar olsun ki, onların hər ikisi kobud şəkildə pozulur. Lakin buna beynəlxalq aləmdə adekvat reaksiya yoxdur. Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Həmin qətnamələrdən heç biri həyata keçirilməyib, işğal indiyədək davam edir, biz etnik təmizlənməyə məruz qalmışıq, ölkəmizin tarixi ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon 20 ildən çoxdur ki, işğal altındadır. BMT Baş Məclisi və Təhlükəsizlik Şurası ilə bərabər digər beynəlxalq təşkilatlar: ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası işğalı pisləyən qərar və qətnamələr qəbul ediblər. Lakin onlardan heç biri yerinə yetirilməyibdir.
Bundan əlavə, Azərbaycan xalqı son 250 ildə dəfələrlə soyqırımlarına və deportasiyalara məruz qalmış, onun torpaqları işğal olunmuşdur. Azərbaycan xalqının başına gətirilən bu ədalətsizliklər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və əsl mahiyyəti barədə dünya ictimaiyyətinə məlumat verilməlidir. 2016-cı il martın 10-12-də “Çoxqütblü dünyaya doğru” devizi ilə Bakıda keçirilən IV Qlobal Bakı Forumunda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev multikulturalizmin müasir dünyada alternativinin olmadığını qeyd etmişdir. O demişdir: “Azərbaycan həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi multikulturalizmi bir missiya kimi öz üzərinə götürmüşdür. Biz hesab edirik ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Multikulturalizmin alternativi yalnız ayrı-seçkilik, irqçilik, ksenofobiya, islamofobiya və antisemitizm ola bilməz”.
Azərbaycan Prezidenti əlavə etmişdir ki, dünyada vəziyyət dəyişmiş, dünya daha da sakit və təhlükəsiz olmaq əvəzinə, daha da təhlükəli olmuşdur. Bizim regionda da vəziyyət kəskin şəkildə dəyişmişdir. Mövcud münaqişələr həll edilməmiş qalır, bununla yanaşı, yeni münaqişələr, yeni qarşıdurma və təhlükə bölgələri yaranmışdır. Yaxın Şərqdə və Avropanın müəyyən yerlərindəki vəziyyət, qaçqın böhranı – bunlar son illərin reallıqlarıdır və bizim qonşuluğumuzda baş verir. Hər bir əməl, addım və ya digər dövlətlərin daxili işlərinə müdaxilə mütləq həmin müdaxiləni edənlər üçün çətinliklər yaradacaqdır. Azərbaycan Prezidenti demişdir: “Biz bir-birimizə ehtiram nümayiş etdirməli, seçimə, ərazi bütövlüyünə və gələcəklə bağlı planlara hörmətlə yanaşmalıyıq”. (Bax: “Xalq qəzeti”, 11 mart 2016-cı il, № 55, səh.1).
Azərbaycan Prezidenti İlham Əliyev forum iştirakçılarının nəzərinə çatdırmışdır ki, bu gün Yaxın Şərqdə və Avropada baş verən münaqişə və qaçqın problemini Azərbaycan 25 il öncə yaşamışdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi və hüquqi bir parçasıdır. Bütün beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıyır. Bu münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, bizə qarşı etnik təmizləmə, dövlət səviyyəsində terror, soyqırımı siyasəti həyata keçirilmişdir. Ərazimizin 20 faizinin işğalı hələ də davam etməkdədir. Beynəlxalq təşkilatlar, xüsusilə də BMT və onun Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı qətnamələr qəbul etmişdir. Təəssüf ki, bu qətnamələr həyata keçirilməmişdir. Forumda Azərbaycan Prezidenti xüsusi olaraq vurğulamışdır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının mexanizmi xüsusi mövzu kimi müzakirə edilməlidir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat və ya gün içərisində icra edilir. Bizə gəldikdə isə, artıq iyirmi il keçir.
Belə bir vəziyyətdə bir çox ölkələrdə Azərbaycanın haqq səsinə səs verənlərin, həqiqəti söyləyənlərin erməni diasporu və onların havadarları tərəfindən məqsədyönlü şəkildə təqib olunması davam edir. Erməni millətçiləri çalışırlar ki, Azərbaycanın haqq səsini dilinə gətirən hər kəsin gözünü qorxutsunlar.
Zori Balayan, Silva Kaputikyan və s. faşist xislətli, millətçi ziyalıları Ermənistan, Rusiya, Fransa, ABŞ və başqa ölkələrdə milli qəhrəman kimi qarşılayır, onlara heykəl qoyur, adlarına küçə verirlər. Erməni millətçilərini müdafiə edən xarici ölkə vətəndaşları Rusiya, Fransa, ABŞ kimi ölkələrdə öz fikirlərini və kitablarını sərbəst yayır, Dağlıq Qarabağ məsələsində və digər məsələlərdə ermənipərəst mövqe tutaraq çox canfəşanlıq edirlər. Zori Balayan tərəfindən 1986-cı ildə yazılmış “Ocaq” əsəri sovet məkanında daha çox yayılır və erməni millətində türklərə və azərbaycanlılara qarşı nifrət toxumu səpirdi. Bu istiqamətdə Yerevandan dünyanın hər yerinə xüsusi emisarlar gedir, əhali arasında təbliğat aparırdılar. Lakin dünyanın əsas aparıcı ölkələrində onlara “gözün üstə qaşın var” deyən olmur. Əksinə, bu təbliğatın nəticəsində, 1987-ci il iyulun 17-də erməni diasporunun dəstəklədiyi parlamentarilərin səyi ilə Avropa Parlamenti saxta “erməni soyqırımı” iddialarını tanıdı və “soyqırımı qəhrəmanlarına” xatirə günü təsis edilməsi haqqında qərar qəbul etdi. Bu gün dünyanın bir çox ölkələri tərəfindən tanınan uydurma “erməni soyqırımı məsələsi” ermənilərin daha da qol-qanad açmasına imkan verir.
Erməni yazıçısı Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında yazır: “Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən, əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türk uşağının başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”. Belə sözləri yazan bir yazıçı Rusiyada necə sərbəst gəzə və yaşaya bilir? Nəyə görə indiyə qədər o, Rusiya Federasiyasının müvafiq qanunları ilə cəzalandırılmayıb?
Lakin zaman-zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edən, onun dərdlərinə şərik olan insanlar erməni millətçilərinin və onların havadarlarının təzyiqinə, terroruna və ya şantajına məruz qalmışlar. Onlardan Moldova ombudsmanı Aureliya Qriqoriu, Rusiya Federasiyasının Rostov vilayətinin Taqonroq şəhərində yaşayan Aleksandr Fomenkov, Rusiya Federasiyasının Moskva şəhərində yaşayan tarixçi alim Oleq Kuznetsov, Özbəkistanda yaşayan tarixçi alim Şuxrat Salamov (Barlas) və başqalarını qeyd etmək olar.
Bu gün ən vacib əhəmiyyətli məsələlərdən biri bizim xaricdə Azərbaycanın haqq səsinə səs verən, həqiqəti dilə gətirən, vicdanın və ədalətin səsinə qulaq asan insanlara dayaq durub, onları erməni millətçilərinin təzyiq və şantajlarından qorumağı bacarmağımızdır.
Sadə bir misal: Moldova ombudsmanı, həqiqət carçısı Aureliya Qriqoriuya qarşı təzyiqlər davam edir.
Bu barədə açıqlama verən A.Qriqoriu bildirib ki, ermənilər onu hazırda məhkəmələrə çəkir, Asala Terror Təşkilatının yaraqlıları ilə hədələyirlər. Bu təzyiqlərə onun sinə gərməsi üçün Azərbaycan Diasporunun köməyinə ciddi ehtiyac var. Gəlin bu həqiqət çarçısına dayaq olaq!
Dünyada elə insanlar var ki, onların əməllərindən təkcə öz milləti və ya xalqı deyil, neçə-neçə başqa millət və xalqlar da faydalanır. Belə insanlardan biri də Moldova ombudsmanı Aureliya Qriqoriudur.
Məlum olduğu kimi, 2013-cü ilin iyulun 4-də Ermənistanın paytaxtı Yerevan şəhərində “Qanunun aliliyi və sərhədlər barədə Avropa standartları: Avropa Şurasının üzvü olan ölkələrdə hakimiyyət orqanlarının baxışları” mövzusunda konfrans keçirilirdi. Həmin konfransda Moldova ombudsmanı Aureliya Qriqoriu “Dondurulmuş münaqişələr ərazilərində insan hüquqlarına riayət edilməsi “mövzusunda məruzə ilə çıxış etdi.Heç kəsin gözləmədiyi halda Yerevanda bu moldovan qadın-ombudsman həqiqətin və ədalətin müdafiəsinə qalxaraq, Ermənistanın törətdiyi zorakılıq və terror faktlarını onların üzünə beynəlxalq konfransda sadaladı və bəyan etdi ki, Xocalı soyqırımını ermənilər törədiblər və bu, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış faktdır. O, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlarında baş verən həqiqətlərin əsl mahiyyətini də konfrans iştirakçılarına anlatdı. O, öz çıxışında bir daha xatırlatdı ki, insan hüquqlarının müdafiəsinə dair Avropa standartları Avropa Birliyinin sənədlərində müvafiq hüquqi normalarda təsbit edilmişdir. Bu, həmin standartların istənilən şəraitdə reallaşdırılmasına təminat verir.
(ardı var)
Qafar ƏLİYEV,
Azərbaycan Respublikası Prezidenti Administrasiyası
ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan
azərbaycanlılarla iş sektorunun müdiri,
Yeni Azərbaycan Partiyası
Siyasi Şurasının üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.