Azərbaycan dövlətinin humanizm ənənələrinə sədaqəti dünyaya nümunə göstərilir

Son 22 ildə 62 əfv sərəncamı imzalanmış və 11 amnistiya aktı qəbul olunmuşdur

Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda həyata keçirilən tədbirlər, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qəbul olunan qərarlar ölkəmizin humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirir. 1993-cü ildən başlayaraq, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla əfv olunan on minlərlə məhkum öz ailələrinə qovuşmuşdur. Azadlığa qovuşanlar dövlətin etimadını doğrultmağa, azadlığın qədrini bilməyə və layiqli vətəndaş kimi cəmiyyət həyatına öz töhfələrini verməyə çalışırlar. Son illər xalqımızın ən əziz bayramlarında dövlət başçısının əfv sərəncamı imzalaması artıq ənənə halını alıb. Beynəlxalq təşkilatlar da ölkəmzin humanizm ənənələrinə, insan hüquq və azadlıqlarının müdafəsinə böyük önəm verdiyini yüksək qiymətləndirirlər.

Azərbaycanda humanizm siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider ölkəyə rəhbərlik etdiyi dövrdə daim mərhəmət, insanpərvərlik dəyərlərinə böyük önəm vermiş və bunu dövlət siyasətinin prioritetinə çevirmişdir. Böyük tarixi şəxsiyyət məhkumların bağışlanması ənənəsini formalaşdırmaqla onlara etimad göstərdiyini sübuta yetirmişdir. Ulu öndərin xüsusi önəm verdiyi insan hüquq və azadlıqlarının müdafiəsi və bu istiqamətdə imzaladığı əfv sərəncamları, amnistiya aktları cinayətkar əməllər törətməkdən əl çəkərək, özünü cəmiyyətə adaptasiya etməyə çalışan və bununla da başqalarına nümunə olmağa cəhd edən insanların sayının artması cəmiyyət daxilindəki kriminogen durumun stabilliyinə, cinayətkarlığın və ümumiyyətlə, neqativ halların səviyyəsinin azaldılmasına əhəmiyyətli təsir göstərmişdir.

Humanizm siyasətinin əsas məqsədlərindən biri də cəmiyyətə yararlı fərdlərin yetişdirilməsi və onların reabilitasiyasıdır. İnsan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər və qəbul edilən qanunvericilik aktlarının əsas mahiyyəti də budur. Bu tədbirlər sırasında azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən imzalanmış əfv sərəncamları, həmçinin amnistiya aktlarının qəbulu xüsusi qeyd olunmalıdır.

Humanizm prinsiplərin dövlət siyasətinə çevrilməsini təsdiqləyən əsas amillərdən biri müsəlman Şərqində ölüm hökmünün ilk dəfə məhz Azərbaycanda ləğv edilməsidir. Ölüm cəzasının ləğv edilməsi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, həm də nüfuzlu beynəlxalq təşkilatların, əsasən də Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi əsas tələblərdən idi. Bu qurumun 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı olaraq əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi, şübhəsiz, bu təşkilatın insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür. Bu məsələ müstəqil Azərbaycanın Konstitusiyasında da təsbit olunub. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilmişdir. Konstitusiyada ölüm cəzası tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı, xüsusilə, ağır cinayətlərə görə müstəsna cəza tədbiri kimi göstərilmiş və daimi cəza növü kimi nəzərdə tutulmamışdır. İnsan ləyaqətinə, bütövlükdə, insan hüquqları ideyasına zidd olan bu cəzanın tətbiqi, hansı dəlillərlə əsaslandırılmasından asılı olmayaraq, demokratik cəmiyyətdə qeyri-insani və amansız tədbir kimi qiymətləndirilmişdir.

1996-cı ilin mayında Milli Məclis Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək, yaşı 65-dən çox olanların ölüm cəzasından azad olunması ilə bağlı qərar qəbul etmişdir. Bununla yanaşı, ölüm cəzasının tətbiqini nəzərdə tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə endirilmişdir. Ölüm hökmü tam ləğv olunmazdan əvvəl bu məsələ cəmiyyətdə geniş ictimai müzakirəyə çıxarılmış, beynəlxalq təşkilatlarla, xüsusilə də Avropa Şurası ilə geniş məsləhətləşmələr aparılmışdır.

Məhz Heydər Əliyevin humanizm ənənələrinə və insan hüquq və azadlıqlarının müdafiəsinə verdiyi yüksək qiymət nəticəsində Azərbaycanın adı Şərqdə ilk olaraq ölüm cəzasını ləğv edən ölkə kimi tarixə düşmüşdür. Əvvəlcə ölüm hökmü üzərində moratorium qoyulmuş, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin prezidentliyi dövründə, yəni 1993-2003-cü illərdə ölkədə əfvetmə institutu bərpa olunmuş, 7 amnistiya aktı qəbul edilmiş və 32 əfv sərəncamı imzalanmışdır. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilmiş, bunlardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Ulu öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq, cəzalarından azad edilmişdir. Bir daha xatırladaq ki, beynəlxalq birlikdə böyük əks-səda doğurmuş bu humanizm prinsipləri məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir.

 Heydər Əliyevin 22 fevral 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı və 18 iyun 1998-ci il tarixli “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncamı insan hüquqları sahəsində ən mühüm sənədlərdəndir. İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında ilk dəfə “İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatının yaradılması” təsbit olunub.

Bəs 1993-cü ilə qədər Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsində vəziyyət necə olmuşdur? Gəlin, faktlara müraciət edək. Azərbaycanda ölüm cəzası uzun müddət tətbiq olunmuşdur. 1988-ci ildə ölüm cəzasına məhkum olunmuş 5, 1989-cu ildə 6, 1990-cı ildə 3 şəxs barəsində bu ağır cəza icra edilmişdir. Bundan sonra üç il ərzində ölüm hökmləri icra olunmadığı halda, AXC-Müsavat iqtidarı dövründə,1993-cü ilin fevral ayında 8 nəfər barəsində ölüm hökmü tələm – tələsik icra edilmişdir.

Azərbaycanda humanizm ənənələrinə sadiqlik Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Biz bu siyasəti bu gün də görürük. Artıq xalqımız hər il milli bayramlarımızı ikiqat sevinclə keçirməyə adət edib. Prezident
İlham Əliyevin hər il bir neçə dəfə imzaladığı əfv sərəncamları ilə minlərlə məhkum öz ailəsinə qovuşur.

İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nı təsdiq edildi. “Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir” – söyləyən dövlətimizin başçısının bu istiqamətdə həyata keçirdiyi tədbirlər davamlılığı ilə diqqət çəkir. Ölkə başçısının 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” yeni istiqamətləri müəyyən edib. Bu kimi addımlar bir daha təsdiq edir ki, hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən birinə çevrilib.

 Ötən illər ərzində Azərbaycan insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı daha inkişaf etdirmiş, hüquqi bazanı möhkəmləndirərək insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış, bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. Demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılmış, hüquq-mühafizə fəaliyyəti xeyli təkmilləşdirilmiş, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti getdikcə genişlənmiş, insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırılmışdır.

Müstəqil Azərbaycan Respublikasında qəbul olunmuş 11 amnistiya aktından 4-ü məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşıb. 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək, yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Fond bu müddət ərzində fəaliyyəti ilə həm ölkəmizdə, həm xaricdə böyük hörmət və inam qazanmışdır. Bu təşkilat hər bir addımında, hər bir fəaliyyətində insanpərvərlik və humanizm ideyalarını rəhbər tutur, qayğı və yardıma ehtiyacı olan insanlara daim kömək etməyə çalışır. Heydər Əliyev Fondunun son ümid yeri kimi üz tutanların ümidləri hər zaman doğrulmuşdur. Bu ümidlər Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşmışdır.

Bu xeyirxah missiya həm cəmiyyətdə, həm də beynəlxalq aləmdə böyük diqqət və hörmətlə qarşılanmışdır. Ulu öndərin humanizm siyasətinə sədaqətin əyani nümayişi olan amnistiya aktları ilk gündən tarixi şəxsiyyətin xatirəsinə ehtiramın ifadəsi kimi diqqəti çəkmişdir. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Mehriban xanım Əliyeva tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb etmişdir. O, özü Milli Məclisdəki çıxışında bu barədə demişdir: “2007-ci ildən başlayaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları əsasında 30 minə yaxın məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. 2007-ci, 2009-cu və 2013-cü illərdə fondun təşəbbüsünü dəstəkləyən və minlərlə insana azadlıq bəxş edən həmkarlarımın hər birinə dərin minnətdarlığımı bildirirəm. Bu gün azadlıqdan məhrum olmuş minlərlə həmvətənimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək həyatlarında başqa yolu, cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşma prinsiplərinə əsaslanan yeni ömür yolunu vermək deməkdir. Cinayət törədən hər bir insan öz səhvini, təbii ki, dərk etməlidir və gələcəkdə bu səhvlərə yol verməməlidir. Eyni zamanda, həm dövlətimiz, həm ictimaiyyətimiz, hər birimiz azadlığa çıxan insanlara onların normal həyat tərzini qurmasında yardım etməliyik”.

Onu da qeyd edək ki, cəmiyyətdə böyük xeyirxahlıq missiyası, insan hüquq və azadlıqlarının müdafiəsində uğurlu addım kimi dəyərləndirilən amnistiya aktı, əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslərə, bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlara, yetkinlik yaşına çatmayanlara, əlillərə, qocalara və ahıllara, öhdəsində yetkinlik yaşına çatmayan və ya əlil övladı olanlara və bəzi digər kateqoriyalardan olan şəxslərə şamil olunmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları da bu xeyirxah missiyadan yararlanmışlar.

Göründüyü kimi, ölkəmizdə həyata keçirilən humanizm prinsipləri dünyaya nümunədir. Ardıcıl olaraq bir neçə dəfə əfv sərəncamının imzalanması, həmçinin amnistiya aktının qəbul edilməsi insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində atılan humanist addım kimi beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Bu xeyirxahlıq nəticəsində on minlərlə insan azadlığa qovuşub, onların qayıtmasını həsrət və intizarla gözləyən ana-bacıların, övladların, ahıl valideynlərin hədsiz sevincinə səbəb olub. Hər zaman humanizm məfkurəsindən çıxış edən dövlət başçımızın humanizm ənənələrinə sadiqliyi cəmiyyətimizin xoş olan əhval-ruhiyyəsini daha da canlandırır, minlərlə ailəyə səadət, sevinc bəxş edir.

Əliqsmət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında