Xalqın ildən-ilə yüksələn rifahı Prezident İlham Əliyevin sosial siyasətinin mükəmməlliyini bir daha təsdiqləyir

Xalqın rifahı – budur ən ali qanun!

Siseron

 


 

Rifah insan həyatının keyfiyyətidir. Təsadüfi deyil ki, həyat keyfiyyətinin artırılması məsələsi İkinci dünya müharibəsindən sonra beynəlxalq aləmin gündəmini zəbt etmişdi. Əlbəttə, bunun da məntiqi izahı var idi. İki böyük müharibənin dağıdıcı təsirini görmüş insanların yaxşı yaşamasına ehtiyac yaranmışdı. Buna görə də insanların bir daha bəşəri müharibələrin qurbanına çevrilməməsi üçün sosial-iqtisadi siyasətin yenidən formalaşdırılması və inkişaf etdirilməsi aktual mövzu kimi önə çıxmışdı. Bu gün də gündəm dəyişməmişdir. Beynəlxalq aləmin fəal üzvü olan Azərbaycanda da sosial siyasət özünün intibah dövrünü yaşayır və qlobal siyasi-iqtisadi böhran fonunda belə, hər bir vətəndaşın həyatına müsbət təsir göstərməkdə davam edir.

 

Bu gün sosial siyasət anlayışı cəmiyyətin bütün təbəqələrinin gündəlik həyatına möhkəm daxil olmuşdur. SSRİ dövründə yürüdülən siyasətin bölgüsündə sosial siyasətə, necə deyərlər, xüsusi yer ayrılmamış və çox zaman iqtisadi siyasətin tərkib hissəsi kimi verilmişdi. Ancaq tarixi inkişaf prosesində sosial məsələlərə belə yanaşmanın səhv olduğu ortaya çıxmışdı. Sovetlərin kommunizm quruculuğu uğrunda mübarizə apardıqları bir vaxtda, Qərb dünyası xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş sosial siyasətin bəhrələrini görməyə başlamışdı.

Xatırladaq ki, sosial siyasət və sosial dövlət anlayışları XIX əsrin ikinci yarısında Almaniyada meydana gəlmişdi. 1850-ci ildə alman alimi Lorens fon Şteyn tərəfindən irəli sürülən bu anlayış öncə fəhlə və kapitalist sinfi arasındakı mənfəət qarşıdurmasını nizamlamaq üçün dövlətin gördüyü tədbirləri nəzərdə tutmuşdu. Ancaq sonradan sosial siyasət daha da inkişaf edərək, geniş mənada işlədilməyə başlanmışdı. Daha dəqiq desək, bütün sosial sinif və qruplar üçün dövlətin gördüyü tədbirləri əhatə etmişdi. Bir sözlə, sosial siyasət müasir mənada cəmiyyətdəki bütün sosial sinif və qrupların sosial müdafiə, sağlamlıq, təhsil, məşğulluq və bu kimi digər problemlərini həll etməyə istiqamətlənmiş, qruplar və siniflər arasında yaranan mübarizə və münaqişələri sosial ədalət prinsiplərinə görə həll etməyə çalışan və cəmiyyətin sosial rifahı üçün həyata keçirilən bütün tədbirlərin cəmidir. Göründüyü kimi, bu anlayış hazırkı mənanı alana qədər uzun bir tarixi inkişaf mərhələsi keçmişdir və bu mərhələlərdə sosial siyasətin mənası dəyişmiş, ondan istifadə daha da genişləndirilmişdir.

Aydındır ki, sosial siyasət ictimai həyatın ən mühüm tərəflərini əhatə edən məzmuna malik olmalıdır. Bəs səmərəli sosial siyasət nədən ibarətdir? Mütəxəssislərin sözlərinə görə, sosial siyasət əhalinin öz tələbatını ödəmək imkanlarının genişləndirilməsi, cəmiyyətdə sabitliyin qorunması, hər bir vətəndaşın sabaha inamla yaşaması, sosial gərginliyin azaldılması və bütövlükdə cəmiyyətdə təkrar istehsal prosesinin normal həyata keçirilməsini təmin edən sosial müdafiə sistemini qurmaqdan ibarətdir. Bu mənada SSRİ-nin dağılmasından sonra postsovet məkanına daxil olan ölkələrdə sosial siyasətin yeni reallıqlara uyğun formalaşdırılmasına böyük ehtiyac yaranmışdı. Planlı təsərrüfat sistemində yaşayan digər sovet respublikaları kimi, Azərbaycanda da bu məsələ kəskin şəkildə özünü göstərmişdi. Ermənistanın Azərbaycana təcavüzü və ərazilərin işğalı, müxtəlif siyasi qruplaşmalar arasında hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi, separatçılığın güclənməsi, xarici dövlətlərin daxili proseslərə artan müdaxilələri, ölkənin beynəlxalq aləmdən təcrid olunması, o cümlədən  keçmiş SSRİ ərazisində iqtisadi əlaqələrin pozulması, manatın kursunun aşağı düşməsi, xarici yardımdan asılılığın güclənməsi, eyni zamanda, kənd təsərrüfatında, eləcə də sənayedə istehsalın azalması, ərzaq idxalından asılılıq və yanacaq-enerji kompleksinin böhranlı vəziyyəti, əhalinin yoxsullaşması, sosial müdafiə institutlarının dağılması güclü sosial müdafiə sistemini təmin edəcək yeni sosial siyasətin formalaşdırılmasına zərurəti artırmışdı. Belə sosial inkişaf siyasətinin formalaşdırılması məhz ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdu.

Böyük siyasi xadim Heydər Əliyev gözəl bilirdi ki, keçid iqtisadiyyatı şəraitində dövlətin sosial siyasətinin məzmunu və əsas istiqamətləri, problemlərin əhatə dairəsi və icrası ardıcıllığı dövlətin iqtisadi siyasətinin strategiya və taktikasından asılıdır. Məlumdur ki, sosialyönümlü bazar iqtisadiyyatının qurulması, bir tərəfdən keçid iqtisadiyyatının ziddiyyətlərinin həll edilməsi, digər tərəfdən yeni sistemin möhkəm iqtisadi əsaslarının qoyulması məsələləri ilə səciyyələnir.

Təbii ki, güclü sosial siyasət modelinin yaradılması güclü iqtisadi inkişaf sayəsində mümkün ola bilər. Halbuki 1992-ci ildə Azərbaycan iqtisadiyyatı tənəzzülə uğramış və iqtisadi fəallığın artırılması üçün zəruri potensial sıradan çıxmışdı. Yeni iqtisadi modelin, yəni bazar iqtisadiyyatı modelinin inkişafı üçün lazımi qanunvericilik bazası da yox idi. Bu sistemə keçidlə əlaqədar ölkə iqtisadiyyatının iflic vəziyyətinə düşməsi xalqın sosial vəziyyətini ağırlaşdıraraq əhalini bir sıra problemlərlə üz-üzə qoymuşdu. Respublikanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi bu problemlərin sayını daha da artırmışdı. Bununla belə, ümummilli lider Heydər Əliyev 10 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti kimi, andiçmə mərasimindəki nitqində böhranlı vəziyyətə toxunaraq, ölkənin sürətli inkişafının yeganə yolunun məhz bazar iqtisadiyyatı olduğunu açıqlamışdı: "Bu yol çətin və ağır yoldur. On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik və çalışmalıyıq ki, bu potensial Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın".

Qısa müddət ərzində həyata keçirilən tədbirlər Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirdi. Bazara keçidlə əlaqədar meydana çıxan bir sıra mühüm problemlər həll edildi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı tədbirlər yerinə yetirildi.

Beləliklə, 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq, iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoydu. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın sosial siyasət sahəsində intibah dövrünə qədəm qoymasına zəmin yaratdı. Ulu öndər bazar münasibətləri əsasında formalaşan sosial yönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən etmiş və Azərbaycan xalqının sosial rifahının artırılmasını fəaliyyətinin başlıca məqsədi kimi elan etmişdi. Məhz Heydər Əliyevin müdrik yanaşması nəticəsində ölkə əhalisinin aztəminatlı təbəqəsi keçmiş sovet sisteminin iqtisadi məzmununa daha çox bağlı olan, qısa vaxt ərzində isə dəyişdirilməsi çətinliklər törədən əvvəlki sosial müdafiə sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğunun təsirini kəskin hiss etməmişdir. Böyük siyasi xadim Heydər Əliyev “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanında respublikamızda sosial-iqtisadi inkişafın sürətləndirilməsi, Azərbaycanın hərtərəfli inkişafı və iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilməsindən ibarət yeni sosial-iqtisadi inkişaf strategiyasını formalaşdırmışdı. Bu strategiyanın yerinə yetirilməsi üçün regional inkişaf proqramlarının hazırlanması və digər müxtəlif xarakterli təşkilati, idarəetmə tədbirlərinin həyata keçirilməsini bir vəzifə kimi qarşıya qoymuş və Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının və dövlət idarəetmə mexanizmlərinin inkişafında Prezident İlham Əliyevin adı ilə bağlı yeni dövr başlamışdır.

Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi sosial yönümlü siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır. Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial rifah halının daha da yaxşılaşmasına və bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişməsinə şərait yaratmışdır. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaranması, aqrar sektorda intensiv metodlardan istifadə, sərmayədarların regionlara cəlb olunması üçün əlverişli şəraitin bərqərar olması, yeni iş yerlərinin açılması, digər kompleks tədbirlərin həyata keçirilməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranmışdır.

İqtisadi inkişafın Azərbaycan modelinin müəllifi kimi Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer tutmasına imkan vermişdir. Təsadüfi deyil ki, həyata keçirilən sosial siyasət ölkədə etibarlı sosial müdafiə sisteminin formalaşmasına, əhalinin müxtəlif təbəqələrinin, xüsusilə də aztəminatlı ailələrin və sosial cəhətdən həssas insanların həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaratmışdır. Mütəxəssislər əmin olduqlarını bildirirlər ki, hazırda Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik bir ölkə kimi tanınır.

Beləliklə, Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin bilavasitə əhalinin sosial durumunun yaxşılaşdırılmasına yönəldiyini demək olar. Son illər qəbul olunmuş proqramların, imzalanmış fərman və sərəncamların da həssas qrupların sosial müdafiəsini daha da gücləndirməsi artıq bir reallıqdır. Bundan başqa, qeyri-neft sektorunun inkişafına diqqət ayıran Azərbaycan dövləti strateji məqsədlərdən biri olan məşğulluq səviyyəsinin artırılmasına da xüsusi yanaşır. Ən əsası, ötən müddət ərzində yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində ciddi uğurlar qazanmış Azərbaycan dövlətinin sosial-iqtisadi siyasəti həm də Cənubi Qafqaz regionunun inkişaf perspektivinə, onun dünyaya siyasi və iqtisadi inteqrasiyasına da yardım göstərmişdir. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin istismara verilməsi bunun bariz nümunəsidir. Önəmli faktlardan biri də budur ki, dinamik sosial-iqtisadi inkişafı, sosial rifahın yaxşılaşması və şaxələndirmə siyasətinin uğurları Azərbaycanın sosial dövlət statusunu da möhkəmləndirmişdir. Bütün bunlar da, təbii ki, Prezident İlham Əliyev siyasətinin məntiqi nəticəsidir.

Aydındır ki, uzunmüddətli inkişafın təmin olunmasında iqtisadi yoxsulluğun azaldılması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, həssas qrupların sosial müdafiəsi, sahibkarlığın inkişaf etdirilməsi, yüksək keyfiyyətli təhsil sisteminin yaradılması, təbii sərvətlərdən istifadənin azaldılması və digər amillərin əhəmiyyətini yüksək qiymətləndirən beynəlxalq ekspertlər əmindirlər ki, Azərbaycan hökumətinin sosial-iqtisadi siyasətinin uğurla aparılması imkanları çox ümidvericidir. Mütəxəssislərin sözlərinə görə, Azərbaycanda bütün sahələrdə əldə olunan mühüm nailiyyətlər, xüsusilə də güclü sosial müdafiə sisteminin yaradılması dünyada maliyyə-iqtisadi böhranın mövcud olduğu indiki dövrdə də respublika əhalisinin etibarlı sosial müdafiəsini təmin etməyə imkan verir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan hətta böhranlı illərdə  belə, sosial proqramları ixtisar etməmiş, əksinə, onları artırmışdır: “Sosial siyasət bizim siyasətimizin ayrılmaz hissəsidir. Mən dəfələrlə demişəm ki, biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik və Azərbaycanın uğurları bunun əyani sübutudur. Ancaq bununla bərabər, biz güclü sosial siyasət aparılmadan inkişaf edə bilmərik. Çünki bizim bütün işimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı dayanır və Azərbaycan vətəndaşının rahat, rifah içində yaşaması bizim başlıca borcumuzdur”.

Bir sözlə, bu gün  hər bir azərbaycanlı Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi siyasətin müsbət təsirlərini hiss edir və ölkə başçısının Azərbaycanın sosial dövlət statusunun möhkəmləndirilməsi işinə öz töhfəsini verməyə çalışır. Vətəndaş-hakimiyyət münasibətlərinin yüksək səviyyəsi də ölkədə aparılan sosial siyasətin bundan sonra da uğurla davam edəcəyinə böyük inam yaradır. Həyata keçirilmiş sosial-iqtisadi siyasət nəticəsində əldə edilmiş uğurlar, xalqın ildən-ilə yüksələn rifahı Prezident İlham Əliyev siyasətinin mükəmməlliyini bir daha təsdiqləyir.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında