Ermənistan prezidenti Serj Sarkisyan tarixdə uşaq qatili kimi qalacaq

Son illər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhəboyu kəndlərində azyaşlı uşaqları amansızcasına qətlə yetirmələri adi hala çevrilib. Dünyanın aparıcı kütləvi informasiya vasitələri və nüfuzlu beynəlxalq qurumları bu vəhşiliyə öz etirazlarını bildirsələr də, Ermənistan dövlətinin bu çirkin hərəkətləri, uşaq qatili kimi ad qazanmış prezident Serj Sarkisyanın insanlığa yaraşmayan əməlləri hələ də cəzasız qalır.  Ermənistan dövləti beynəlxalq hüquqi aktları – Ermənistanın 1992-ci ildə ratifikasiya etdiyi BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasını, "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasını, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi”ni, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktı, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı, “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsini kobud surətdə pozur. Təəssüf ki, dünya birliyi bu ədalətsizliyə hələ də dözür.

Xocalıda baş verən qətliamların fəal iştirakçısı olan Serj Sarkisyan  qətliamların törədilməsinin təşkilatçısı olduğunu özü də etiraf edib. Xatırlayırsınızsa,  britaniyalı jurnalist, Karnegi Beynəlxalq Sülh Fondunun təhlilçisi Tomas de Vaala müsahibəsində Serj Sarkisyan demişdir: ”Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”. Həmin müsahibədə Sarkisyan erməni qüvvələrinin Xocalıda məqsədyönlü şəkildə dinc əhalini qırdığını təsdiqləyib. Qeyd edək ki, Xocalı qətliamında 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir. Uşaqlara misli görünməmiş işgəncələr verilmişdir. Bunu ermənilər özləri də etiraf edirlər. Xocalı soyqırımının canlı şahidi  olmuş erməni jurnalist Daud Xheriyan yazır: “Qaflan” adlı və ölülərin yandırılması ilə məşğul olan bir erməni qrupu var idi. Bu qrup Xocalıda azərbaycanlıları yandırmaqla məşğul idi. Martın 2-də Xocalıdan 1 kilometr məsafədə yerləşən əraziyə 100 azərbaycanlının meyiti gətirildi. Sonuncu yük maşınında 10 yaşında olan qız usağını gördüm. Başından və əlindən yaralı idi. Havanın soyuq və özünün ac olmasına baxmayaraq, hələ də sağ idi. Güclə nəfəs alırdı. Gözlərini ölüm qorxusu bürümüşdü. Bu vaxt Tiqranyan adlı erməni əsgər onu vəhşicəsinə götürərək, digər cəsədlərin üstünə atdı. Sonra isə bütün cəsədləri yandırdılar. Yanan cəsədlərin arasında bir uşaq qışqırırdı. Heç bir şey edə bilməzdim”.

1988-1989-cu illərdə Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisində) yaşayan 250 mindən çox azərbaycanlının qovulması, yəni etnik təmizləmə əməliyyatları nəticəsində qətlə yetirilən 216 azərbaycanlının 23-ü uşaq olmuşdur. 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı nəticəsində öldürülənlərdən 63-ü uşaqdır. Həmin faciə zamanı 25 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirmişdir.

1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edir. Mən yalnız uşaq ölümləri barədə faktları diqqətə çatdırmaq istəyirəm.  Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olmuş, 19-u isə yaralanmışdır. Ümumiyyətlə, münaqişə müddətində dövlət tərəfindən 210 uşaq əsir və girovluqdan azad edilib. Buna baxmayaraq 61 uşaq hələ də itkindir, 27-si isə hələ də əsirlikdədir. Hərbi münaqişə zamanı 193 uşaq qətlə yetirilmişdir. Yaralanan uşaqların sayı isə yüzlərlədir.

Azərbaycanın müasir tarixinin son 25 ilin müharibə şəraitində yaşadığı dünya birliyinə də bəllidir.  1988-1994-cü illərdə erməni terror qrupları və silahlı birləşmələri minlərlə Azərbaycan uşağının vəhşicəsinə qətlə yetirilməsinə, yaralanmasına, itkin və əsir düşməsinə, eləcə də bir və ya hər iki valideynini itirməsinə səbəb olmuşdur. Bu barədə yüzlərlə fakt vardır. Beynəlxalq güclər və erməni lobbisi tərəfindən qondarılmış bu münaqişə nəticəsində daha çox itki və əzab-əziyyətə, psixoloji zərbələrə məruz qalan qaçqın və məcburi köçkün övladları olsa da, digər şəhər və bölgələrdə də ata, yaxud anaları şəhid, yaxud əlil olmuş on minlərlə uşaq var ki, onlar da Qarabağ savaşının qurbanları hesab edilir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının  məlumatında bildirilir: “Münaqişə zonasında əsir və girov götürülməsi faktı ermənilər tərəfindən danılan şəxslərdən 18 nəfəri 14 yaşına qədər olan uşaqlardır. Girov götürülən zaman onlardan ən böyüyü — Gülafə 14 yaşında, ən kiçiyi Məhsəl isə cəmi ay yarımlıq idi. Girov götürüləndən sonrakı taleyi məlum olmayan bu 18 uşaq valideynləri və qohumları tərəfindən axtarılır”.

1994-cü ildə uşaq oyuncağına partlayıcı maddə quraşdıraraq Tovuz rayonu ərazisindən axan çaya buraxan ermənilər rayonun Ermənistanla həmsərhəd Əlibəyli kəndində iki uşağın ölümünə və birinin yaralanmasına bais olmuşdular. 2011-ci il martın 8-də Ağdamın cəbhə xəttində yerləşən Orta Qışlaq kəndində öz həyətində dostları ilə oynayan atasız böyümüş, ailənin tək övladı olan 9 yaşlı Fariz Bədəlov erməni snayperinin gülləsinə tuş gələrək, həlak olmuşdur. 2011-ci ilin iyulunda yenə də Tovuz rayonunun Əlibəyli kəndində çaydan tapdığı oyuncağın içindəki partlayıcı qurğunun işə düşməsi nəticəsində 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızı həyatını itirmişdir.

İyulun 4-də Füzulinin Alxanlı kənd sakini 2 yaşlı Zəhra Quliyevanın qətlə yetirilməsi ilə Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən azərbaycanlı uşaqların sayı 194 nəfərə çatıb.

İşğalçı Ermənistan ordusu yenə də uşaqlara qarşı amansızlıqlarını davam etdirir, bütün vasitələrlə azyaşlı uşaqları vəhşicəsinə qətlə yetirir. Vəhşiləşmiş Ermənistan ordusu bu günlərdə  Tovuz rayonunun Qaralar kənd sakini 13 yaşlı Ramin  Sabir oğlu Yusifovu öz həyətlərində ağır yaralayıb.

Azərbaycanın ərazi bütövlüyü dünya birliyinin bütün üzvləri tərəfindən qəbul olunur. Təəssüf ki,  Azərbaycan uşaqlarının hüquqlarını pozmuş,  öz doğma yurdundan didərgin salmış, atəşkəs rejimini pozaraq, vəhşicəsinə qətlə yetirmiş  təcavüzkar Ermənistan dövləti hələ də beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozur, işğal etdiyi ərazilərdən çıxmaq istəmir. Tarixdə uşaq qatili kimi qalacaq işğalçı Ermənistanın indiki prezidenti Serj Sarkisyanın insanlığa yaraşmayan hərəkətlərinə, nəhayət son qoyulmalı və dünya birliyi bu ədalətsizliyin qarşısını almalıdır.

Havva MƏMMƏDOVA,
tarix elmləri doktoru,
professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında