Ermənistanın növbəti hərbi cinayəti cəzasızlıq sindromunun nəticəsidir

Avqustun 7-də Ermənistan silahlı qüvvələri ölkədəki xunta rejiminin diktəsi ilə növbəti hərbi təxribata əl atmışlar. Azərbaycanın mülki əhalisini və obyektlərini intensiv atəş altında saxlayan erməni hərbi birləşmələri bu dəfə Tovuz rayonunun Qaralar kəndinin 13 yaşlı sakini Ramin Yusifovun yaralanmasına səbəb olan hərbi cinayət törətmişlər. Xatırladaq ki, təxminən bir ay öncə, iyulun 4-də Ermənistanın hərbi birləşmələri Füzuli rayonunuın Alxanlı kəndində misli görünməmiş vəhşiliyə imza atmışdılar. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərmişdi. Dinc əhalinin, xüsusən uşaq, qadın və qocaların erməni silahlı qüvvələri tərəfindən intensiv olaraq hədəfə alınması, əslində, Ermənistan ordusunun assimmetrik mübarizə taktikası seçdiyini və bununla da terrorçu başıpozuq hərbi qruplaşmaya çevrildiyini əyani olaraq sübut edir.

Bəs Ermənistanın bu hərbi cinayətləri nəyə hesablanıbdır? Prezident İlham Əliyev cari il iyulun 12-də Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu sualın dəqiq cavabını vermişdir: “İlk növbədə, bu, Ermənistan siyasi rəhbərliyinin xislətini göstərir. Xocalı qatilindən, uşaq, qadın qatilindən başqa bir şey gözləmək mümkün deyil. Bu, erməni faşizmidir, bütün dünya da bunu belə qəbul etməlidir”.

Ermənistanın siyasi-hərbi rəhbərliyi hər dəfə belə hərbi cinayətlərə əl atmaqla, ilk növbədə münaqişənin tənzimlənməsi ilə bağlı yüksək səviyyəli danışıqlar prosesinin qarşısını almaq istəyir. Sarkisyan rejimi sonsuz olaraq davam edən danışıqlarda və bu yolla status-kvo vəziyyətini qoruyub saxlamaqda maraqlıdır. Həmin maraqdan çıxış edərək Ermənistandakı hərbi xunta rejimi müxtəlif tarixi zamanlarda ən müxtəlif təxribatlara imza atmışdır. Yuxarıda qeyd olunan müşavirədə bu məsələlərə toxunan Prezident İlham Əliyev Ermənistanda hakimiyyəti zorla zəbt etmiş siyasi-hərbi qüvvələrin məlum təxribatçı davranışının əsl mahiyyət və məqsədlərinə də aydınlıq gətirmişdir : “Ermənistan  həmişə çalışırdı ki, həm danışıqları pozsun və onlara təzyiq artdıqca təxribat törətsin. Bunu biz yaxın tarixdən yaxşı bilirik. Hələ 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror aktı törədilmişdir və bu da o vaxtkı Ermənistan rəhbərliyi üçün bir bəhanə idi ki, danışıqlar pozulsun. Belə də oldu. 2014-cü ildə Fransada keçirilmiş danışıqlardan dərhal sonra Ermənistan növbəti hərbi təxribata əl atdı, Ağdam rayonunda hərbi təlimlər təşkil etdi. Bizim mövqelərimizə helikopterlər hücuma keçdi və onlardan biri Azərbaycan Ordusu tərəfindən məhv edildi.

2016-cı il martın sonunda Vaşinqtonda nüvə sammitində mən də iştirak edirdim, Ermənistan prezidenti də. O vaxt Ermənistan prezidentinə təzyiqlər göstərilirdi ki, məsələ tezliklə öz həllini tapsın. Danışıqları pozmaq üçün aprel hadisələri törədildi, bizə qarşı təxribat törədildi. Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Bu cavab nəticəsində bu gün bizim bayrağımız Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır.”

Obyektivlik naminə onu da qeyd edək ki, Ermənistan hərbi qüvvələrinin terrorçu hərəkətləri, xüsusilə, Alxanlı kəndində törədilmiş hərbi cinayəti dünyada böyük əks-sədaya səbəb oldu. Azərbaycanın haqq işi dünyada geniş dəstək aldı. Ermənistanın barbar davranışı beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınaqla qarşılandı. Bütün bunlar danılmaz həqiqətdir. Lakin başqa bir həqiqət də ondan ibarətdir ki, Ermənistanın terrorçu hərbi birləşmələri bütün bu beynəlxalq təzyiqlərə baxmayaraq, yenidən dinc əhalini hədəfə almaqda davam edir və Tovuzda baş verən hadisə erməni  vandalizminin növbəti təsdiqidir.

Şübhəsiz, “cırtdan” dövlət olan Ermənistan heç bir zaman təkbaşına beynəlxalq hüquqa qarşı belə saymazyana davranış nümayiş etdirə bilməzdi. Lakin fakt faktlığında qalır ki, bu belədir. Ermənistan nümayişkaranə şəkildə beynəlxalq hüquqa məhəl qoymur. Bəs səbəb nədir? Bu sualın da cavabını möhtərəm Prezident İlham Əliyev geniş ictimaiyyətə açıqlayaraq bildirmişdir ki, biri Ermənistana pul verir, biri silah verir, biri onun təbliğatı ilə məşğuldur, bir başqası isə ona lobbiçilik fəaliyyəti göstərir.

Bu reallıq fonunda Ermənistanda formalaşmış arxayınçılıq və cəzasızlıq sindromu daha da möhkəmlənir. Tarix şahidlik edir ki, cəzasızlıq rejimi cinayətkarı daha ağır cinayətlərə sövq edən ən ciddi səbəbdir.

Deməli, yuxarıda söylədiyimiz fikirlərdən bu qənaət hasil olur ki, münaqişənin həlli prosesinin dalana dirənməsinə, Ermənistan silahlı qüvvələrinin mülki əhalini, xüsusilə də uşaqları  hədəfə almasına görə birbaşa məsuliyyət İrəvanda əyləşən siyasi-hərbi xunta rejiminin üzərinə düşür. Eyni zamanda, bu cinayətkar rejimin hərəkətlərinə qarşı adekvat təsir və təzyiq mexanizmlərini tətbiq etməyən beynəlxalq birlik, beynəlxalq ictimaiyyət və xüsusilə də missiyası bu münaqişəni həll etmək olan ATƏT-in Minsk qrupu konkret məsuliyyət daşıyır.

Təəssüf hissi ilə onu da qeyd edək ki, ATƏT-in Minsk qrupu heç də münaqişənin həlli ilə bağlı üzərinə düşən məsuliyyətə uyğun fəaliyyət ortaya qoya bilməmişdir. Faktların müqayisəsi və təhlili göstərir ki, əslində, bu qurumun fəaliyyəti münaqişəni həll etməyə deyil, onun müharibəyə çevrilməsinin qarşısını almağa yönəlmişdir. Minsk qrupu bu fəaliyyəti ilə də məlum “aprel döyüşləri”nədək öyünürdü. Guya onların fəaliyyəti olmasaydı, münaqişə çoxdan müharibəyə çevrilərdi. Əslində, müharibə davam etməkdə idi, sadəcə onun aktiv hərbi fazasında atəşkəs mövcud idi. Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində atəşkəsi mütəmadi olaraq pozması,  ötən il aprel ayının əvvəlində geniş hərbi insident törətməsi müharibənin istənilən anda başlanmasının mümkünlüyünün göstəricisidir. 1992-ci ilin mart ayında yaradılmış və münaqişənin tənzimlənməsində vasitəçi missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupu isə permanent atəşkəsdə israrlıdır. Ermənistan da eyni müvəffəqiyyətlə  həmin israrları  davamlı olaraq qulaqardına vurmaqdadır. Yeri gəlmişkən, ATƏT-in Minsk qrupunun nəticə baxımından bir çox hallarda fəaliyyətsizlik kimi təsir bağışlayan “fəaliyyəti”nin də bu ilin mart ayında “25 yaşı” tamam olmuşdur. Ermənistan ordusunun yeni hərbi cinayətləri fonunda  Minsk qrupunun iki yolu vardır. Ya ATƏT-in Minsk qrupu indiyədək davam etdirdiyi passiv vasitəçilik missiyasından imtina edib, münaqişənin həlli ilə bağlı yaranmış yeni şəraiti düzgün qiymətləndirərək fəal tənzimlənmə hərəkətlərinə keçməlidir və bu prosesə ilkin olaraq özündə islahatlarla başlamalıdır, ya da uğursuzluğunu etiraf edib, özünü buraxmalıdır. Zənnimizcə, 25 illik fəaliyyətindən (fəaliyyətsizliyindən) sonra ATƏT-in Minsk qrupunun  yuxarıda göstərdiyimiz hər hansı yolu seçməsindən asılı olmayaraq, qətiyyət göstərməsinin vaxtı gəlib çatmışdır.

Sonda onu da xüsusi olaraq vurğulayaq ki, Ermənistanın bütün bu təxribatlarına baxmayaraq, Azərbaycan tərəfinin münaqişənin həlli yolları ilə bağlı mövqeyi dəyişməzdir. Həmin mövqe Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilib. Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağın erməni əhalisinə respublikamızın hüdudları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir. Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı bir həll yolu qəbuledilməzdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məsələnin həlli çox sadədir – erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Münaqişənin həlli ilə bağlı bu yanaşma tərzi Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir.

Elman NƏSİROV,
Milli Məclisin deputatı,
siyasi elmlər doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında