Təmas xəttinə yaxın ərazidə yaşayan daha bir günahsız uşağımız düşmən tərəfdən atılan mərminin qəlpələri ilə yaralandı. Daha bir köynəyi qana bulaşmış körpənin ailəsi göz yaşı və həyəcan içərisində, xəstəxana dəhlizində qaldı. İnsan qanı içmək xəstəliyinə mübtəla olmuş Sarkisyan rejiminin cəlladları daha bir məsum varlığı yaralamağın həzzini yaşadılar.
Cəbhə xəttindən gələn bu həyəcanlı xəbəri eşidəndə bir ay əvvəl – iyulun 10-da kütləvi informasiya vasitələrinin birində oxuduğum redaksiya materialının ilk abzasını növbəti dəfə xatırladım. O vaxt bu yazı barədə Facebook səhifəmdə söz açmışdım. Məqalə müəllifləri yazmışdılar: “Şəkildəki uşaqlardan biri Ermənistan prezidenti Serj Sarkisyanın nəvəsidir, digəri isə Sarkisyan rejiminin qətlə yetirdiyi Zəhradır. Sarkisyanın qucağındakı bu körpə xoşbəxtdir -- çünki ona heç kəs güllə atmır. Zəhranı isə erməni mərmisi qanına qəltan etdi. Sarkisyanın nəvələri ailəsi ilə birgə şənlənir, Zəhra isə hələ dili söz tutmamış torpaq altındadır…Sarkisyanın nəvələrinin çoxlu oyuncağı var, Zəhranın oyuncaqları isə onun məzarının üstünü bəzəyir. Sarkisyan nəvələrini gəzməyə aparır, Zəhra isə nənəsi ilə həyətdə gəzəndə erməni mərmisi onların başında partlayır... Yəqin indi Sarkisyan nəvəsinin saçlarını sığallayır… Zəhranın anası isə balasının qanlı şəklinə tumar çəkir…Sarkisyanın nəvələri böyüyür, Zəhranın ayaqqabısının, corablarının ölçüsü isə heç vaxt böyüməyəcək. Çünki günahsız Zəhra düşmən gülləsinin qurbanıdır…”
Qatil Serj Sarkisyanın murdar xislətinin, Ermənistan dövlətinin iyrənc siyasətinin xarakterizə edilməsi üçün qələmə alınmış dəyərli sətirlərdir. Mütəxəssislər yazırlar ki, son 10 ildə dünyada təxminən 2 milyon uşaq müharibənin qurbanı olub. Yaralanmış, xəsarət almış və zorakılığa məruz qalmış uşaqların sayı isə bundan 3 dəfə çoxdur. Münaqişə zonalarında uşaqların hüquqlarının qorunması ilə bağlı bir sıra beynəlxalq qanunlar qəbul edilsə də, bir çox terror təşkilatları, habelə terroru dövlət səviyyəsində dəstəkləyən ölkələr – bu məqamda Ermənistan -- bu konvensiyaların tələblərini kobud şəkildə pozmaqdadır. Bu sahədə BMT-nin qəbul etdiyi çoxlu sənəd var. 1949-cu ildə BMT-nin qəbul etdiyi Cenevrə Konvensiyasının "Müharibə zamanı mülki fərdlərin müdafiəsi" ilə bağlı 27-34-cü maddələri uşaqların hüquqlarının qorunmasını özündə ehtiva edir. Bundan başqa, 1989-cu il noyabrın 20-də qəbul edilmiş Uşaq Hüquqları üzrə Konvensiyada dünyadakı uşaqların hüquqları qorunur, uşaqlara qarşı hər hansı zorakılıq və işgəncə halları, habelə uşaqların qətlə yetirilməsi qadağan edilir. Maraqlıdır ki, Uşaq Hüquqları üzrə Konvensiyanı BMT üzvü olan 196 ölkə qəbul edib, o cümlədən Ermənistan. Lakin ermənilər təkcə 1992-ci il Xocalı soyqırımını törədərkən 63 uşaq qətlə yetirilmişdi.
Kütləvi informasiya vasitələri xəbər verirlər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini hər gün 130 – 140 dəfə pozurlar. Bir ay bundan əvvəl iki yaşlı Zəhranın öldürülməsi, indi isə 13 yaşlı Ramin Yusifovun yaralanması Ermənistanın Azərbaycana qarşı apardığı azğın siyasətdən xəbər verir. Bu hadisə sübut edir ki, ermənilər artıq dünyanın hissiyatı ilə oynamaq istəyirlər.
Ekspertin fikrincə, Sarkisyan rejiminin bu addımları sübut edir ki, Ermənistanda dövlət də yoxdur, dövlətçilik də. Bu ölkədə nə beynəlxalq hüquq, nə də insani dəyərlər anlayışı mövcuddur. Bu dövlət sivil qayda və təfəkkürdən uzaq olaraq orta əsrlərin azğın qanunları ilə yaşamağa və qonşularla bu cür münasibət saxlamağa üstünlük verir. Ötən ilin aprelində məlum olmuşdu ki, Ermənistan əsgəri həm qorxaqdır və həm də Azərbaycan Ordusunun gücünü yaxşı bilir. Məhz buna görə də onlar, bir qayda olaraq , silahsız dinc insanları hədəfə alırlar. Artıq neçənci dəfədir ki, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini atəşə tutmaqla dinc əhalinin, uşaqların ölümünə səbəb olurlar. Bütün bunlar isə sübut edir ki, Azərbaycan baş verənlərə sakit yanaşa bilməz, Ermənistan son əməllərinə görə çox ciddi cavab verməli olacaq.
Bu zaman xüsusilə qeyd edilməli məqamlardan biri də odur ki, hər gün dinc əhalinin ev-eşiyini, mal-qarasını, əmlakını atəş altında qoyan, uşaq, qadın və qocaları öldürən, yaralayan Sarkisyan rejimi əməllərinə bəraət qazandırmaq üçün bəhanə gətirir ki, guya həmin ərazilərdə Azərbaycan hərbçilərinin atəş nöqtələri vardır. Bu uydurmaların başdan-ayağa cəfəngiyyat olduğu dəfələrlə sübut edilib. Məsələn, Alxanlı faciəsindən – Zəhranın və onun nənəsinin öldürülməsindən sonra ermənilər and-aman edirdilər ki, biz hərbi nöqtələri atəşə tutmuşuq. Bu ağ yalandan cəmi iki gün sonra Azərbaycanın Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Baş Prokurorluğu, və Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən iyulun 6-da Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin və xarici kütləvi informasiya vasitələri nümayəndələrinin ermənilərin atəşə tutması nəticəsində iki dinc kənd sakinin həlak olduğu Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil edilmişdi.
Həmin ərazidə Azərbaycan Silahlı Qüvvələri bölmələrinin qərargahının və ya atəş nöqtələrinin olmadığını sübut edən dəlillər onlara yerindəcə təqdim olunmuşdu. Qeyd edək ki, hərbi attaşelər və KİV nümayəndələri kənd ərazisində Silahlı Qüvvələrin bölmələrinin heç bir qərargahının və atəş nöqtələrinin olmadığına tam əmin olmuşdular. Bu fakt bir daha təsdiq edir ki, ermənilərin əsas hədəfi dinc əhali olub. Erməni tərəfinin kənd ərazisində hərbi bölmələrin olması barədə yaydığı məlumat dezinformasiya və yalandan ibarət idi. Azərbaycan tərəfin nümayiş etdirdiyi operativlik və prinsipiallıq nəticəsində xarici attaşe və jurnalistlər dinc kənd sakinlərinin ölümünə səbəb olan mərmilərin düşdüyü əraziyə də baxış keçirmiş, həmçinin ölənlərin yas mərasimində də iştirak etmişdilər.
Başqa bir fakt . Ötən ilin aprel ayında qorxaqcasına, ya da öz dövlətinə inamsızlıqdan Azərbaycan Ordusunun qarşısından qaçan ermənilər gedib başqa istiqamətdən hücuma keçmiş, dinc sakinlərin yaşadığı kəndləri atəşə tutmuşdular. Təbii ki, Azərbaycan əsgəri orada da işğalçıya layiq olduğu cavabı vermişdi. Sarkisyan və komandası dərhal ənənəvi yalanlarını dövriyyəyə buraxmışdılar ki, həmin kəndlərdə Azərbaycan Ordusunun atəş nöqtələri var idi. Halbuki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hadisədən dərhal sonra həmin kəndlərə reallaşdırdıqları səfərin video materiallarında bütün dünya gördü ki, orada sırf mülki obyektlər, dinc əhali atəşə məruz qalmışdır.
Xatırladaq ki, ötən il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələri Ağdam və Tərtər rayonlarında qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində mülki əhalinin həlak olması və yaralanması ilə yanaşı, bir çox evlərə də ciddi ziyan dəymişdi. Hadisədən dərhal sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə təmas xəttinə gələrək cəbhəboyu zonada vəziyyətlə yerində tanış olmuş, sakinlərlə görüşmüş, dağılmış evlərə baxmışdı. Prezident İlham Əliyev tamamilə dağılmış evlərin yerində yeni evlərin inşası, həmçinin ziyan dəymiş evlərin və sosial obyektlərin təmiri ilə bağlı konkret tapşırıqlar vermiş və sərəncam imzalamışdı. Rayon icra hakimiyyətləri və müvafiq dövlət qurumları həmin sərəncamın icrası ilə bağlı bütün lazımi tədbirləri görmüşdülər.
Ötən il dekabrın 3-də Tərtər və Ağdama səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva apreldə ziyan dəymiş evlərdə aparılan tikinti, bərpa və təmir işləri ilə tanış olmuş, həyətləri gəzmiş, tikilmiş və bərpa olunmuş evlərə baxmışdılar. Bildirilmişdi ki, Azərbaycan
Prezidenti İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-cı ilin mayında imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ayrılmış 3 milyon manat vəsait hesabına ümumilikdə, rayonda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib və 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb.
Bütün bunlar son illər erməni quldurlarının törətdiyi çoxsaylı vandallıqların bir hissəsidir. Azərbaycan dövlətinin və ordumuzun qaniçən düşmənə qarşı atdığı qətiyyətli addımlar barədə yazdıqlarımız da elə Azərbaycan həqiqətlərinin cüzi bir hissəsidir. Daha bir həqiqət isə ondan ibarətdir ki, bu gün Qərbdə şəffaflıq və bərabər yanaşma prinsiplərini bayraq edən beynəlxalq təşkilatların və fondların Qafqaz ölkələrinə münasibətində bu “bərabərlik prinsipi” qətiyyən qorunmur.
Təəssüf ki, fakt bundan ibarətdir. Bu gün bölgəni narahat edən əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsini bu gün bütün dünya bilir. Lakin gəlin, görək münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar Azərbaycanla Ermənistana eyni münasibət göstərirlərmi? Bu gün Ermənistana işğal altında saxladığı torpaqlardan çıxmaq üçün heç bir təzyiq göstərilmir. Rusiyanın Krım siyasəti onun Avropa Şurasındakı səsinin dondurulması ilə nəticələndi. Avropa İttifaqı və ABŞ bu ölkəyə qarşı ən sərt sanksiyalar tətbiq edir. Eyni işğalçılıq siyasətini davam etdirən vassal Ermənistana isə nəinki təzyiq göstərilmir, hətta onu təcavüzkar belə adlandırmaq istəmirlər. Beynəlxalq təşkilatlar Azərbaycanda seçkilər, demokratiya və insan haqları ilə bağlı əsassız narahatlıqlarını ifadə etdiyi halda, Ermənistanda 2008-ci il prezident seçkilərində prezident Serj Sarkisyanın seçkiyə etiraz edənlərin kütləvi surətdə amansızlıqla dağıdılmasına əmr verməsini və 10-dan çox etirazçının ölümünə səbəb olan antidemokratik və antiinsani hərəkətləri niyə qınamırlar?
Bu gün Qərb donorları tərəfindən xarici qrantların daha böyük hissəsi Ermənistana yönəldiyi bir vaxtda heç kim orada insan hüquqları, demokratiya və şəffaflıqdan danışmır. Danışsaydılar, Sarkisyan və yanındakılar bu qədər uşağı qanına qəltan etməzdilər. Əgər Qərb doğrudan da bu qədər öz dəyərlərindən narahatdırsa, nəyə görə Ermənistanın monoetnik siyasət yürütməsinə göz yumur? Azərbaycanda beynəlxalq təşkilatlarda əcnəbilər rahat şəkildə fəaliyyət göstərdiyi halda, Ermənistanda bir çox xarici təşkilatların nümayəndəliklərində rəhbərlər məhz ermənilər özləridir.
Yeni Azərbaycan Partiyası adından danışan millət vəkili Aydın Mirzəzadə ermənilərin son həyasızlığına münasibət bildirərkən deyib: “Əgər İrəvan hesab edirsə ki, xaricdəki havadarları hesabına öz azğınlığını davam etdirəcək, çox böyük səhv edir. Azərbaycan “gözə-göz” prinsipi ilə hərəkət edərək, Ermənistandakı dinc kəndləri atəşə tutmayacaq. Azərbaycan əsgəri heç zaman dinc əhali ilə vuruşmur. Hədəfimiz işğal edilən torpaqlarımızda olan, eyni zamanda, sərhəd bölgələrində yerləşən Ermənistan silahlı qüvvələridir”.
Fikrimizcə, deputatın bu fikirləri təkcə onun təmsil etdiyi siyasi təşkilatın deyil, bütövlükdə Azərbaycan xalqının qənaətidir. Xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün addımlarını, o cümlədən münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində atılan addımlarını da dəstəkləyir. Ancaq Azərbaycan vətəndaşları cənab Ali Baş Komandanın torpaqlarımızın hərb yolu ilə işğaldan azad edilməsi barədə göstərişini daha çox gözləyir. Yəqin ki, bu barədə Ermənistanda da bilməmiş deyillər. Ona görə də İrəvan rəsmiləri “daşı ətəkdən tökmək” barədə düşünməlidirlər.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.