Ermənistan ordusunda əsgərlərə işgəncə verilməsi ölkədə etirazlara səbəb olub

İşğalçı Ermənistanda vəziyyət gündən-günə ağırlaşır. Bir tərəfdən işsizliyin baş alıb getməsi, digər tərəfdən isə aclıq və səfalət yerli əhalini ölkəni kütləvi surətdə tərk etmək məcburiyyətində qoyub.  Yerli kütləvi informasiya vasitələrinin yazdıqlarına görə, Ermənistan vətəndaşları  hakimiyyət uğrunda çəkişmələrdən təngə gəliblər. Ölkədə tez-tez etiraz aksiyaları keçirilir, polislə qarşıdurma, silahlı insidentlər baş verir. Özbaşınalıqlara, gənclərin hərbi xidmətdə işgəncələrə məruz qalmasına və xəstəlikdən ölmələrinə son qoyulmasını, habelə yoluxucu xəstəliklərin sürətlə yayılmasının qarşısının alınmasını tələb edən növbəti mitinq qadınlar tərəfindən təşkil olunub. Aksiya iştirakçıları  Sarkisyan rejiminin təzyiqlərinə məruz qalan fəalların azadlığa buraxılmasını da tələb ediblər. Erməni vəhşiliyi, qəddarlığı və amansızlığı burada da özünü büruzə verib. Qadınların aksiyası vəhşicəsinə dağıdılıb və onlara qarşı zor tətbiq olunub.

Ailələrini dolandıra bilməyən insanlar müxtəlif yollara əl atırlar. Buna görə də Ermənistanda kriminogen vəziyyət də sabit deyil. Statistik məlumatlara görə, bu ilin yeddi ayı ərzində cinayətkarlıq halları  iki dəfədən çox artıb. Ümumilikdə, işğalçı ölkədə son yeddi ay ərzində 2 min 300 cinayət faktı qeydə alınıb. Verilən məlumatlara əsasən, orta ağır cinayətlərin sayı 18 faiz artıb. Ağır cinayətlərin sayında da artım qeydə alınıb.

Bu il avqustun 1-də Ermənistanda baş vermiş daha bir ağır cinayət əhalini qorxuya salıb. İşğalçı ölkənin Araqatsov vilayətinin Şamiran kəndinin qəbiristanlığının yaxınlığında  yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulan zala daxil olan bir qrup silahlı şəxs mərasim iştirakçılarını odlu silahlardan atəşə tutub. Dörd nəfərin qətlə yetirildiyi və 8 nəfərin ağır yaralandığı bu hadisəni törədənlərin hələ də tapılmaması əhalini hiddətləndirib. Bu hadisə barədə məlumat verən hüquq müdafiəçiləri qeyd edirlər ki, polisin yarıtmaz fəaliyyəti və rüşvətxorluğu nəticəsində ölkədə belə ağır cinayətlər tez-tez baş verir. Cinayətkarların cəzasız qaldıqlarından insanların qətlə yetirilməsi adi hala çevrilib.

“Çıxış” alyansının rəhbəri Nikol Paşinyan bu hadisəni kəskin pisləyərək demişdir ki, dünyanın heç bir ölkəsində yas mərasimləri keçirilən yerlərə silahlı hücum olmayıb. Belə mərasimlər hər bir kəsin həyətində ola bilər. İnsanlar belə bir gündə hüzn sahiblərinə dəstək verir, onların kədərinə şərik olurlar. Bizdə isə silahlı dəstə zala daxil olub mərasim iştirakçılarını atəşə tutur, amansızcasına qətlə yetirir. Bu, ölkənin cinayətkar qrup tərəfindən idarə olunmasının nəticəsidir. Həmin silahlı dəstələrin zərərsizləşdirilməməsi və həbs olunmaması isə onların hakimiyyət nümayəndələri tətəfindən himayə olunmalarından xəbər verir. Cinayətkar iqtidar bu yolla insanları qorxudur, hamını özlərinə tabe etmək istəyir. Ona görə də Sarkisyan rejimi istefa verməlidir.

Sarkisyan rejiminə etiraz edən aksiya içtirakçılarının sayının durmadan artması hökuməti ciddi təşvişə salıb. Son vaxtlar bölgələrdən paytaxta gələn bütün avtobuslar təxirə salınıb. Polis gücləndirilmiş iş rejiminə keçib. Bu rejimdə işləyən polis aksiyaları dağıtmaqla yanaşı, iştirakçıların və  onların qohumlarının kütləvi həbsinə başlayıb.

“Ann. arm” portalının verdiyi məlumata görə, əhalini ən çox narahat edən problemlərdən biri orduda kriminogen halların baş alıb getməsidir. Son vaxtlar hərbi xidmətçilər arasında ölüm halları daha da çoxalıb. Son yeddi ayda 30-dan artıq ölüm halının  əsas səbəbi gizlədilsə də, gənc əsgərlərin yoluxucu xəstəliklərdən  və işgəncələrdən dünyalarını dəyişdiyi bildirilir. Hüquq müdafiəçiləri müdafiə nazirliyini ölüm faktlarının əsl səbəbini gizlətməkdə günahlandırırlar. Yayılan məlumatlarda qeyd edilir  ki, əsgər ölümünün əsas səbəbi zabitlərin gənc əsgərlərlə amansız davranmasıdır. Hərbi xidmətə yeni gəlmiş erməni gəncləri qanunsuz əmrləri yerinə yetirməyə məcbur edilir, alçaldıcı hərəkətlərdən imtina edənlər isə vəhşicəsinə döyülür, ac-susuz saxlanılır və digər işgəncələrə məruz qalırlar. Buna dözməyən əsgər ya özünü öldürür, ya da zabit tərəfindən qətlə yetirilir.

Əsgər ölümü ilə bağlı artıq işğalçı dövlətin Müdafiə Nazirliyinin qarşısında dəfələrlə etiraz aksiyaları keçirilib. Valideynlərin əksəriyyəti  isə övladlarını  ya hərbi xidmətə göndərmir, ya da müxtəlif yollarla ölkədən çıxarır. Ermənistandan olan ictimai fəal Sarkis Movsisyan ordudakı acınacaqlı vəziyyətlə əlaqədar kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində bildirib ki, gənc əsgərlərin əsas vəzifəsi komandirlərin və yüksək rütbəli hərbçilərin bağ evlərində işləmək, heyvandarlıq fermalarında mal-qaraya, donuzlara qulluq etməkdir. Onun fikrincə, bu gün Ermənistan ordusunda nizam-intizam yoxdur, hərbçilər müharibə adı eşidəndə qorxub qaçırlar. Ötən ilin aprel döyüşlərində Ermənistan ordusunun acınacaqlı məğlubiyyətindən söhbət açan S.Movsisyan deyib ki,  bu məğlubiyyətdən sonra başda prezident Serj Sarkisyan olmaqla,  bütün rejim istefa verməli idi. Serj Sarkisyan isə bir-iki yüksək rütbəli hərbçini tutduğu vəzifədən azad etməklə, xalqı sakitləşdirməyə çalışdı. 

“İrs” və “Birlik” partiyaları da aprel məğlubiyyətindən sonra Serj Sarkisyan hakimiyyətini təcili istefa verməyə çağırmışdı. Bu gün ordudakı acınacaqlı vəziyyəti yenidən gündəmə gətirən partiya fəalları bildiriblər ki, başqa ölkələrə ümid bəsləməklə, ölkəni müdafiə etmək qeyri-mümkündür.  Hər bir ölkənin özünün güclü ordusu olmalıdır. Ermənistanda isə belə bir ordu yoxdur. Serj Sarkisyan iqtidarı xalqı arxayın edir ki, guya Ermənistan ordusu güclüdür. Hazırda hərbi hissələrdəki özbaşınalıq və intizamsızlıq heç də hər şeyin yaxşı olmasını təsdiqləmir. Əhali isə aksiya və yürüşlər keçirtməkdə israrlıdır. Hökumətin yalanları, xalqı aldatmaq üçün cilddən-cildə girməsi, etirazçıları zorakı yollarla susdurması əhalini təngə gətirib.

 Ermənistanın sabiq xarici işlər naziri  Vardan Oskanyan hazırda ölkədə vəziyyətin son dərəcə ağır olduğunu bildirib. Deyib ki, Ermənistanda  hökm sürən ağır  sosial-iqtisadi vəziyyətə, ordudakı acınacaqlı duruma, gənc əsgərlərə işgəncə verilməsi hallarına son qoyulmasa, orduda yoluxucu xəstəliklərin qarşısı alınmasa və mənəvi- psixoloji mühit yaxın vaxtlarda dəyişməsə, mühacirət davam edəcək.

Sabiq nazir yerli əhalinin  Ermənistanı kütləvi surətdə tərk etməsinə də münasibət bildirib.  Deyib ki, onlar ölkənin gələcəyinə, iş tapacaqlarına və ailələrini dolandıra biləcəklərinə ümidlərini birdəfəlik  itirdiklərinə, ədalətsizlikdən bezdiklərinə, diktatura rejiminə, korrupsiya və rüşvətxorluğa dözə bilmədiklərinə görə doğma vətəni tərk edirlər. Hamı gözləyirdi ki, parlament seçkiləri Ermənistan üçün taleyüklü olacaq. Belə ki, ölkə qarşısında dayanan iki problem – iqtisadi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq. Ancaq heç nə dəyişmədi və ümidlər doğrulmadı. Serj Sarkisyan həmişəki kimi, bu dəfə də öz diktatura rejimindən istifadə etdi və cinayətkar əməllərini davam etdirir.

V.Oskanyan Ermənistan iqtidarının səriştəsizliyinə və bu hakimiyyətdən xilas olmağın vacibliyinə işarə vuraraq deyib ki, nə vaxta qədər ki, Sarkisyan rejimi ölkəyə rəhbərlik edir, Ermənistan üçün yaxşı heç nə gözlənilmir: “Çünki bu hakimiyyət ölkəni iqtisadi fəlakətə elə yuvarlayıb ki, bu fəlakətdən qurtulmaq asan olmayacaq. Artıq Dağlıq Qarabağ məsələsində də Ermənistanın manevr imkanları tükənməkdədir”. 

Vardan Oskanyan Azərbaycanın beynəlxalq aləmdə gündən-günə artan nüfuzuna, iqtisadi və hərbi gücünün getdikcə artmasına işarə edərək bildirib ki, bütün bunlar Ermənistanın onsuz da ağır olan vəziyyətini daha da gərginləşdirib. O, çıxış yolu kimi Serj Sarkisyan rejimindən birdəfəlik xilas olmağı təklif edib.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında