Azərbaycan mötəbər beynəlxalq təşkilatların layiqli üzvünə çevrilib

 

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artıb. İndi ölkəmiz çox böyük müsbət beynəlxalq imicə malikdir. Beynəlxalq təşkilatlarla aparılan aktiv işlər öz bəhrəsini verir. Həmin təşkilatlarda Azərbaycanın sözü keçir, onun təsiri artır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Dünyanı maliyyə və iqtisadi böhran bürüdüyü bir dönəmdə Azərbaycan təkmil islahatları və inkişaf modeli ilə beynəlxalq aləmin diqqət mərkəzindədir. Ölkədə mövcud olan davamlı sabitlik, nəzərdə tutulan iri infrastruktur layihələrinin reallaşdırılması respublikamızı dünyada iqtisadi möcüzələr ölkəsi kimi tanıdır. Bu da dünya birliyində dostlarımızın, tərəfdaşlarımızın sayını getdikcə artırır, nüfuzlu beynəlxalq təşkilatlarda ölkəmizin reytinqini yüksəldir. Son illər beynəlxalq birliyin baş verən hadisələrə obyektiv mövqe ifadə etməsi Azərbaycan dövlətinin getdikcə artan nüfuzunun, gücünün, haqlı mövqeyinin, öz mənafelərini lazımi şəkildə müdafiə etmək bacarığının etiraf olunmasından xəbər verir. Biz iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş qanlı faciə zamanı da bunun şahidi olduq.

Dünyanın ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, Avronest, İƏT kimi aparıcı beynəlxalq təşkilatlarının, o cümlədən ABŞ Dövlət Departamentinin bu hadisədən sonra etiraz səslərini qaldırmaları, ATƏT-in Minsk qrupunun ikinci dəfə bəyanat verməsi və Ermənistanın işğalçılıq siyasətini pisləməsi Azərbaycanın beynəlxalq təşkilatların layiqli üzvünə çevrilməsinin və nüfuz qazanmasının bariz nümunəsidir. Bu gün ölkəmizin üzv olduğu beynəlxalq qurumlarla fəal əməkdaşlığı, həmin təşkilatların öz tədbirlərini məhz Azərbaycanda keçirmələri, respublikamızın beynəlxalq terrorizmə qarşı mübarizədə öz hava məkanını açmasında və digər xeyirxah missiyalarda da təsdiqini tapır. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq təşkilatların sayılıb-seçilən üzvlərindəndir.

Ümumiyyətlə, hər bir dövlətin milli maraqlarının və təhlükəsizliyinin qorunmasında, regional münaqişələrin və mübahisələrin dinc yolla nizamlanmasında, ərazi bütövlüyünün təmin olunmasında, beynəlxalq hüquq normalarına söykənən, həmçinin bu normaların təminatçısı rolunu yerinə yetirən mötəbər beynəlxalq təşkilatlarla sıx əlaqə yaratması, həmin qurumların fəal üzvü olması prioritet vəzifələrdən biridir. Dünyada baş verən qloballaşma, demokratikləşmə və beynəlxalq inteqrasiya fonunda öz müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan kimi dövlətin müstəqil xarici siyasət kursunun müəyyən edilməsində beynəlxalq təşkilatlarla əməkdaşlıq və nüfuzlu qurumların üzvü olmaq zəruri məsələlərdən idi. Buna görə də ilk növbədə respublikamızın müstəqil bir dövlət kimi gələcək dünya nizamında yeri, daxili və xarici siyasətinin xarakteri və prioritetləri müəyyən edilməli idi. Belə çətin və mürəkkəb bir zamanda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin və beynəlxalq münasibətlər sistemində təmsilçiliyinin strateji və cari vəzifələri, xarici aləmlə əlaqələrin prioritetləri müəyyən edildi.

Ulu öndər Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasını əsas vəzifələrdən biri hesab edirdi. Bunun əsas səbəbi həmin münasibətlərin əsasını dövlətlərarası qarşılıqlı siyasi və diplomatik əlaqələrin təşkil etməsi idi. Bununla yanaşı, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr qurmaq digər dövlətlərlə çoxşaxəli siyasi, iqtisadi, elmi – mədəni və humanitar əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə, ölkədə baş verən proseslər haqqında beynəlxalq birlikdə obyektiv ictimai rəy formalaşdırılmasına əsaslı təsir göstərmək baxımından böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də dünya birliyinə tamhüquqlu üzv kimi daxil olmağa çalışan, müstəqilliyinin ilk illərindən Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycanın xarici siyasətində beynəlxalq münasibətlər sisteminə inteqrasiya prioritet vəzifələrdən birini təşkil edirdi.

Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində bu əlaqələr getdikcə genişlənmiş və möhkəmləndirilmişdir. BMT, ATƏT, NATO və 55 müsəlman dövlətini öz sıralarında birləşdirən İslam Konfransı Təşkilatı kimi qurumlarla əməkdaşlıq keyfiyyət etibarilə yeni mərhələyə qədəm qoymuşdu. Ümumiyyətlə, müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti yaranmış münaqişənin sülh yolu ilə nizamlanması, bazar iqtisadiyyatı istiqamətində islahatların həyata keçirilməsi və dünyaya inteqrasiya prosesinə sıx cəlb olunmaq üçün beynəlxalq təşkilatların rolundan yararlanmağa böyük üstünlük verib. Bu mənada tədricən BMT, ATƏT, İslam Konfransı Təşkilatı ilə yanaşı, Türk Dövlətləri Birliyi, Müstəqil Dövlətlər Birliyi, Beynəlxalq Valyuta Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Parlamentlərarası İttifaq, NATO və digər nüfuzlu təşkilatlarla qarşılıqlı faydalı əlaqələr yarandı. Azərbaycanın Avropa Şurası, Avropa İttifaqı, NATO, MDB ilə əməkdaşlığı və NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulması xüsusi önəm kəsb edir.

Onu da qeyd edək ki, yuxarıda adıçəkilən beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının daimi nümayəndəlikləri fəaliyyət göstərir. Eyni zamanda, həmin beynəlxalq təşkilatların da Azərbaycanda daimi nümayəndəlikləri mövcuddur. Bu da beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizin Avroatlantika məkanında təhlükəsizliyinin başlıca elementlərindən biri NATO ilə Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan hərbçilərinin NATO-nun başçılığı ilə Kosovodakı sülhməramlı əməliyyatlarda iştirak etməsidir. Hər il xeyli sayda zabitimizin NATO təlimlərində iştirak etməsi ordumuzun təşkilatlarına standartlarına tam keçidi prosesinə öz təsirini göstərən faktordur.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin milli maraqlara söykənən xarici siyasəti əsasında Azərbaycan dövləti regionda və onun hüdudlarından kənarda mehriban qonşuluq, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq mühiti formalaşdırmağa nail olub. Məhz beynəlxalq təşkilatlarla sıx əməkdaşlığın nəticəsidir ki, Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Ermənistanın işğalçılıq siyasəti isə pislənilir. BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsindən sonra bir sıra beynəlxalq təşkilatlar da Ermənistanı təcavüzkar dövlət kimi tanımışlar.

Xatırlatmaq yerinə düşər ki, AŞPA-nın 2005-ci il yanvar sessiyasında qəbul etdiyi rəsmi sənəddə Ermənistan təcavüzkar dövlət kimi tanınmış, Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının yolverilməz olduğu vurğulanmışdır. Təşkilatın 1416 saylı qətnaməsində Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunduğu və separatçı qüvvələrin Dağlıq Qarabağ bölgəsinə nəzarət etdiyi göstərilmiş, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunmuş tələblərin yerinə yetirilməsinin və silahlı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi vurğulanmışdır. Bu tələblər AŞPA-nın 2005-ci ildəki 1690 saylı tövsiyəsində də öz əksini tapmışdır.

ATƏT-in faktaraşdırıcı missiyası nümayəndələrinin 2005-ci ilin martında Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı orada ermənilərin kütləvi şəkildə qanunsuz olaraq məskunlaşdırıldığı təsdiq olunmuş, bu fakt təşkilatın yekun hesabatında əksini tapmışdır. Azərbaycanın haqlı mövqeyi təkcə Avropa Şurasında deyil, BMT, Avropa Birliyi, ATƏT, NATO, İKT, GUAM və digər beynəlxalq təşkilatlarda da dəstəklənmişdir. 2010-cu ilin noyabrın 19-20-də Lissabonda keçirilmiş NATO-nun zirvə görüşünün yekun bəyannaməsində region ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş, münaqişələrin məhz bu prinsiplər nəzərə alınmaqla həllinin vacibliyi vurğulanmışdır.

Avropa Parlamenti tərəfindən qəbul edilmiş “Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı” adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğal altında olması faktı təsdiq edilmişdir. Qətnamədə, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunmuşdur.

Göründüyü kimi, dövlət başçımızın beynəlxalq təşkilatlarla əməkdaşlığı möhkəmləndirməsi istiqamətində atdığı addımlar öz bəhrəsini verir. Ölkə rəhbərinin yürütdüyü prinsipial siyasətin nəticəsi olaraq, regionda sülh, sabitlik və iqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq səviyyəli müzakirələrin son vaxtlar yenidən intensivləşməsi müşahidə olunur. Sonuncu dəfə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburqda keçirdikləri görüşlər də bundan xəbər verir.

Prezident İlham Əliyevin “Biz bölgədə söz sahibiyik və bundan sonra mövqeyimiz daha da möhkəm olacaqdır”, – fikri bir daha təsdiqləyir ki, xalqımız bundan sonra da çoxlu sayda uğurların qazanılmasının şahidi olacaq.

Bu gün artıq Azərbaycan müstəqil dövlət kimi bir sıra nüfuzlu beynəlxalq təşkilatların – Birləşmiş Millətlər Təşkilatı, UNESCO, ­UNİCEF, ATƏT,  Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatların layiqli üzvüdür və həmin təşkilatların tədbirlərində fəal iştirakı ilə diqqəti cəlb edir. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçkilərində də bu nüfuzun şahidi olduq. 155 dövlətin Azərbaycana səs verməsi onun göstəricisidir ki, Azərbaycan dünyanın güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatları, aparıcı siyasi, iqtisadi və humanitar dairələri ilə sıx əlaqələr qurub və onların böyük hörmətini qazanıb. Təbii ki, bu nüfuzun arxasında genişmiqyaslı siyasət dayanır. Bu gün dünyada elə bir mütərəqqi beynəlxalq təşkilat yoxdur ki, Azərbaycan onunla əməkdaşlıq qurmasın, müzakirələrində iştirak etməsin və xüsusən, beynəlxalq konvensiyalara qoşulmasın.

Azərbaycanın BMT və Avropa Şurası kimi nüfuzlu qurumların ali orqanlarına sədrlik etməsi xüsusilə qeyd edilməlidir. Həmin sədrlik müddəti, ilk növbədə, beynəlxalq qurumlarda ölkəmizə olan inamın, göstərilən etimadın miqyası barədə təsəvvür yaradırdısa, sonralar da respublikamızın bu etimadı doğrultmaq gücündə olduğu özünü büruzə verdi.

Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində öz səylərini əsirgəməyən və bununla bağlı davamlı şəkildə fəaliyyət göstərən ölkəmiz BMT Təhlükəsizlik Şurasının sədri qismində beynəlxalq hüququn və ədalətin bərqərar olmasına mühüm töhfələrini vermişdir. Bu müddətdə etibarlı və qətiyyətli tərəfdaş kimi Azərbaycanın Təhlükəsizlik Şurasının və BMT-nin digər üzv dövlətləri, BMT Katibliyi, beynəlxalq təsisatlar və qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq münasibətləri inkişaf etdirilmişdir.

Respublikamız BMT-nin bir çox xüsusi qurum və orqanları ilə də fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması haqqında Müqavilə Təşkilatını və s. qeyd etmək olar.

Azərbaycan üzv olmadığı, amma müvafiq mexanizmlərlə əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarla –Avropa İttifaqı, NATO, Körfəz Əməkdaşlıq Şurası, Ərəb Dövlətləri Liqası, Şanxay Əməkdaşlıq Təşkilatı, Afrika İttifaqı, Amerika Dövlətləri Təşkilatı və digər təsisatlarla da əlaqələrini daim inkişaf etdirməyi prioritet vəzifə olaraq qarşıya qoyub.

Ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş olması, 26 illik müstəqillik tarixində dünyada hörmət qazanması və nüfuzlu beynəlxalq təşkilatların layiqli üzvünə çevrilməsi düşünülmüş strategiyanın məntiqi nəticəsidir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında