Prezident İlham ƏLİYEV: Bu gün Azərbaycan, sözün həqiqi mənasında, tam müstəqil siyasət yürüdən ölkədir

 

 

 

 

 

 

 

 

 

 


Heç vaxt tarixdə Azərbaycan indiki qədər güclü, indiki qədər azad və müstəqil olmamışdır. Biz tarixi yaxşı bilirik, müxtəlif dövrlərdə Azərbaycan ərazisində dövlətlər, müxtəlif ictimai idarəetmə formaları olub. Ancaq bugünkü dövr əsl müstəqillik dövrüdür. Heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir, inamla irəliyə gedirik və perspektivlər də çox açıqdır, aydındır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Artıq dövlət müstəqilliyimizin bərpasının 26-cı ilini yaşayırıq. Ölkəmizin bu dövrdə əldə etdiyi uğurlara diqqət etsək, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinin,  respublikamızın beynəlxalq nüfuzunun artmasının, regionda lider dövlətə çevrilməsinin, iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunmasının, ordu quruculuğu prosesində əsaslı dönüşün yaradılmasının şahidi olarıq.  Bu dövr ərzində Azərbaycanın həm daxili, həm də xarici siyasət sahəsində qazandığı nailiyyətlər beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. Xalqımız üçün daha yaddaqalan hadisə 25 illik işğaldan sonra məcburi köçkünlərin ata-baba torpaqlarına qayıdışının əsasının qoyulması olmuşdur.

Söz yox ki, son 15 ildə Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya edən ölkələrdən biri olmuşdur. Bu müdddət ərzində beynəlxalq aləmdə söz sahibinə çevrilmişik, nüfuzlu beynəlxalq qurumlara rəhbərlik etmişik, hətta  kosmosa rabitə peyki buraxmağa nail olmuşuq. Bütün bunlar təkcə yerli  deyil, beynəlxalq ekspertlər tətəfindən də qiymətləndirilir. Ancaq işğal altında  olan ərazilərimizə qayıdışın başlanması, Ermənistan silahlı qüvvələrinin  Azərbaycan torpaqlarından qovulması, düşmənin darmadağın edilməsi, strateji əhəmiyyətli yüksəkliklərin ordumuzun  nəzarətinə keçməsi, eyni zamanda, 2 min hektar ərazimizin işğalçılardan azad edilməsi, bundan sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə köçün başlanması  həyata keçirilən siyasi strategiyanın ən mühüm göstəricisi olmuşdur.

Söz yox ki, Cocuq Mərcanlı kəndi hələ 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə düşməndən azad edilmişdi. Lakin bir sıra strateji əhəmiyyətli yüksəkliklərə nəzarət işğalçı Ermənistan silahlı qüvvələrinin nəzarətində qaldığından həmin kənddə yaşayış qeyri-mümkün idi. Lakin ötən ilin aprel ayında Azərbaycan Ordusu  dördgünlük müharibədə Ermənistan silahlı qüvvələrinə necə divan tutdusa, düşmən  əsgərləri silah-sursatlarını da atıb canlarını güclə qurtardılar.

İndi Cocuq Mərcanlıda həyat davam edir. Artıq 50 sakin hər cür infrastruktura malik mənzillərdə rahat və təhlükəsiz yaşayır. Kəndə rahat yol çəkilmiş, uşaq bağçası, məktəb, məscid və idman meydançası inşa edilmişdir. Daha 100 mənzilin də tikintisinə başlanılmışdır. Bəli, son 15 ildə həyata keçirilən düşünülmüş siyasi strategiyanın bariz nümunəsi budur. Təbii ki, diplomatik uğurlarımız təkcə bununla bitmir. Bu, yalnız bir faktdır. Bu nailiyyətlər heç bir ölkənin köməyi olmadan, yalnız öz gücümüz, düzgün müəyyənləşdirilmiş idarəetmənin hesabına olmuşdur. Prezident İlham Əliyev də bütün bunlara öz hesabımıza  nail oduğumuzu diqqətə çatdırmışdır:  “Biz fəxr edirik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, müstəqilliyi hər şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Gözəl ölkə qurmuşuq və bundan da gözəl olacaq”.

Son illər baş verən hadisələr də təsdiqləyir ki,  Azərbaycanın maraqları nəzərə alınmadan bölgədə hər hansı bir  siyasi təşəbbüs icra edilə bilməz. Bunu faktlar da təsdiqləyir. Ermənipərəst qüvvələr nə qədər cəhd etsələr də, Azərbaycanın mövqeyinə zidd niyyətlərini reallaşdıra bilmirlər.  Çünki respublikamız artıq dünyada özünü müstəqil dövlət kimi təsdiq edib. Düşünülmüş diplomatik fəaliyyət  heç vaxt imkan verməz ki, Ermənistan hər hansı bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsinə qoşulsun.  Göründüyü kimi, Azərbaycan bölgədə söz sahibi olan dövlətdir və bundan sonra da  mövqeyini getdikcə möhkəmləndirəcək.

Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, aparılmış etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın ata-baba yurdlarına qaytarılması və ən əsası dövlətimizin suverenliyinin bərpası, ərazi bütövlüyünün təmin olunması dövlət siyasətinin prioritetini təşkil edir. Bununla yanaşı, xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq zamanı qarşıda duran müstəsna əhəmiyyətli əsas məsələ olaraq qalmaqdadır.

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin parlaq nəticəsi ildən-ilə özünü daha geniş şəkildə büruzə verir. Bu gün Azərbaycanın dünyada, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkə kimi tanınması da bu siyasi kursun uğurudur. Hazırda müstəqil Azərbaycan dövləti öz siyasi yolu, dövlətçilik siması, inkişafı ilə  dünya birliyinin maraq dairəsindədir. Ölkə  Prezidentinin milli maraqlara  söykənən  siyasi strategiyası, iqtisadi inkişaf və demokratikləşdirmə, bütün azadlıqların təmin olunması,  o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət milli  müstəqilliyimizin daha da möhkəmləndirilməsini  təmin etmişdir.

Hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə 55 səfirliyi, 5 təmsilçilik ofisi, 18 beynəlxalq təşkilat yanında missiyası və 9 baş konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 53 dövlətin səfirliyi, 3 baş konsulluq, 12 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur. Bütün bunlar milli maraqlarımızın həmin ölkələrdə təmin olunması və ölkəmizin hərtərəfli şəkildə təbliğatı üçün geniş imkanlar yaratmışdır.

Göründüyü kimi, Azərbaycanın dünya birliyində tərəfdaşlarının sayı sürətlə artır.  Bütün bunların fonunda inamla demək olar ki, heç bir problem Azərbaycanda mövcud olan  milli birliyi sarsıtmaq gücündə deyil. Birmənalı  olaraq demək olar ki, Azərbaycan öz müstəqil, balanslı siyasəti, beynəlxalq təşkilatlarda fəal iştirakı ilə seçilir, xarici  əlaqələrini inkişaf etdirir və nüfuzunu getdikcə  artırır.

Ölkə rəhbərinin düşünülmüş siyasi kursu nəticəsində  iqtisadi və sosial sahələrdə də böyük uğurlar əldə olunub. Ölkə iqtisadiyyatı üç dəfədən çox artmış, yoxsulluq səviyyəsi 10 dəfə azalaraq 5 faizə enmişdir. Regionların inkişafına dair dövlət proqramlarının uğurlu icrası bölgələrdə 1 milyon 500 mindən çox iş yerinin açılmasına imkan yaratmış, müasir infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində beynəlxalq standartlara cavab verən sənaye və istehsal müəssisələri yaradılmışdır. Son illər üç mindən çox məktəbin, 600-dən çox tibb ocağının, 40-dan çox Olimpiya  İdman  Kompleksinin  inşa olunması və ya əsaslı təmir edilməsi ən yaddaqalan uğurlarımızdandır.

Son bir neçə il ərzində Ermənistanın işğalçı siyasətinin ifşası və bu siyasətə güclü dəstək verən erməni lobbisinin mənfur və riyakar səylərinə qarşı fəaliyyətimiz  getdikcə güclənir. Artıq beynəlxalq birlik, gec də olsa, Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyir.

Ümumiyyətlə,  ölkə Prezidentinin qarşıya qoyduğu əsas vəzifə, əlbəttə ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir.  Bu, bizim  üçün nəinki xarici siyasətdə, ümumiyyətlə, ölkə qarşısında duran əsas  problemdir. Bu məsələnin uzun illərdir öz həllini tapmamasının əsas səbəbi Ermənistan tərəfinin işğalçılıq siyasətindən hələ də əl çəkməməsi və müxtəlif vasitələrlə mövcud status-kvonu qoruyub saxlamasıdır.  Buna görə də işğalçı Ermənistan dövləti beynəlxalq hüquq normalarını kobud şəkildə  pozur, cəbhəboyu ərazilərdə  kəndlərimizi  ağır artilleriya vasitələrindən atəşə tutur, dinc əhalini vəhşicəsinə qətlə yetirir, evləri  dağıdır və mülki əhaliyə ciddi ziyan vurur.

Söz yox ki, düşmən tərəfi bu təxribatların layiqli cavabını alır.  Ötən ilin aprel döyüşləri də bunu təsdiqlədi. Döyüşlərdən sonra Ermənistan rəhbərliyinin ciddi təşviş keçirməsi, Vyana və Sankt- Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərində də özünü büruzə verdi. Həmin görüşlərin nəticəsi də təsdiqlədi ki,  Azərbaycan  problemin həlli üçün bütün imkanlardan istifadə edə bilər

Beynəlxalq ictimaiyyətin ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə məlumatlandırılması və bu faciələrin xarici ölkələrin qanunverici orqanları tərəfindən də tanınması istiqamətində həyata keçirilən siyasi kurs öz uğurlu nəticələrini göstərməkdədir. Bu il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi qanlı faciədən sonra dünyanın ən aparıcı kütləvi informasiya vasitələrinin bu vandalizmə ciddi reaksiya verməsi, həmçinin dünya dövlətlərinin, habelə  nüfuzlu beynəlxalq təşkilatların etiraz səslərini qaldırmaları Azərbaycan tərəfinin diplomatik uğuru kimi qiymətləndirilməlidir.

Göründüyü kimi,  Azərbaycan dövləti 26 il ərzində böyük inkişaf yolu keçmiş, sosial-iqtisadi, ictimai-siyasi və mənəvi-mədəni sahələrdə  yaddaqalan uğurlar əldə etmişdir. Bu gün, sözün həqiqi mənasında,  yürüdülən tam müstəqil siyasət nəticəsində  əldə olunan nailiyyətlər, həmçinin regional və beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində atılan addımlar,  ölkəmizin multikulturalizmin və tolerant dəyərlərin qorunub saxlanılmasına verdiyi töhfələr dünya birliyində mövqeyimizi möhkəmləndirmiş və  böyük nüfuz qazanmasına səbəb olmuşdur.

Azərbaycan hazırda öz inkişafının postneft dövrü adlanan yeni mərhələsinə qədəm qoyub.  Bununla bağlı ölkədə  ciddi siyasi və iqtisadi islahatların həyata keçirilməsinə start verilib.  Azərbaycanda ictimai-siyasi sabitliyin mövcud olması, ölkə vətəndaşlarının dinc və əmin-amanlıq şəraitində yaşaması, xalqla iqtidar arasındakı sıx vəhdətin olması qarşıya qoyulan vəzifələrə nail olacağımıza zəmin yaradıb. Bütün bunlar Azərbaycanın gələcək inkişaf perspektivlərinə müsbət təsir göstərən mühüm amillərdir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında