Soçi görüşü: Moskva vacib məsələləri Bakı ilə müzakirə edir

Rusiya Prezidenti Soçidə, adətən, olduqca əhəmiyyətli geosiyasi məsələləri müzakirə edir. Azərbaycan Prezidentinin Soçiyə dəvət edilməsi və çox mühüm məsələlərin müzakirə edilməsi bu kontekstdə bir sıra nəticələr çıxarmağa imkan verir. İlham Əliyevi yüksək səviyyədə qarşılayan Rusiya dövlət başçısı regional və qlobal təhlükəsizlik üçün ciddi əhəmiyyəti olan problemləri müzakirə edəcəyini açıq bildirib. Tərəfdaş kimi Azərbaycan Prezidentinin seçilməsi isə təsadüfi deyil. Çünki məhz İlham Əliyev regional əməkdaşlığı inkişaf etdirən bir sıra maraqlı formatların təşəbbüskarıdır. Bundan başqa, Azərbaycan rəhbərliyi enerji, nəqliyyat, ticarət və iqtisadiyyat sahələrini əhatə edən perspektivli beynəlxalq layihələrdə fəal iştirak edir.
        Təbii ki, Vladimir Putini İlham Əliyevlə görüşməyə sövq edən səbəblər içərisində Yaxın Şərqdə son zamanlar cərəyan edən hadisələrin və cəbhə bölgəsində ermənilərin törətdiyi təxribatların da təsiri vardır. Azərbaycan bu dəfə də ermənilərin layiqli cavabını verib və güclü orduya malik olduğunu yenidən təsdiqləyib. Bütün bunlar özlüyündə regional təhlükəsizliyin təmini istiqamətində yeni addımların atılmasını şərtləndirir. Yuxarıda vurğulanan məqamların təhlil edilməsi ehtiyacı aydın hiss edilir.

 

Cənubi Qafqazın lideri: etibarlı tərəfdaş

 

Vladimir Putinin Soçidəki iqamətgahı bir qayda olaraq, istirahət üçün nəzərdə tutulub. Xüsusi hallarda isə çox aktual hesab edilən problemlərin müzakirəsi  təşkil edilir. Təcrübə göstərir ki, Soçidə keçirilən işgüzar müzakirələrin konkret nəticələri olur. Bütün bunların fonunda Rusiya Prezidentinin Azərbaycan lideri ilə Soçidə görüşməsi böyük maraq doğurdu. Xüsusilə Ermənistan siyasi və ekspert dairələrinin narahatlığı dərhal özünü göstərdi.

Erməni KİV-i müxtəlif şərhlər verməyə çalışdı. Hətta bir sıra mətbuat orqanı utanmadan Azərbaycanın Rusiyanın təsiri altında olduğu haqqında cəfəng və əsassız tezislər irəli sürdülər. Əslində, erməniləri başa düşmək olardı. Çünki onlar vəziyyətin ciddiliyini anlayırlar və görüş barədə informasiya almağa çalışırdılar. Reallıqda burada müəmmalı və dolaşıq heç bir məqam yoxdur.

Hər şeydən əvvəl, onu vurğulamaq lazımdır ki, Rusiya Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edir. Bundan heç cür imtina etmək mümkün deyildir. Qlobal miqyasda cərəyan edən geosiyasi və energetik proseslərə diqqət edək. Orada Azərbaycanın təsiri yeni müstəqil dövlət kimi kifayət qədər güclüdür. Avropa dəfələrlə bəyan edib ki, enerji təhlükəsizliyinin təminində Bakının rolu böyükdür. Rəsmi tədbirlərin hər birində yüksək səviyyədə siyasi liderlər bu barədə fikir bildirirlər. Belə mövqenin tam əsası vardır – Azərbaycan rəhbərliyi konkret enerji layihələri ilə dünya miqyasında gedən proseslərə təsir edə bildiyini nümayiş etdirməkdədir.

Sonra, Azərbaycan regional əməkdaşlıq istiqamətində tarixi əhəmiyyətə malik addımlar atır. Rəsmi Bakı perspektivli ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarıdır. Regionun böyük dövlətləri olan İran, Rusiya və Türkiyə ilə müxtəlif sahələrdə – siyasi, iqtisadi, mədəni, energetika, nəqliyyat sahələrində əlaqələr qura bilib.

Nəhayət, Azərbaycan "Yeni İpək yolu", "Bir zolaq, bir yol" layihəsinin aktiv iştirakçısı kimi Cənubi Qafqazda aparıcı mövqedədir. Bu keyfiyyətdə onun qlobal miqyasda əhəmiyyəti dəfələrlə artmaqdadır.

Yuxarıda sadalanan məqamlar işığında Rusiya–Azərbaycan münasibətlərinin region üçün əhəmiyyətini anlamaq çətin deyil. Vladimir Putin təcrübəli dövlət başçısı kimi bunları çox gözəl bilir və nəzərə alır. Təsadüfi deyil ki, erməni tərəfinin etirazlarına baxmayaraq, Moskva bütün sahələrdə Bakı ilə əlaqələri inkişaf etdirir. İqtisadi-ticari, energetika, nəqliyyat, müdafiə, humanitar və digər sferalarda iki ölkə arasındakı əməkdaşlıq beynəlxalq hüquq normaları çərçivəsində uğurla yeni səviyyəyə yüksəlir.

Deyək ki, humanitar sferada iki ölkə arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Elm, təhsil, mədəniyyət, dil kimi mühüm sahələrdə maraqlı layihələr həyata keçirilir. Onu deyək ki, hazırda 15 min azərbaycanlı Rusiya ali məktəblərində təhsil alır. İki ölkənin Elmlər Akademiyaları birgə layihələr həyata keçirir. Rus dilinin Azərbaycanda istifadəsi yüksək səviyyədədir. Nəqliyyat sahəsində isə böyük layihə kimi Şimal-Cənub dəhlizinin yaradılması əhəmiyyətli hadisədir. Bu, böyük bir məkanda səmərəli iqtisadi-ticari əlaqələr qurmağa imkan verəcəkdir.

 

Əməkdaşlığın yeni səviyyəsi: Soçi görüşünün geosiyasi konteksti

 

İndi ekspertləri daha çox maraqlandıran müdafiə sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etməsidir. Rusiya hərbi aspektdə Azərbaycanla geniş əməkdaşlıq layihələri həyata keçirir. Rəsmi məlumatlara görə, 3 milyard ABŞ dolları həcmində imzalanmış hərbi saziş 90 faiz yerinə yetirilib. Rusiya son aylarda da Azərbaycana əvvəlcədən nəzərdə tutulan silah satışını həyata keçirib. Bunlardan başqa, iki ölkə Suriyada terrora qarşı mübarizədə əldə edilən təcrübəni bölüşürlər. Bu da mühüm məqamdır. Çünki erməni terroruna qarşı mübarizədə həmin təcrübədən istifadə etmək olar. Onu nəzərə almaq lazımdır ki, reallıqda İŞİD-lə erməni silahlı qrupları arasında elə bir fərq yoxdur. Görünür, Rusiya dolayı da olsa, bu həqiqəti qəbul edir.

Soçidə Vladimir Putinin İlham Əliyevi yüksək səviyyədə qarşılaması və qarşılıqlı maraq doğuran çox aktual məsələləri müzakirə etmək istədiyini bəyan etməsi yuxarıda vurğulanan məqamların işığında tamamilə təbii görünür. Rusiya dövlət başçısı deyib: "Sizinlə həm bizim ikitərəfli münasibətlərimiz, həm də regionda yaranan vəziyyət barədə danışmaq imkanından məmnunam. Regiondakı vəziyyət sadə deyil. Ümid edirəm ki, bizim bugünkü görüşümüz də bütün mürəkkəb problemlərin həlli yollarını tapmağa imkan yaradacaq və əlbəttə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin necə inkişaf etməsindən də danışacağıq. Bizim böyük həcmdə işlərimiz və gələcək üçün çoxlu birgə planlarımız var. Sizinlə görüşmək və bütün bu istiqamətlər üzrə danışmaq imkanına şadam".

Buradan iki vacib nəticə çıxarmaq olar. Birincisi, Rusiya Azərbaycanla ikitərəfli və regional əməkdaşlıq məsələlərini qlobal geosiyasi kontekstdə müzakirə etməkdə maraqlıdır. Vladimir Putin bu aspektə böyük əhəmiyyət verir. İkincisi, regional miqyasda geosiyasi vəziyyət mürəkkəbləşib və onu Moskva məhz Bakı ilə müzakirə etməyə qərar verib. Çünki Cənubi Qafqazda əsas söz sahibi Azərbaycandır. Bu iki aspektin vəhdəti fonunda Azərbaycan Prezidentinin Soçidə ifadə etdiyi fikirlər son dərəcə maraqlıdır. İlham Əliyev bəyan edib: "Biz mütəmadi olaraq görüşürük. Bu görüşlər çox uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir. Biz münasibətlərimizin səviyyəsindən, yüksək səviyyəsindən məmnunuq. Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Yəni, bizim münasibətlərimiz çoxşaxəlidir, həyatımızın praktiki olaraq bütün sahələrini əhatə edir. Əlbəttə ki, vacib məsələlər – regional, dünya siyasəti, ikitərəfli münasibətlər və bizim regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyac var".

Bu fikirlərdən aydın görünür ki, rəsmi Bakı ikitərəfli münasibətləri regional və qlobal miqyasda təhlükəsizliyin təmin edilməsi kontekstində müzakirə etməyə hazırdır. O cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi zəruridir. Bu bağlılıqda ermənilərin körpə bir uşağı qətlə yetirməsi və Azərbaycan Ordusunun buna cavab olaraq bir neçə işğalçını məhv etməsi diqqətə alınmaqdadır.

Beləliklə, Vladimir Putin İlham Əliyevi Soçiyə çox mühüm məsələləri müzakirə etmək üçün dəvət edib. Bu görüş iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi əlaməti kimi qəbul edilə bilər. Çünki artıq Kreml regional və qlobal səviyyədə aktual olan təhlükəsizlik və əməkdaşlıq məsələlərini, ilk növbədə, Bakı ilə müzakirə edir.

Belə görünür ki, Ermənistan rəhbərliyi üçün çətin bir mərhələ başlayır. Azərbaycanın artan nüfuzu fonunda rəsmi İrəvanın böhtan və şantaj imkanları minimuma enir. Bu isə bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi və regional əməkdaşlıq üçün əhəmiyyətli müsbət nəticələr əldə etmək şansının meydana gəldiyini göstərir. Şübhə yoxdur ki, Azərbaycan və Rusiya bu imkandan maksimum dərəcədə yararlanmağa çalışacaqlar.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında