Ölkəmizdə həyata keçirilən sosial siyasət region ölkələrinin hamısında nümunə kimi göstərilir

 

 

 

 

 

 

 

 

 

 


Sosial siyasət bizim siyasətimizin ayrılmaz hissəsidir. Mən dəfələrlə demişəm ki, biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik və Azərbaycanın uğurları bunun əyani sübutudur. Ancaq bununla bərabər, biz güclü sosial siyasət aparılmadan inkişaf edə bilmərik. Çünki bizim bütün işimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı dayanır və Azərbaycan vətəndaşının rahat, rifah içində yaşaması bizim başlıca borcumuzdur.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Bu gün yerli politoloq və ekspertlərlə yanaşı, beynəlxalq aləmdəki  dostlarımız da “Azərbaycanda həyata keçirilən sosial siyasət region ölkələri üçün nümunə göstərilə bilər”, “Azərbaycan sosial siyasətdə  regionun lider ölkəsinə çevrilib” ifadələrini tez-tez işlədirlər.  Bəs bu ifadələr  özündə nələri əks etdirir?   Əvvəla, ölkəmizdə həm  mükəmməl  sosial siyasət həyata keçirilir, həm də ictimai-siyasi vəziyyət kifayət qədər sabitdir.  Yəni, Avropa qurumlarının dili ilə desək, bütün insan hüquqları yüksək səviyyədə qorunur. Bu  humanist tədbirlər və sabitlik Azərbaycan vətəndaşlarının təhlükəsiz və rahat həyatının, firavanlığının  təmin edilməsinə zəmin yaradır.

Kütləvi informasiya vasitələri yazırlar ki, Azərbaycan Respublikasında həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır – fikri birmənalı şəkildə reallıqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur.

Təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də hamıya məlumdur ki,  Azərbaycanda sosial məsələlərin həlli ilə bağlı  çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı qəbul edilmiş, həmin sənədlərə çoxsaylı əlavələr  olunmuş və icra edilmişdir. Müxtəlif dövlət qurumlarının hesabatlarından götürülmüş bəzi konkret faktlara nəzər salaq.

Məsələn, son 14 ildə işsizlik və yoxsulluq 5 faizə düşmüş, ölkədə minlərlə yeni müəssisə yaradılmış, 1,5 milyondan artıq yeni iş yeri açılmışdır. Başdan-başa tikinti meydançasına çevrilən ölkəmizdə üç mindən çox məktəb, altı yüzdən çox tibb ocağı tikilmiş və ya əsaslı şəkildə təmir edilmişdir. Bölgələrdə inşa edilən 40-dan çox Olimpiya İdman Kompleksi Azərbaycanın idman ölkəsi kimi tanınmasına səbəb olmuşdur.  Şəhər və rayonlarda Heydər Əliyev Mərkəzi,  Gənclər evi, Tarix-diyarşünaslıq muzeyi, digər çoxsaylı sosial və mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmiş, yeni parklar, istirahət mərkəzləri yaradılmışdır.

Həyata keçirilən sosial tədbirlər nəticəsində əhalinin Sovet dövründən qalmış əmanətləri sahibinə qaytarılmış, ölkə əhalisinin bütün kommunal problemləri həll olunmuşdur. 2400 meqavat  istehsal gücü olan 26 elektrik stansiyası tikilmiş, ölkənin enerji təhlükəsizliyi tam təmin edilmişdir. Qazlaşdırma 51 faiz səviyyəsindən 92 faizə qalxmış, ölkə ərazisi, hətta  indiyə qədər qaz verilməyən yaşayış məntəqələri qazlaşdırılmışdır. 11 min kilometrdən çox avtomobil yolu tikilmiş, təkcə magistral və şəhərlərarası yollar deyil, həmçinin kəndlərarası yollar ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulmuşdur.

Gündən-günə inkişaf edən və müasirləşdikcə də daha çox turistlərin gəldiyi paytaxtımıza regionlardan  yeni su xətləri çəkilmiş, paytaxtın fasiləsiz su təminatı 80 faizə çatmışdır. Həmçinin regionlarda modul tipli sutəmizləyici qurğular quraşdırılmış, əhalinin içməli su ilə təminatı yaxşılaşdırılmışdır. Bundan başqa, əhalinin məşğulluğunun artırılması, gəlir mənbələrinin çoxaldılması məqsədilə kənd təsərrüfatının stimullaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.  Bu məqsədlə  böyük meliorativ tədbirlər görülmüş, yüz minlərlə hektar torpaq dövriyyəyə buraxılmışdır. Dörd su anbarı – Taxtakörpü,  Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilərək istifadəyə verilmişdir. Pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük və digər sahələrin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər nəticəsində 400 mindən artıq vətəndaş işlə təmin olunmuşdur.

Bu gün Azərbaycan regionda yeganə ölkədir ki, iqtisadiyyatın 80 faizə qədəri özəl sektorun əlində cəmləşib.  Azərbaycan sahibkarlarına 2 milyard manatdan artıq güzəştli şərtlərlə kreditlər verilmiş, bunun hesabına yeni istehsal sahələri, çoxsaylı iş yerləri yaradılmışdır.  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən ağır fəsadlarından olan qaçqın-köçkün məsələləri daim dövlətin diqqət mərkəzində olmuşdur. Məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə inşa edilmiş, 200 mindən çox məcburi köçkün yeni müasir mənzillərlə təmin edilmiş, ölkədə bütün çadır şəhərcikləri ləğv olunmuşdur.

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş turizmin inkişaf etdirilməsi strategiyasının icrası nəticəsində  məqsədyönlü tədbirlər həyata keçirilmiş, çoxlu sayda 5 ulduzlu otellər də daxil olmaqla, 300-dən çox mehmanxana tikilmişdir. Bölgələrdə 6 hava limanı tikilmiş, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı istifadəyə verilmişdir.

Bundan başqa, Azərbaycanda aparılan islahatlar nəticəsində elə təsisatlar formalaşdırılıb ki, onlar nəinki regionun başqa ölkələrində, hətta, dünyanın heç yerində yoxdur. Məsələn, vətəndaşlara göstərilən xidmətin operativliyini və aşkarlığını təmin etmək üçün yaradılmış “ASAN xidmət”, əhalinin sosial qayğıya ehtiyacı olan zümrələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaradılan “Sosial evlər” layihəsi, həmin layihənin reallaşdırılmasını təmin etmək üçün  “MİDA” – Mənzil İnşaatı üzrə Dövlət Agentliyinin formalaşdırılması, kütləvi informasiya vasitələri təmsilçiləri üçün məxsusi olaraq  “Jurnalist şəhərciyi”nin salınması və digər bu kimi təşəbbüslər günün reallığına çevrilib. İndi artıq beynəlxalq aləmdəki dostlarımız həmin layihələrin öz ölkələrində tətbiq edilməsi məsələsi üzərində işləyirlər.

Dövlət başçımızın dediyi kimi, bizim  iqtisadi göstəricilərimiz də çox yüksəkdir. Son 13 il ərzində ümumi daxili məhsulumuz 3 dəfədən çox artıb. Biz işsizliyin səviyyəsini 5 faizə endirə bilmişik, yoxsulluq 6 faizdən azdır. Xarici borcumuz olduqca aşağı səviyyədədir və ümumi daxili məhsulun 20 faizini təşkil edir. Valyuta ehtiyatlarımız isə xarici borcumuzdan 5 dəfə artıqdır. Yəni, iqtisadi göstəricilərimiz həqiqətən də yüksəkdir və bu fakt beynəlxalq təsisatlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb. Həmin təşkilatın qiymətləndirməsinə əsasən, inkişafda olan ölkələrin inkişaf templərinə görə Azərbaycan siyahıda digər bir ölkə ilə birinci və ikinci yerləri paylaşır.

Prezident İlham Əliyev son tədbirlərdən birində demişdir ki, biz təhsilə böyük sərmayə qoyuruq. Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Son on ildə ölkəmizdə 3 mindən artıq yeni məktəb istifadəyə verilib. Prezidentin fikrincə, təhsilə qoyulan sərmayə gələcəyə yatırılan sərmayədir. Eyni zamanda, bu, sabitliyə qoyulan sərmayədir. Çünki radikalizmin, ekstremizmin və fundamentalizmin kökündə savadsızlıq dayanır. Gənc nəslin “beyini yuyulur” və gənclər dəhşətli terror aktlarının törədilməsinə sövq edilir. Savadsızlıq, yoxsulluq, sosial qeyri-bərabərlik və ədalətsizlik radikalizmin əsas mənbəyidir.

Bütün bunlar Heydər Əliyev siyasi kursunun uğurla icra edilməsinin nəticəsidir.  Ulu öndər bir əsrdə ikinci dəfə əldə etdiyimiz dövlət müstəqilliyimizin növbəti dəfə əldən getməməsi üçün Yeni Azərbaycan Partiyasını yaratmış  və onu cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevirmişdi. O, xaos və anarxiya girdabına salınmış, vətəndaş müharibəsinə sürüklənmiş, bir tərəfdən erməni işğalçılarının , digər tərəfdən daxili separatçıların əlində   parçalanmaqda olan, iqtisadiyyatı tamamilə çökdürülmüş, əhalisi yavan çörəyə möhtac qalmış respublikanın taleyinə acıyan ziyalıların  israrlı çağırış və tələbləri ilə siyasi hakimiyyətə qayıdanda çiynini nə qədər ağır bir yükün altına verdiyini çox yaxşı bilirdi. Ancaq ürəyi daim öz xalqının yanında olan lider bu çağırışlara “yox!” deyə bilməzdi.  Nə yaxşı ki, “yox!” demədi və həmin müsbət cavabın nəticəsində müstəqil dövlətimizin suverenliyi  əbədiləşdirildi və xalqımız ağ günə çıxdı.

Gənc müstəqil dövlətimizin keçdiyi yolun  xüsusi mərhələlərini xarakterizə edən politoloqlar yazırlar ki, Prezident İlham Əliyevin  respublikamıza rəhbərlik etdiyi dövrün  ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bizimlə eyni dövrdə müstəqillik əldə etmiş dövlətlərin əksəriyyətindən fərqli olaraq  Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir. Təksə siyasətdə və diplomatiyada deyil, eləcə də idarəetmədə modernləşmə xəttinin lideri olan Prezident İlham Əliyev hesab edir ki, bu yol ölkəmizi bilik və informasiya cəmiyyətinə gətirib çıxaracaqdır.

Dövlət başçısı seçildiyi ilk illərdə neft sektorundan əldə edilmiş kapitalın insan kapitalına çevrilməsini qarşıya məqsəd qoyan İlham Əliyev bu istiqamətdə mühüm göstəricilərə imza atılmasına nail olub. Onun  imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri vəzifələr müəyyənləşdirilmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiqlənməsində məqsəd də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir.  İcrasına çoxdan start verilmiş inkişaf  konsepsiyası rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılmasını, sənayeləşmə siyasətinin sürətləndirilməsini, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılmasını, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsini, intensiv metodların tətbiqinin daha da genişləndirilməsini və digər tədbirləri nəzərdə tutur.

Dövlətin sosial siyasətinin miqyası barədə qələmə aldığımız qeydləri Prezident İlham Əliyevin Nazirlər Kabinetinin sonuncu iclasında söylədiyi yekun nitqindən seçdiyimiz sitatla tamamlamaq istəyirik. Çünki həmin sitatda söz açılan məsələ də tezliklə Azərbaycan nümunəsi kimi beynəlxalq aləmdəki dostlarımızın diqqətini çəkəcək: “Qeyd etmək istədiyim sonuncu məsələ də yenilikdir, yeni təşəbbüsdür. Bunun da çox böyük perspektivi və artıq yaxşı nəticələri var. Bu, özünüməşğulluq proqramıdır. Biz bu yaxınlarda bu proqrama start verdik. İlkin vəsaiti mən Prezidentin ehtiyat fondundan ayırdım. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi treninqlər keçiribdir, ailələr müəyyən edilibdir. Artıq bir çox ailələrə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir və tövsiyələr verilir ki, onlar öz ailə biznesini necə qursunlar və onların ünvanlı dövlət sosial yardımına ehtiyacı qalmasın, özləri üçün yaxşı şərait yaratsınlar. Bu istiqamətdə qanunvericilikdə də müvafiq dəyişikliklər edildi. Bu dəyişikliklər nəticəsində gələn ildən başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öz vəsaiti yaradılacaq və biz o vəsaitlə minlərlə ailəni özünüməşğulluq proqramı ilə əhatə edə bilərik. Mən hesab edirəm ki, birinci mərhələdə hər il 5-10 min ailə dövlətdən bu dəstəyi almalıdır. Əgər nazirliyin buna vəsaiti çatmasa, müraciət etsinlər, mən əlavə vəsait ayıraram. Beləliklə, əgər biz hər il 5-10 min ailəni əhatə etsək, 5-6 faiz səviyyəsində olan işsizlik də aradan götürüləcək və ünvanlı yardıma da ehtiyac qalmayacaq”.

Bax budur, sosial siyasətin yeni  istiqamətlərinin axtarılması və tapılması.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında