Prezident İlham ƏLİYEV: Milli dəyərlər bizim üçün həmişə ən prioritet məsələ olmalıdır

 

 

 

 

 

 

 

 

 

 


Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz… Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir.

Heydər ƏLİYEV
Ümummilli lider


Milli-mənəvi dəyərlər hər bir xalqın mövcudluğunun əsas göstəricisi, millətləri dünyada tanıdan, onu digər xalqlardan fərqləndirən ən qiymətli sərvətdir. Milli adət və ənənələr, bunların əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi –  mədəni siması ilə yanaşı, onun  tarixinin, dilinin, adət-ənənələrinin, mentalitetinin, mədəniyyətinin və  incəsənətinin güzgüsüdür. Bu sərvəti qoruyub gələcək nəsillərə çatdırmaq xalqın keçmişini, varlığını qorumaqdır.

Qədim dövlətçilik tarixinə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini, milli dəyərlərini, adət-ənənələrini qoruyub saxlaya bilmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq, milli – mənəvi dəyərlərimizin, adət – ənənələrimizin qorunub saxlanılmasını prioritet vəzifə kimi qarşıya qoymuşdur. Müdrik şəxsiyyət hər zaman, xüsusilə sərt sovet rejimində milli –  mənəvi dəyərlərimizə yüksək qayğı və diqqət göstərmiş, milli bayramlarımızın yüksək səviyyədə keçirilməsinə nail olmuşdur. Ulu öndərin xalqına, millətinə və Vətəninə hədsiz məhəbbəti nəticəsində Azərbaycan özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi, özünəməxsus adət və ənənələri, yüksək mənəviyyatı ilə bəşər sivilizasiyasına daim əvəzsiz töhfələr vermişdir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndərin rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunması və inkişafı istiqamətində daha qətiyyətli addımlar atılmış, milli bayramımız olan Novruz el şənlikləri hər il daha geniş formada, təmtəraqlı şəkildə  qeyd edilməyə başlanılmışdır. Ulu öndər Heydər Əliyev deyirdi ki,  Novruz bizim ən qədim milli bayramımızdır: “O, xalq bayramıdır. Xalqımız çoxəsrlik tarixində böyük sınaqlardan keçib. Tariximizin ağır, çətin dövrləri olubdur. İnsanlar ağır günlər, çətin illər yaşayıblar. Ancaq bunlara baxmayaraq, Novruz bayramını heç kəs, heç vaxt unutmayıb. Əksinə, Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş, nikbin əhval-ruhiyyə yaradıbdır. Ona görə də bu bayram hər bir azərbaycanlı üçün əziz bayramdır”.

Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Sovet imperiyası dövründə üzərinə “dini bayram” damğası vurulub qeyd olunmasına sərt qadağa qoyulan bu əziz bayramın uzun illərin fasiləsindən sonra 1969-cu ildən respublikamızda təntənə ilə qeyd edilməsinə başlanılmışdır. Bu, ulu öndər Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə,  milli adət-ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürü idi.

Heydər Əliyev çıxışlarının birində bu bayram barəsində demişdir: “Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır... Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”.

Ulu öndərin  siyasi kursunu layiqincə davam etdirən
Prezident İlham Əliyev milli –mənəvi dəyərlərimizin, adət – ənənələrimizin qorunub saxlanılmasını, azərbaycançılığın, milliliyimizin inkişafını da prioritet vəzifə kimi qarşıya qoymuşdur.

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq neçə ildir ki, UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. BMT-nin Baş Məclisi isə martın 21-ni Beynəlxalq Novruz Günü elan etmişdir.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin daha sürətli və davamlı inkişafının, beynəlxalq aləmə inteqrasiyasının əsası qoyulmuş, ictimai-siyasi sabitlik möhkəmləndirilmiş, adət – ənənələrimiz daha geniş şəkildə təbliğ olunmuş və respublikamız regionun aparıcı dövlətinə çevrilmişdir. Bütün bu uğurları hər birimiz öz gündəlik həyatımızda açıq şəkildə hiss edir, gələcəyə böyük ümid bəsləyirik. Bu illərdə Azərbaycan Prezidenti İlham Əliyev mənəvi irsimizlə bağlı kitabların dərc olunmasından tutmuş yaradıcı şəxslərin fəaliyyətinin qiymətləndirilməsinə qədər müxtəlif sərəncamlar imzalamışdır. Bu, ölkə başçısının ulu öndərin siyasi kursunun layiqli davamçısı kimi, həm də mədəni-mənəvi irsimizə, milli dəyərlərimizə bağlılığından xəbər verir.

Prezident İlham Əliyevin digər  istiqamətlərdə olduğu kimi, dövlət-din sahəsində də həyata keçirdiyi siyasət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin şaxələndirilmiş şəkildə davamıdır. Ölkə rəhbərinin dövlət-din, milli – mənəvi dəyərlərin qorunması siyasətinin əsasını azərbaycançılıq ideologiyası təşkil edir. Milli – mənəvi dəyərlər dedikdə, həm də İslamdan qaynaqlanan, kökü İslama bağlı olan dəyərlər nəzərdə tutulur. İslam bizim üçün təkcə din deyil, eyni zamanda, mədəniyyət, mənəviyyat deməkdir. Azərbaycanı başqa xalqlardan, ölkələrdən fərqləndirən cəhətlərindən biri də odur ki, biz din dedikdə bütün dini konfessiyaları nəzərdə tuturuq.

Hazırda Azərbaycan dünyaya multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsində mükəmməl nümunə təqdim edir. Çünki cəmiyyətimizdə müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələri birgə yaşayır və fəaliyyət göstərirlər. Ölkəmizdə mövcud olan yüksək multikultural, tolerant dəyərlər Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır. Prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyada yüksək mədəniyyətə malik tolerant dövlət kimi tanınır.

Xalqımız öz mentaliteti, milli dəyərləri ilə həmişə fərqlənib. Bizdə ağsaqqala, ağbirçəyə, ümumiyyətlə, yaşından asılı olmayaraq, insanlara böyük hörmət və ehtiram var. Vəzifəsindən asılı olmayaraq, hər bir kəs xalqın xidmətçisidr. Dövlətimizin başçısı da dəfələrlə bəyan edib ki, “Məmurlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən xalqın birinci xidmətçisiyəm”.

Dövlətimizin başçısının bu fikirləri hər bir məmur üçün örnək olmalıdır. Kimliyindən asılı olmayaraq, hər bir kəs  milli – mənəvi dəyərlərimizə, mentalitetimizə, adət – ənənələrimizə hörmətlə yanaşmalı, qanunlara ciddi riayət etməli, bunu ailə üzvlərinə, o cümlədən  övladlarına da başa salmalıdır. Təbii ki, qanunlara hörmətsizlik edənlər layiq olduqları cəzanı alırlar.

Dövlətimizin başçısı dəfələrlə iclaslarda bu məsələyə toxunub, övladlarının öhdəsindən gələ bilməyən, övladları mentalitetimizə zidd hərəkətlər edən  məmurlara  sərt xəbərdarlıq edib. Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində də ölkə Prezidenti bu məsələyə yenidən toxunmuş və sərt şəkildə bildirmişdir ki, heç kimə güzəşt edilməyəcək. Öz ailə üzvlərini idarə edə bilməyən dövlət məmuru vəzifədən çıxarılacaq: “Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır”.

Möhtərəm Prezidentimiz demişdir ki, məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar: “Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə, vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın. Öz ailə üzvlərini idarə edə bilməyən dövlət məmuru vəzifədən çıxarılacaq”.

Son vaxtlar  bəzi dövlət məmurlarının və imkanlı şəxslərin övladları  milli mentalitetimizə, adət – ənənəmizə yaraşmayan hərəkətlər edir, bir neçə bahalı maşınını sosial şəbəkələrdə reklam etməklə, əyləncə mərkəzlərində adət-ənənələrimizə zidd olan hərəkətlərini, şəkillərini yaymaqla azərbaycanlı adına ləkə gətirirlər. Onlar bahalı maşınlarla avtoxuliqanlıq edir, restoranlarda, ictimai yerlərdə dava – dalaş salır, ictimai asayişi pozur, günahsız insanları döyür,   maşınla vurub öldürür və hadisə yerindən qaçırlar. Axı, xalqımızda böyüyə hörmət, insanlara qayğı var. Dövlət başçımızın “Biz neft kapitalını insan kapitalına çeviririk”–  kimi müdrik fikri də Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsinə, onların sağlamlığının və hüquqlarının qorunmasına istiqamətlənib.

Biz həmişə fəxr edir və qürur duyuruq ki, uzun illər müstəqillik tarixi olan ökələrlə müqayisədə Azərbaycanda bütün azadlıqlar təmin olunub, insan hüquq və azadlıqlarının müdafiəsi, milli dəyərlərimizin qorunub saxlanılması, dünyada təbliği  istiqamətində, adət–ənənələrimizin  daha da inkişafı istiqamətində qətiyyətli addımlar atılır. Bütün bunlar ölkəmizin  beynəlxalq aləmdəki nüfuzunu daha da artırır. Bunların önündə isə dövlət başçımızın düşünülmüş siyasi kursu, milli dəyərlərimizə, mentalitetimizə, adət – ənənələrimizə, insanların hüquq və azadlıqlarının müdafiəsinə xüsusi önəm verməsi dayanır. Möhtərəm Prezidentimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlər, qəbul etdiyi qərarlar beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.

Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması böyük əhəmiyyət kəsb edir. Çünki milli – mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşdırılmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında