Ermənistan təxribatlara görə məsuliyyət daşıyır

Beynəlxalq ictimaiyyət Ermənistanı durdurmaq üçün öz məsuliyyətini dərk etməli və bəyanatlardan əməli işə keçməlidir

2016-cı ilin aprel hadisələrindən sonra Ermənistan-Azərbaycan təmas xəttində gərgin vəziyyət səngimək bilmir. Aprel avantürasına görə aldığı dərsdən nəticə çıxarmayan rəsmi İrəvan mütəmadi olaraq yeni təxribatlara əl atır. Ötən müddət ərzində beynəlxalq təşkilatların vasitəçilik fəaliyyətinin də lazımi nəticələr verməməsi Ermənistan rəhbərliyinin təmas xəttində ağır silahları işə salmasına şərait yaradır. Rəsmi İrəvanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri, münaqişənin həlli üzrə görüşlər və beynəlxalq ictimaiyyət tərəfindən səsləndirilən substantiv danışıqlara ciddi çağırışlar fonunda atəşkəsi müntəzəm şəkildə və qəsdən pozması bir daha təsdiqləyir ki, işğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil və status-kvonun saxlanılmasını xarici siyasətinin prioritet istiqaməti hesab edir. Lakin rəsmi Bakı bir daha bəyan edir ki, Ermənistanın törətdiyi təxribatlara və Azərbaycana qarşı davam edən işğalın nəticələrinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Son günlər Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində intensiv təxribatlar törədir. Erməni hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə yanaşı, yaşayış məntəqələrindəki dinc əhalini və mülki obyektləri də qəsdən və müntəzəm şəkildə hədəfə alırlar. İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın öldürülməsi, 52 yaşlı Quliyeva Sərvinazın isə ağır yaralanması işğalçı Ermənistanın məkrli siyasətini bir daha bütün dünyaya nümayiş etdirdi. Lakin beynəlxalq qanunlara və dünyanın qınağına arxa  çevirən cinayətkar Serj Sarkisyan rejimi münaqişənin həllinə yönəlmiş beynəlxalq fəaliyyəti sabotaj edərək, təxribatlar həyata keçirməklə məşğuldur. İyulun 25-də Ermənistan silahlı qüvvələri tərəfindən döyüş təyinatlı pilotsuz uçuş aparatından istifadə edilməsi və əldə hazırlanmış yandırıcı-partlayıcı və metal elementlərlə doldurulmuş mərmilərin silahlı qüvvələrimizin mövqelərinə atılması rəsmi İrəvanın münaqişənin həllinə olan iyrənc münasibətinin iç üzünü bir daha nümayiş etdirdi. Son təxribatla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin yaydığı birgə bəyanatda rəsmi İrəvanın təxribatı pislənilir və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır ki, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq, Azərbaycana qarşı apardığı müharibə və qonşu dövlətin ərazilərinin işğalını bu günədək davam etdirməsi nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda, regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.

Ermənistanın kustar üsulla hazırlanmış pilotsuz uçuş aparatından istifadəsini “çirkin niyyətli əməl” adlandıran Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi rəsmi İrəvanın siyasi təhrikçi addımlara yol verdiyini də diqqətə çatdırırlar. Birgə bəyanatda hər iki nazirlik Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin saxta “parlamenti”ndə 19 iyul tarixində beynəlxalq ictimaiyyət tərəfindən rədd edilən “prezident” seçkisinin keçirilməsini Serj Sarkisyan rejiminin məkrli əməllərinə əyani sübut kimi göstərir. Bəyanatda bildirilir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəyi ilə münaqişənin ciddi danışıqlar yolu ilə həlli istiqamətində səyləri artırdığı halda, Ermənistan danışıqlar prosesini pozmaq, işğala əsaslanan status-kvonu saxlamaq və qəsdən vəziyyəti gərginləşdirmək məqsədilə təxribatlara əl atır. Hər iki nazirlik Ermənistanın cəzasız qaldığını görərək yeni hərbi avantüralara əl atmaması üçün rəsmi Yerevanın bu əməllərinin əvvəllər olduğu kimi, üstəlik, daha güclü və ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalı olduğunu beynəlxalq aləmin diqqətinə çatdırır. Bəyanatda xüsusilə qeyd olunur ki, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı müharibə və ərazilərin işğalının bu günədək davam etdirməsi nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda, regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.

Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışlarında hazırda dünya nizamında böyük ədalətsizliklərin olduğunu diqqətə çatdırır. Çünki BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri dərhal yerinə yetirildiyi halda, bəziləri, o cümlədən bölgədə sülhün və sabitliyin inkişafına ciddi təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair qətnamələr illərdir yerinə yetirilmir. Dünya ictimaiyyəti işğal altındakı torpaqların azad edilməsi və bir milyondan çox qaçqın və məcburi köçkünün doğma yurdlarına qayıtmaları üçün güclü və qətiyyətli siyasi iradə nümayiş etdirməlidir. Bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Bu, ayrı-ayrı ölkələrin yox, dünyada ədaləti müdafiə edən azad düşüncəli bütün insanların mövqeyi və tələbidir. Dünyada ədalət olmadan davamlı sülh və sabitliyin bərqərar edilməsi mümkün deyil. Buna görə də, məhz bu baxımdan dünya nizamı ədalət üzərində qurulmalıdır. Etnik, dini, mədəni müxtəliflik, qarşılıqlı hörmət olmadan dünyada sülhü, ədaləti təmin etmək mümkün deyil. Ancaq Ermənistan rəhbərliyi təxribatçı fəaliyyətilə beynəlxalq ictimaiyyətin münaqişənin həllinə yönəlmiş fəaliyyətini sıfıra endirir.

Əlbəttə, Ermənistan Cənubi Qafqaz səhnəsində arxa fon aktorudur. Siyasi iradəsizliyi, başqasının istək və arzularından asılılığı rəsmi İrəvanı geosiyasi dalana dirəyir. Bundan başqa, politoloqlar bildirirlər ki,
müasir Ermənistanın forpost statusu, siyasi sistemi, paralel olaraq dini ideoloji xarakteri və geosiyasi proseslərdə üçüncü ölkələrin maraqları kontekstində mövcudlugu, indiki mərhələdə rəsmi İrəvana geosiyasi mərkəzlərlə qarşılıqlı münasibətlər kontekstində müəyyən “üstünlüklər” verir. Bu isə onu izah edir ki, erməni kartı türk fenomeninə qarşı geosiyasi elementdir. Siyasi şərhçilərin sözlərinə görə, monoetnik Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kontekstində birbaşa olmasa da, dolayı yollarla dəstək alır. Beynəlxalq ictimaiyyətin erməni işğalına səssiz qalması da bu dəstəyi daha da gücləndirir. Bu faktın özü də regionda sabitliyi təhdid altında saxlayır. Aydındır ki, Cənubi Qafqaz regionunda sabitliyi və uzunmüddətli təhlükəsizliyi təmin etmək üçün, ilk növbədə  Dağlıq Qarabağ kimi postsovet münaqişələr həll olunmalıdır. Ümumi regiona təsir etmək baxımından önəmli forpost rolunu oynayan Ermənistanın işğalçılıq siyasətini körükləyən qüvvələrin qarşısını almağa yönəlmiş beynəlxalq fəaliyyət gücləndirilməlidir.

Bu gün Ermənistan regional separatizmi stimullaşdıran dövlət kimi də tanınır. Bu məkrli prosesdə erməni dövlətinin tək olmadığı da bir reallıqdır. Politoloqlar düşünürlər ki, əgər rəsmi İrəvan bundan sonra da proseslərin bu istiqamət üzrə inkişaf etməsində maraqlı olacaqsa, o zaman bütün Qafqazda sabitlik təhlükə altına düşəcəkdir. Buna görə də, erməni separatizminin qarşısını almaq lazımdır. Əks-təqdirdə, Avrasiyanın Qafqaz hissəsindən başlayacaq müharibə alovunun istisini hamı hiss edəcəkdir. Bu gün hamı gözəl anlayır ki, beynəlxalq hüquq prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Münaqişənin həlli məsələsində beynəlxalq strukturların passivliyi, ikili standartlar və Ermənistanın Azərbaycana qarşı 20 ildən çox davam edən təcavüzü, həm regional, həm də beynəlxalq təhlükəsizlik üçün böyük təhdid mənbəyidir. Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin yaydığı bəyanatda da bildirilir ki, münaqişəyə son qoymaq, sülh və əmin-amanlığı təmin etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunları mütləq  çıxarılmalıdır. Ermənistanın təbliğat maşınının yalançı səylərinə baxmayaraq, təkzibolunmaz faktlar onu göstərir ki, məhz Ermənistan və onun silahlı qüvvələri Azərbaycanın ərazilərini işğal etmiş və azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmişdir.

Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan dövlətinin siyasətinin prioriteti olaraq qalacaqdır: “Biz bütün səylərimizi səfərbər etmişik və edəcəyik ki, məsələni tezliklə, ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edək, torpaqlarımızı işğalçılardan boşaldaq və Azərbaycanın ərazi bütövlüyünü bərpa edək. Biz istəyirik ki, bunu sülh yolu ilə edək və diplomatik səylərimizi gücləndiririk”.

Bununla bərabər, hərbi gücümüzü də gücləndirdiyini vurğulayan dövlət başçısı əlavə edir ki, bu gün Azərbaycanda mövcud olan hərbi potensial istənilən anda, istənilən vəzifəni uğurla və qısa müddət ərzində icra etməyə imkan verir. Sadəcə olaraq, Azərbaycan sülhpərvər siyasət yürüdür, regionu yeni təhlükələrə sürükləmək istəmir. Bununla belə, bu variant da heç vaxt istisna olunmamışdır və Azərbaycan Prezidenti bu barədə öz fikirlərini bütün dövrlərdə açıq və səmimi şəkildə bildirmişdir. Ancaq erməni tərəfi son günlər təmas xəttində təxribatlara əl atmaqla regionu ciddi təhlükə qarşısında qoyur.

Hər iki nazirliyin yaydığı bəyanatda da birmənalı şəkildə bildirilir ki, Ermənistanın təxribatlarının qarşısını almaq və qoşunların təmas xətti boyunca Azərbaycanın mülki əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımi tədbirləri görür və bundan sonra da görəcəkdir: “Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribatlara və Azərbaycana qarşı davam edən işğalın nəticələrinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”. Beynəlxalq ictimaiyyət də işğalçını durdurmaq üçün öz məsuliyyətini dərk etməli və bəyanatlardan əməli işə keçməlidir.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında