Azərbaycan – BMT əməkdaşlığını zaman zəruri etmişdir

Dünyanın super güclərinin hamısı  üçün maraqlı olan geosiyasi məkana və zəngin təbii sərvətlərə, xüsusən, karbohidrogen ehtiyatlarına malik Azərbaycanda güclü və müstəqil siyasət yeridə bilən dövlətin qurulması bir çox dairələri ciddi şəkildə narahat edirdi. Ona görə də həmin qüvvələr çalışırdılar ki, 1991-ci ilin oktyabrında bərpa etdiyimiz dövlət müstəqilliyimiz də 1918-ci ildə qurduğumuz demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşasın. Bu istiqamətdə çirkin oyunlara start verilir, məkrli planların icrasına başlanılırdı. Müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlərin  siyasət aləmində naşı olması da antiazərbaycan dairələrin işinə yarayırdı.  Bir sözlə, Azərbaycanın ikinci dəfə nail olduğu dövlət müstəqilliyinin taleyi də ipdən asılı qalmışdı.  Odur ki, Azərbaycanın BMT kimi  əhatəli beynəlxalq təşkilatla əməkdaşlığa çox böyük ehtiyacı var idi.   Həmin əməkdaşlığın əsas məqsədi Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəy formalaşdırılması idi.

 

İcra edilməyən qətnamələr

 

Bu beynəlxalq təşkilatla əməkdaşlığımızın tarixçəsinin ən dəqiq məlumatları ilə Xarici İşlər Nazirliyinin elektron saytında tanış oluruq. Orada yazılır ki, BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq və Ermənistanın açıq-aşkar təcavüzünün genişlənməsi ilə əlaqədar Azərbaycan BMT-nin Baş katibinə, Təhlükəsizlik Şurasının sədrinə müraciət edərək bu təcavüzün dərhal dayandırılmasında, beynəlxalq hüquq normaları və BMT Nizamnaməsinin açıq-aşkar pozulmasının qarşısının alınmasında, münaqişənin dinc, siyasi yolla nizama salınmasında köməklik göstərməyə çağırdı. BMT-nin Baş katibi münaqişə bölgəsində vəziyyəti öyrənmək üçün 1992-ci il martın ortalarında BMT Baş katibinin xüsusi nümayəndəsi, ABŞ-ın keçmiş dövlət katibi Sayrus Vensin başçılıq etdiyi nümayəndə heyətini Bakıya, Dağlıq Qarabağa və Yerevana göndərmiş, səfərin yekunları barədə BMT Təhlükəsizlik Şurasına məlumat vermişdir.

 Çox təəssüf ki, dünyanın  müxtəlif qütblərindəki ikili standart məddahlarının israrı və erməni lobbisinin səyləri nəticəsində   BMT-nin 1992-1993-cü illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar qəbul etdiyi sənədlərin heç biri icra olunmayıb. Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir, işğalçı ölkənin qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin əldə edilməsi və münaqişənin danışıqlar yolu ilə həlli tələb olunur. Amma... bütün bunlar ədalətli və prinsipial şəkildə hazırlanmış sənəd olaraq qalır. İndiyədək kimsə həmin qətnamələrin nə üçün icra edilmədiyi ilə maraqlanmır.

 

 Əməkdaşlığımızın  Heydər Əliyev mərhələsi

 

Ölkədə yaranmış xaos və anarxiyadan cana yığılmış ziyalılar, uçurumun bir addımlığına gətirilmiş dövlət müstəqilliyimizin əldən getməsi təhlükəsini görən sadə vətəndaşlar bu reallıqları nəzərə alaraq,  həmin illər Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən ulu öndər Heydər Əliyevin Bakıya qayıtmasını, xalqı bəlalardan qurtarmasını xahiş etdilər.  Ümummilli lider Bakıya gəldi, qısa müddətdə çoxsaylı ictimai-siyasi proseslər baş verdi və müasir tariximizin 90-cı illər səhifəsinə belə bir cümlə yazıldı: “Azərbaycan Prezidenti Heydər Əliyev BMT Baş katibinin Bakıya gəlməsinə nail oldu”.

Doğrudur, Heydər Əliyevin səyləri nəticəsində  BMT Təhlükəsizlik Şurasının  sədri və BMT-nin  Baş katibi Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş, ATƏT-in Minsk qrupunun münaqişə üzrə səylərini dəstəkləyən bir sıra bəyanatlarla çıxış etmişdilər. Ancaq Azərbaycanın BMT ilə əməkdaşlığının dərinləşməsində BMT-nin Baş katibi Butros Butros Qalinin 1994-cü ilin oktyabrında Bakıya səfəri mühüm rol oynamışdır. Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatı, Ermənistanın təcavüzünün ağır nəticələri ilə yaxından tanış olan B.Butros Qali mövcud problemlərin həllində Azərbaycana dəstək vermək üçün BMT-nin müxtəlif təsisatlarının öz səylərini artıracağını bildirmişdi.

 

Azərbaycanın səsi  BMT tribunasından eşidilir

 

Daxili siyasətdə bir sıra  uğurlara, xüsusən, ictimai – sabitliyin qorunmasına nail olan Heydər Əliyev  Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün də cidd-cəhdlə çalışırdı. Böyük dövlət xadimi bilirdi ki, bu məsələ ilə bağlı xalqımızın səsini dünya ictimaiyyətinə çatdıra biləcək ən yaxşı  vasitə məhz BMT tribunasıdır. Ona görə də,  Heydər Əliyev 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edərək, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmiz ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Məclisinin xüsusi təntənəli iclasında iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycan Respublikasının prinsipial mövqeyini açıqlamış, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırmışdır. 2000-ci ilin sentyabr ayında BMT-də Minilliyin sammitində çıxış edən Prezident Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair ölkəmizin  mövqeyini bir daha bəyan etmişdir.

 

Əməkdaşlığın XXI əsr  mərhələsi

 

Ulu öndərin siyasi kursunu  böyük prinsipiallıq, qətiyyət və yaradıcılıqla davam etdirən  Prezident İlham Əliyev də bütün beynəlxalq təşkilatlarla, xüsusən, BMT ilə əməkdaşlığa böyük önəm verir, ulu öndərin bu qurumun tədbirlərində iştirakı  ənənəsini davam etdirir.  Eynilə ulu öndər kimi – prezident seçiləndən bir il sonra  - BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin  yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdü. Bilavasitə İlham Əliyevin təşəbbüsü ilə, özü də həmin  il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclası və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilmişdir.

Təkcə BMT tədbirlərindəki çıxışlarda deyil, eləcə də, istənilən BMT rəsmisi ilə görüşdə  Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasını yada salan Prezident İlham Əliyev  bu qurumun qəbul etdiyi  sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılmasının, həmin ərazilərdə yanğınların törədilməsinin pislənilməsinə nail olmuş, Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələbinin icrasını gündəliyə gətirmişdir.   Xatırladaq ki, BMT qətnamələrində Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunur, eləcə də öz torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ bir daha təsdiqlənir.

Bu beynəlxalq təşkilatdakı nümayəndəliyimizin yorulmaz fəaliyyətinin nəticəsidir ki, hazırda ölkəmiz “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı bəndi hər il Baş Assambleyanın gündəliyində saxlayır. Həmçinin, “GUAM məkanında davamlı münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı bənd də Baş Assambleyanın gündəliyində qalmaqdadır. Ehtiyac olduğu təqdirdə, həmin bəndlər altında müvafiq qətnamələr istənilən sessiyada səsverməyə çıxarıla bilir.

Onu da vurğulayaq ki, BMT rəhbərliyi ölkəmizin bu qurumla əməkdaşlıq prosesində  üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirməsini  daim yüksək qiymətləndirib. Belə ki, rəsmi Bakı  beynəlxalq ictimaiyyətin fəal üzvü kimi BMT Nizamnaməsində əks olunmuş əsas məqsəd olan beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasına davamlı şəkildə öz töhfələrini verir. Azərbaycan bu məqsədlə BMT orqanlarında sülh və təhlükəsizlik məsələlərinə dair siyasi müzakirələrdə iştirak edir və BMT-nin mandatı ilə həyata keçirilən praktiki fəaliyyətin iştirakçısı olur.

 

BMT-nin seçkili orqanlarında  yerimiz

 

Bu qurumla əməkdaşlığımızın tarixçəsinə nəzər salarkən görürük ki,  Azərbaycan BMT-nin seçkili orqanlarında iştirak etməklə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin yerinə yetirilməsinə öz töhfəsini verir. Ölkəmiz UNİCEF-in İcra Heyətinə, Qadınların vəziyyəti haqqında Komissiyaya, BMT-nin Davamlı İnkişaf üzrə Komissiyaya , BMT-nin İqtisadi və Sosial Şurasına, İnsan Hüquqları Komissiyasına , İnsan Hüquqları Şurasına , Dünya Səhiyyə Təşkilatı İcraedici Şurasına , Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Heyətinə , BMT-nin Təhlükəsizlik Şurasına  və BMT Ümumdünya Turizm Təşkilatının İcra Şurasına  üzv seçilmişdir. Son olaraq, ölkəmiz 2016-cı ilin iyun ayında 2017-2019-cu illər üzrə ECOSOC-un üzvü seçilmişdir.

 

Azərbaycan təklif edir ki...

 

Ölkəmiz  Beynəlxalq Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildikdən qısa müddət sonra Prezident İlham Əliyev bəyan etdi ki, BMT Nizamnaməsində qeyd olunmuş ədalət və beynəlxalq sülhün aliliyi prinsipinin irəli sürülməsi və inkişaf edilməsi Azərbaycanın bu qurumda əsas və birinci dərəcəli hədəfi olacaqdır. Bu xətti əsas tutaraq, üzvlük müddəti ərzində Azərbaycan Təhlükəsizlik Şurasının başlıca vəzifəsi olan beynəlxalq sülh və təhlükəsizliyin qorunması istiqamətində gücünü əsirgəməmişdir. Belə ki, 2012-ci ilin may və 2013-cü ilin oktyabr ayında Azərbaycan Təhlükəsizlik Şurasına sədrlik etmişdir.

Xatırladaq ki, ölkəmizin  2012-ci il may ayında BMT TŞ-na sədrlik etdiyi dövrdə ən mühüm müvəffəqiyyəti mayın 4-də terrorçuluğa qarşı mübarizəyə dair öhdəliyin təmin olunması yolu ilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda yüksək səviyyəli konfransın keçirilməsi idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılıq etdiyi konfransda BMT-nin Baş katibi Pan Ki Mun və Təhlükəsizlik Şurasının digər yüksək səviyyəli nümayəndələri iştirak etmişdilər.  Bundan başqa, Azərbaycan Təhlükəsizlik Şurasına üzv olduğu iki il müddətində  Beynəlxalq Millətlər Təşkilatına üzv dövlətlər, BMT Katibliyi, regional və subregional təşkilatlar, mülki cəmiyyətlər və akademik dairələrlə əməkdaşlığını daha da genişləndirmişdir. 

Azərbaycan-BMT əməkdaşlığı mövzusunda qələmə aldığımız sətirləri  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Məclisinin 59-cu sessiyasında söylədiyi fikirlərlə yekunlaşdırırıq:  “Təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir”.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında