Prezident İlham ƏLİYEV: Biz bu gün dünyada çox böyük hörməti olan ölkə kimi tanınırıq

 

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan heç bir ölkənin işinə heç vaxt qarışmayıb və heç vaxt qoymayıb və qoymayacaq ki, kimsə gəlib bizim işimizə qarışsın, bizə dərs desin və bizə yuxarıdan aşağı baxsın. Azərbaycan ləyaqətli dövlətdir. Öz qürurumuzu qorumuşuq və qoruyacağıq.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra  ölkədə milli dövlətçiliyin qurulması prosesi yalnız  1993-cü ilin ikinci yarısında xalqın israrlı təkidi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra start götürdü. Söz yox ki, bu vaxta qədər Azərbaycan artıq müstəqillik yoluna qədəm qoymuşdu. Lakin ölkədə baş alıb gedən özbaşınalıq və hakimiyyətsizlik müstəqilliyimizi sürətlə uçuruma yaxınlaşdırırdı. Dərin düşüncəyə, zəngin idarəetmə qabiliyyətinə və fenomenal strateji baxışlara malik olan ulu öndər bütün bunlara son qoydu. Bundan sonra tədricən Azərbaycanın müstəqil dövlət kimi dünya birliyinə inteqrasiyası formalaşdırılıdı.

Arxada qalan illərə nəzər yetirdikdə, son 15 ilin ölkəmizin həyatında inkişafın yeni mərhələsi olduğu bir daha özünü açıq şəkildə büruzə verir. Məhz bu dövrdə Azərbaycanı beynəlxalq aləmdə demokratik dövlət, neft-qaz, tolerant və idman ölkəsi kimi daha çox tanınıb. Uğurlu daxili və xarici siyasət sayəsində respublikamız innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları, kosmik əlaqələndirmələr məkanı kimi də nüfuz qazanıb. Azərbaycanın dünya birliyində söz sahibinə çevrilməsi, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və müxtəlif vaxtlarda iki dəfə bu quruma sədrlik etməsi də məhz həmin dövrə təsadüf edir. Bunlardan əlavə, 2016-cı ilin iyun ayında Azərbaycan BMT Baş Məclisində keçirilmiş səsvermədə iştirak edən  dövlətlərin böyük əksəriyyətinin  səsini qazanmaqla, 2017–2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib.

Bütün sahələrdə qazanılan uğurlar, respublikamızın dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərinin keçirildiyi məkana çevrilməsi, ölkədə ictimai-siyasi sabitliyin davamlılığının qorunub saxlanılması və “Prezident-Xalq” vəhdəti Azərbaycanın dünya birliyindəki mövqelərini getdikcə möhkəmləndirmişdir. Düzgün müəyyənləşdirilmiş strategiyanın nəticəsi olaraq, bu gün Azərbaycan dünyada çox böyük hörməti olan ölkə kimi tanınır.

Dünyadakı reytinqimizin artmasını təsdiqləyən faktlar çoxdur. ABŞ kimi qüdrətli bir dövlətin başçısının iki ay ərzində Azərbaycan Prezidentinə 3 təbrik məktubu ünvanlaması, bu ölkənin siyasi ekspertlərinin artıq Ermənistanı işğalçı dövlət adlandırmaları, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını etiraf etmələri buna misal ola bilər.  Onların “Ermənistan Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağ bölgəsindən və yeddi ətraf rayonundan işğalçı ordusunu çıxarmalı və beynəlxalq hüququn prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməlidir. Yerevan mövcud status-kvonu saxlamaqdan əl çəkməli və Bakı ilə danışıqlara başlamalıdır” demələri respublikamızın dünya birliyində artan reytinqindən xəbər verir. Üstəlik,  bu yaxınlarda  ABŞ-ın nüfuzlu mətbu orqanlarından  olan “The Washington Times” qəzetində  dərc olunmuş “Azərbaycan Amerikanın etibarlı tərəfdaşıdır” sərlövhəli məqalədə də dünyanın fövqəldövlətinin ölkəmizlə əməkdaşlığa böyük önəm verdiyi faktlarla əsaslandırılmışdır.

Həmin məqalədən bir neçə cümləni diqqətə çatdırmaq istərdik: “ABŞ Prezidenti Donald Tramp Pensilvaniya küçəsi, 1600 ünvanında yerləşən ofisindən Azərbaycanı görə bilməz. Lakin o, ABŞ-dan kilometrlərlə uzaqda yerləşən, tərifəlayiq müttəfiq olan Azərbaycanı qiymətləndirməli və dəstəkləməlidir. Donald Tramp İlham Əliyevi Ağ evə dəvət etməklə, Azərbaycana  yüksək qiymət verdiyini göstərə bilər. Bununla, dövlət başçıları Vaşinqtonun Yaxın Şərqlə sərhəddə yerləşən ən etibarlı mütəffiqi  Azərbaycanla əlaqələrində yeni səhifə aça bilər”.

Son illər dünyada baş alıb gedən qarşıdurmalar, miqrant axını, neftin kəskin ucuzlaşması Azərbaycanın beynəlxalq təşkilatlarla, ayrı-ayrı dövlətlərlə münasibətlərinin bərabərhüquqlu şəkildə qurmasına ciddi təsir göstərməyib. Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin əsas mahiyyəti Azərbaycan xalqının maraqları üzərində köklənib. Məhz bu baxımdan həm ABŞ, həm də Fransa prezidentlərinin dövlətimizin başçısına ünvanladıqları məktublar da hər iki ölkə ilə münasibətlərin yeni mərhələsi kimi qiymətləndirilməlidir. ABŞ Prezidentinin qeyd etdiyi kimi, Azərbaycan həmişə ABŞ-ın siyasətində dost ölkə kimi xüsusi rol oynayıb, antiterror əməliyyatlarında fəal iştirak edib, Əfqanıstanda sülhyaratma missiyası ilə əlaqədar yüklərin daşınması üçün hava məkanını ABŞ-a açıq elan edib. Hərbçilərimizin  İraqda və Kosovoda amerikalılarla sülhyaratma missiyasında iştirakı yüksək dəyərləndirilir.

Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Bu, ABŞ Prezidentinin də diqqətindən yayınmayıb.  Fövqəldövlətin başçısının respublikamızın rəhbərinə ünvanladığı məktubda da Azərbaycanın bölgədə enerji təhlükəsizliyində oynadığı rol yüksək qiymətləndirilmişdir.

Bu gün Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında, respublikamızın ərazi bütövlüyünün dəstəklənməsində və işğalçı dövlətin öz qoşunlarını zəbt etdikləri  ərazilərdən geri çəkmək məsələsində artıq zaman bizim xeyrimizə işləyir. Əvvəlki illərlə müqayisədə son vaxtlar həm beynəlxalq təşkilatlar, həm də dünyanın əksər dövlətləri indi Azərbaycanın haqq  işini müdafiə edirlər. Dövlətimizin başçısı bütün çıxışlarında, həmçinin xarici ölkə rəhbərləri ilə görüşlərində də qeyd edib ki, bu istiqamətdə bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik yoxdur: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu gün də belədir, sabah da belə olacaqdır. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ölkələrin ərazi bütövlüyü çərçivəsində, Helsinki
Yekun Aktının qərarlarına uyğun şəkildə öz həllini tapmalıdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim tarixi torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın. Elə mövcud olan erməni dövləti bizim torpağımızda yaradılıbdır. Biz yaxşı bilirik ki, 1918-ci ildə İrəvan Ermənistana hədiyyə kimi verilmişdir. Ona görə torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılması mümkün deyil. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır”.

Biz  iyulun 4-də Ermənistanın növbəti qanlı cinayəti – Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsi, yaşayış məntəqələrinin dağıdılması zamanı da beynəlxalq birliyin haqq-ədalətin müdafiəsinə qalxdığının şahidi olduq. Dünyanın ən tanınmış media orqanları bu təxribatı kəskin pislədi. Nüfuzlı kütləvi informasiya vasitələri , o cümlədən “Associated Press”, “BBC”, “Euronews”, “New York Times”, “Washington Post”, “Le Monde” və digər bu kimi aparıcı media orqanları hadisəni obyektiv işıqlandırmış, işğalçı Ermənistanın dinc əhaliyə qarşı yönəlmiş qanlı cinayətini pisləyən materiallar dərc etmişlər. Halbuki, əvvəllər belə hallarla rastlaşmırdıq. Dünyanın nüfuzlu informasiya mənbələri olan “Reuters”, BBC, “France Press” informasiya agentlikləri, “Nyu-York Times” qəzeti Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqəsini atəşə tutması nəticəsində uşaq və qadının öldürülməsi,  kəndlərin  dağıdılması faktını işıqlandırması ölkəmizin beynəlxalq aləmdə artan reytinqinin nəticəsidir.

Mötəbər beynəlxalq təşkilatlar olan ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, Avronest, o cümlədən ABŞ Dövlət Departamentinin bəyanatlarla çıxış edərək,  münaqişənin uzanmasında, qanlı faciələrin törədilməsində  əsas günahkarın məhz Ermənistanın olduğunu bildirmələri işğalçı ölkəyə ciddi mesajdır. ATƏT-in Minsk qrupunun bu qanlı faciə ilə əlaqədar  yaydığı ikinci bəyanat xüsusilə diqqəti cəlb edir. Çünki  ikinci bəyanatda iyulun 4-də Alxanlıda baş verən hadisələr artıq təxribat kimi qiymətləndirilmişdi. Bu da işğalçı  ölkənin Cenevrə konvensiyalarının, digər beynəlxalq qanunvericilik aktlarının tələblərini və danışıqlar prosesini pozduğunu  aydın şəkildə  büruzə verir.

Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq birlik tərəfindən etiraf olunmasına münasibət bildirərkən deyib ki, artıq Azərbaycanın dünya birliyindəki nüfuzu getdikcə artır: “Biz beynəlxalq arenada öz milli maraqlarımızı bundan sonra da müdafiə edəcəyik. Biz bu gün dünyada çox böyük hörmətə malik olan ölkə kimi tanınırıq. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Ermənistandan başqa heç bir ölkə ilə ikitərəfli formatda bizim problemimiz yoxdur. Biz bir çox üçtərəfli əməkdaşlıq formatları irəli sürdük. Bu gün bizim beynəlxalq təşkilatlarla da çox yaxşı münasibətlərimiz var və biz bu təşkilatlarda fəal rol oynayırıq”.

Etiraf edək ki, uzun illər həm dünya təşkilatları, həm də aparıcı media orqanları Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyinə göz yumur və heç bir münasibət  bildirmirdilər.  Hətta,  ATƏT-in Minsk qrupu mövcud olduğu vaxtdan indiyə qədər Ermənistanın cəbhəboyu ərazilərdə təxribatlarına, atəşkəs rejimini pozmasına və dinc əhalini, o cümlədən uşaqları amansızlıqla qətlə yetirməsinə laqeyd münasibət bəsləyirdi. Ancaq Alxanlı hadisəsindən sonra  artıq vəziyət dəyişib. Həmsədrlər faktiki olaraq qeyd ediblər ki, Ermənistan silahlı qüvvələrinin son təxribatı danışıqlar prosesinin və həmsədrlərin səylərinin pozulmasına hesablanıb. Həmsədrlərin Cenevrə konvensiyaları əsasında öhdəliklərə riayət edilməsinə, həmçinin mülki insanların tələfatına yol açan zorakı addımlara yol verilməməsinə dair çağırışları diplomatiyamızın növbəti uğuru kimi dəyərləndirilməlidir.

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin, Avronest Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların da məsələyə biganə qalmayaraq, Ermənistanın yürütdüyü siyasəti pisləmələri ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsinin nəticəsidir.

Belə faktlardan istənilən qədər göstərmək olar.  Dövlətimizin başçısının müəyyənləşdirdiyi milli maraqlara söykənən  uğurlu  xarici siyasət əsasında Azərbaycan regionda və onun hüdudlarından kənarda mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq mühiti formalaşdırmağa nail olub. 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında