Dövlətin mediaya dəstək siyasəti ölkəmizdə azad jurnalistikanın əsaslarını möhkəmləndirir

Bir vaxtlar müsəlman Şərqində bir sıra birinciliklərə imza atmış Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra artıq dünyada yeni ilklərə müəlliflik etməkdədir. Suverenliyimizin timsalı olan dövlət bayrağımıza sevgi-sayğılarımızın əlaməti olaraq onu dünyada ən uca bayraq dirəyi üzərində dalğalandırırıq. Müstəqil dövlətimizin sosial yönümlü iqtisadiyyatı da xarici aləmdə Azərbaycan modeli kimi tanınır. Vətəndaşlara dövlət xidmətinin Azərbaycan brendi olan “ASAN xidmət” də beynəlxalq miqyaslı “ilk”lərdəndir.

Son illərdə ölkəmiz öz Prezidentinin adı ilə bağlı daha bir “ilk”i ilə diqqət mərkəzindədir. Dövlət başçısı İlham Əliyevin sərəncamları ilə mənzil şəraiti ağır olan jurnalistlərə çoxmənzilli binaların tikilib  hədiyyə edilməsi də dünya təcrübəsində analoqu olmayan addım kimi dəyərləndirilir. Özümüzdə və xaricdə bu humanist aksiyanın mahiyyətini bədxahlıqla anlayanlar da tapılır. Belələrinə başa salmaq lazım gəlir ki, Azərbaycan dövləti öz vətəndaşı olan jurnalistlərin ən zəruri sosial ehtiyacını ödəməklə konstitusiya müddəaları ilə üzərinə götürdüyü daha bir vəzifəni yerinə yetirir.

Həqiqət budur ki, nə dövlət, nə də onun başçısı yaradıcı adamlara mənzil verməklə onların boynuna hansısa tələb qoymur. Bu davamlı aksiya yalnız ölkənin demokratik sisteminin çox gərəkli təsisatı olan kütləvi informasiya vasitələri işçilərinin həyat şəraitini yaxşılaşdırmağa xidmət edir. Demokratiya anlayışını başqalarına təzyiq alətinə çevirənlər və belələrinin təsirinə düşənlər bilsinlər ki, jurnalistin yaşamaq haqqını təmin etmək, onun yazıb-yaratması üçün əlverişli şərait yaratmaq məhz dəm vurduqları “azad söz”ün dayaqlarını möhkəmləndirməyə yönəlik bir siyasətdir.

Müstəqilliyini bərpa etdikdən sonra demokratiya yolunda kövrək və inamlı addımlarını atan bir ölkədə belə bir siyasətin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Bugünlərdə jurnalistlərin böyük bir dəstəsinin yenidən mənzillə mükafatlandırılması dövlətin medianın inkişafını hərtərəfli dəstəkləməsinin növbəti parlaq göstəricisi oldu. Bu hadisə yaratdığı geniş əks-səda ilə, təbii olaraq,  dövlətin fəal media siyasətinin mahiyyətini və uğurlu addımlarını dövriyyəyə gətirir.

1993-cü ilin yayında xalqın tələbi və dəstəyi ilə hakimiyyətə qayıdıb ölkəni sabitlik, inkişaf yoluna çıxaran ümummilli lider Heydər Əliyev demokratik dövlətdə azad medianın inkişafı üçün zəruri olan əsaslı tədbirləri də vaxtında həyata keçirdi. Qısa müddətdə kütləvi informasiya vasitələrinin demokratik cəmiyyətdə fəaliyyətini təmin edən hüquqi baza yaradıldı. 1998-ci ilin avqustunda Prezident Heydər Əliyevin ölkəmizdə senzuranı ləğv etməsi milli jurnalistika tariximizdə yeni bir dövr açdı.

Sahənin maddi-texniki bazasını yeniləşdirmək, maliyyə-sosial  problemlərini aradan qaldırmaq üçün real təminatlar da işə salındı. Həmişə KİV-in himayədarı olmuş Heydər Əliyevin iradəsi ilə ədəbi-bədii və uşaq nəşrləri dövlət himayəsinə götürüldü, müvafiq tədbirlərlə digər nəşrlərin də bazar şəraitində fəaliyyətinə əlverişli şərait yaradıldı. Qəzetlərin borclarının dondurulması və silinməsi onların dirçəlməsinə kömək etdi.

Dövlətin medianın fəaliyyətini tənzimləməkdən imtina edərək, demokratik mexanizmlərə meydan açması ilə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda Mətbuat Şurasının yaranması ölkəmizdə qəzet-jurnal redaksiyalarının həyatında sivil prinsiplərin bərqərar olmasını təmin etdi. Bizdə yaranmış MŞ keçmiş sovet məkanı üçün model forma kimi qəbul edildi. Bütün bunları dəyərləndirən KİV kollektivləri ulu öndər Heydər Əliyevi “Jurnalistlərin dostu” elan etdilər.

Medianın gücündən bəhrələnməklə böyük əməli nəticələr əldə etməyin nadir örnəyini yaratmış dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev isə çağdaş dünyada KİV-ə dövlət dəstəyinin demokratik nümunəsinə həyat vermiş ölkə rəhbəri kimi tanınmışdır. Onun xoş məramı ilə gerçəkləşdirilən KİV-ə dövlət dəstəyi konsepsiyası və Prezident yanında KİVDF-nin uğurlu fəaliyyəti dünyada böyük maraq doğurur. Azərbaycan jurnalistlərin üzərinə heç bir öhdəlik qoymadan onlara pulsuz mənzil verən dövlət kimi də diqqəti cəlb edir. Jurnalistlər bu təmənnasız xidmətlərə görə Prezident İlham Əliyevi dəfələrlə özlərinin dostu elan etmişlər.

Prezident İlham Əliyevin 14 illik fəaliyyəti, həqiqətən, mediamıza dövlət qayğısının gücləndirilməsi tədbirləri ilə zəngindir. Müxtəlif qrantlar, birdəfəlik dövlət yardımları, jurnalistlərin əməyinin dövlət təltifləri ilə qiymətləndirilməsi, azad sözün nüfuzunun yüksəldilməsi jurnalistikamızın çağdaş tarixinin diqqətəlayiq reallıqlarıdır. Jurnalistikamızın problemləri ardıcıl həllini tapdıqca medianın cəmiyyətdəki rolu da artır.

 Artıq hamının və hər kəsin maneəsiz söz demək hüququ təmin olunmuş, cəmiyyətdə informasiya axınının ahəngdarlığı formalaşmışdır. Bu gün media hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun informasiya təminatçısı rolunu yetərincə yerinə yetirir. Dövlət – media, media – xalq münasibətlərinin optimallaşdırılması daimi diskussiyaların mövzusudur və problemlər ardıcıl olaraq həll edilir.

Azərbaycan jurnalistikası, bütövlükdə, demokratik əsaslar üzərində inkişaf edir. Medianın maliyyə və peşəkarlıq problemləri sürətlə həllini tapır. Müstəqillik illərində yenidən formalaşmış, cəmiyyətdə mövqeyini və nüfuzunu möhkəmləndirmiş azad medianın ən mühüm nailiyyətlərindən biri odur ki,  ölkədə informasiyanın maneəsiz yayılması, obyektiv ictimai rəyin formalaşması təmin edilmiş, hamının öz sözünü demək və yazmaq imkanı gerçəkləşdirilmişdir. Azərbaycanın hərtərəfli yüksəlişi prosesinə KİV-in köməyi getdikcə artmaqdadır.

Bütün bunlar bugünlərdə milli mətbuamızın yaranmasının142-ci ildönümü şənliklərində müstəqil dövlətimizin ölkədə azad, demokratik KİV sisteminin formalaşmasını və inkişafını yüksək səviyyədə təmin etməsinin nəticəsi kimi dəyərləndirildi. Jurnalistlər üçün tikilmiş ikinci binanın iyulun 20-də Prezident İlham Əliyevin iştirakı ilə təntənəli şəkildə media işçilərinin istifadəsinə verilməsi isə Milli Mətbuat və Jurnalistika Gününə ikiqat bayram əhvalı gətirdi. Dövlət başçısının mərasimdəki çıxışında KİV işçilərinin cəmiyyətin hərtərəfli  inkişafına  verdiyi informasiya dəstəyini yüksək qiymətləndirməsi, medianın problemlərinin həllinə dövlət dəstəyinin davamlı olacağını bildirməsi isə jurnalistikamızın vətəndaşlıq mövqeyinin daha da gücləndirilməsi üçün yeni güclü stumul yaradır.

Jurnalistlər üçün tikilən ikinci binanın Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verməsi, dövlət başçısının üçüncü binanın da özülünü qoyması cəmiyyətdə hələ də səngiməyən coşğu, ictimai məmnunluq doğurmuşdur. Mənzil almış jurnalistlərin kütləvi informasiya vasitələrində bir həftədən bəri davam edən minnətdarlıq dolu çıxışları, media qurumlarının bu aksiyaya verdiyi yüksək dəyərin əks-sədası, ayrı-ayrı KİV kollektivlərinin təşəkkür, qədirbilənik, ümid dolu məktubları “Xalq qəzeti”nin poçtunda da mövzu etibarı ilə üstünlük təşkil edir.

Azərbaycan Mətbuat Şurasının ölkənin media ictimaiyyəti adından Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlaması barədə redaksiyamıza da daxil olmuş geniş məlumatda dövlət başçısının KİV işçilərinə daha 255 mənzil hədiyyə etməsi belə dəyərləndirilir:

– Cənab Prezident! 255 jurnalistə və onların ailə üzvlərinə sözlə ifadə edilməyəcək hədsiz sevinc və inanılmaz qürur hissini yaşatdınız. Sıralarında tanınmış mətbuat orqanlarını, jurnalist təşkilatlarını, elektron informasiya resurslarını birləşdirən Azərbaycan Mətbuat Şurası buna görə Sizə bütövlükdə ölkəmizin media ictimaiyyəti adından dərin minnətdarlığını bildirir.

Təşəkkür məktubunda daha sonra bildirilir ki, Prezidentin jurnalistlər üçün inşa edilmiş binanın açılış mərasimindəki proqram xarakterli çıxışı Azərbaycan dövlətinin media siyasətinə bəslənilən inam və əminliyi bir daha artırır:

– Media təmsilçilərimiz Sizi ölkədə mövcud söz və ifadə azadlığının təminatçısı qismində görürlər. Kütləvi informasiya vasitələrimizin vətəndaş cəmiyyəti, demokratik hüquqi dövlət quruculuğundakı missiyasının ətraflı təhlilini verməyiniz, apardığınız müqayisə və paralellər qətiyyətlə onu deməyə əsas verir ki, təməlini ümummilli liderimiz Heydər Əliyevin qoyduğu, Sizin yüksək səriştə və bacarıqla davam etdirdiyiniz media siyasəti qələm sahiblərimizi yeni uğur və müvəffəqiyyətlərə daşıyacaqdır. Uğurlarımız isə bu gün də var. Hazırda Azərbaycan mediası Qafqaz regionunda maddi-texniki təminat, yaradıcılıq dəsti-xətti, operativlik, dəqiqlik, qərəzsizlik və digər keyfiyyətlər baxımından lider mövqeyə malik olmaqla dünyanın regionla bağlı mühüm informasiya mənbəyidir.

Bütün bunlara görə Prezident İlham Əliyevin növbəti dəfə də “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi isə belə mənalandırılır:

– Dövlət başçısının üçüncü dəfə “Jurnalistlərin dostu” mükafatının qalibi adını qazanmasını şərtləndirən ən mühüm cəhət onun, ümumən, 2003-cü ildən indiyədək həyata keçirdiyi fəaliyyətə bəslənilən dərin rəğbətdir. Azərbaycan müstəqil dövlət olaraq dünyada özünə layiqli yer tutub, beynəlxalq aləmdə onunla hesablaşırlar, irəli sürdüyü prinsiplər dünya düzəninin formalaşmasına təsir göstərir, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artım dinamikası heyrətamiz rəqəmlərlə ölçülür, insanlarımız rifah şəraitində, təhlükəsizlik mühitində yaşayırlar. Buna görə də siz təkcə medianın deyil, bütövlükdə Azərbaycan xalqının dostusunuz.

 Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin  sədri, tanınmış media eksperti Azər Həsrət “Dövlət niyə jurnalistə ev verməlidir” sualını  belə cavablandırmışdır:

– Biz dövlətdən istədik. Bu, bizim haqqımız idi. Çünki dövlət bizim dövlətimizdir və vətəndaşına sahib çıxması tam təbii bir haldır. İllər öncə öz aramızda toplantılar keçirib media əhlinin sosial problemlərinin həlli üçün yollar axtarırdıq. Prezident məhz biz jurnalistlərdən gələn bu təklifi bəyəndi, dəstəklədi. Halbuki cənab Prezident bu təşəbbüsü gerçəkləşdirməsəydi, həmin adamlar onu jurnalistlərin səsinə səs verməməkdə ittiham edəcəkdilər. Nə yaxşı ki, bizim belə dövlətimiz, belə dövlət başçımız var.

Biz bu məsələni müzakirə edəndə heç də bugünkü kimi “dövlət niyə jurnalistə ev verməlidir?” deyib yaxasını cıranlar yox idi. İndi isə bəzi şəxslər iddia edir ki, dövlət jurnalistlərə mənzil verməklə onları nəzarət altına almaq istəyir. Doğrudanmı, belədir? Təbii ki, elə deyil. Elə ilk bina təhvil veriləndə də bu fikirləri səsləndirmişdim. Demişdim ki, dövlətimizin öz vətəndaş-jurnalistimizi mənzillə təmin etməsi heç də media əhlini buxovlamayacaq. Əksinə, daha yaxşı işləməsi üçün imkan yaradacaq.

 Azərbaycanın səsini Müstəqil Dövlətlər Birliyinin efir məkanında yayan “MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin yeni binada mənzil almış əməkdaşı Çingiz
Sadıqovun məktubunda oxuyuruq:

– Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan mətbuatının inkişafına, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsi olaraq, ev alan 255 nəfərdən biri də mən oldum. Həyatımda unudulmaz tarix olan həmin sevincli anlarıma görə möhtərəm Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.

Bundan sonra da xalqıma, dövlətimə vicdanla və peşəkarlıqla xidmət edəcəyəm. Belə düşünürəm ki, Prezidentin hədiyyəsi olan, köçüb yaşamaq üçün hər cür şəraiti olan yeni mənzil öz rahatlığı ilə daha məhsuldar çalışmağıma şərait yaradacaq. Ailəmin dincliyi, yaşamaq üçün daimi ünvanımızın olması böyük nemətdir. Bunu bizə dövlətimizin başçısı bəxş etdi. Biz qələm adamları bu dəyərin qarşılığında Prezidentimizin xalqımızın köklü maraqlarının təmin olunmasına yönəlik çoxcəhətli fəaliyyətini dəstəkləməliyik.        

 Nüfuzlu Həsən bəy Zərdabi,  “Qızıl qələm” və Ali “Dan ulduzu” mükafatları laureatı, tanınmış jurnalist-publisist İntiqam Mehdizadənin “Dövlət başçısından mənzil hədiyyəsi almaq nadir səadətdir” adlı  məktubunda isə deyilir:

– Son illərdə nə  özüm, nə də ailə üzvlərim bu  böyüklükdə sevinc yaşamamışdıq.  Bu günlərdə bizə dövlət başçısından mənzil hədiyyəsi almaq kimi nadir səadət nəsib oldu. Başımıza gələn ardıcıl ağrı-acılar ucbatından axır vaxtlar sarsıntılar keçirmiş, üstəlik, evsiz-eşiksiz qalmış, kirayələrdə yaşamaq əzabına düçar olmuşduq. Lakin ailə başçısı olaraq ruh düşkünlüyünə qapılmadım, dövlətimiz, dövlətçiliyimiz istiqamətində ölkə başçımızın dünya miqyasında apardığı ardıcıl, məqsədyönlü  siyasətə sədaqətimi bir an belə səngitmədim. İnandım ki, ölkəmizdə umumi gedişat ümidli və yüksəlişə yönəlik olduğundan bir gün əziyyətlərimin, itkilərimin əvəzi qayıdacaq.

Doğma jurnalistlika missiyamı dayanıb-durmadan yerinə yetirdim. Gücüm müqabilində olanı dedim, yazdım, qaradan, şərdən, böhtandan yan keçdim. Qələmimi yalnız işığa, nura sarı tuşladım. Yurdun ən istedadlı, öndə gedən, adımızı ucaldan elm, sənət xadimlərinə yazılar, oçerklər həsr elədim, onlardan müsahibələr götürdüm. Ömrün, yaşın qüruba enən vədələrində yenə  bu yolda israrlıyam. Mediada çalışan bütün həmkarlarıma da nikbin, dəyanətli, inadcıl, başlıcası isə həqiqətpərəst olmağı arzulayıram. 

  Jurnalistikada çoxillik fəaliyyətinin nəzərə alınmasını böyük razılıqla qarşılayan ahıl həmkarımız daha sonra yazır:

– Təbii ki, mənzilə  ehtiyacı olan çox sayda jurnalisti razı salmq, arzusuna çatdırmaq mümkün olmazdı. Odur ki, onların içərisindən  daha çox ehtiyacı olanlara, xüsusən də ahıl jurnalistlərə, veteranlara üstünlük verildi. Mənzil alanlar siyahısında adlarına rast gəlməyən həmkarlarıma ruhdan düşməməyi, bədxah niyyətlilərin fitnə-fəsadlarına uymamağı tövsiyə edərdim.  Dövlət başçısının milli mətbuatımızın yaranmasının 142- ci ildönümündə media nümayəndələrinə  hədiyyə etdiyi bu əvəzsiz neməti heç zaman unutmayacaq, həmişə minnətdarlıq və borc hissi ilə xatırlayacağam.

Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Tofiq Yüsifovun  “Prezidentin hədiyyəsi yaşlı jurnalistlərə ikinci həyat verdi” başlıqlı məktubu bu sözlərlə başlayır:

– Jurnalistika çətin və əzablı yaradıcılıq sahəsidir. Bu peşənin sirlərinə yiyələnmək, onun təməl prinsiplərinə axıra qədər sadiq qalmaq, təmiz adla yaşayıb-yaratmaq hər söz adamına nəsib olmur. Jurnalist peşəsini ömür yoluna çevirənlər, çətinliklərə baxmayaraq, onun ağır və məsul yükünü sona qədər daşıyanlar xüsusi diqqətə və qayğıya layiqdirlər.

 Bu günlərdə qismətinə ölkə Prezidentinin hədiyyəsi olan yeni mənzillərə sahib olmaq xoşbəxtliyi düşən həmkarlarımın sırasında yaşı 60-ı ötmüş bir jurnalist kimi mən də varam. Dövlətdən pulsuz mənzil alan həmkarlarımızın arasında xeyli sayda veteran və müstəqil jurnalistin olması ölkə rəhbərinin bu məqama xüsusi  diqqət yetirməsindən, onun yaşlı qələm sahiblərinin çoxillik əməyini layiqincə qiymətləndirmək və stimullaşdırmaq məramından qaynaqlanıb. Prezidentin hədiyyəsi yaşlı jurnalistlərə, sanki, ikinci həyat verdi.

43 illik fəaliyyətinə verilən çox böyük dəyər üçün Prezident İlham Əliyevə ailəsi adından öz dərin minnətdarlığını bildirən həmkarımızın məktubu bu sözlərlə bitir: “Jurnalistlərin problemlərinin həllinə həmişə ən yüksək həssaslıq və obyektivliklə yanaşan dövlət başçımıza bu misilsiz aksiyanın uğurla gerçəkləşdirilməsində yardımçı olanlara da ürəkdən təşəkkür edirəm.”

 “Səs” qəzetinin siyasət şöbəsinin müdiri Rövşən Rəsulov da mənzillə mükafatlandırılanlar arasındadır. Onun redaksiyamıza göndərdiyi məktubdan sətirləri də oxucularımıza təqdim  edirik:

– Mənzil alacaq jurnalistlərin adları müəyyən olunduqdan sonra istər telefonlarımız, istərsə də sosial şəbəkələrdəki hesablarımız susmadı – bəli, bu, bizim sevincimizi bölüşən dostlarımızın, həmkarlarımızın, tanışlarımızın səsləri idi. Sadəcə, bu hissi yaşamaq necə də zövq verir insana! Sənin sevincini bölüşən,  ona  şərik olan varsa, bunun özü çox möhtəşəm bir duyğudur. Bu duyğunu  bizə yaşadan da məhz Prezident İlham Əliyevdir!

Prezident jurnalistləri özünün köməkçisi kimi qiymətləndirdi və çox yüksək şəkildə öz dəyərini vermiş oldu. Əbəs yerə deyil ki, dövlət rəhbəri növbəti dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. Bəli, Prezident jurnalistlərin dostu olaraq,  hər zaman onların yanında olub, media işçilərinin sosial problemlərinin həlli, mənzil şəraitinin yaxşılaşdırılması, eyni zamanda fəaliyyətlərini daha müasir informasiya texnologiyaları çərçivəsində aparmaları üçün əvəzsiz töhfələrini verib.

Bu məktub və  açıqlamalardan da göründüyü kimi, Milli Mətbuat Günü ərəfəsində Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlərə 255 mənzilin hədiyyə olunması Azərbaycan mətbuatı tarixinə  sevincli hadisə kimi yazıldı.

Mənzillə təmin olunan tanınmış jurnalistlərdən daha biri  Jalə Mütəllimova da bu məqama diqqət yetirib:

– Milli Mətbuat Günü ərəfəsində   Prezident İlham Əliyev 255 jurnalisti mənzillə mükafatlandırdı. Mənzil bölgüsündə ölkə Prezidentinin mükafatına layiq görülənlər arasında olmağım son dərəcə gözlənilməz sürprizdir. Adımın açıqlanması anında yaşadığım çox səmimi bir hiss vardı. Əsas odur ki, iyirmi dörd illik fəaliyyətimə diqqət yetirildi, dəyərləndirildim. Bu, Azərbaycan dövlətinin mesajıdır: “Sən diqqət mərkəzindəsən!”, “Sən lazımsan!”, “Sənin dediyin sözün önəmi var!”  Bir daha söyləməyi lazım bilirəm: “Çox sağ olun, cənab Prezident!..”

Lakin bəzi həmkarlarımız onlara mənzil ayrılmayıb deyə qınamağa, çamur atmağa, bu nəcib missiyanı nüfuzdan salmağa, bizim mənzil almağımızı gözdən salmağa çalışmaq yolunu tutublar. Əlbəttə, sənətinə, yoluna ehtiram göstərən şəxs belə etməməli və həmkarlarının uğuruna sevinməlidir.

Prezident İlham Əliyevdən mənzil hədiyyəsi alan həm-karlarımızdan daha biri APA holdinqə daxil olan “Apasport”un baş redaktoru İxtiyar Əsgərov yazır:

–1999-cu ildən mətbuatdayam, 10-dək  qəzetdə çalışmışam.  Təxminən, 25 ilə yaxın Bakının az qala bütün rayonlarında kirayədə qalmışam. Ölkə başçısının jurnalistlər üçün tikdirdiyi  ikinci binadan evlə təmin edilən jurnalistlər arasında olmağım mənim və ailəm üçün ikiqat sevincdir.  Xoşbəxtəm ki,  bu sevincdən mənə də pay düşdü. Obyektiv seçim aparıldı, mənim kimi  ehtiyacı olan bir çox həmkarlarımızın arzusu çin oldu. Prezident İlham Əliyevin jurnalistlərlə görüşündə söylədiyi fikirlər, xüsusən  “Jurnalistlər mənim köməkçilərimdir” deməsi onun bizə nə qədər önəm verdiyinin bariz nümunəsidir.

Bütün bu yazılanlardan, deyilənlərdən açıq-aydın  göründüyü kimi, ikinci binadan mənzil almış həmkarlarımız, onların sosial problemlərinin həllində dövlətin dəstəyini zəruri sayan media qurumları söz adamına pulsuz mənzil verilməsini, bu məsələnin ölkə rəhbərinin xüsusi nəzarəti altında gerçəkləşdirilməsini misilsiz bir humanizm nümunəsi kimi dəyərləndirirlər, Prezident İlham Əliyevə bu yüksək məramına görə minnətdarlıqlarını ifadə edirlər.

Tahir AYDINOĞLU,
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında