Prezident İlham ƏLİYEV: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizin bütün sahələr üzrə qazandığı nailiyyətlərdən, diplomatik uğurlardan, həmçinin respublikamızın dünya birliyində reytinqinin yüksəlməsinə səbəb olan amillərdən geniş söhbət açılmışdır. Dövlətimizin başçısı iclasdakı nitqində  bütövlükdə, Azərbaycanın 2017-ci ilin birinci yarısında uğurla inkişaf etdiyini, qarşıda duran bütün vəzifələrin icra olunduğunu, ölkəmizin daha da gücləndiyini və beynəlxalq əlaqələrimizin getdikcə dərinləşdiyini diqqətə çatdırmışdır.

Azərbaycanın 26 illik müstəqillik tarixinə nəzər yetirdikdə, bu müddət ərzində həm daxili, həm də xarici siyasət sahəsində qazanılan uğurların əsasını  düzgün müəyyənləşdirilmiş strategiya, ictimai-siyasi sabitliyin qorunub saxlanılması və iqtidar-xalq vəhdətinin təşkil etdiyi özünü açıq şəkildə büruzə verir. Bu dövrdə respublikamız nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirərək, həmin qurumların fəal üzvünə çevrilmiş, dünya birliyinə sürətlə inteqrasiya olunmuş, xalq tərəfindən dəstəklənən vahid inkişaf kursuna, güclü ordu və müdafiə potensialına, özünü təmin edən iqtisadiyyata, həmçinin milli-vətəndaş birliyinə malik olmuşdur.

Alternativi olmayan Heydər Əliyev siyasi kursunu özünəlayiq şəkildə davam etdirən Prezident İlham Əliyevin məntiqli strategiyası sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, iri infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəyə malik olmuş, dünya birliyində böyük hörmət və nüfuz qazanmışdır. İctimai-siyasi həyatın demokratikləşməsi, vətəndaş cəmiyyəti quruculuğu, siyasi plüralizmin getdikcə dərinləşməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, azad sözün, müstəqil mətbuatın sərbəst fəaliyyətinə yaradılmış əlverişli şərait və digər amillər dövlət siyasətinin əsasını təşkil etmişdir. Bu siyasət son 15 ildə Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşmuş və respublikamızı beynəlxalq birlikdə söz sahibinə çevirmişdir.

Bütün bunlar Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-ideoloji transformasiyasının yeni mərhələsinin təməlini qoymuş və milli inkişafın gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək imkanı yaratmışdır. Azərbaycanın uğurlu xarici siyasəti, inkişaf etmiş dövlətlərlə səmərəli əməkdaşlıq daha da möhkəmlənmiş, dünya siyasətinə təsir gücü olan böyük dövlətlərlə, beynəlxalq və regional qurumlarla tərəfdaşlıq münasibətləri yeni mərhələyə qədəm qoymuşdur.

Azərbaycanın  praqmatik xarici siyasi kursu, həyata keçirdiyi regional və milli təhlükəsizlik strategiyası, Avropa İttifaqı, NATO, ATƏT, MDB, İƏT və digər nüfuzlu beynəlxalq, regional qurumlarla yaratdığı tərəfdaşlıq münasibətləri, Qoşulmama Hərəkatına üzv qəbul olunması, əksər beynəlxalq konvensiyalara qoşulması və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayını artırmışdır. Biz iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin ağır artlilleriyadan atəşə tutulması və bunun nəticəsində iki yaşlı qızın, onun nənəsinin faciəli surətdə həlak olması, bir nəfərin ağır yaralanması və yaşayaış məntəqələrinin dağıdılması kimi vəhşiliyə beynəlxalq birlikdən, həmçinin dünyanın aparıcı kütləvi informasiya vasitələrindən gələn kəskin  etirazların şahidi olduq.  Bu vaxta qədər Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmasına, günahsız insanları, hətta uşağları qətlə yetirməsinə, yaşayış məntəqələrinə ciddi ziyan vurmasına seyrçi münasibət bəsləyən dünya ictimaiyyəti artıq etiraz səsini qaldırdı.

Artıq beynəlxalq birlik etiraf etdi ki, Ermənistanın  respublikamızın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, habelə Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Bütün bunlar barəsində Nazirlər Kabinetinin iclasında ətraflı məlumat verən ölkə Prezidenti bu ilin altı ayında  beynəlxalq əlaqələrimizin daha da genişləndiyini diqqətə çatdırmışdır: “Bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Dostlarımızın sayı artır və beynəlxalq təşkilatlarda da bizim fəaliyyətimiz çox müsbətdir. Mən ilin altı ayında 10 xarici səfər etmişəm - beş Avropa ölkəsinə, beş müsəlman ölkəsinə. Davos və Münxendə keçirilən dünyanın aparıcı iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında Azərbaycan ləyaqətlə təmsil olunmuşdur. Eyni zamanda, mənim Avropa Komissiyasına çox uğurlu səfərim olubdur, Fransaya və Polşaya rəsmi səfərlər etmişəm. Müsəlman ölkələrinə gəldikdə isə, İrana, Qətərə, Pakistana, Səudiyyə Ərəbistanına, Türkiyəyə səfərlər etmişəm. Azərbaycan səfər etdiyim bütün bu ölkələrlə əlaqələrini daha da genişləndirir, möhkəmləndirir. Bu səfərlərimin coğrafiyası əslində bizim xarici siyasətimizin nə qədər düzgün və milli maraqlara xidmət edən siyasət olduğunu bir daha təsdiqləyir. Bununla bərabər, bu ilin birinci yarısında doqquz xarici dövlət və hökumət başçısı Azərbaycana səfər edibdir. Bu da çox gözəl göstəricidir”.

Bu il ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlər də respublikamızın dünya birliyində yüksək nüfuz sahibi olmasından xəbər verir. Təbii ki, nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi hər bir ölkə üçün önəmlidir. Əslində, bu tədbirlər o ölkələrdə keçirilir ki, orada ictimai-siyasi sabitlik davamlı, iqtisadi güc və iqtidar-xalq vəhdəti olsun. Bu, həm də həmin ölkəyə olan münasibəti, hörməti əks etdirir. Azərbaycanda keçirilən mötəbər tədbirlər ən yüksək səviyyəli tədbirlərdir: Bu il Bakıda V Qlobal Forum, IV Mədəniyyətlərarası Dialoq Forumu, IV İslam Həmrəyliyi Oyunları və 24-cü Xəzər neft-qaz sərgi və konfransı keçirilmişdir. Bunların hamısı dünya miqyasında çox dəyərli, səviyyəli bir tədbirdir. Belə tədbirlərin ölkəmizdə keçirilməsi həm  beynəlxalq nüfuzumuzu artırır və eyni zamanda,  dünyada gedən müsbət proseslərə öz töhfəsini verir. Bununla yanaşı, Azərbaycanın dünyadakı rolunu, inkişafını, ölkəmizə beynəlxalq aləmin, aparıcı dövlətlərin hörmətini, rəğbətini göstərir.

Azərbaycanın xarici siyasətinin prioritetini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi təşkil edir. Dövlətimizin başçısı bu məsələyə münasibət bildirərkən təəssüflə qeyd etmişdir ki, bu ilin birinci yarısında bu istiqamətdə – danışıqlar istiqamətində heç bir nəticə əldə edilməmişdir: “Bununla bərabər, hesab edirəm ki, 2017-ci ildə münaqişənin həlli ilə bağlı önəmli hadisələr də baş vermişdir və Azərbaycanın haqlı mövqeyi daha da böyük dəyər qazanmışdır. Mən bir neçə faktı Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. İlk növbədə, bu il qondarma separatçı rejim Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə Dağlıq Qarabağda növbəti qondarma, qanunsuz, dırnaqarası referendum keçirmişdir. Bu “referendum”un keçirilməsi əslində onların böyük səhvidir, daha doğrusu, axmaqlığıdır. Onların bir qədər ağlı olsaydı, heç vaxt buna getməzdilər. Çünki bəri başdan bəlli idi ki, dünya birliyi bu qondarma tədbiri tanımayacaq. Belə də oldu. Minsk qrupu bəyanat verdi, onun həmsədrləri – Amerika, Fransa, Rusiya “referendum”u tanımadılar. Avropa İttifaqı referendumu tanımayıb. Qonşu ölkələr – İran, Gürcüstan “referendum”u tanımayıb. Digər ölkələr də oxşar bəyanatlarla çıxış etdilər. Bu qondarma “referendum”un tanınmaması Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir. Bütün dünya və münaqişənin həlli ilə bilavasitə məşğul olan ölkələr bu münasibətləri ilə bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həqiqətdir, bu, tarixi həqiqətdir və əlbəttə ki, bu həqiqət bir daha qeyd olundu. Bu, Ermənistanın növbəti biabırçılığı idi”.

Hadisələr də təsdiqləyir ki, Ermənistan tərəfi həmişə münaqişənin dinc yolla nizamlanması istiqamətində aparılan səylərdən, xüsusilə danışıqlardan yayınıb. Ötən ilin  aprel hadisələrindən sonra Ermənistan danışıqların bərpa edilməsi üçün bir neçə şərt qoyurdu və bunu açıq şəkildə bəyan edirdi. Bütün bunlara baxmayaraq işğalçı ölkənin rəhbərliyi danışıqlar masasına qayıtmaq məcburiyyətində idilər. Çünki onlar ötən ilin aprelində dördgünlük müharibədə Azərbaycan  Ordusunun gücünü gördülər. Düşmən tərəfi 20 ildən artıq müddətdə işğal altında saxladığı ərazilərimizdə davam gətirə bilmədi və silahlarını atıb canlarını güclə qurtardılar. Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Bu cavab nəticəsində bu gün bizim bayrağımız Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır. İyirmi ildən artıq müddətdə  sakinsiz qalmış Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində artıq həyat davam edir. İşğal altındakı ərazilərimizə böyük qayıdışın başlanğıc nöqtəsi məhz Cocuq Mərcanlı oldu. Respublikamızın rəhbəri Nazirlər Kabinetinin iclasında da bu hadisəni xüsusi vurğulamışdır: “Bu, tarixi hadisədir. Bu, bizim şanlı tariximizə qızıl hərflərlə yazılan hadisədir. Biz işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndini bərpa etdik. Orada 50 ev, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilib, yol çəkilib, bütün infrastruktur yaradılıb. Ailələr oraya qayıdır. Açılışdan sonra mən növbəti sərəncam imzaladım. Növbəti 100 evin, tibb məntəqəsinin və digər lazımi obyektlərin tikintisi üçün də vəsait ayrılmışdır. Əminəm ki, gələcək aylarda Cocuq Mərcanlı kəndi tam bərpa ediləcək və bu kəndə tam həyat qayıdacaqdır”.

Danışıqlardan boyun qaçıran və mövcud status-kvonu saxlamağa çalışan  işğalçı Ermənistan  cəbhəboyu ərazilərdə təxribatlar törədir, dinc əhalini qətlə yetirir, mülki əhaliyə ciddi ziyan vurur. Bununla da erməni vəhşiliyini, qəddarlığını və faşizmini bir daha ortaya qoyur. Azərbaycan Prezidenti bu ayın 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verən növbəti təxribatdan da söhbət açmışdır: “Bu, hərbi cinayətdir. Bu, erməni faşizminin təzahürüdür və bu cinayətə görə Ermənistan öz cavabını almışdır. Bu, misli görünməmiş vəhşilikdir. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi. Bu cinayət cavabsız qalmadı. Azərbaycan ictimaiyyəti də bunu bilir. Baxmayaraq ki, Ermənistan öz itkilərini həmişə gizlətmək istəyir. Amma bütün itkiləri gizlədə bilmir. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Bu zərbələr nəticəsində bir çox işğalçı məhv edildi. Balaca Zəhranın, onun nənəsinin qanı yerdə qalmadı. Həmişə də belə olacaq. Nəyə hesablanmışdır bu cinayət? İlk növbədə, bu, Ermənistan siyasi rəhbərliyinin xislətini göstərir. Xocalı qatilindən, uşaq, qadın qatilindən başqa bir şey gözləmək mümkün deyil. Bu, erməni faşizmidir, bütün dünya da bunu belə qəbul etməlidir”...

Ordumuz artıq beynəlxalq birlikdə də güclü, qüdrətli ordu kimi tanınır. İldən-ilə  Azərbaycanın mövqeləri daha da möhkəmlənir. Artıq işğalçı Ermənistan tərəfi də dərk edir ki, Azərbaycan böyük beynəlxalq dəstəyə malikdir. Alxanlı kəndində törədilmiş hərbi cinayətin dünyada böyük əks-səda doğurması da bunu təsdiqlədi. ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, Avronest, İƏT, həmçinin ABŞ Dövlət Departamenti bəyanatlarla çıxış edərək, əsas günahkarın məhz Ermənistan olduğunu bildirmişlər. Bu, ölkəmizin dünya birliyində artan nüfuzunun göstəricisidir. Eyni zamanda, Ermənistana, onun faşist xislətli siyasi rəhbərliyinə dünyada artan nifrətin bariz nümunəsidir.

Ölkə başçısı  Nazirlər Kabinetinin iclasında iki ölkə arasındakı danışıqlar prosesinə də münasibət bildirmişdir: “O ki qaldı, danışıqların perspektivlərinə, bir daha demək istəyirəm ki, danışıqlar bərpa edilir, bu, müsbət haldır. İndi əsas vəzifə tezliklə məsələni həll etməkdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Əminəm ki, belə də olacaq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq”.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında