Dövlət qayğısı milli mətbuatımızın hərtərəfli inkişafını sürətləndirir

 

 

 

 

 

 

 

 

 

 

 

 


Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir.

Heydər ƏLİYEV
Ümummilli lider

     1997-ci il



Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən də buna müsbət reaksiya verdim və nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik.

İlham ƏLİYEV
 Azərbaycan Respublikasının Prezidenti

     2017-ci il


Gənc müstəqil Azərbaycan dövlətinin  bütün sahələri  kimi kütləvi informasiya vasitələrinin  inkişafı da bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin  mətbuat üzərindən senzuranın götürülməsi haqqında  rəsmi sənəd imzalaması və  siyasi baxımdan həddən artıq mürəkkəb olan illərdə ictimai-siyasi həyatın bütün qütblərini  təmsil edən baş redaktorlarla görüşməsi, onların hər birinə söz verərək, hamısını diqqətlə dinləməsi mətbuat tariximizin yüz illər boyu unudulmayacaq hadisələrindən idi. Həmin tarixi incələyən ekspertlər yazırlar ki, ulu öndər siyasi  fəaliyyətinin bütün dövrlərində,  xüsusən də  ölkəmizə birinci dəfə rəhbərlik etdiyi illərdə mətbuatla sıx təmasda olmağı  fəaliyyətinin başlıca istiqamətlərindən biri kimi qəbul edib.  Bu,  ondan irəli gəlirdi ki, Heydər Əliyev hər zaman çox güclü təbliğat və təşviqat maşını olan mətbuatın insanları səfərbər etmək, onları təşkilatlandırmaq imkanlarını çox gözəl bilirdi.

Heç kəsin yadından çıxmayıb. Ötən əsrin  70-80-ci illərində cəmiyyəti düşündürən, narahat edən bütün problemlər məhz  ölkə rəhbərinin  şəxsi təşəbbüsü ilə bu və ya digər formada mətbuata çıxarılırdı.  Ulu öndər  müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu illərdə də mətbuatımızın inkişafı naminə çox böyük işlər görüb. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, həm yazılı, həm də elektron medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist kadrlarının sosial müdafiəsinin gücləndirilməsi, mətbuatın lisenziyasızlaşdırılmasının və senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, bir sıra mətbuat orqanlarının dövlətə olan borclarının ləğvi, ayrı-ayrı qəzet və jurnalların çapının dövlət hesabına maliyyələşdirilməsi, bu və ya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə media mənsubunun cinayət məsuliyyətindən azad olunması -- bütün bunlar ulu öndərin Azərbaycan mətbuatına qayğı və diqqətinin bariz nümunəsidir.

Heydər Əliyevin 1998-ci ildə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman mətbuatın azad fəaliyyət göstərməsi istiqamətində mühüm addım olub. Yuxarıda qeyd etdiyimiz kimi,  həmin  fərmanla mətbuata nəzarət edən baş idarə ləğv olunmuşdu. Həmçinin, həmin sənəddə ölkəmizdə fəaliyyət göstərən aparıcı mətbu orqanların maddi-texniki imkanlarının gücləndirilməsi və sair kimi məsələlər də öz əksini tapırdı. Eləcə də, Heydər Əliyevin milli mətbuatımızın inkişafına xidmət edən addımları sırasında 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında” Qanunu təsdiqləməsi xüsusi əhəmiyyət kəsb edirdi.  "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı” təsdiq olunub. Vətəndaş müraciətlərinə baxılması, informasiyaların mühafizəsi, informasiya azadlığı, radio-televiziya yayımları, İTV və radio haqqında müxtəlif qərar və qanunlar qəbul etməklə KİV-lərin fəaliyyətinin genişləndirilməsi təmin edilib.

Həmin siyasi kursu və jurnalistlərin dostu olmaq ənənəsini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə   kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün zəruri imkanlar yaradılıb. Dövlət başçısı milli mətbuatın qabaqcıl ölkələrin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda, xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini  arzulayıb və buna nail olub. Prezident özü həmin prosesi bu şəkildə xarakterizə edib:  “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda, o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur”.

Bəzi konkret faktlara nəzər salaq. 2003-cü ilin martında ölkə jurnalistlərinin birinci qurultayında demokratik səsvermə yolu ilə Mətbuat Şurası təsis edilmiş, onun  üzvləri və sədri seçilmişdir. Həmin qurum  ötən illərdəki uğurlu fəaliyyəti ilə cəmiyyətdə qəbul olunan, sayılıb-seçilən, eyni zamanda,  mətbuat-məmur, mətbuat-vətəndaş mübahisələrinin məhkəməyəqədərki həllində böyük nailiyyətlər qazanan nüfuzlu təşkilata çevrilmişdir. Dövlət başçısı İlham Əliyevin 2005-ci il 21 iyul tarixində “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, habelə “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalaması jurnalistlərin əməyinə yüksək qiymət verildiyini bir daha göstərmişdir.

Geridə qalan illərdə bu istiqamətdə daha hansı addımlar atılıb? Ölkə rəhbəri 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları ilə təsdiqləmişdir ki, Azərbaycanda mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” sərəncamı da məhz kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ancaq mətbuat təmsilçilərinin fikrincə,  bu istiqamətdə həyata keçirilən ən uğurlu addım 2010-cu ildə atılmışdır. Çünki həmin addım indiyədək heç bir ölkənin mətbuatı üçün atılmamışdı.  Həmin il Mətbuat Şurasının yeni ofisinin istifadəyə verilməsi, milli mətbuatın 135 illik yubileyinin keçirilməsi, 40-dək qəzetə və kütləvi informasiya vasitəsinə birdəfəlik maliyyə yardımlarının edilməsi, mətbuatın inkişafında rolu olan jurnalistlərin mükafatlandırılması kimi tarixi qərarlardan əlavə  jurnalistlərin  mənzil probleminin həlli üçün Prezidentin ehtiyat fondundan 5 milyon manat vəsait ayrılmışdı.

Bundan sonra tikilən 17 mərtəbəli, iki bloklu, 156 mənzilli  yaşayış binası 2013-cü il iyulun 22-də  jurnalistlərin istifadəsinə verilmişdi.  Bu günlərdə   həmin ərazidə jurnalistlərin ikinci binası da istifadəyə verilib və üçüncü binanın təməli qoyulub. Yeni binadakı mənzillərin jurnalistlərə paylanılması və üçüncü binanın təməlinin qoyulması mərasimində çıxış edən Prezident İlham Əliyev demişdir:  “Hər bir şəhərin ən qiymətli, ən prestijli yerləri var. Adətən bu, şəhərlərin mərkəzi olur və dəniz kənarında yerləşən şəhərlərdə dəniz mənzərəli binalar daha da prestijli sayılır. Bax, bu binalar həm dəniz mənzərəlidir, həm də ki, şəhərin mərkəzində yerləşir. Buradan “Azneft” meydanına maksimum 5 dəqiqəlik yoldur. Bu, bir daha onu göstərir ki, biz çalışırıq jurnalistlər üçün ən yaxşı şərait yaradaq. Binalar da çox gözəldir, genişdir, işıqlıdır, rahatdır. Əminəm ki, jurnalistikada böyük xidmətlər göstərmiş, Vətən qarşısında böyük xidmətləri olmuş insanlar burada rahat yaşayacaqlar”.

Dövlət başçımız həmin mərasimdə qeyd etdi ki, Azərbaycan mətbuatının sabahı daha da uğurlu olacaqdır. Çünki dövlət mətbuata göstərdiyi qayğı və diqqəti daha da genişləndirmək əzmindədir: “O ki qaldı, jurnalistikanın gələcək inkişafı ilə bağlı məsələlərə, sizə deyə bilərəm ki, Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq”. Prezident xatırlatdı ki, bu binalarda yaşayan və bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir və burada da heç bir ayrı-seçkiliyə yol verilmədi. Müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvləri olan insanlar burada bir yerdə bir ailə kimi yaşayacaqlar: “Əslində, Azərbaycan cəmiyyəti də bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəylik var. Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşib. Bizdə olan inkişaf, sabitlik, əmin-amanlıq, əlbəttə, bu gün siz də yaxşı bilirsiniz ki, dünyanın bir çox yerlərində öyrənilir, bəzən təəccüblə qarşılanır və bunun da çox sadə səbəbi var. Çünki Azərbaycanda çox gözəl, demokratik şərait var. Azərbaycanda iqtisadi inkişaf var. Azərbaycan müstəqil siyasət apararaq həm bölgədə, həm dünyada öz mövqelərini möhkəmləndirib”.

Bu məzmunlu qəzet materialı hazırlayarkən, xüsusilə vurğulanmalı məqamlardan biri də  jurnalistlər üçün tikilmiş yaşayış binalarındakı mənzillərin həmkarlarımız arasında  bölüşdürülməsi zamanı ədalət, obyektivlik  və aşkarlıq prinsiplərinin yüksək səviyyədə qorunmasıdır.  Mənzil verilmiş jurnalistlərin siyahısına baxarkən orada  13- 14 il kirayədə,  hətta 16 il yataqxanada yaşayan həmkarlarımızın da olduğunu gördük. Yaxud, söz, mətbuat, jurnalistika qarşısında xidmətləri ən ali səviyyədə qiymətləndirilən insanlar var ki, məhz mənzillərin  ədalətli şəkildə  bölüşdürülməsi nəticəsində biz həmin dəyərli insanlarla qonşu olacağıq. Əslində,  yeni mənzillərin paylanması zamanı kimsə istəsə belə, obyektivliyi poza bilməzdi. Çünki dövlət başçımızın humanistliyinin, qayğıkeşliyinin nəticəsi olan bu layihənin icrası zamanı kiminsə bilərəkdən obyektivlikdən yayınması qətiyyən mümkün deyildi, gözlənilmirdi və baş vermədi. O ki qaldı, mənzil gözləyib ala bilməyən həmkarlarımıza, deyə bilərik ki,  dövlət başçımızın  tapşırığı və şəxsi nəzarəti nəticəsində cəmi üç ildən sonra  daha bir yaşayış binası da istifadəyə veriləcək. İnanırıq ki, üç ildən sonra həmin həmkarlarımızı da təbrik edə biləcəyik. Biz inanırıq, siz də tələsməyin, əziz dostlar.

İttifaq MİRZƏBƏYLİ,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında