Azərbaycanla Latviya arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir

 

 

 

 

 

 

 

 

 

 

 

 


Bu gün ölkələrimiz arasında energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar var. Əminəm ki, Sizinlə apardığımız danışıqlar, iştirak etdiyimiz biznes forum, əldə olunan razılaşmalar və imzalanan sənədlər, xüsusilə də Azərbaycan Respublikası və Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə əlaqələrimizin inkişafına mühüm təkan verəcəkdir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti



Mən Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin Latviyaya rəsmi səfərindən çox məmnunam. Əminəm ki, bu səfər Latviya ilə Azərbaycanın əlaqələrini, ikitərəfli münasibətlərini daha da genişləndirəcək və bizim dostluğumuz, tərəfdaşlığımız daha da inkişaf edəcək.

Raymonds VEYONİS
Latviya Respublikasının Prezidenti 


Azərbaycanın beynəlxalq əlaqələrinin getdikcə genişlənməsi, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin daha da fəallaşması republikamızın dünya  birliyində artan reytinqinin nəticəsidir. Hər il ölkəmizdə mötəbər tədbirlərin keçirilməsi, dünyanın tanınmış ictimai-siyasi xadimlərinin, ekspertlərinin, diplomatların da bu tədbirlərdə iştirakı, Azərbaycan Prezidentinin çoxsaylı səfərləri və xarici dövlətlərin prezidentlərinin, həmçinin hökümət başçılarının respublikamıza səfərləri bir daha təsdiqləyir ki, biz  artıq dünya birliyinin layiqli üzləri sırasındayıq.

Prezident İlham Əliyevin təkcə bu ilin altı ayı ərzindəki səfərləri də ölkəmizin beynəlxalq aləmdəki əlaqələrinin genişlənməsindən xəbər verir. Məlum olduğu kimi, bu ilin altı ayında dövlətimizin başçısı xaricə 10 səfər etmişdir – beş Avropa ölkəsinə, beş müsəlman ölkəsinə. Davos və Münxendə keçirilən dünyanın aparıcı iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında Azərbaycan ləyaqətlə təmsil olunmuşdur. Eyni zamanda, ölkə rəhbərinin Avropa Komissiyasına çox uğurlu səfərini qeyd etmək vacibdir. Fransa və Polşaya rəsmi səfərlər də beynəlxalq aləmin diqqət mərkəzində olmuşdur. Bu səfərlərin coğrafiyası, əslində, bizim xarici siyasətimizin  milli maraqlara xidmət etdiyini təsdiqləyən faktdır. Bununla bərabər, bu ilin birinci yarısında doqquz xarici dövlət və hökumət başçısının Azərbaycana səfər etməsi də qeyd edilməlidir.

Bütün bunlara rəğmən, Azərbaycan Prezidentinin Latviyaya səfəri maraqla izlənilmişdir. Azərbaycanla Latviya keçmiş SSRİ-nin tərkibində müttəfiq respublikalar olublar. İki ölkə arasında iqtisadi, mədəni əlaqələrin əsası da məhz həmin dövrdə qoyulub. Respublikamızın dövlət  müstəqilliyinin bərpasından sonra Latviya ilə əlaqələrin siyasi müstəvidə qurulması və inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaranmışdır. Bu imkan Azərbaycanın Latviyanı müstəqil dövlət kimi 1991-ci il avqustun 30-da, Latviyanın isə respublikamızın müstəqilliyini 1992-ci il yanvarın 8-də tanımasına zəmin yaratmışdır. İki ölkə arasında diplomatik əlaqələr isə bundan iki il sonra  yaradılıb. 2005-ci ildə Azərbaycan Respublikasının Latviyada, 2006-cı ildə isə Latviya Respublikasının ölkəmizdə səfirliyi fəaliyyətə başlayıb. Onu da qeyd edək ki, Baltikyanı ölkələr içərisində ilk olaraq Azərbaycan Respublikasının səfirliyi məhz Latviyada fəaliyyətə başlayıb.

İki ölkə arasında qarşılıqlı səfərlər, dövlət başçıları səviyyəsində keçirilən rəsmi və işgüzar görüşlər getdikcə  münasibətlərin dərinləşməsində böyük rol oynamışdır. Ulu öndər Heydər Əliyevin bu ölkə ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verilməsi xüsusi vurğulanmalıdır. İki ölkə prezidentləri arasında keçirilən görüşlərdə əlaqələrin inkişaf perspektivləri müzakirə edilmişdir. İkitərəfli əlaqələrin möhkəmləndirilməsində diqqət çəkən məqamlardan biri də Azərbaycanın Avropa Şurasına üzv olmasının Latviyanın şuraya sədrliyi dövrünə təsadüf etməsidir. Azərbaycanın Avropa Şurasına qəbul olması prosesində Latviya hökuməti ölkəmizi dəstəkləmişdir.

Göründüyü kimi, Azərbaycan Prezidentinin bu yaxınlarda  Latviyaya rəsmi səfərinin böyük maraqla izlənilməsi təsadüfi deyil. Eyni zamanda, SSRİ-nin süqutundan sonra müttəfiq respublikalar arasında Azərbaycanın sürətli inkişafı, həmçinin dünya birliyində özünəməxsus yer tutması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, ictimai-siyasi sabitliyin davamlı olmasına görə nümunəvi dövlətə çevrilməsi də ölkəmizə olan marağı artırıb. Azərbaycan Prezidentinin Latviyaya səfəri və bu zaman keçirilən görüşlərdə bütün bunlar barəsində fikir mübadiləsi aparılmış, əlaqələrin daha da genişləndirilməsi məqsədilə müvafiq sənədlər imzalanmışdır.

İki ölkə prezidentlərinin təkbətək və geniş tərkibdə, həmçinin Latviya Seymində, Baş nazirlə  keçirdikləri görüşlərdə, Latviya – Azərbaycan biznes forumunda ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə mövzusu olmuşdur. Bunun üçün böyük imkanların olduğu bildirilmiş, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində, o cümlədən Şərq-Qərb, Şimal-Cənub dəhlizlərində, Asiya ilə Avropa arasında yükdaşımalarda önəmli rolu qeyd edilmişdir.  Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq nəqliyyat əməkdaşlığı sahəsində gördüyü işlərdən danışmışdır.

Görüşlərdə Azərbaycan-Latviya münasibətlərinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində önəmi qeyd edilmişdir. Hökumətlərarası Komissiyanın fəaliyyəti müzakirə olunmuş, ticarət dövriyyəsinin artırılması üçün imkanların araşdırılması, ixrac-idxal potensialının müəyyənləşdirilməsi, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələlərindən danışılmışdır.

Prezident Raymonds Veyonis mətbuata bəyanatla çıxışında iki ölkə arasındakı əməkdaşlığın getdikcə genişlənməsini vurğulamış və bu ilin Latviya ilə Azərbaycan arasında  cox fəal il olduğunu diqqətə çatdırmışdır. Prezident qeyd etmişdir ki, əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində önəmli addımlar atılmışdır. Həmçinin hökumətlər və bələdiyyələr  səviyyəsində əlaqələr genişlənmişdir: “Əlbəttə, Latviya Azərbaycanı, onun suverenliyini və  ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsi yalnız  sülh və danışıqlar yolu ilə həll oluna bilər və  bu, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır”

Prezident Raymonds Veyonis  iki ölkə arasındakı əməkdaşlıqda oxşar talelərin də olduğunu diqqətə çatdırmışdır: “Latviya ilə Azərbaycan arasındakı əməkdaşlıq bənzər talelər və hər iki xalqın sınaqdan keçdiyi çətin dönəmlər kimi tarixi bağlara əsaslanır. 1918-ci il Azərbaycanın və Latviyanın müstəqilliyə qovuşduğu il olmuşdur. Gələn il biz hər iki ölkənin müstəqilliyinin 100 illiyini qeyd edəcəyik. O zaman Azərbaycan cəmi iki il müstəqil yaşamışdır, lakin ölkəniz İslam dünyasının ilk parlamentli respublikası olmuşdur”.

Prezident Azərbaycanın  Latviya üçün mühüm tərəfdaş olduğunu bildirərək, ölkəsinin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirmişdir. Bu səfər çərçivəsində Latviya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yaradılması haqqında Bəyannamənin imzalanması məmnunluqla qeyd edilmişdir.

Səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirən Azərbaycan Prezidenti
İlham Əliyev zəngin tarixi və mədəniyyəti ilə seçilən dost ölkəyə yenidən səfər etməsindən məmnunluğunu bildirmiş və Latviya Prezidenti ilə cari ilin mart ayında V Qlobal Bakı Forumu çərçivəsində keçirdiyi görüşü, həmçinin iki dövlət başçısı arasında aparılan fikir mübadiləsini xoş təəssüratlarla xatırlamışdır. Dövlətimizin başçısı ölkələrimizin tarixindəki oxşar məqamları da diqqətə çatdırmış və 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin və Latviyanın nümayəndə heyətlərinin yeni yaradılmış dövlətlərin de-yure tanınmaları ilə bağlı Paris Sülh Konfransına müraciət ünvanladıqlarını xatırlatmışdır. Dövlətimizin başçısı  bir il sonra isə Azərbaycan parlamentinin Latviyada nümayəndəliyinin açılması ilə bağlı qərar qəbul etdiyini bildirmişdir.

Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra ikitərəfli münasibətlərimizin tarixində yeni səhifə açıldığını vurğulayan Prezident İlham Əliyev bu illərdə iki ölkə arasında  müxtəlif sahələr üzrə əməkdaşlıqda böyük uğurlar qazanıldığını, xalqlarımızın sabitlik və təhlükəsizlik şəraitində rahat yaşadıqlarını diqqətə çatdırmışdır: “Bu gün ölkələrimiz arasında energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar var. Humanitar əlaqələrimizin də zəngin tarixi vardır. İyirminci əsrin əvvəllərində Bakıda Latış Cəmiyyəti fəaliyyət göstərirdi. Bu cəmiyyət 2013-cü ildən fəaliyyətini bərpa etmişdir. Məşhur latış yazıçılar Ernest Birznieks-Upitis, Yanis Vainovskis, Auqusts Bertse, rəssam və yazıçı Yanis Yaunsudrabinş, Bakı Opera Teatrının dirijoru, bəstəkar Yazeps Medinş, memar Ervins Paumbats və başqaları Azərbaycanda yaşayıb yaratmışlar”.

Bu gün Azərbaycanın ən ağrılı yeri olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Latviyanın obyektiv münasibətinə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətindən hələ də əl çəkmədiyini, həmçinin nüfuzlu beynəlxalq qurumların qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik etdiyini diqqətə çatdırmışdır: “Azərbaycan regionda təhlükəsizliyə, sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfə verir. Lakin regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi – tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı öz mövqelərini bildirmişlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Eyni zamanda, ATƏT, Avropa Parlamenti, AŞPA, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır. Bu gün imzaladığımız Birgə Bəyannamədə də göstərilir ki, bu münaqişə beynəlxalq norma və prinsiplər əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həll olunmalıdır. Bu ədalətli mövqeyə görə Sizə minnətdaram”.

Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Raymonds Veyonisin iştirakı ilə müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə sənədlərin imzalanması mərasimi olmuşdur. Ölkə prezidentləri “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalamışlar.

Prezident İlham Əliyev və Latviya Prezidenti Raymonds Veyonis  Riqada “Azadlıq” abidəsini ziyarət etmiş, abidənin önünə əklil qoymuşlar.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında