Həqiqət necə varsa...

Xalqımızın tarixində və taleyində misli görünməmiş Mart faciəsinin əsl mənzərəsi, mahiyyəti, ermənilərin xalqımıza qarşı törətdikləri ağlasığmaz cinayətlər AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının hazırladığı məruzələrdə və digər rəsmi sənədlərdə, dövrün mətbu orqanlarında, eləcə də Azərbaycan mühacirət nəşrlərində əksini tapmışdır. Ermənilərin Mart vəhşiliklərinin ildönümləri Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1919-cu və 1920-ci il martın 31-də milli matəm günü kimi qeyd olunmuşdur. Sovet hakimiyyəti illərində isə tarix tamamilə saxtalaşdırılmış və xalqımıza qarşı törədilmiş qətliamı unutdurmağa çalışmışlar. Sovet tarixçiləri faktların və sənədlərin əksinə olaraq, bu qırğını bir millətin, başqa millətə qarşı ədavəti nəticəsində həyata keçirdiyi soyqırımı siyasəti kimi deyil, ümumrusiya vətəndaş müharibəsinin tərkib hissəsi, Sovet hakimiyyəti uğrunda bolşeviklərin mübarizəsi və onların əksinqilab üzərində böyük qələbəsi kimi təqdim etmiş , bununla da əslində qaniçən S. Şaumyanın “Bir tərəfdən, sovet Qırmızı Qvardiyası, bizim təşkil etdiyimiz beynəmiləl qızıl ordu, qısa müddətdə yenidən qura bildiyimiz qırmızı donanma və erməni milli hissələri, digər tərəfdən “Müsavat” Partiyasının başçılıq etdiyi və içərisində çoxlu rus zabiti olan müsəlman “Dikaya diviziya”sı və silahlı müsəlman quldur dəstələri vuruşurdular”–kimi cəfəng uydurmasını təsdiqləmişlər.

 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra tariximizin saxtalaşdırılmış səhifəsi yenidən yazılmağa başlanmışdır. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1998-ci il martın 6-da fərman imzalamışdır. Həmin sənədə əsasən hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

 Yuxarıda da qeyd etdiyimiz kimi, sovet imperiyasının xalqdan gizlətdiyi mart qırğını haqqında həqiqətlər necə varsa, eləcə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbu orqanlarında öz əksini tapmışdır. “Bəsirət” qəzeti 27 oktyabr 1918- ci il tarixli 197- ci nömrəsində Hacı İbrahim Qasımovun “Yenə qəflət ediləcəkmi?” adlı məqaləsini dərc etmişdir. Jurnalist, publisist, yazıçı, teatr tənqidçisi, tərcüməçi Qasımov Hacı İbrahim Hacı Mahmud oğlu (1886-1936) "Tazə həyat", “Babayi- Əmir”, “Zənbur”, "Məlumat", “İrşad”, “Yeni İrşad”, "İqdam", "İqbal", "Yeni İqbal", “Məzəli”, “Sədayi Qafqaziyyə”, “Həqiqət”, “Yeni həqiqət”, “Həqiqəti- Əfkar”, “Azərbaycan füqərası”, “Günəş”, “Molla Nəsrəddin”, “Bəsirət”, “Zəhmət”, “Kommunist” və s. kimi qəzet və jurnallarla sıx əməkdaşlıq etmiş, "Kəlniyət" jurnalının və "Bəsirət" qəzetinin redaktoru olmuşdur. “Açar”, “Bağ Əyyar”, “Qırmızı saqqal”, “Dilavəri Dövran”, “Diplomat”, “Əqrəb”, “Əqrəbülbazar”, “Əqrəbüləza”, “Əyyari Çərəngi”, “Zırnıx”, “Yamaq”, “Kəblə biz”,” Kələkbaz”, “Kəlniyət”, “Köhnə”, “O birisi”, “Sirr dağarcığı”, “Tamaşaçı”, “Heyvərə”, “Həq”, “Hərdənbir” , “Həftəbecar”, “Çərmək”, “Cümcüm Əyyar” və digər gizli imzalarla ədəbiyyat , sənət, sosial məsələlərə dair çox sayda məqalə və publisistik əsərlər, felyetonlar yazmışdır. Bu gün nadir tarixi mənbə kimi faydalı olan həmin məqaləni oxuculara təqdim edirik.

 

Yenə qəflət ediləcəkmi?

 

(İxtisarla)

Mart hadisəyi əliməsindən (faciəsi, dərdi-red) sonra qazetəmizi müvəqqətən qapamağa məcbur olduq. Ürəyimizdə olan dərdlərimizi aça bilmədik, sözümüzü deyə bilmədik. Çünki erməni hökmranlığı idi. Bu tətil zamanında, yəni altı ayda Dağıstanı, Dağıstanın hər bir yerini dolaşdıq, bir çox ibrətamiz şeylərə təsadüf etdik. Bir çox görməli şeylər gördük ki gələcəkdə “Dağıstanda gördüklərim” ünvanı ilə sırayla məqalə yazacağımı vəd ediyorum.

Mart hadisəsindən bu anadək Qafqasyada, xüsusən Bakımızda bir çox hadisələr vüqu buldu ( baş verdi- red), bir çox ürək yandırıcı hallar müşahidə edildi. Bir çox təqəyyür və təbəddülat ( dəyişmək-red) əmələ gəldi. Təbii bu xüsuslarda söylənəcək şeylər vardır. Bən yalnız bu aciz yazımla bir şeydən bəhs etmək istiyorum.

Məlum olduğu üzrə mart hadisəyi əliməsi böyük fənalıqlar törətdi. Şəhərimizi tam bir məzaristana döndürdü. Ermənilər, ermənilərin daşnaq firqələri insaniyyətpərvərlik maskası altında on minlərlə qadın. çocuq və aciz müsəlmanları qırdılar. Onlar bu kimi fenalıqları yapmaqla erməni tarixində misli görünməmiş bir səhv etdilər. Zira özlərini böyük fəlakət içərisinə saldılar.

Bakıda böyük bir qovğa düşəcəyi, ermənilərin böyük bir fitnə qalxızacaqları təbii əvvəldən bəlli idi. Bunu o zamanki Türk gazətələri yazıb cəmaatı xəbərdar ediyor idi. Bəli mart hadisəyi əliməsinin ümdə səbəbi ermənilər və daşnak firqəsiydi. Çünkü bir gündə mütəassıb (fanatik) daşnaklar siyasət icabı (ehtiyacı-red) ilə həpsi bolşevik cildinə girib bolşevik bayrağı altında mart rəzalətini (alçaqlıq, biabırçılıq- red) yapdılar. Burası bir əmr-i mühəqqəqdir ( doğru, gerçək- red) ki, şərhə belə ehtiyacı yoxdur. Fəqət, bizcə mart hadisəsini salanlar ermənilər idisə də, amma o hadisənin belə surət almasına və bu dərəcədə vüsətlənməsinə də səbəb biz müsəlmanların qəfləti idi. Biz müsəlmanlar Bakı üzərində cövlan edən qara buludları görmüyor idik. Biz müsəlmanlar ermənilərin və erməni bolşeviklərinin tədbirlərini hiss edəcək qədər qafaya malik deyildik. Elə qafil, elə asudə idik ki, mart hadisəsi düşən gündə belə tiyatro və əyləncələrlə məşğulduq. Əlimizdə böyük bir fürsət var ikən hazırlanmadıq. Mart ayında Bakıda iki müsəlman firqəsi ( partiya-red) yox idi ki, birləşib də, çalışıb da müsəlmanların başına gələ biləcək onlara qarşı tədbirlər ittixaz eyləsin (görsün-red). Bakıdakı firqələrimizin demək olar ki, əksəri riyasətpərəstlik (hakimiyyət-red), mənəmliklə uğraşıb ancaq bir-birinin ayağını qazıyıb, bir-birlərinə quyu qazıyordular. Firqələrimizdən bəzisi müsəlman qadınlarının çəkməsi ilə məşğul idi. Onlar müslimə bacıların çəkmələrini çıkarmakla millətə xidmət ediyordular. Bəziləri firqə seçkisi barəsində qiyamətlər qoparıyordular. Hərə bir firqə olub kəndisinə bir qoşun dəstəsi düzəldiyordu. O zaman hazırladığımız milli zabitlərimiz fəqət caddələrdə xanımlarla “uxajivat” ediyordular. “Dikaya diviziya” nəfərlərinin çoxusu fəqət ticarət üçün yalnız bir şəhərdən o şəhərə ticarət məqsədi ilə silah daşımaq üçün qoşun üniforması geyinmişlərdi. Dövlətlilərimiz də bir qəpik paralarından keçmiyordular. Onlara para dedikdə canları sıkılıyordu. İştə biz belə qafil ikən, belə havalı və həvəslə məşğul ikən düşmənlərimiz hazırlaşıyor, düşmənlərimiz qanımızı tökmək üçün çalışıyorlardı. Əlbəttə, belə qəflətlə elə çalışqanlıq mart hadisəsi kimi bir faciə meydana gətirə bilərdi. Əlbəttə, belə qəflət ilə biz aciz, düşmənlərimiz isə qalib olacaqdılar.

Bu xüsuslarda yazacaq olsaq, mətləb uzanacaqdır, fəqət mən bunu ərz etmək istiyorum ki, mart hadisəyi əliməsindən biz ibrət almaq istəmiyoruz. Nə gizlədəlim, Türk qardaşlarımız imdadımıza çatmasaydı, Türk arkadaşlarımız vaxtında yetməsəydilər, mart hadisəsindən daha böyük bəlalara düçar olacaqdıq. Şimdi şükürlər olsun, Türklərin sayəsində biz asudə olduq, kəndimizə hökumət təşkil etdik. İnsancasına yaşamağa, rahatlıqla nəfəs almağa imkanımız vardır. Artıq heç kəs bizə təcavüz edə bilmiyor, hərgah bizim qeyrətimiz olarsa, kimsə təcavüz edə bilməz. Lakin bunun üçün də bizdə qeyrət lazımdır. Bunun üçün də biz əsgər olmalı, namusumuzu müdafiə üçün özümüz də çalışmalıyız. Amma, çox təəssüf olsun ki, bu həqiqətləri indi də düşünmüyoruz. Azad yaşamaq, nəfəs almaq istiyoruz, fəqət Vətənimizin salamat və səadətinə bais ola biləcək bir əmrdən ictinab ( yayınmaq, çəkinmək-red) ediyoruz .

Bunu bu gün hərkəs bilməlidir ki, dünyada yaşamaq istəyən millət gücünə, zoruna güvənməlidir. Bu gün Qafqasyada altı milyon müsəlman vardır. Hərgah bunlar əsgər versəydilər, tam bir neçə yüz min əsgərimiz olardı. Əgər əsgərimiz olsaydı, bu gün başımıza mart bəlaları gəlməzdi və bu gün biz düşmənlərimizi titrədərdik. Onsuz da müsəlmanlar hər yerdə qırılıb məhv oluyor. Vətən yolunda bir qədər qurban versək, qiyamətmi qopar?

Bu gün cavanlarımız əsgərliğə gedəcəkləri kimi millətimizin hər bir təbəqəsi vətən səadəti üçün çalışmalıdırlar. Ziyalılarımız millətin irfanına (bilmək, dərk etmək, xəbərdar olmaq-red) bais olacaq cəmiyyətləri yenidən təşkil etməlidirlər. Vəlhasıl (qısası-red) hər bir “Vətən övladı” vətənin və özünün səadətinə çalışmalıdır.

Hacı İbrahim Qasımov, Bəsirət, no. 197, 27 oktyabr 1918.

Təqdim etdilər:
Abid Tahirli,

filologiya elmləri doktoru (Azərbaycan)
dr. Mehdi GƏNCƏLİ (Türkiyə)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında