Qarabağın qeyrət qalası, zəhmət ünvanı

Ağdamın işğalından 24 il ötür

Ağdam rayonunun əsası 1930-cu ildə qoyulmuşdur. Rayonun ərazisi 1094 kvadratkilometr olmaqla relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam Qarabağın mərkəzində, Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ermənistanın Azərbaycan torpaqlarının işğalına başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar ağdamlıların üzərinə düşmüşdür.

Rayon 1993-cü il iyulun 23-dən Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğaldan öncə Ağdamda ət kombinatı, şərab, mexanikləşdirilmiş çörək, konserv, barama toxumu zavodu, xalça fabriki, avtomaşınlara texniki xidmət stansiyası, məişət xidməti kombinatı, elektrik şəbəkəsi müəssisəsi, dəzgahqayırma zavodu mövcud idi. Rayonda kənd təsərrüfatı, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi, musiqi və tibb texnikumları, texniki peşə məktəb, yeddi orta və bir səkkizillik məktəb, beş məktəbdənkənar uşaq müəssisəsi, bir uşaq bağçası, dörd körpələr evi var idi. Ölkəşünaslıq və çörək muzeyləri, üç kitabxana, mədəniyyət evi, kinoteatr, səkkiz xəstəxana fəaliyyət göstərirdi.

Qədim tarixi abidələri minilliklərdən keçərək bu günümüzə qədər gəlib çatan Ağdamın ərazisində 50-ci illərdən başlayaraq aparılan arxeoloji tədqiqatlar təsdiq etmişdir ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindəndir. Tanınmış arxeoloq İdeal Nərimanovun “Üçoğlantəpə” deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı isə aydın olmuşdur ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdən e.ə. II minilliyin birinci yarısına aid dulusçuluq, metaləritmə, zərgərlik məmulatları və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edilib. Buradan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat tərzi keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Üzərliktəpədə tapılan maddi-mədəniyyət nümunələri sübut edir ki, rayonun ərazisi Qafqazda ilk şəhərtipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdəndir.

1988-ci ilin fevral ayından başlayaraq Dağlıq Qarabağda erməni separatizminə rəvac verilməsi, SSRİ rəhbərliyinin erməniləri açıq-gizli müdafiə etməsi Azərbaycan xalqının qəzəbinə səbəb oldu. Ermənistanın Dağlıq Qarabağı özünə birləşdirmək məqsədilə başladığı münaqişəyə ilk cəlb olunan məhz Ağdam rayonu oldu. 1988-ci il fevral ayının 20-də Xankəndində ermənilərin keçirdikləri qanunsuz mitinqə, orada səsləndirilən “Qarabağ Ermənistanındır” şüarına qarşı ilk dəfə ağdamlılar öz haqq səslərini ucaltdılar. On minlərlə insan ədalətsizliyə, həyasızlığa etirazlarını bildirmək üçün fevral ayının 22-də Ağdam şəhərinin mərkəzi meydanına axışdı. Həmin gündən Ağdam şəhəri fırtınalı, təlatümlü bir dənizə dönmüşdür. Mitinqdən sonra Əsgəran şəhəri istiqamətində yürüş zamanı ağdamlı gənclər Əli və Bəxtiyar şəhid oldular. Ağdam Qarabağ müharibəsində ilk şəhidlərini verdi. Ermənistanın Azərbaycanın ərazisini - Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibədə hadisələrin çətinlikləri daha çox Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür.

1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurdlarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı da məhz Ağdam rayonuna pənah gətirirdi. Ağdamlılar bir tərəfdən ona pənah gətirənlərin yerləşdirilməsi, problemlərinin həlli ilə, digər tərəfdən ermənilərin təcavüzünə cavab verməklə məşğul olurdular. Rayonda yaradılan özünümüdafiə dəstələri, respublikada ilk dəfə Ağdamda yaradılan hərbi hissə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan ərazilərinin və rayonun müdafiəsinə qalxmışdı.

Ağdamlılar ərazilərimizin işğalına yol verilməməsi üçün döyüşür, itkilər verirdi. Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdam düşmənə sinə gərdiyi 5 illik savaşda minlərlə şəhid versə də, torpağının hər qarışı övladlarının qanı ilə suvarılsa da, sonda Ağdam şəhəri və onun ətraf kəndləri işğala məruz qaldı.

İşğalın əsas səbəblərindən biri Ermənistana bir çox ölkələrin, o cümlədən Rusiyanın havadarlığı idisə, digər tərəfdən Vəzirovun, Mütəllibovun, AXCP və ­Müsavat liderlərinin ölkəyə səriştəsiz rəhbərlik etməsi idi. 1992-ci ildə Dağlıq Qarabağı bütünlükdə işğal edən Ermənistan bununla kifayətlənməyərək, Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Ağdama olan hücumların ardı-arası  kəsilmirdi. Xəyanətkar qüvvələrin təsiri ilə Ağdamdakı ağır texnika döyüş meydanından çıxarılaraq 1993-cü ilin iyununda Gəncə şəhərinə göndərildi. Ermənilər bundan istifadə edərək müdafiəsiz qalmış ərazilərə hücumlarını gücləndirdilər. Ağdama son hücumda Ermənistan tərəfdən 6 min nəfərə yaxın əsgər iştirak edirdi. Onların arasında çoxlu sayda xaricdən gətirilmiş erməni və muzdlu əsgər də var idi.

Həmin fəlakətli günlərdə rayondakı əsas hərbi hissələrin və yerli batalyonların döyüşçüləri fədakarlıq göstərir, Ağdam şəhərinin işğalına yol verilməməsi üçün canlarından keçir, şəhid olurdular. Lakin respublikada kürsülərini qoruya bilməyən bədnam qüvvələr özünümüdafiə dəstələri arasına nifaq salmaqla, batalyon komandirləri arasındakı münasibətləri korlayan təxribatçı və şayiə yayan qruplar düzəltməklə əhali arasında ruh düşkünlüyü yaradırdılar. O vaxtkı AXCP– Müsavat hakimiyyəti Ağdamı, ağdamlıları köməksiz vəziyyətdə, düşmənlə təkbətək qoymuş, Surət Hüseynovla haqq-hesab çürütmək üçün mövcud hərbi qüvvəni Gəncəyə və Bakıya aparmışdılar.

Amma Ağdam əhalisi bütün dünyaya öz qeyrətini nümayiş etdirdi, son ana qədər döyüşdü. Lakin 1993-cü ilin 23 iyulunda Ağdam şəhəri süqut etdi. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Ağdam rayonu Ermənistanın hərbi təcavüzünə qarşı aparılan mübarizədə həmişə ön cərgədə olmuşdur. Ağdam vuruşmuşdur, döyüşmüşdür, böyük itkilər vermişdir. Ağdamın işğalı təkcə ağdamlıların deyil, bütün Azərbaycanın ağrısıdır. Ümummilli liderimiz Heydər Əliyev əbəs yerə deməmişdir: “Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz!”

Bu gün hər bir ağdamlının qəlbində bir təəssüf hissi yaşayır. Bu təəssüf hissi Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışının bir qədər gec olmasıdır. Belə ki, ulu öndər siyasi hakimiyyətə tez gəlsəydi, Azərbaycan böyük itkilərə məruz qalmazdı və torpaqları işğal olunmazdı.

Azərbaycanın o vaxtkı AXCP-Müsavat rəhbərliyi ölkəni idarə edə bilmirdi. Azərbaycan parçalanmaq, məhv olmaq vəziyyətinə düşmüşdü. Azərbaycan Respublikasının o vaxt başında duranlar vəziyyəti o həddə çatdırmışdılar ki, əsgərlər ermənilərlə döyüşə gedən maşınlarına yanacaq belə tapa bilmirdi. Bu da Ermənistanın xeyrinə işləyən amillərdən idi və nəticədə respublikanın 20 faiz ərazisi işğala məruz qaldı.

Təəssüflər olsun ki, qədim tarixə və yüksək mədəniyyətə malik olan Ağdam rayonu mənfur qonşularımızın həyata keçirdiyi təcavüzkar siyasətin qurbanı olmuşdur. Hələ 90-cı illərin ağrılı-acılı günlərində erməni millətçiləri tərəfindən alovlandırılan  Qarabağ müharibəsində hamılıqla iştirak edən rayon əhalisi döyüşlərdə ölkə üzrə həlak olanların üçdə biri qədər–6 min şəhid vermiş, 14 ağdamlı Milli Qəhrəman adına layiq görülmüşdür.

Bu döyüşkənlik rəmzi sayılan və ön xəttə düşmənlə üz-üzə dayanan qəhrəman diyar əsasən kənt təsərrüfatı üzrə ixtisaslaşmışdır. Ağdamın Azərbaycan iqtisadiyyatında, xüsusilə, kənd təsərrüfatındakı potensialı da bunu deməyə əsas verir. İşğaldan öncə ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda 40 min hektar əkin sahəsi var idisə, indi vur-tut 17 min hektar sahədə əkin aparılır. Rayonun 182 mindən artıq əhalisinin 145 minə yaxını məcburi köçkün həyatı yaşayır. Rayonda yaşayan 90 min nəfər əhalinin 37 min nəfəri yerli, 53 mini isə məcburi köçkündür. Ölkədə məcburi köçkünlər üçün tikilmiş 82 qəsəbənin 18-i məhz Ağdamda inşa olunub.

24 ildir ki, dünyanın aparıcı dövlətləri ikili standartlarla nəinki Ağdamın işğalına hətta Qarabağın erməni vandalizminin qurbanına çevrilməsinə göz yumurlar. Xarici himayədarlarının dəstəyinə arxalanan hiyləgər düşmən isə işğal altında olan ərazilərdə narkotik yetişdirməkdən tutmuş, müxtəlif çirkin işləri həyata keçirməkdə davam edir. Ermənistan rəhbərliyi BMT-nin 5 qətnaməsini 24 ildir ki, qulaqardına vurur, beynəlxalq aləm isə bu məsələyə göz yummaqda davam edir. Lakin bütün bu çətinliklərə baxmayaraq, rayonun sosial-iqtisadi inkişafı bu gün də davam etməkdədir. Ağdamlılar düşmənlə üz-üzə mərd-mərdanə dayanıb. Həyat isə öz axarı ilə davam edir.

Ağdamın Azərbaycanın ən iri kənd təsərrüfatı rayonlarından olması şöhrətini qoruyub saxlayır. 2017-ci ildə rayonda 7465 hektar ərazidə taxıl, 2305 hektar sahədə isə arpa əkilib. Yeri gəlmişkən, cari ildə sahələrdən 40 min ton taxıl toplanıb. Pambıqçılığı inkişaf etdirmək və bu sahənin əvvəlki şöhrətini özünə qaytarmaq məqsədilə də müvafiq tədbirlər görülür. Bu il rayonda 3005 hektar ərazidə pambıq əkilib. Müqayisə üçün deyək ki, ötən il 390 hektar ərazidə pambıq əkilmişdi. Bu il isə sahələrdən 7500 ton “ağ qızıl” toplanması nəzərdə tutulur.

Son illərdə heyvandarlığın inkişaf etdirilməsi istiqamətində də yüksək nailiyyətlər əldə edilmişdir. 2017-ci ilin birinci rübünə olan məlumata görə rayonda iri malın sayı 40 min, qoyun-keçilərin sayı isə 105 min başa çatır.

İlin birinci rübündə rayonun fermer təsərrüfatları 2700 ton ət, 17 ton süd, 4 milyon 200 minədək yumurta istehsal ediblər. Bu il 13,2 min ton barama təhvil verilib. Müqayisə üçün deyək ki, ötən il rayonda 2,4 ton barama əldə edilmişdi.

Kənd təsərrüfatına göstərilən diqqət və qayğı yerli sahibkarları bütün sahələrdə olduğu kimi, çuğundur əkinlərini də genişləndirməyə sövq etmişdir. Belə ki, ötən il rayonda 190 hektar sahədə çuğundur əkildiyi halda, cari ildə 1002 hektarda çuğundur əkilmişdir. Rayonda kənd təsərrüfatının inkişafına öz töhfəsini verən fermerlər az deyil. Əli Abbasov, Rizvan Məmmədov, Habil Abbasov, Elmidar Şahverdiyev kimi təcrübəli insanlar gecə-gündüz çalışıb bolluq yaradırlar.

Bu gün bölgədə kənd təsərrüfatının inkişafına əngəl olan ən ciddi problemlərdən biri su qıtlığıdır. Su mənbələrinin bir çoxu, xüsusilə də Sərsəng Su Anbarı erməni işğalı altında olduğu üçün, suvarma suyuna böyük ehtiyac var. Düşmənin ağdamlıları təzyiq altında saxlamaq üçün su amilindən istifadə etməsi, əkin-biçin mövsümündə su qıtlığı yaratması rayonun suvarma sisteminə xeyli ziyan vurub. Əhalinin su təminatının ödənilməsi üçün rayonda 816 subartezian quyusu fəaliyyət göstərir. Hazırda 30 quyu qazılır.     

Bütün bunlar cəbhə bölgəsində yaşayan insanların psixoloji durumuna və əhval-ruhiyyəsinə öz müsbət təsirini göstərir. Xalq görür ki, dövlət 1992-93-cü illərdəki kimi onları taleyin ixtiyarına buraxmayıb, əksinə, həyatın normal axara düşməsi, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, rifahlarının yüksəlməsi və təhlükəsizliklərinin təmin olunması sahəsində ciddi işlər görür və ən əsası, bütün bu məsələlərə məsuliyyətlə yanaşır.

Sonda bir faktı da qeyd etmək istərdim ki, cəbhə xəttində yaşayan əhalinin dəyanəti, təmkin və səbri yüksək səviyyədədir. Düşmənin namərdliyinə baxmayaraq, insanlar əsgərlərimizin onları canları ilə qoruduqlarını bilir və milli ordumuzun gücünə güvənir.

Rayonumuzun ərazisində, respublikanın digər şəhər və rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülsə də, onların hamısının bir arzusu var: doğma yurd-yuvalarına qayıtmaq! Bu istək bir an belə bizi tərk etmir və əminik ki, tezliklə itirdiyimiz torpaqlara qayıdacağıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əksər çıxışlarında, beynəlxalq səviyyəli görüşlərində birmənalı şəkildə qeyd edir ki, işğal olunmuş torpaqlar danışıqlar mövzusu deyil, bir qarış torpağımızı belə kiməsə güzəştə gedəsi deyilik. Möhtərəm Prezidentimizin bu qətiyyətli mövqeyi doğma torpaqlarımıza qayıtmaq ümidimizi daha da artırır.

Ağdamlılar Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasətini dəstəkləyir, hər an onun əmri ilə silaha sarılmağa, işğal altındakı torpaqlarımızı azad etmək uğrunda müqəddəs savaşa atılmağa hazırdırlar.

 

Allahverən Əliyev,
Ağdam Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında