Bayramın və müasir cəlalın mübarək, Azərbaycan mətbuatı!

 

 

 

 

 

 

 

 

 

 

 

 


Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir   şey varsa, biz onu edirik və edəcəyik.

Ulu öndər Heydər Əliyevin 2001-ci ildə
 mətbuat təmsilçiləri ilə görüşdəki çıxışından



Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 
jurnalistlər üçün tikilmiş növbəti binada
Milli Mətbuat Günü münasibətilə mənzillərin
paylanması mərasimindəki nitqindən

20 iyul 2017-ci il


Ölkənin ictimai-siyasi həyatında baş vermiş ən unudulmaz hadisələrdən biri haqqında qələmə aldığımız qeydləri bilavasitə rəsmi tədbir barədə cümlələrlə deyil, televiziya ekranından eşitdiyim faktın xatırladılması ilə başlamağıma bəlkə də hansısa oxucu irad tuta bilər.  Ancaq yada salmaq istədiyim fakt məni elə sevindirmiş, elə riqqətə gətirmişdi ki,  həmin məqamı mütləq yazının əvvəlində xatırlatmalı oldum.

Telesüjetin qəhrəmanı – gözündə sevinc yaşı ilə təbəssümün ifadəsi çətin olan bir forması görünən  həmkarımız jurnalistlər üçün tikilmiş binada mənzil sahibi olmağın təəssüratını ifadə etmək istəyirdi. Amma  edə bilmirdi. Çünki həm özü, həm də xanımı mətbuat təmsilçisi olan bu gənc ailə  13 il kirayədə yaşamış,  həmişə bir-birinə  “ Bizim də evimiz olacaq”- deyə təsəlli vermişdi.  Günlərin birində – 2017-ci il iyulun 20-də isə paytaxtın ən yaraşıqlı binalarının birində onlara ikiotaqlı mənzil verilmişdi. Özü də, regionun ən nüfuzlu liderlərindən olan Prezident İlham Əliyevin və Azərbaycan mətbuatının tanınmış simalarının iştirakı ilə. Sizcə bu sevincə nail olmuş həmin jurnalist sərbəst danışa bilərdimi? Hələ bu harasıdır, onlar övladlarına və ata-analarına “Bizim də evimiz var!” sevincli xəbərini söyləyəndə hansı hissləri yaşayacaqdılar?

O anda ürəyimdən belə hisslər keçdi:  Ruhun şad olsun, Həsən bəy Zərdabi! Bizim üçün bu bayramın təməlini sən qoymusan. Qəbrin nurla dolsun, ulu öndər! Bu gün əlinə yenicə  qələm almış gənc  dostlarımızdan tutmuş,  saçını-saqqalını mətbuatda ağartmış qocaman jurnalistlərə  qədər bütün  həmkarlarımız yaxşı bilirlər ki, son əlli ildə mətbuata diqqət və qayğı ilə yanaşmağın, jurnalistlərin problemləri ilə maraqlanıb onlara kömək etməyin təməlini məhz ümummilli liderimiz Heydər Əliyev qoymuşdur.  Fikrimcə, iyulun ­20-də, Yeni Salyan yolu 23-də – həmin günə qədər  mövcud olan jurnalist binasının ünvanı Yeni Salyan yolu 22 idi – toplaşmış həmkarlarımızın hamısı elə  bu  fikirdə idi.

...Bu gün ölkəmizdə Mətbuat Günü qeyd edilir. Çoxsaylı təbriklər eşidir, tədbirlər barədə məlumatlar alırıq. Azərbaycan mətbuatı bu təbriklərə də, həmin tədbirlərə də layiqdir. Azərbaycan mətbuatı,  eyni zamanda,  cənab Prezident İlham Əliyevin iyulun 20-də jurnalistlər üçün tikilmiş ikinci binada mənzillərin paylanması  mərasimində söylədiyi dəyərli fikirlərə də layiq idi. Dövlət başçımız Milli Mətbuatımıza, jurnalist təşkilatlarına, bu böyük ailənin  irili-xırdalı bütün redaksiyalarına və hətta ən sadə fərdinə belə fərq qoymadan hamımızın əməyimizi yüksək qiymətləndirdi və hər kəsin qarşısında mühüm vəzifələr dayandığını  söylədi.

Jurnalistləri peşə bayramı münasibətilə təbrik edən, dörd il əvvəl bu  ərazidə ilk binanın açılışı zamanı gələcəkdə buranın “Jurnalist şəhərciyi” olacağı barədə dediyi fikirlərin reallaşmaqda olduğunu yada salan dövlət başçımız Azərbaycan mətbuatının sabahı ilə bağlı ümidverici fikirlər səsləndirdi və əlavə etdi ki, bu binalarda yaşayan və bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir və burada da heç bir ayrı-seçkiliyə yol verilmədi: “Müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvləri olan insanlar burada bir yerdə bir ailə kimi yaşayacaqlar. Əslində, Azərbaycan cəmiyyəti də bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəylik var. Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşib. Bizdə olan inkişaf, sabitlik, əmin-amanlıq, əlbəttə, bu gün siz də yaxşı bilirsiniz ki, dünyanın bir çox yerlərində öyrənilir, bəzən təəccüblə qarşılanır və bunun da çox sadə səbəbi var. Çünki Azərbaycanda çox gözəl, demokratik şərait var. Azərbaycanda iqtisadi inkişaf var. Azərbaycan müstəqil siyasət apararaq həm bölgədə, həm dünyada öz mövqelərini möhkəmləndirib”.

“Mən tam əminəm ki, hər bir ölkənin inkişafı üçün demokratiya xüsusi rol oynayır” – deyən dövlət başçımız bu gün dünyada gedən ictimai-siyasi prosesləri yada salaraq bildirdi ki, ölkə iqtisadi cəhətdən zəngin ola bilər, təbii resurslarla zəngin ola bilər, amma əgər cəmiyyətdə gözəl ab-hava, azadlıqlar yoxdursa, bu inkişaf yarımçıq ola bilər və ya dayanıqlı olmaya bilər. Bizim üstünlüyümüz ondan ibarətdir ki, siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq. Bu da hesab edirəm ki, çox düzgün və düşünülmüş siyasətdir : “Jurnalistlər isə əlbəttə ki, fəaliyyətləri ilə bu inkişafa öz töhfələrini verirlər. Cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz”.

Müasir dünyada jurnalistikanın qarşısında duran vəzifələr barədə danışan dövlət başçımız qeyd etdi ki,  hər bir ölkədə olduğu kimi, Azərbaycanda da jurnalistika həqiqəti əks etdirməlidir. Jurnalistikada, ilk növbədə, həqiqət prinsipləri üstünlük təşkil etməlidir,  – deyən Prezident həmin tezisin Azərbaycan mətbuatına tətbiq ediləcəyi zaman yaranacaq mənzərəni açıq şəkildə təsvir etdi: “Azərbaycan jurnalistikasına gəldikdə, deyə bilərəm ki, yoxlanılmamış, yaxud da yalan, qərəzli məlumatların sayı kəskin şəkildə aşağı düşüb. Bunu cəmiyyət də görür, jurnalistlər də. Əlbəttə, bu, jurnalistlərin fəaliyyəti nəticəsində mümkün olur. Bu, ilk növbədə, jurnalistlərin məsuliyyətinin artması nəticəsində baş verib. Eyni zamanda, hər bir mətbuat orqanı yaxşı başa düşür ki, bir dəfə, iki dəfə, üç dəfə yalan danışmaq olar. Amma ondan sonra həmin mətbuat orqanına heç kim inanmayacaq və o, hörmətdən düşəcək. Ona görə jurnalistikada həqiqət prinsiplərinin bərqərar olması prosesi, əlbəttə, diqqətəlayiqdir və hesab edirəm ki, son illərdə Azərbaycanda bu istiqamətdə müsbətə doğru irəliləyiş var”.

Prezident əvvəlki tədbirlərin hamısında olduğu kimi, bu dəfə də Azərbaycan mətbuatının beynəlxalq aləmə çıxışının zəruriliyini dilə gətirdi: “Biz xarici informasiya məkanına çıxışımızı daha da genişləndirməliyik. Bu istiqamətdə yaxşı nəticələr var. Mən xatırlayıram, jurnalistlərlə əvvəlki görüşlərimdə də bunu demişdim. Demişdim ki, daha çox xarici dillərdə saytlar açılsın, biz daha çox xarici informasiya məkanına çıxaq. Bizim imkanımız olsun ki, vacib informasiyanı dərhal aparıcı media qurumlarına çatdıra bilək. Əvvəllər belə imkanlar bizdə yox idi və bu, bizim üçün problem yaradırdı. Çünki əvvəlki illərdə bizə qarşı koordinasiya edilmiş çox ciddi və çirkin informasiya kampaniyaları aparılırdı ki, guya, Azərbaycan geridə qalmış dövlətdir, Azərbaycanda inkişaf, demokratiya yoxdur. Bunun məqsədi bəllidir – həm bizi öz təsiri altına salmaq, nəyəsə məcbur etmək və ümumiyyətlə, ölkə haqqında mənfi imic yaratmaq və ondan sonra öz maraqlarını rahatlıqla təmin etməkdir. Ona görə biz çalışırdıq ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıraq və o qədər də geniş imkanlarımız yox idi. Bu gün bu imkanlar var. Yaxın tarix onu göstərir ki, biz bu istiqamətdə kifayət qədər geniş imkanlara malikik. Həm dövlət, həm də media orqanları bu istiqamətdə fəal işləyirlər. Məni sevindirən hal odur ki, biz vahid siyasət aparırıq”.

Milli Mətbuat Günü və jurnalistlər üçün tikilmiş ikinci yaşayış binasının istifadəyə verilməsi münasibətilə qələmə aldığımız sətirləri Azərbaycan Prezidentinin nitqindəki daha  inamlı, qətiyyətli və ümidverici fikirlərlə yekunlaşdırırıq: “Bir daha demək istəyirəm ki, Prezident kimi mən azad medianın inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm. Jurnalistlərin məişət problemlərinin həlli üçün də bundan sonra da biz öz addımlarımızı atacağıq. Çünki mən yaxşı başa düşürəm ki, jurnalist biznesmen, iş adamı deyil. Jurnalistika ilə məşğul olan insan üçün mənzil almaq o qədər də asan məsələ deyil və dövlət burada həmişə sizin yanınızdadır. Azərbaycan dövləti güclü dövlətdir, sosial dövlətdir. Siz bilirsiniz ki, biz sosial məsələlərin həlli üçün bütün lazımi tədbirləri görürük. Neftin qiymətinin qalxmasına, düşməsinə baxmayaraq, sosial proqramların icrasında heç bir geriləmə, yubanma yoxdur. İkinci binanın tikintisinə dörd il vaxt gedib. Bu üçüncü binanı da biz maksimum üç ilə tikməliyik. Qaldı maliyyə vəsaitinə, burada heç bir problem olmayacaq ki, biz sizinlə tezliklə üçüncü binanın açılışında görüşək!”

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında