Milli mətbuatımız milli oyanış və istiqlal mübarizəsi tariximizin şərəfli salnaməsidir

Milli mətbuatımızın 142 yaşı tamam olur. Müstəqillik illərində Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd edilən ilk anadilli qəzetin nəşrə başladığı 22 iyul 1875-ci il tarixinin ildönümləri həm də ölkəmizdə söz yaradıcılığının, fikir və düşüncə azadlığının bayramıdır. Sözümüzün tarixi isə özümüz qədər qədim, özülümüz qədər dərindir.

Hələ milli mətbuatımızın yaranmasından əvvəl Azərbaycan ictimai fikir tarixi min  ildən  çox dövrü əhatə edən böyük təkamül yolu keçmiş və öz yaradıcılığının misilsiz ənənələrini yaratmışdır. Dədə Qorqud qopuzunun sədasından doğub, Nizami, Nəsimi, Fizuli kimi söz dühalarının cilasından keçən və Mirzə Fətəli yaradıcılığında artıq  milli ideyanın ifadəçisi səviyyəsinə yüksələn Azərbaycan sözü məhz 142 il öncə  Həsən bəy Zərdabinin “Əkinçi”si timsalında və milli mətbuatımızın ilk nümunəsini ərsəyə gətirmişdir. Əşyalara ad verilməsindən başlayıb milli ideyanı ərsəyə gətirməyə qədər uzun tarixi yolda daim yüksələn milli söz XIX əsr maarifçilərimizin fikir və düşüncələrində yetkinləşən milli ideologiyamızı  ictimai şüurun aparıcı qüvvəsinə çevirə bilmişdir.

Sözdən düşüncələrə hoparaq, oradan də əməllərə keçərək, milli ictimai şüuru hərəkətə gətirməsi ilə ilk milli demokratik dövlətimiz olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. Bu tarixi zəfər isə dahi Fizulinin vəsf etdiyi əlahəzrət “Söz”ün qüdrətini və təntənəsini nümayiş etdirmişdir. 142 yaşlı  milli mətbuatımız sözün və söz sənətkarlığımızın öz funksiyasında ən yüksək əməli nəticələrə gətirib çıxardığı uzun yolda  yeni yüksək mərhələsidir.

Milli mətbuatımızın yarandığı dövr tarix üçün də yeni bir dövr idi.  Bu, sözün sentimental və ruhani hissiyatların  təsvirindən real həyat düşüncələrinin ifadəçisinə çevrildiyi, mifik qəhrəmanlığı göylərə yüksəldən mücərrəd saray poetikasından  insanların düşüncəsinə nüfuz etməklə, ictimai şüuru təkmilləşdirən, milli dünyagörüşünü formalaşmağa istiqamətləndirən və bununla da söz yaradıcılığına  ictimai-siyasi çalarlar gətirən realist  yaradıcılıq mərhələsinə keçid dövrü idi.

Söz və fikir tariximizin bu mərhələsi – 142 illik milli mətbuat tarixi mübarizə, təkamül və qələbələr dövrüdür.  İlk mətbu orqanımız “Əkinçi”nin  2 illik qısa müddətdə işıq üzü görməsindən dərhal sonra bir-birinin ardınca açılan qəzetlərimiz də ağır təzyiqlərlə üzləşərək, qısa müddətdən sonra bağlanmalı olmuşdu. Buna baxmayaraq,“Əkinçi”, “Ziya”, “Kəşkül”, “Kaspi” kimi mətbu orqanlarımız ictimai-siyasi şüurun inkişafına əhəmiyyətli təkan verdi, insanların yeni idealları uğrunda mübarizəsinə yol aça bildi.

Həsən bəy Zərdabi, Səid və Cəlal Ünsizadələr, Məhəmməd ağa Şahtaxtlı, Əlimərdan bəy Topçubaşov kimi naşir-redaktorlarımız, Nəcəf bəy Vəzirov, Seyid Əzim Şirvani, Sultan Məcid Qənizadə, Firudin bəy Köçərli, Nəriman Nərimanov, Məmməd Kəngərli kimi milli ideya daşıyıcılarımız milli mətbuatımızın məktəb və ənənəsini yaratmağa nail ola bildilər. Heç təsadüfi deyil ki, o zamankı naşirlər və qəzetçilər peşə baxımından jurnalist deyildilər, lakin mətbuat onlar üçün xalqın, millətin şüuruna çatdırmaq istədikləri mütərəqqi ideyaların yayılmasına və keyfiyyətcə yeni bir cəmiyyətin yaranmasına nail olmaq üçün istifadə etdikləri ən münasib və güclü vasitə idi. Ona görə də XIX əsr ziyalılarımızın, demək olar ki, hamısının həyatı  mətbuatla sıx bağlı olmuşdu.

XX əsrin əvvəllərində isə Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, ­Haşım bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Üzeyir bəy Hacıbəyli və digər ziyalılarımız bu ənənəni davam etdirərək “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Tazə Həyat”, “Tərəqqi”, “Həqiqət”, “Açıq söz” və digər məşhur mətbu orqanlarımızı yaratmaqla artıq möhkəmlənməkdə olan milli şüuru dövlətçilik məfkurəsi səviyyəsinə yüksəldə bildilər. Məhz bu qeyrətli insanların fədakarlığı və əzmkarlığı sayəsində Azərbaycan milli şüuru yeni dövrün başlanğıcında özünün intibah mərhələsinə yüksəlmiş və tarixdə ilk türk cümhuriyyətini – azad insan və demokratik cəmiyyət nümunəsini yarada bilmişdi.

Mövcud olduğu qısa zaman kəsiyində “İnsanlara hürriyyət, millətlərə istiqlal” məramını bəyan etmiş ilk milli cümhuriyyətimizdə mətbuatımız azadlıq coşqusu ilə yüksəlmiş, böyümüş və gənc dövlətdə sürətli quruculuq və yaradıcılıq marafonuna əvəzsiz töhfələr vermişdi. 1920-ci ildə dövlət suverenliyimizə son qoyan imperiya milli mətbuatımızın da müstəqilliyinə son qoymuşdu. İmperiya nəzarəti altında yaranan yeni sovet mətbuatı isə yalnız  bolşevik ideologiyasının  imkan verdiyi özünəməxsus formatda mövcud olmuşdu. Buna baxmayaraq, milli mətbuatımız mübarizə yolundan dönməmiş, ictimai-siyasi hadisələrə obyektiv münasibət bildirməyin mümkün olmadığı ən çətin zamanlarda belə öz səylərini əhalinin savadlanması, milli- mədəni dəyərlərimizin qorunması və ən başlıcası isə doğma ana dilimizin ədəbi dil kimi təkmilləşməsi işinə yönəltmişdi. O dövrkü jurnalistikamız demokratik mətbuatımızın vətənçilik ənənəsinə sadiq qalaraq milli varlığımızın, mənəvi dəyərlərimizin qorunub saxlanmasına misilsiz xidmətlər göstərmişdi.

1991-ci ildə dövlət müstəqilliyimizin bərpası Həsən bəy Zərdabidən gələn keşməkeşli  milli mətbuat yolunu yenidən işıqlandırdı və artıq onlarca deyil, yüzlərlə demokratik media qurumu millətin azadlıq coşqusundan doğan əzmkarlıqla yeni cəmiyyət quruculuğuna qoşuldu. 1998-ci ilin avqustunda ümummilli lider Heydər Əliyevin mətbuat üzərində senzuranın ləğv olunması haqqında tarixi fərmanı isə milli mətbuatımızı əbədi azadlığa qovuşdurdu, onun inkişaf yolunda intəhasız üfüqlər açdı.

 Prezident Heydər Əliyevin mətbuata özəl münasibəti, jurnalistlərə qarşı sonsuz səmimiyyəti və qayğıkeşliyi müstəqilliyin hələ kifayət qədər möhkəmlənmədiyi bir dövrdə milli mətbuatımızı dövlət quruculuğu işlərinə töhfələr verməyə sövq edirdi. Lakin bir tərəfdən, ölkədə hökm sürən müharibə şəraiti və digər tərəfdən isə yaranmaqda olan yeni iqtisadi münasibətlər çərçivəsində maddi vəsait çatışmazlığı milli mətbuatımızın sərbəst inkişafına mane olurdu.

Cari istehsal fəaliyyəti üçün mətbu orqanların dövlət qurumlarına külli miqdarda yaranmış borcları çoxsaylı qəzet və jurnalları bağlanmaq təhlükəsi qarşısında qoymuşdu. Ən çətin zamanlarda milli mətbuatımıza xüsusi təəssübkeşliklə yanaşan Heydər Əliyev o zaman da milli mətbuata dövlət qayğısının yeni nümunəsini yaratdı. Dövlət başçısının qəzet-jurnalların borclarının silinməsi haqqında sərəncamı bu nəşrlərə öz fəaliyyətini davam etdirmək üçün nəfəs verdi. Yeni ictimai-siyasi şəraitdə meydana çıxan fikir plüralizminin, çoxsaylı partiya və qrup mənafelərinin, mətbuata xarici və daxili təsir cəhdlərinin bir-birinə qarışdığı mürəkkəb, lakin kifayət qədər geniş bir rəqabət meydanında  milli mətbuatımız “çəkişməklə bərkişmək” mərhələsini də yaşadı.

Son 14 ildə isə Prezident İlham Əliyevin mətbuata münasibətdə sərgilədiyi səmimi dostluq münasibətləri milli mətbuatı və KİV nümayəndələrini dövlətçilik mənafeyi naminə ümummilli maraqlar ətrafında birləşməyə, xalqın mənafeyinə xidmət etməyə səfərbər etməkdədir. Bu gün Azərbaycan söz və fikir azadlığının tam bərqərar olduğu, hər bir vətəndaşın istənilən mətbuat orqanına maneəsiz çıxışının təmin edildiyi bir məkandır.

Əhalinin böyük əksəriyyətinin internet istifadəçisi olduğu bir cəmiyyətdə yeni texnologiyalara əsaslanan elektron kütləvi informasiya vasitələrinin inkişafı mətbuatın daha çevik, daha operativ fəaliyyət göstərməsi üçün ideal şəraiti təmin edir. Lakin mükəmməl demokratik jurnalistikanın gerçəkləşdirilməsi, söz azadlığı prinsiplərinin tam bərqərar edilməsi uğrunda mübarizə davam edir. Çağdaş sərbəstlikdən sui-istifadə etməyə çalışaraq, dövlətçiliyimiz əleyhinə gizli-aşkar fəaliyyət göstərən bir sıra xarici təşkilatların və 5-ci kolon nümayəndələrinin bəzi mətbuat orqanlarını öz təsiri dairəsinə salmaq cəhdləri də günümüzün danılmaz reallığıdır.

Beynəlxalq arenada  öz milli maraqlarını qorumaqla müstəqil siyasət yeritməyə cəhd edən yeni nəsil dövlətlər üçün xarakterik olan bu hal  ölkəmizdə də müşahidə olunur. Bunun səbəbləri də bəllidir. Əslində, dünya siyasətinin cilovunu öz əllərində saxlamağa çalışan güc mərkəzləri yeni inkişaf mərhələsinə qədəm qoymuş ölkələr haqqında  beynəlxalq mətbuatda dezinformasiyalar yaymaqla həmin dövlətləri müstəqil siyasət yürütməkdən çəkindirməyə və beləliklə də, özlərini siyasi təsir dairələrində saxlamağa çalışırlar.

Yerli-yersiz ölkəmizdə mətbuat azadlığının mövcudluğuna kölgə salmaq istəyən bəzi beynəlxalq təşkilatların vaxtaşırı hücumları da məhz bu məqsədə xidmət edir. Lakin belə cəhdlər ardıcıl olaraq uğursuzluğa düçar olur. Ötən illərdə Azərbaycanda  dövlət-mətbuat –
cəmiyyət üçbucağının elə bir konstruktiv konfiqurasiyası formalaşmışdır ki, bu qarşılıqlı münasibətlər sistemində Azərbaycanın müstəqilliyinin qorunması, xalqın mənafeyinin və milli maraqların müdafiə edilməsi cəmiyyətin prioriteti hesab olunur. Mövcud münasibətlər sistemi hər bir vətəndaşın fərdi maraqlarından, hüquq  və vəzifələrindən başlayaraq, dövlətin milli maraqlarına və vətəndaş qarşısında öhdəliklərinə qədər ictimai-siyasi həyatın bütün səviyyələrində qarşılıqlı etimadı təmin edir. Məhz belə bir münasibətlər sistemi dövlət-cəmiyyət vəhdətinin təməlini təşkil edir.

Dövlətlə xalq arasında hökm sürən vəhdət isə, öz növbəsində, Azərbaycan müstəqilliyini əbədi, dönməz və sarsılmaz edən ­başlıca amildir. Azad cəmiyyət və güclü dövlət tandeminin doğurduğu bu vəhdətin  daha da möhkəmlənməsində milli mətbuatımızın rolu həlledicidir.

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında