Azərbaycan mətbuatı: söz, fikir azadlığından azad mediaya qədər

Söz və fikir azadlığı hər bir insanın ayrılmaz hüququdur. Azad media sivil, demokratik cəmiyyətdə vətəndaşların ictimai forumu rolunu oynayır. Belə ki, vətəndaş öz fikir və düşüncəsini sərbəst ifadə etməklə cəmiyyətin tərəqqisinə töhfə verir. Buna görə də hər sivil dövlətdə azad, müstəqil medianın təşəkkül tapması çox vacibdir. Azərbaycan dövləti sivil, demokratik dəyərlərə sadiqlik nümayiş etdirərək, ölkəmizdə söz və fikir azadlığının, azad medianın bərqərar olmasına böyük önəm verir.

Bu, bir həqiqətdir ki, azad mediaya sahib olmayan cəmiyyətlərin davamlı  iqtisadi, siyasi inkişafı qeyri-mümkündür. Bu həqiqəti çağdaş dünyada hər kəs qəbul edir və hətta ən avtoritar rejimlər belə, ən azı, sözdə media azadlığına qarşı çıxmırlar. Lakin söz, fikir, düşüncə və media azadlığı, onun məğzi yalnız cəmiyyət tərəfindən dərk olunduğu zaman real fayda verir, süni, hibrid halda o, yalnız ziyan gətirir.

Azad media azad sözün, insan hüquqları və azadlıqlarının həm də qoruyucusu rolunda çıxış edir. Bu, şərəfli missiyadır və cəmiyyət, öz növbəsində, jurnalistikaya adekvat diqqət və qayğı ilə cavab verir. Təəssüf ki, dünyanın heç bir yerində mütləq, ideal media azadlığı yoxdur və bu, mümkün də deyildir. Rus və ingilis dillərində bir çox müəllif proqramının aparıcısı, məşhur televiziya jurnalisti Vladimir Poznerin fikrincə, media, hətta onun sərbəst fəaliyyəti üçün ideal şərait yaratdığını iddia edən Amerika Birləşmiş Ştatlarında belə tam azad deyil.

 Qərb mətbuatının bütün incəliklərinə yaxşı bələd olan bu təcrübəli jurnalist çağdaş medianı hər iki tərəfindən hündür hasar çəkilən uzun dəhliz boyu sərbəst hərəkət etməsinə icazə verilən şəxsə bənzədib. Jurnalist hasarın o tayına boylana bilməz. Lakin bütün çətinliklərə baxmayaraq, doğru söz, əsl həqiqət ən çətin maneələri belə aşa bilir.

Bir anlıq təbiətə nəzər yetirək: Qollu-budaqlı, azman ağaclar torpağın dərin qatlarına işləyən kökləri üzərində durduqları, “göydələnlər” möhkəm və etibarlı bünövrələrin üstündə bərqərar olduqları kimi, sivil millətlər də demokratiyanın məhək daşı sayılan azad mətbuata, daha geniş anlamda, azad mediaya mənəvi ehtiyac duyurlar. Təbii ki, ictimai-siyasi fəallığı ilə seçilən demokratik toplumlar azad medianın hüquqi bazasını qurmağa və daim təkmilləşdirməyə  çalışırlar.

Lakin həqiqətin gözünə dik baxmaq lazımdır. Dünyanın heç bir ölkəsində azad medianın yaranması və  təşəkkülü prosesi asan olmayıb. O xalqlar ki, söz, fikir azadlığı, plüralizmə əsaslanan medianın sərbəst fəaliyyət göstərməsinin ümumi mənafe üçün faydalı və alternativsiz olduğunu qəbul ediblər, təbii ki, onlar vətəndaş cəmiyyəti quruculuğunda daha üstün mövqelər qazana biliblər.

Azərbaycan xalqı sivil, demokratik düşüncəyə sahib olan xalqlardandır ki, söz, media azadlığını və tolerantlığı özünün mənəvi, əxlaqi və ictimai dəyərlərinə, həyat və düşüncə tərzinə çevirə bilib. Bu gün biz haqlı olaraq azad mediaya sahib olmağımızla fəxr edirik. Qeyd edək ki, bu səviyyəyə çatana qədər milli mətbuatımız mürəkkəb təkamül yolu keçib.

 Xatırladaq ki, ölkəmizdə söz, düşüncə azadlığı bir mütərəqqi ideya olaraq, öncə ictimai-fəlsəfi fikirdə  intişar edib. Azərbaycanda ilk dəfə dahi mütəfəkkir Mirzə Fətəli Axundov söz və mətbuat azadlığının milli tərəqqi üçün vacib olduğunu söyləyib. Xalqımızın fikir və qələm dühaları – Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli və başqaları, ilk növbədə, məhz, mətbu nəşrlər vasitəsilə milli intibahımız yolunda böyük xidmətlər göstəriblər.

Çox təəssüf ki, 1920-ci ildə Sovet Rusiyası Azərbaycanı işğal edərək, azad sözə, mətbuata yasaq qoydu. Ən işıqlı ziyalılarımız ağır təzyiq və işgəncələrə məruz qaldı, çoxu fiziki cəhətdən məhv edildi. Lakin Stalinin ölümündən sonra sovet mətbuatında müəyyən “yumşalma” baş verdi və yalnız bundan sonra o dövrün çox məhdud imkanları çərçivəsində sətiraltı da olsa, həqiqəti yazmaq, səsləndirmək imkanı yarandı.

Azərbaycan ötən əsrin sonlarında ikinci dəfə öz istiqlalına qovuşanda, təbii ki, söz, fikir və media azadlığı üçün real üfüqlər açıldı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilmiş ölkə Konstitusiyasının 47-ci maddəsində hər kəsin fikir və söz azadlığı, 50-ci maddəsində məlumat azadlığı təsbit olundu. Hər kəs istədiyi fikri ifadə etmək azadlığı ilə bərabər, məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququ qazandı.

Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti beynəlxalq birliyin üzvü olaraq, söz və düşüncə azadlıqlarını nəzərdə tutan bütün mühüm sənədləri imzalayıb və onların icra olunmasını təmin edir. Belə ki, ölkəmiz Ümumdünya İnsan Hüquqları üzrə Bəyannaməni və “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasını və başqa vacib hüquqi-normativ sənədləri təsdiq edib. Azərbaycanda 1996-cı ildə “Mətbuat azadlığı haqqında”, 2003-cü ildə “İnformasiya azadlığı haqqında” Qanunlar qəbul edilib. Bu tarixi sənədlər dövlət orqanlarını, o cümlədən özəl, fiziki və hüquqi şəxsləri “informasiya sahibi” hesab edir və onların üzərinə konkret vəzifələr qoyur.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə söz azadlığının daha da güclənməsi, medianın azad, sərbəst fəaliyyət göstərməsi üçün  davamlı işlər görülür. İndi dünyada çox az ölkə tapılar ki, azad media, onun maddi bazasının möhkəmləndirilməsi, jurnalistlərin öz peşə vəzifələrini sərbəst həyata keçirmələri, maddi-məişət şəraitlərinin yaxşılaşdırılması üçün Azərbaycanda olduğu qədər şərait yaradılsın.

Burada bir məqamı da vurğulamaq istərdim. Söz, fikir və düşüncə azadlığı ölkənin inkişafı, əhalinin rifahı ilə harmonik inkişaf etməlidir. Əks halda, cəmiyyətdə radikallaşma baş verə bilər. Bir sıra postsovet ölkələrindən fərqli olaraq Azərbaycanda demokratik proseslər iqtisadi islahatlarla paralel aparılıb. Ölkə vətəndaşlarının siyasi hüquq və vəzifələri onların cəmiyyətin iqtisadi və siyasi idarəedilməsinə cəlb olunmaları ilə bərabər həyata keçirilib.

Azərbaycan cəmiyyəti yüksək intellektə, geniş erudisiyaya malik sosiumdur. Ölkəmizdə və dünyada baş verənlər ölkə vətəndaşları üçün təkcə adi bir yenilik kimi maraq daşımır, həm də onların cəmiyyətin həyatında iştirak edərək düzgün qərar çıxarmaları üçün vacibdir. Bu mənada informasiyanın ən adi vətəndaşa əlçatan olması, azad sözlə azad medianın bir-birini tamamlaması, vəhdət təşkil etməsi zəruridir.

Azərbaycanın orta və yaşlı nəsil jurnalistlərinə ölkəmizdə azad medianın formalaşması prosesinin şahidi və iştirakçıları olmaq şansı nəsib olub. Müstəqil ölkənin qələm əhli olaraq bundan hər birimiz şərəf duyuruq. Azərbaycan 26 il əvvəl öz müstəqilliyini yenidən bərpa edərək azad, sivil, demokratik dövlət quruculuğuna başlayıb. Sirr deyil ki, xalqımız öz azadlığına, bundan sonrakı mərhələdə dünya birliyində öz layiqli yerini tutana qədər ağır, çətin sınaqlardan keçib.

Maraqlı cəhət budur ki, ölkəmizdə azad medianın formalaşdırılması prosesi ilə milli dövlətçilik quruculuğu üst-üstə düşüb. Xalqımızın bəxti onda gətirib ki, həmin dövrdə ölkəmizə Heydər Əliyev kimi dahi siyasətçi başçılıq edib. Millətini sonsuz məhəbbətlə sevən ulu öndərin zəngin siyasi təcrübəsi, qeyri-adi qətiyyəti sayəsində ölkəmizdə dövlətçiliyimizin etibarlı bünövrəsi qoyulub.

Ümummilli lider mətbuatın inkişafına bir an azalmayan qayğı və diqqət ilə yanaşırdı. Azərbaycanda dövlət senzurasının ləğv olunması, qəzet kağızının əlavə dəyər vergisindən azad edilməsi, qəzet redaksiyalarının Azərbaycan nəşriyyatına yığılıb qalmış kifayət qədər böyük borclarının silinməsi və sair bu kimi başqa vacib addımlar ölkəmizdə azad mətbuatın formalaşmasına münbit şərait yaradıb. Ulu öndərin milli dövlət quruculuğunda azad mətbuat ilə bağlı siyasəti son 14 ildə Prezident İlham Əliyevin liderliyi ilə yeni dövrün reallıqlarına uyğun yaradıcı şəkildə davam etdirilib.

Bu gün bütün dünya Prezident İlham Əliyevi xalqının, dövlətinin maraqlarını hər şeydən üstün tutan, ölkəsinin elmi və kadr potensialını uğurla istiqamətləndirə bilən, Azərbaycanın üzləşdiyi problem və çağırışları həll etməyə qadir olan müdrik və qətiyyətli dövlət başçısı kimi tanıyır. Bəli, Azərbaycan
Prezidenti güclü, müstəqil, xarizmatik bir siyasətçidir. Doğma ana dilindən başqa rus, ingilis və fransız dillərini əla bilən dövlətimizin başçısı yüksək intellekti, kübar davranışı ilə də media təmsilçilərini heyran qoyur.

Azərbaycan liderinin əsas məqsədlərindən biri də Azərbaycan mediasının ən yüksək beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsinə nail olmaqdır. Təsadüfi deyil ki, bu məqsədə çatmaq üçün ölkəmizdə ardıcıl işlər görülür. 2003-cü il martın 15-də Azərbaycan Mətbuat Şurası ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb və o vaxtdan uğurla fəaliyyət göstərir. Şuranın məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarət etmək, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqə və etimadı möhkəmləndirmək, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaratmaqdır.

Yeri gəlmişkən, bu illər ərzində şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyə qədər həlli variantlarının araşdırılması, ölkədə reket jurnalistikasının qarşısının alınması sahəsində faydalı işlər görüb. 2008-ci ildən Azərbaycan Prezidentinin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun əsas vəzifəsi fikir, söz və məlumat azadlığını, plüralizmi inkişaf etdirmək, kütləvi informasiya vasitələri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədi ilə qanunvericiliyi təkmilləşdirmək, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasını möhkəmləndirməkdir.

Təqdirəlayiq haldır ki, fond dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqram və layihələri maliyyələşdirir. Bu dəstəyin nəticəsi olaraq Azərbaycanın aparıcı qəzet və jurnalları, radio və televiziya kanalları cəmiyyəti maraqlandıran məsələlərə daha çox diqqət yetirir. Fond ayrı-ayrı istiqamətlər üzrə jurnalistlər arasında yazı müsabiqələri təşkil edir ki, bu, mətbuat işçilərini öz üzərində daha çox işləməyə, peşəkarlıqlarını artırmağa sövq edir.

Azərbaycan mediası qarşısında duran əsas vəzifələrdən biri də Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaq, Ermənistan dövlətinin təcavüzkar siyasətini ifşa etməkdir. Ölkə jurnalistləri, ziyalılarımız həm yerli, həm də qlobal mediada  ermənilərin hər cür dezinformasiya və  yalanlarını ifşa etmək üçün əllərindən gələni edirlər. İnanırıq ki, doğru söz yerdə qalmayacaq, beynəlxalq ictimaiyyət təcavüzkarın iç üzünü yaxından tanıyacaq.

Azərbaycanda Prezident İlham Əliyevin müdrik liderliyi ilə fundamental insan hüquq və azadlıqları qorunan sivil, demokratik cəmiyyət quruculuğu uğurla davam edir. Bu prosesdə azad sözün, müstəqil  medianın böyük səfərbəredici rolu var. Azərbaycan mediası, jurnalistlərimiz bu həqiqəti dərk edir, öz vəzifələrinin   öhdəsindən ləyaqətlə gəlmək əzmindədirlər.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında