Ermənistanın Dağlıq Qarabağda indiyədək keçirdiyi qondarma “seçkilər” tanınmayıb, bundan sonrakılar da tanınmayacaq

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində iyulun 19-da keçirilən “prezident seçkiləri” cinayətkar rejimin özü kimi qondarmadır. 25 ilə yaxındır ki, Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağda bir neçə dəfə belə qondarma seçkilər keçirilsə də, dünyanın heç bir dövləti və beynəlxalq təşkilatlar qondarma rejimin bu oyuncaq seçkisinin nəticəsini tanımayıb.

Xatırladaq ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan və Ermənistan silahlı qüvvələri tətəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejim artıq neçənci dəfədir ki, beynəlxalq hüquq normalarına tamamilə zidd olan qondarma seçkilər keçirir. 2012-ci il iyulun 19-da qondarma “prezident seçkiləri”nin, 2015-ci il mayın 3-də “parlament seçkiləri”nin, 2015-ci il sentyabrın 13-də “özünüidarə orqanları”na seçkilərin, 2017-ci il fevralın 20-də “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum”un keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir.

Hər dəfə belə saxta seçkilərdən sonra həm dünya dövlətlərinin, həm də beynəlxalq qurumların verdiyi bəyanatlar da təsdiqləyir ki, qondarma Dağlıq Qarabağ Respublikasını bu vaxta qədər tanıyan yoxdur. Hətta Ermənistan dövləti də bu günə qədər Dağlıq Qarabağı müstəqil respublika kimi tanımayıb. Çünki işğalçı Ermənistan dövlətinin rəhbərliyi, ziyalıları, tarixçiləri, ekspertləri çox yaxşı bilirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Hətta erməni tarixçiləri tarixi faktları saxtalaşdırmağa cəhd etsələr də, xəbis niyyətlərinə nail ola bilmədilər.

Dünya birliyinə də məlumdur ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın nəzarəti altında olan və tanınmamış qanunsuz rejim həmin bölgədə azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında yaradılmış cinayətkar qurumdur. Bununla yanaşı, Ermənistan münaqişənin həlli ilə bağlı danışıqlarda Dağlıq Qarabağın “müstəqil” tərəf kimi iştirakını təmin etməyə çalışır. Amma 2016-cı ilin aprel döyüşləri onu sübut etdi ki, “Dağlıq Qarabağ” adlı qurum mifdir. Dördgünlük müharibədə qarşı tərəfin itkiləri arasında bir nəfər də olsun Dağlıq Qarabağ ermənisi yox idi. Çünki “Dağlıq Qarabağ ordusu” mövcud deyil. Orada Ermənistan silahlı qüvvələri var və torpaqlarımızın 20 faizi bu ölkə tərəfindən işğal olunub.

Bundan əlavə, istər ATƏT-in Minsk qrupunun həmsədrləri, istərsə də vasitəçilik missiyasını öz üzərlərinə götürmüş böyük dövlətlər Ermənistana təzyiq etmək, ümumiyyətlə, işğal faktını qəbul etmək istəmirlər. Bundan istifadə edən Ermənistan ərazi ələ keçirmək məqsədilə başladığı təcavüz üçün daşıdığı məsuliyyətdən qaçmağa can atır, Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə dünyaya qəbul etdirməyə çalışır. Bu cür “seçkilər”in keçirilməsinin əsl mahiyyəti də məhz ondan ibarətdir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayacağını və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu, bunun beynəlxalq hüququn normaları ilə təsdiq edildiyini vurğulayıb: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq! Azərbaycan, nəyin bahasına olursa –  olsun, işğal olunan torpaqlarını azad edəcək”.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da işğalçı rejimin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda qondarma seçki keçirmələri gündəmə gətirilmişdir. Möhtərəm Prezidentimiz dünya birliyinin belə saxta seçkilərə “Yox” deməsini bir daha diqqətə çatdırmışdır: ”Mən bir neçə faktı Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. İlk növbədə, bu il qondarma separatçı rejim Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə Dağlıq Qarabağda növbəti qondarma, qanunsuz, dırnaqarası referendum keçirmişdir. Bu “referendum”un keçirilməsi, əslində, onların böyük səhvidir, daha doğrusu, axmaqlığıdır. Onların bir qədər ağlı olsaydı, heç vaxt buna getməzdilər. Çünki bəri başdan bəlli idi ki, dünya birliyi bu qondarma tədbiri tanımayacaq. Belə də oldu. Minsk qrupu bəyanat verdi, onun həmsədrləri – Amerika, Fransa, Rusiya “referendum”u tanımadılar. Avropa İttifaqı referendumu tanımayıb. Qonşu ölkələr – İran, Gürcüstan “referendum”u tanımayıb. Digər ölkələr də oxşar bəyanatlarla çıxış etdilər. Bu qondarma “referendum”un tanınmaması Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir. Bütün dünya və münaqişənin həlli ilə bilavasitə məşğul olan ölkələr bu münasibətləri ilə bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həqiqətdir, bu, tarixi həqiqətdir və əlbəttə ki, bu həqiqət bir daha qeyd olundu. Bu, Ermənistanın növbəti biabırçılığı idi”.

Ermənistan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət verməyərək, artıq neçənci dəfədir ki, Azərbaycan Respublikasının işğal altındakı ərazilərində belə qondarma “seçkilər” təşkil edir. Bütün dünyaya məlumdur ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş cinayətkar qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar və dünya ölkələri Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədilə Dağlıq Qarabağda əvvəllər keçirdiyi bu cür qondarma “seçkilər”i heç vaxt tanımayıb. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, təcavüzə məruz qalaraq oradan məcburən köçkün düşmüş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından sonra Azərbaycan qanunları əsasında keçirilə bilər.

İşğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə həmişəki kimi yenə də hörmətsizlik etməsini ortaya qoyur. Bu, ilk növbədə beynəlxalq birliyin işğalçı dövlətə ciddi sanksiyalar tətbiq etməməsindən irəli gəlir. İşğalçı Sarkisyan rejimi Azərbaycanın işğal olunmuş ərazilərində “seçki” keçirməklə, beynəlxalq hüquq normalarına zidd hərəkətləri ilə Dağlıq Qarabağ münaqişənin nizamlanması istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarına, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslərinə ciddi zərbə vurur. Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almalı, qəti addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.

Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının professoru, 
siyasi elmlər doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında