Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olanlar regionun bütün ölkələrinin inkişafını əngəlləyirlər

Qondarma qurumda gah “referendum”, gah da “seçki”lərin keçirilməsi münaqişəni körükləyənlərin əməlidir

 

 

 

 

 

 

 

 

 

 

 


Mən bir neçə faktı Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. İlk növbədə, bu il qondarma separatçı rejim Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə Dağlıq Qarabağda növbəti qondarma, qanunsuz, dırnaqarası referendum keçirmişdir. Bu “referendum”un keçirilməsi, əslində, onların böyük səhvidir, daha doğrusu, axmaqlığıdır. Onların bir qədər ağlı olsaydı, heç vaxt buna getməzdilər. Çünki bəri başdan bəlli idi ki, dünya birliyi bu qondarma tədbiri tanımayacaq. Belə də oldu. Minsk qrupu bəyanat verdi, onun həmsədrləri – Amerika, Fransa, Rusiya “referendum”u tanımadılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən


Dünyadakı münaqişələrin mümkün qədər daha tez və növbəti eskalasiyalara səbəb olmadan həll edilməsinə çalışan beynəlxalq  ictimaiyyətin  ciddi cəhdlərinə  baxmayaraq, ayrı-ayrı qüvvələr araqarışdırıcı əməllərindən əl çəkmirlər.

Həmin qüvvələr Azərbaycanın BMT tərəfindən tanınmış ərazisi, xalqımızın əzəli torpaqları olan, son 25 ildə isə Ermənistanın işğalda saxladığı qondarma Dağlıq Qarabağ respublikasında  gah  seçkilər keçirilməsini dəstəkləyir, gah da hansısa referenduma ehtiyac olduğunu “əsaslandırırlar”. Əslində isə bölgənin azərbaycanlı icmasının öz ata-baba ocaqlarına qayıtmasınadək orada keçirilən istənilən səsvermə qeyri-qanunidir və bunu beynəlxalq təşkilatlar da dəfələrlə təsdiq  ediblər.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu gün Dağlıq Qarabağda keçiriləcək “prezident seçkilərini” nəinki əsassız və qeyri-qanuni, hətta  gülünc adlandırır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin  qondarma rejimdə qanunsuz “prezident seçki”sinin keçirilməsi ilə əlaqədar  verdiyi şərhdə bildirilir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “parlamenti”nə 3 may 2015-ci il tarixində keçirilmiş qurama “seçkilər”, 20 fevral 2017-cı il tarixində “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” beynəlxalq ictimaiyyət tərəfindən rədd edilib və tanınmayıb. Qanunsuz “parlament” tərəfindən saxta “prezident seçki”sinin keçirilməsi özünü gülünc vəziyyətinə qoymaqdan və öz-özünü aldatmaqdan başqa bir şey deyildir. Hər kəsə çox yaxşı məlumdur ki, qondarma rejimin kriminal “rəhbərliyi”, eləcə də saxta “parlament”in üzvləri Ermənistanın siyasi-hərbi hakimiyyəti tərəfindən təyin olunur və yalnız marionet funksiyasını yerinə yetirirlər.

Nazirliyin mövqeyi ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı və işğal olunmuş ərazilərində apardığı qanlı etnik təmizləmə siyasətinin nəticəsidir. “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qərarında da təsdiq edildiyi kimi, bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir. Qeyri-qanuni və saxta “prezident seçki”si Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır.

“Ermənistanın bu addımı növbəti siyasi təxribatdır” – deyən nazirlik rəsmisi əlavə edir ki, qoşunların təmas xətti boyunca vəziyyətin gərginləşdirilməsi məqsədilə Ermənistanın törətdiyi hərbi təxribatların davamı olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin substantiv danışıqlar yolu ilə həlli istiqamətində olan səylərinin pozulmasına xidmət edir. Bütün bunlar bir daha onu sübut edir ki, Ermənistan münaqişənin siyasi həllində həqiqətən maraqlı deyil və hər bir vəchlə işğala əsaslanan status- kvonu saxlamağa çalışır.

Azərbaycan  Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov  məsələyə münasibət bildirərkən deyib ki, Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində iyulun 19-da keçirilməsi nəzərdə tutulan “prezident seçkiləri” oradakı cinayətkar rejimin özü kimi qondarmadır: “Ermənistan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət verməyərək, artıq neçənci dəfədir ki, Azərbaycan Respublikasının işğal altındakı ərazilərində belə qondarma “seçkilər” təşkil edir. Bütün dünyaya məlumdur ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş cinayətkar qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar və dünya ölkələri Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədilə Dağlıq Qarabağda əvvəllər keçirdiyi bu cür qondarma “seçkilər”i heç vaxt tanımayıb. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan təcavüzə məruz qalaraq məcburən köçkün düşmüş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından sonra Azərbaycan qanunları əsasında keçirilə bilər”.

Xatırladaq ki, bu qəbildən olan münaqişələrin öz ədalətli həllini tapa bilməməsini beynəlxalq aləmdəki siyasi güc mərkəzlərinin maraqları ilə əlaqələndirənlər tamamilə haqlıdırlar. Həmin tezisin hansısa digər münaqişəyə tətbiq edilməsi zamanı bir və ya bir neçə faiz tərəddüd etmək mümkün olsa da, Ermənistan-Azərbaycan, Dağlıq  Qarabağ münaqişəsi barədə danışarkən, qətiyyətlə deyə bilərik ki, bəli, məhz elədir. Çünki bu münaqişənin səbəbləri hamıya məlumdur, işğalçı da göz qabağındadır, BMT tərəfindən tanınmış ərazisinin 20 faizi işğal altında olan da. Dağlıq Qarabağ münaqişəsi bəlkə də dünyada yeganə problemdir ki, burada heç bir müəmma, sirr və qaranlıq məqam yoxdur. Müəmmaya, sirrə çevrilən, dünyanın mütərəqqi insanlarına qaranlıq qalan isə odur ki, hamı hər şeyi bilir və 25 ildir ki, göz qabağında olan bu münaqişə həll edilmir. Münaqişənin həll edilməmiş qalması bir yana, hansısa gizli əlin bu ocağı dövri olaraq körükləməsi də heç kəsin nəzərindən yayınmır.

Daha bir faktı da yada salaq.  Ərazi iddiaları üzərində yaranmış digər münaqişələrin hamısından fərqli olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında bütün beynəlxalq təşkilatların açıq mətnli bəyanatları, qərar və qətnamələri vardır ki, bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Amma həll edilmir. Yenə də digər münaqişələrdən fərqli olaraq, hamı  Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən deyir ki, bu münaqişənin həllinin uzanması regionda və dünyada gedəcək iqtisadi inkişafa mane olur. Çünki Azərbaycanın geosiyasi  imkanları və təbii sərvətləri təkcə region ölkələrinin deyil, eləcə də regionda marağı olan dünya güclərinin diqqət mərkəzindədir. Bu amil də yuxarıda qeyd etdiyimiz siyasi güc mərkəzlərinin daşı ətəyindən tökməsinə səbəb ola bilmir. Ona görə də, həm ölkəmizdəki, həm də beynəlxalq aləmdəki politoloq və siyasi ekspertlər bu qənaətdədirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı hansısa müəmmalı qüvvənin əlində yox, məhz Azərbaycan dövlətinin daha da qüdrətləndirilməsində və Azərbaycan Ordusunun daha mükəmməl maddi-texniki bazaya, daha peşəkar kadr potensialına malik olmasındadır.

Biz həmin arqumentin təsdiqini Azərbaycan Respublikasının müdafiə naziri,  general-polkovnik Zakir Həsənovun son günlər  “RİA Novosti” İnformasiya Agentliyinə verdiyi müsahibədə də gördük.  “Biz bilirik, onlar nəyə güvənirlər” – deyən nazir xatırladır ki, Ermənistan  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına  üzv olmaqla, qurumun digər ölkələrini də öz təxribatlarının əsirinə çevirir: “Onlar yaxşı bilirlər ki, əgər heç kəs vəziyyətə qarışmasa, o zaman heç üç gün belə tab gətirə bilməyəcəklər. 2016-cı ilin aprelində artıq bu baş verdi. Əgər bizi o vaxt dayandırmasaydılar, müqavimət artıq qırılacaqdı. Düşmənin uzun illər ərzində qurduğu müdafiə xəttini biz 40 dəqiqə ərzində yardıq… Bunu icra etmək üçün ordumuzun təxminən 15-20 faiz qüvvəsi cəlb olunmuşdu. Mən hətta mərkəzi tabelikdə olan ehtiyat qüvvələrini və artilleriyanı belə cəbhəyə göndərmədim. Ordumuz Ermənistan silahlı qüvvələrini yaşayış məntəqələrimizdən geriyə ataraq, bu tapşırığı yerinə yetirdi. Ermənistan buna elə reaksiya verdi ki, sanki müharibə başlayıb. Onlar bütün silahlı qüvvələrini cəlb etdilər. Yerevandan ehtiyat qüvvələr də cəbhəyə göndərildi. Üç gün onlar bizim mövqelərə hücum etdilər. Amma artıq ikinci gün Rusiyanın müvafiq qurumlarını vasitəçilik işinə cəlb etdilər”.

Rusiyalı jurnalistin 2010-cu ilin əvvəlində Azərbaycan ilə Rusiya arasında bağlanan böyük müqavilənin  hazırda nə yerdə olduğu barədə sualını  cavablandıran müdafiə nazirimiz ermənilərin yuxusuna növbəti dəfə haram qatacaq fikirlər səsləndirir. Çünki haqqında  söhbət gedən müqavilə ümumilikdə dəyəri 5 milyard dollar olan yüzlərlə ən müasir hərbi texnikanın alınması barədə idi: “Bu müqavilə, demək olar ki, 90 faiz icra olunub. Biz ödənişi etmişik. Xırda hissəsi qalıb. Sizin sadaladıqlarınızın hamısı artıq çoxdan Azərbaycandadır və uğurla tətbiq olunur. Yeri gəlmişkən, 2016-cı ilin aprelində, o cümlədən bu silahların hesabına uğur əldə etdik. Bütün bunlar bizim mənimsədiyimiz və istifadə etdiyimiz müasir silahlardır”.

Yeri gəlmişkən, rəsmi Bakının həm regionda, həm də dünyada ən geniş və hərtərəfli əməkdaşlıq etdiyi ölkələrdən biri də Rusiya Federasiyasıdır.  Biz bütün beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli, Azərbaycan -  Rusiya –İran və Azərbaycan –Rusiya-Türkiyə üçtərəfli, eləcə də Azərbaycan-Rusiya ikitərəfli formatlarında Moskva ilə əməkdaşlığın ən yüksək səviyyəsinə nail olmuşuq. Ancaq çox təəssüf ki, bəzən Rusiyadakı ayrı-ayrı dairələrin tərəfdaşlıq  və əməkdaşlıq çərçivəsinə sığmayan, daha doğrusu, Azərbaycanın maraq və mənafelərinin əksinə olan addımlarının da şahidi oluruq. Hətta iş o yerə çatıb ki, Rusiya –Ermənistan hərbi əməkdaşlıq  müqaviləsi deyilən hansısa sənədin parlamentdə ratifikasiya ediləcəyi  xəbəri də yayılır.

Əvvəla, hərbi əməkdaşlıq haqqında müqavilə konkret rəqibin mövcud olduğu zaman ərsəyə gəlir və fakt ondan ibarətdir ki, bu gün regionumuzda Rusiyanın hərbi rəqibi yoxdur. İkinci, belə bir rəqib ortaya çıxsa və Rusiyanın təhlükəsizliyi məsələsi gündəliyə gəlsə, acından ölən erməni əsgərinin və ötən əsrin 80-ci illərinin silahlarının ümidinə qalmış Ermənistan ordusunun  Rusiyaya kömək edə biləcəyi nə dərəcədə ağlabatandır?  Üçüncü, ATƏT rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə (məhz ədalətli -red.)  həll edilməsi üçün yaratdığı Minsk qrupunun həmsədr ölkələrindən olan Rusiya Federasiyasının münaqişədə olan iki ölkədən biri ilə hərbi əməkdaşlıq barədə  müqavilə imzalaması hansı diplomatik prinsiplərə uyğundur?

Bir daha xatırladırıq, bu qəbildən olan addımlar təkcə regionumuzda deyil, eləcə də, bütün dünyada gedə biləcək inkişaf proseslərinin qarşısında maneəyə çevrilir. Ona görə də əminik ki, dostlarımız və tərəfdaşlarımız hansısa addımları atarkən ənənəvi müdriklik və siyasi uzaqgörənlik prinsiplərinə istinad edəcəklər.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında