Qəhrəman türk xalqı bir il bundan əvvəl – 15 iyulda möhtəşəm tarix yazdı

Qorxma, sönməz bu şəfəqlərdə
                                       üzən al sancaq,

Sönmədən yurdumun üstündə
                               yanan ən son ocaq!

O mənim millətimin ulduzudur,
                                            parlayacaq.

O mənimdir, o mənim
                             millətimindir ancaq.

 

 Bu gün Azərbaycanla yanaşı, qardaş Türkiyə də sosial-iqtisadi baxımdan sürətlə inkişaf edir, hərbi gücü hər gün daha da artır, ölkə regional oyunçudan qlobal gücə çevrilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qurucusu olduğu Ədalət və İnkişaf Partiyasının 14 illik hakimiyyəti dövründə qardaş ölkə tarixinin dirçəliş və özünüdərk dövrünü yaşayıb və həmin proses bu gün də davam edir. Ötən müddət ərzində regional oyunçudan qlobal güc mərkəzinə doğru inamla irəliləyən Türkiyə dünyanın ən böyük iqtisadiyyatına malik 15-ci dövlət oldu, adambaşına düşən gəlir 1300 dollardan 10 min dollara qalxdı. Ölkənin milli gəliri 800 milyard dollara çatdı, hərbi sənayesi kifayət qədər inkişaf etdi. Dünyanın ən qüdrətli silahlı qüvvələri sırasında layiqli yer tutan Türkiyə Ordusunu özünün istehsal etdiyi silah-sursatla təmin etməyə nail oldu. Siyasi-iqtisadi sahədə əldə edilən böyük uğurlar, o cümlədən demokratikləşmənin təmin edilməsi üçün aparılan islahatlar Türkiyəni müasir beynəlxalq münasibətlər sisteminin aktorlarından birinə çevirdi. Bütün bu proseslərdə türk xalqı yaxından iştirak etdi, hakimiyyətin seçilməsində və qurulmasında xalqın rolu ön plana çəkildi.

Təbii ki, Türkiyənin sürətli yüksəlişi dünyanın bəzi güc mərkəzləri tərəfindən qısqanclıqla qarşılanırdı. Türkiyənin zəifləməsini istəyən həmin mərkəzlər min cür hiyləyə əl atır, müxtəlif planlar qurur, bu ölkənin ətrafında “alov dairəsi” yaratmaq üçün əllərindən gələni edir, hətta terrorizmi fəal dəstəkləyirlər. Türkiyəyə birbaşa hərbi müdaxiləyə cəsarət edə bilməyən şər ocaqları, ölkənin mühüm geostrateji imkanlarından, iqtisadi və hərbi potensialında öz mənafeləri üçün istifadə etmək məqsədilə əsrimizin ən xain planını həyata keçirməyə çalışdılar. Bunun üçün Qərbin növbəti böyük layihəsi olan FETÖ terrorçu təşkilatını seçdilər.

 

15 iyul gecəsi – Türkiyənin kədər və qürur tarixi

 

Türkiyənin gücünü, regiondakı nüfuzunu həzm edə bilməyən qüvvələr bu alçaq planla istəklərinə çatacaqlarını düşünürdülər. Onlar Türkiyəni Liviya, Misir, İraq və nəhayət, Suriya ilə səhv salmışdılar. Lakin onlar unutmuşdular ki, türk milləti digər millətlərə bənzəməz. Bu xalq lazım gələndə dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbə vurmaq gücünə malikdir. Unutmuşdular ki, bu millət eradan əvvəl 434-cü ildə Avropanı lərzəyə salan hunların, 1071-ci il avqustun 26-da Malazgirtdə özündən iki-üç dəfə daha çox olan düşmən ordusu ilə qarşılaşaraq, onu diz çökdürən səlcuqların, 1453-cü il mayın 29-da gəmiləri torpaq ərazilərdə də hərəkətə gətirərək İstanbulu fəth edən, 1100 illik Bizans imperiyasını süquta uğradan, yeni çağın yaranmasına səbəb olan, 600 il üç qitəyə hökm edən osmanlıların, 1922-ci il avqustun 30-da beş imperiyanın dəstəklədiyi yunan ordularını darmadağın edən Milli Qurtuluş Savaşı qəhrəmanlarının övladlarıdır. Bəli, unutmuşdular və bu yaddaşsızlıqları 40 ildir, gecələrini gündüzlərinə qatıb astronomik rəqəmdə vəsait sərf edərək həyata keçirdikləri xain planın iflası ilə nəticələndi.

2016-cı il iyulun 15-də Türkiyə müasir tarixində ən dramatik günlərindən birini yaşadı. Terrorçu FETÖ təşkilatına üzv olan bir qrup hərbçi legitim hakimiyyətə qarşı dövlət çevrilişinə cəhd göstərdi. Həmin gecə Türkiyə Böyük Millət Məclisi 50-dək millət vəkilinin ümumi iclas salonunda olduğu müddətdə F-16 döyüş təyyarələri ilə 4 dəfə bombalandı. Muğla Marmarisdə bir oteldə olan Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsdə cəhd edildi. Boğaziçi və Fatih Sultan Mehmet körpüləri bağlanıldı. Körpülərdəki əsgərləri fikirlərindən daşındırmaq üçün onların üzərinə gedən yüzlərlə vətəndaşa atəş açıldı. Ankarada Milli Kəşfiyyat Təşkilatının binası hərbi helikopterlərdən atəşə tutuldu. Bütün bunlar o qədər də təəssüf doğurmaya bilərdi. Ən çox təəssüf doğuran məqam bu idi ki, mübarizlikləri ilə şərəfli bir tarix yazmış türk xalqı yadellilərə qarşı deyil, qardaşlarına qarşı vuruşurdu. Kənar qüvvələrin təsiri nəticəsində qardaş qırğını alovlandırıldı.

Qardaş türk xalqının dirənişi və beynəlxalq aləmin xalq tərəfindən seçilən hökuməti dəstəkləməsi qiyamçı hərbçilərin Türkiyəni zəiflətmək və hərbi xunta yaratmaq istəyini heçə endirdi. Təəssüf ki, bu xainlərə qarşı dirəniş zamanı türk xalqı çox böyük itkilər verdi. Həmin gün canını Vətənə sipər edən, demokratiya uğrunda mübarizə aparan 249 qəhrəman şəhid oldu, 2 min 301 nəfər ağır yaralandı.

15 iyulda baş verən bir sıra hadisələr də hərbi çevriliş cəhdinin Türkiyəyə düşmən qüvvələr tərəfindən həyata keçirildiyini təsdiqləyirdi. Belə ki, həmin cəhddə iştirak etmiş əsgərlərdən biri istintaqa ifadəsində Türkiyə Böyük Millət Məclisini bombalayan pilotun bir neçə əsgərlə birlikdə PKK-nın Suriya qolu olan PYD-yə sığınmaq üçün ölkəni tərk etdiyini bildirib. Bu isə dara düşən kimi PKK-ya sığınmağa çalışan çevriliş təşkilatçılarının hansı mənafeyə xidmət etdiyini açıq göstərir.

Hərbi çevriliş təşəbbüsündən sonra ordu, məhkəmə, təhlükəsizlik və digər mühüm dövlət orqanları içərisindən nəzarətə alınanların sayı yüzlərlə idi. Maraqlıdır ki, həmin xainləri himayə edən güc mərkəzləri onları müdafiə etməyi də unutmamışdılar. Onlar iddia etməyə başlamışdılar ki, guya, Türkiyədə nəzarətə alınanların, işdən azad olunanların hüquqları kobud şəkildə pozulub. Bunlar həmin mərkəzlər idi ki, parçalanmış Almaniya birləşəndə işdən azad edilən 500 min insanın hüquqlarını qorumaq üçün heç nə etməmişdilər, əksinə, bu barədə səsini yüksəldən qeyri-hökumət təşkilatlarını qınaq obyektinə çevirmişdilər.

 

Azərbaycan bu dəfə də qardaş Türkiyənin dərdinə şərik çıxdı

 

Qardaş ölkədə baş verənlər Türkiyənin dünyadakı ən yaxın müttəfiqi Azərbaycanda da dərin narahatlıqla qarşılandı. Həmin günlərdə bütün Azərbaycan xalqının qəlbi türkiyəli qardaşları ilə birgə döyünürdü. Rəsmi Bakı Türkiyədəki olaylara əsl qardaşlıq, müttəfiqlik və strateji tərəfdaşlıq mövqeyindən yanaşdı. Həmin günlərdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov açıqlamasında bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev 15 iyul gecəsi Türkiyədə baş verən hadisələri həyəcanla izləyib və yaşanan proseslərdən dərin narahatlıq keçirib. Azərbaycan Prezidenti bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi kimi qiymətləndirərək, qətiyyətlə pisləyib, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə rəhbərliyinə dəstəyini ifadə edən xüsusi mesaj da göndərib. Mətndən Prezidentin səmimiyyət və ürək yanğısı ilə Türkiyədəki olaylara münasibət bildirdiyi aydın görünür. Ölkə başçısı vurğulayıb: “Ötən gecə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd ilə bağlı hadisələri böyük narahatlıqla və üzülərək izlədim. Bu, bir tərəfdən Türkiyənin dövlətçiliyinə, digər tərəfdən türk xalqına, onun iradəsinə və seçiminə qarşı törədilən dəhşətli cinayətdir.

Həmişə türk xalqının və dövlətinin yanında olan Azərbaycan xalqı və dövləti Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir. Əminəm ki, Türkiyə xalqı və hakimiyyətinin birliyini nümayiş etdirərək çevriliş cəhdinin qarşısının alınması istiqamətində həyata keçirdiyiniz qəti tədbirlər nəticəsində qardaş ölkədə vəziyyət qısa zamanda sabitləşəcək və əvvəlki qaydasına düşəcəkdir”.

Biz qürurla izlədik ki, xalqın böyük dəstəyini alan Prezident Rəcəb Tayyib Ərdoğan, müəyyən mənada, ulu öndər Heydər Əliyevin Azərbaycan üçün çox çətin olan zamanlarda istifadə etdiyi üsuldan – xalqı qiyamçılara qarşı birləşməyə çağıran metodundan yararlandı. Bu, müasir siyasi nəzəriyyədə radikal olmayan, güc tətbiq etmədən müqavimət, dirəniş göstərmək üsuludur və çox demokratik yoldur. Bütün bu səbəblərə görə rəsmi Bakının Türkiyədə çevriliş cəhdinə münasibətini bütün dünya üçün nümunə hesab etmək olar.

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da bu kontekstdə jurnalistlərə açıqlamasında maraqlı fikirlər ifadə edib. O bildirib: “Azərbaycan bu cür cəhdləri qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir. Hamı Azərbaycanla Türkiyə arasında, qardaş xalqlarımız və dövlət başçılarımız arasında dostluq və tərəfdaşlıq münasibətlərini gözəl bilir. Bu isə o deməkdir ki, Azərbaycan həmişə Türkiyənin yanındadır”. Novruz Məmmədov onu da diqqətə çatdırıb ki, “Türkiyə çox dəyişib və artıq belə çevriliş cəhdləri reallaşa və qəbul edilə bilməz. Türkiyənin başında bu gün xalqının demokratik yolla iradəsini nümayiş etdirərək seçdiyi Prezidenti, hökuməti var. Xalq da onlarla birdir, onların arxasındadır. Düşünürəm ki, bu çevriliş cəhdi Türkiyə tarixində son çevriliş cəhdi kimi yadda qalacaq”.

Bəli, eyni etnik kökə, eyni dilə və dinə malik olan Türkiyə ilə Azərbaycan xalqlarının tarix boyu sevinci də, kədəri də bir olub, həlledici məqamlarda onlar bir-birinə qanıyla, canıyla qardaşlıq dəstəyi verməkdən çəkinməyiblər. Ötən ilin 15 iyulunda Azərbaycanın Türkiyə dövlətinə, türk xalqına açıq dəstəyini ifadə etməsi də dostluğun, birliyin, sədaqətin ən gözəl nümunəsidir. 1915-ci ildə Çanaqqala döyüşü, 1918-ci ildə Bakının düşməndən azad olunması da həmin nümunələrdən biridir. Bu gün hər iki xalqın nümayəndələri bu qənaətdədirlər ki, 1919-cu ildə başlayan Milli Qurtuluş Savaşının 1922-ci il avqust ayının sonunda böyük zəfərlə sona çatmasının səbəbi türk xalqının Vətənə olan sonsuz sevgisi, azadlıq eşqi ilə yanaşı, həm də ümumtürk həmrəyliyindən doğan gücüdür. Bu gün bu həmrəylik ən yüksək səviyyədədir.

 

Tarixi dönüş nöqtəsi və ya düşmənlərə mesaj

 

2016-cı ilin 15 iyulunu Türkiyənin gələcəyi üçün növbəti dönüş nöqtəsi hesab etmək olar. Türkiyədə baş vermiş uğursuz hərbi çevriliş cəhdi zamanı xalqın legitim hakimiyyəti, o cümlədən demokratiyanın müdafiəsinə qalxması türk millətinin artıq demokratikləşməni yekdilliklə dəstəklədiyini, fəal vətəndaş mövqeyini ortaya qoyduğunu və bunun geriyə dönüşü olmayan bir proses olduğunu təsdiqlədi. Bu hadisələr onu göstərirdi ki, türk xalqının yeganə siyasi seçimi demokratik dövlətdir. Türk xalqı 2016-cı il iyulun 15-də növbəti möhtəşəm bir tarix yazaraq öz yenilməzliyini bütün dünyaya bəyan etmiş oldu.

Bu hadisə Yaxın Şərqin geosiyasi mənzərəsinə əhəmiyyətli dərəcədə təsir göstərdi. İlk növbədə, bu üsulla müsəlman ölkələrində hakimiyyət dəyişikliyi prosesinin artıq iflasa uğradığı bir daha təsdiqləndi. Bu hadisələr həm də uzun illərdir, Cənubi Qafqazda “rəngli inqilablar” həvəsinə düşənlərə də bir mesaj oldu. Türkiyədə çevriliş cəhdi baş tutsaydı, bəlkə də, ortaya “rəngli inqilablar”ın yeni-yeni çeşidləri atılacaqdı. Bu aspektdə türklərin radikalizmə, qiyama, qanunsuz hakimiyyət dəyişikliyinə “Dur!” deməsi region dövlətləri üçün strateji əhəmiyyət kəsb etdi. Bununla bəzi güc mərkəzləri bir daha anladılar ki, Türkiyənin timsalında artıq bir sıra ölkələrdə qarşıdurma yaratmaq, sabitliyi pozmaq, qarışıqlıq salmaq imkanları tükənmək üzrədir.

15 iyul hadisələrini Türkiyənin, əslində, həm də bu coğrafiyanın səlib yürüşlərinə, monqol işğalına, Birinci Dünya müharibəsinin qalib dövlətlərinin hədsiz iddialarına qarşı verdiyi mücadilənin davamı da hesab etmək olar. Türk milləti bu mücadilələrdə olduğu kimi, yenə də ölkəsini “nəzarətə” götürməyə çalışanlara öz yerlərini göstərdi. Osmanlı imperiyasından sonra ilk dəfə qüdrətli Türkiyənin mübariz xalqının dəstəyi ilə yenidən qlobal siyasi arenada öz sözünü deyəcəyini, XXI əsrin türk əsri olacağını bütün dünyaya bəyan etdi.

Həmin gün baş verənlər ölkəsini, millətini, dövlətini, milli və mənəvi dəyərlərini satanlara Türkiyədə yer olmadığının növbəti sübutudur. O gecə sinələrini yağdırılan güllələrə sipər edən, ölümü göz önünə alaraq, tankların qabağına atılan, əlisilahlı terrorçuların qarşısında bir addım belə geri çəkilməyərək, şəhid olanlar bir daha hayqırdılar: Xainlərə Türkiyədə yer yoxdur!

Bəli, Türkiyə tarixində ilk dəfə olaraq xaricdən idarə olunan silahlı qrupun hərbi çevriliş cəhdi millətin əzmi ilə hakim partiyanın xeyrinə nəticələndi. Bundan sonra heç bir daxili və xarici qüvvə Türkiyədə dövlət çevrilişinə cəhd edə bilməyəcək. Çünki onlar önlərində qəlbi Vətən sevgisi ilə dolu xalqı görəcəklər. Çünki türk milləti demokratiyanın tərəfdarıdır. Millət bir bütöv olaraq öz gücünü və iradəsini dərk elədi, hakimiyyətin məhz özünə məxsus olduğunu anlayaraq, ona sahib çıxdı. Çevrilişlə hakimiyyət dəyişikliyinə cəhd edənlər, əksinə, siyasi hakimiyyəti daha da gücləndirdilər.

 

Son olaraq...

 

Məlumdur ki, bu gün də Türkiyə PKK, İŞİD və FETÖ terrorçu təşkilatlarının hədəfindədir. Türk dövləti həmin terrorçu təşkilatlarla inamla mübarizə aparır. Müxtəlif radikal separatçı və terrorçu təşkilatlar ölkədə qətllər törədir, dövlət və mülki obyektləri partladırlar. Bunlar Yaxın Şərqdə müşahidə edilən və demək olar ki, ərəb-müsəlman ölkələrinin hamısını əhatə edən silahlı toqquşmalar, məzhəb savaşları, üsyanlar, humanitar böhranlar fonunda baş verir.

Türkiyə regionda getdikcə sayı artan qaçqınlara qucaq açır, müsəlmanlar arasında müharibənin olmaması üçün ciddi işlər görür. Belə bir məqamda həm rəsmi Ankaraya qarşı böhtanlar atılır, həm də hərbçilərin qiyamı təşkil edilir. Avropada isə daim “erməni soyqırımı”nı tanıma “sevdası” var. Bütün bunlar aydın göstərir ki, bütövlükdə, İslam dünyasına və onun mühüm tərkib hissəsi olan Türkiyəyə qarşı müəyyən dairələr düşməncəsinə planlar qurmaqda yorulmadan davam edirlər. Məqsəd, ümumiyyətlə, türk-müsəlman dövlətçiliyinə ciddi zərbə vurmaqdan ibarətdir. Çünki ötən il Türkiyəni xaosa sürükləmək mümkün olsaydı, ümumən, İslam coğrafiyasında ciddi problemlər meydana gələrdi. O cümlədən Cənubi Qafqazda situasiya daha da mürəkkəbləşərdi. Sevindirici haldır ki, qəhrəman Türk xalqı domino daşı effekti verə biləcək belə bir dəhşətli hadisələrin qarşısını ala bildi. Buna görə də 2016-cı ilin 15 iyul hadisələri təkcə Türkiyə üçün deyil, ümumilikdə, Türk və İslam dünyası üçün çox mühüm sonluqla bitdi.

İbrahim ƏLİYEV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında