Ümummilli liderin zəfər yolunun şərəfli səhifəsi

 

 

 

 

 

 

 

 

 

 


60-cı illərdə  respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı  üçün prinsipial cəhətdən yeni konseptual  yanaşma yolları işlənib  hazırlanmalı idi...

1970 – 1985-ci illər Azərbaycanın quruculuq  salnaməsinə ən parlaq səhifələr kimi daxil  olmuşdur... Həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni  potensial respublikamızın tam müstəqil  dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır.

Heydər Əliyev
 Ümummilli lider


Ümummilli lider Heydər Əliyevin bir qərinədən artıq dövrdə Azərbaycana iki dəfə rəhbərlik etməsi ən mühüm nəticələri ilə şəxsiyyətin tarixdə müəyyənedici rolunu bir daha təsdiqləyən, çağdaş dünyada etiraf olunan fenomenal bir hadisədir.
      Çoxəsrlik tariximizdə ilk dəfə milli lider zirvəsinə yüksələn, eyni zamanda, dünya şöhrətli siyasət və dövlət xadimi olan bu tarixi şəxsiyyət ölkəmizə rəhbərliyinin hər iki dövründə vahid bir mərama xidmət etmiş-- müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu gerçəkləşdirmiş, sağlığında canlı əfsanəyə çevrilmişdir.  Məhz dahi ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrü indiki nəsillər minilliklər boyu davam edən dövlətçilik tariximizin ən şanlı səhifələri, misilsiz idarəetmə məktəbi kimi öyrənir və daim sonsuz qürur mənbəyi kimi yad edirlər.

Bu misilsiz siyasi irs-- liderlik məramı 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiya ilə müəyyən olunmuşdur. Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969--82-ci illərdə sübut etmişdir. Xalqımız hər il bu tarixi yüksəliş dövrünün ildönümünü qədirbilənliklə yad edir, ulu öndərin zəngin siyasi irsinin bu mərhələsini əhatə edən səhifələri təkrar-təkrar vərəqləyir.

Ulu öndərimiz birinci dəfə hakimiyyətə gələndə– 60-cı illərin axırlarında  Azərbaycan iqtisadi  və mədəni tənəzzül   dövrünü yaşayırdı. Azərbaycan xalqının qurub-yaratmaq dühası sayəsində əldə olunmuş mühüm uğurlara baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən 60-cı illərdə iqtisadiyyatın bir çox sahələrində – həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyillər özünü göstərməyə başlamışdı.

Respublikanın inkişafı getdikcə ləngimiş və bu, əhalinin sosial vəziyyətinə məntiqi təsir göstərməyə başlamışdı. İstehsalın, o cümlədən sənaye məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə və əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan İttifaq səviyyəsindən geri qalırdı və bu, getdikcə dərinləşirdi. Kənd təsərrüfatı xüsusilə ağır vəziyyətə düşmüşdü. Elmi-texniki tərəqqinin nailiyyətləri istehsalatda, demək olar ki, tətbiq olunmurdu.

Belə bir tarixi dönəmdə-- 1969-cu il iyulun 14-də Azərbaycan tarixinin “Əliyev  dövrü “ başlanmışdı. Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda Azərbaycan KP MK-nın  I katibi seçilməsi ilə ölkəmiz haqqında nəinki  keçmiş İttifaqda, həmçinin dünyanın bir çox ölkələrində konkret bir fikir formalaşmışdı: Bura təkcə neft Bakısı deyil, öz qədim tarixi, zəngin mədəniyyəti, yüksək intellekti olan bir ölkədir. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdi. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri  yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur.

Heydər Əliyev respublikanın birinci rəhbəri postuna seçildikdən dərhal sonra ciddi işə başlamış, təxminən 20 gün sonra keçirilən 5 avqust plenumunda respublikada yaranmış tənəzzülün səbəblərini geniş və dərindən təhlil etmiş, Azərbaycanı qarşıdakı 10 ildə hərtərəfli inkişaf etmiş bir diyara çevirmək konsepsiyasını  açıqlamışdı. O vaxt Azərbaycanın yeni seçilmiş siyasi rəhbərinin – Heydər Əliyevin məruzəsi keçmiş  SSRİ-də və xaricdə qaranlıq gecədə çaxan şimşək kimi diqqəti cəlb etmişdi. Onun başladığı quruculuq prosesi Sovet İttifaqı siyasi novatorluq kimi qəbul olunmuş, xaricdə isə daha çox sosializmin təbiətindən irəli gələn ziddiyyətlərin aradan qaldırılması cəhdi kimi yozulmuşdu.

Doğrudan da, sosializm düşərgəsində yetişmiş  yeni təfəkkürlü əyalət lideri böyük cəsarət və səmimiyyətlə dövrün ütülü qəliblərini bir kənara atmış, yalançı təriflərin, şişirdilmiş uğurların mahiyyətini açaraq, respublikanın partiya və sovet orqanlarındakı ciddi çatışmazlıqları hədəfə almışdı. O, respublikadakı neqativ hallara, kadr siyasətindəki nöqsanlara, iqtisadiyyatdakı çatışmazlıqlara aydınlıq gətirmiş, vəziyyətdən çıxmaq üçün kompleks siyasi-ideoloji və sosial-iqtisadi proqram irəli sürmüşdü. Bununla da respublikanın sabahına kölgə salan buludlar dağıdılmış, inkişaf və quruculuq yolları aydınlığa qərq olmuşdu.

Tezliklə Azərbaycan bir sıra inkişaf göstəricilərinə görə İttifaq statistikasında sürətlə ön yerlərə yüksəlməyə başlamışdı. Fəaliyyətə başlayan strateji proqrama əsasən, 1970-ci illərdə bütün Azərbaycan əzəmətli tikinti meydanına çevrilmişdi. Sənaye və kənd təsərrüfatının yüksək gəlirli sahələr kimi inkişaf etdirilməsi nəticəsində o illərdə əksər yaşayış məntəqələrinə elektrik enerjisi verilmiş, qaz kəməri, telefon çəkilmişdi. Getdikcə xalqın dərin rəğbətini qazanan, onun çağırışlarını əməli işlərə çevirən qurucu insanlar Heydər Əliyevin  Azərbaycan iqtisadiyyatını ittifaq asılılığından xilas etmək istəyini böyük ruh yüksəkliyi ilə gerçəkləşdirmişdi.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min bir maneəni dəf edərək sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən beş xüsusi qərar qəbul etməsinə nail olmuş, həmin qərarların yerinə yetirilməsini təmin etmişdi. Xalqın qurub-yaratmaq dühası tamamilə və bütünlüklə Azərbaycanın ümumi yüksəlişi üçün səfərbər olunmuşdu. Nəticədə, 1969--1982-ci illər Azərbaycanın tarixinə ən parlaq quruculuq dövrü kimi daxil olmuşdu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş vermişdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirilmişdi. Yeni və mütərəqqi sənaye sahələri yaradılmışdı.

Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən müasir pambıqçılıq və üzümçülük diyarına çevrilmişdi. Azərbaycan kəndində misilsiz tikinti, abadlıq və mədəni quruculuq işləri aparılmış, regionların siması tamamilə dəyişmiş, bölgələrdə adamların sosial-iqtisadi vəziyyəti əsaslı surətdə yaxşılaşmışdı.

 Ümummilli lider hələ o illərdə böyük uzaqgörənliklə Azərbaycanın gələcəyini hədəfə almış, bugününü qurmuş, müstəqil dövlət quruculuğuna aparan yolunu müəyyən etmişdi. Heydər Əliyevin ciddi səyləri, birbaşa rəhbərliyi ilə Azərbaycanın hər bir yerində nəhəng layihələr, yenidənqurma işləri həyata keçirilmişdi. Həmin illər ərzində Azərbaycanda yüzlərlə fabrik, zavod, kombinat tikilmişdi. SSRİ kimi güclü dövlətin büdcə vəsaitindən istifadə edən Heydər Əliyev Azərbaycanda geniş yollar şəbəkəsi yaratmış, körpülər saldırmış, su elektrik stansiyaları tikdirmişdir.

Həmin vaxtdan Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verilmişdir. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü başlanmışdı. Azərbaycanın Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan Heydər Əliyev zəngin idarəçilik təcrübəsi sayəsində böyük dönüş yaratmışdır. Ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti sayəsində Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına başlanmışdı.

Azərbaycanın gələcək taleyi baxımından  bu dövrün başlıca məzmunu azərbaycançılığın milli ideologiya kimi dövlət həyatına yaxınlaşdırılması ilə səciyyələndirilir. Heydər  Əliyev o dövrdə Azərbaycanda milli ruhun  sıxışdırılmasına nəinki yol verməmiş, əksinə onu yüksəltmək  yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır. Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul olunur. O illər yaxın keçmişimizdə sovet quruluşunun inzibati-amirlik sisteminin mahiyyətindən doğan bütün məhdudiyyətləri  və çatışmazlıqları ilə bərabər, respublikanın sosial, iqtisadi və mədəni inkişafında əvvəllər görünməyən sıçrayışlarla, ən başlıcası isə xalqın mənəvi intibah, oyanış proseslərinin dərinləşməsi, milli özünüdərkin kütləvi şəkildə oyanması ilə xarakterizə olunur.

1969--1982-ci illərdə Azərbaycanda elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi sənaye sahələri yaranmışdı. Sənayenin inkişafında elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiqi nəticəsində 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılmışdı. Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.

Həmin illər ərzində  Bakıda ən böyük abadlıq işləri görülmüş, müasir memarlığın əsası sayılan bir sıra arxitektura ansamblı, inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleks və özünün görkəmi ilə şəhərə rövnəq verən neçə-neçə digər bina tikilib istifadəyə verilmişdir. Məhz, Heydər Əliyevin təşəbbüsü sayəsində  çox sayda memarlıq abidəsinin bərpası mümkün olmuşdur.

Həqiqi xalq lideri kimi hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyev bütün sahələrdə  yüksək ixtisaslı kadrların yetişdirilib hazırlanması məsələsinə də böyük diqqət və qayğı göstərmişdi. Bu kadrların böyük əksəriyyətini respublikanın özündə hazırlamaq məqsədilə o, ali və orta ixtisas müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirmişdi. Bir sıra nadir ixtisaslar üzrə gənclər SSRİ-nin nüfuzlu ali məktəblərində oxumağa göndərilmişdi. Qısa bir zamanda belə gənclərin sayı 1000-ə çatmışdı. Bu yolla yurdumuzun elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilmişdi.

Azərbaycan rəhbəri Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi nəticəsində Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılması Azərbaycanın həyatında çox mühüm bir hadisə olmuşdu. İlk dəfə olaraq Azərbaycanda hərbi kadrlar yetişdirilməsinə başlanmışdı. Bu addımlardakı uzaqgörənlik müstəqillik qazandıqdan sonra, erməni təcavüzkarlığı ilə qarşılaşanda  daha aydın göründü.

Xalqın milli maraqlarını açıq-gizli ideoloji tələblərin çevrəsində önə çıxarmağı bacaran böyük soydaşımızın siyasi cəsarəti və əməli əzmkarlığı nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili dövlət dili kimi öz hüquqi qüvvəsini tapmışdı. Bu, milli varlığımızın qorunub saxlanmasının timsalı olaraq böyük bir qəhrəmanlıq, tarixi rəşadət nümunəsi  idi.

“Bizim ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdəki hörmətini qaldırmaq lazımdır. Çünki, xalq həmişə öz ziyalıları, öz mədəni irsi, öz elmi ilə tanınır. Şübhəsiz ki, xalqın tarixində sərkərdələrin də, siyasətçilərin
də, böyük rolu vardır. Ancaq xalq həmişə mədəniyyəti, elmi ilə tanınıb və keçmiş tariximiz də bunu sübut edir” – deyən ulu öndər respublikaya rəhbərliyinin birinci dövründə Azərbaycan paytaxtında və digər şəhər və rayonlarımızda tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidəsinin  ucaldılmasına nail olmuşdu.

Ulu öndərin həmin siyasətinin nəticəsi idi ki, 70-ci illərdə Nəriman Nərimanovun, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin, Səttar Bəhlulzadənin və başqa görkəmli  soydaşlarımızın abidəsi qoyulmuşdu. 1976-cı ildə Şuşanın sosial-iqtisadi inkişafı haqqında qərar qəbul ediləndən sonra bu şəhərdə  Xan qızı Natəvanın abidəsi ucaldılmışdı. Bu illərdə Bakıda və başqa şəhərlərdə çoxlu tarix-diyarşünaslıq muzeyləri, Səməd Vurğunun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun, Bülbülün, repressiya qurbanları Mikayıl Müşfiqin və Hüseyn Cavidin ev muzeyləri yaradılmışdı.

Azərbaycan KP MK-nın I katibi seçildikdən sonra Heydər Əliyev ermənilərin Qarabağ torpaqlarına  olan  iddialarının da qarşısını almağa müvəffəq olmuşdu. Ötən əsrin 60-cı illərində Yerevandan idarə olunan məkrli qüvvələr Dağlıq Qarabağda torpaq iddiaları ilə millətlərarası münasibətləri kəskinləşdirmiş daşnak ünsürlərin  əl-qolunu qismən açmış, bölgədə yaşayan azərbaycanlıların hüquqlarının pozulması geniş miqyas almışdı. Lakin 1969-cu ildən Heydər Əliyev son dərəcə barışmaz mövqe və ardıcıl siyasətlə Dağlıq Qarabağda qol-budaq açmış erməni millətçiliyinə sipər çəkdi.

13 illik yüksəliş marafonunda Azərbaycanda ən mütərəqqi texnologiya istehsalı, elmin qabaqcıl nailiyyətlərinin istehsalata tətbiqi, bütöv bir alimlər dəstəsinin yetişməsi, xalq təsərrüfatının dinamik inkişafı, mədəniyyətin çiçəklənməsi və s. məhz xalqımızın böyük oğlu Heydər Əliyevin gecəli-gündüzlü öz vətənini tərəqqi yoluna çıxarmaq uğrunda mübarizəsinin məntiqi nəticəsi kimi diqqəti cəlb edir. Ümumiyyətlə, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xariclə iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiyası prosesi ötən əsrin 70--80-ci illərində ümummilli lider mövqeyinə yüksələn Heydər Əliyevin sonrakı tariximizə verdiyi yön və başlıca  məzmun kimi dəyərləndirilə bilər.

Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur. Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Dahi rəhbər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyanmışdı, azadlıq, müstəqillik duyğuları baş qaldırmışdı. Bu, əslində,XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə-yüksəliş mərhələsinə daxil olması demək idi. Həmin faktların ən böyüyü isə bu idi ki, dünya sosializm sisteminin və böyük Sovet imperiyasının dağıldığı dövrdə Azərbaycan artıq öz inkişaf səviyyəsinə və çoxsahəli iqtisadiyyatına görə SSRİ-nin müttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir ola biləcək respublikadan idi.

Lakin bir çox daxili və xarici amillər səbəbindən dövlət müstəqilliyimiz ilk gündən düşmən dövlətlər tərəfindən açıq-aşkar hərbi təcavüz və siyasi təzyiqlərə məruz qalmışdı. Həm də xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdü. Bunun isə kökləri olduqca dərindir. İstehsal olunan məhsullar tələbata cavab vermədiyi üçün anbarlarda yığılıb qalır, strateji məhsullar isə blokada vəziyyətində olduğumuz üçün xarici bazarlara böyük çətinliklə çıxarılırdı. Həm valyuta çatışmazlığı, həm də yolların təhlükəli olması ilə əlaqədar mal idxalı da böyük çətinliklə həyata keçirilirdi. Ölkə əhalisi açıq-aşkar aclıq imtahanına çəkilirdi. Ərzaq anbarları boşalmış, ilkin tələbat mallarının istehsalı fəlakətli dərəcədə azalmışdı. 1992-ci ilin qışında ölkəni Avropa Birliyindən alınan 300 min ton, 1993-cü ilin qışında isə Türkiyənin verdiyi yenə 300 min ton əvəzsiz un və taxıl yardımı xilas etmişdi.

Amma ölkənin əsl xilası 1993-cü ildə xalqın istəyi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması oldu. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu”.

Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Heydər Əliyevin müdrik daxili və xarici strateji kursu ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran və sarsıntılardan çıxararaq müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün möhkəm zəmin yaratdı.  Daxili çəkişmələrə son qoyulması, siyasi sabitliyin təmin olunması, atəşkəs haqqında razılaşma əsasında erməni təcavüzünün dayandırılması, “Əsrin müqaviləsinin” bağlanması, balanslaşdırılmış xarici siyasət və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması bütün diqqəti ölkədə çoxdan yığılıb qalmış və yatmış vulkana bənzəyən daxili sosial-iqtisadi problemlərin həll olunmasına yönəltməyə imkan verdi.

Həyat isə bütün kəskinliyi ilə tələb edirdi ki, heç bir ölkənin tarixində rast gəlinmədiyi strateji əhəmiyyətli üç taleyüklü vəzifə eyni zamanda yerinə yetirilsin: müstəqil, demokratik, hüquqi dövlətin yaradılması və inkişaf etdirilməsi; inzibati-amirlik sistemi ləğv edilərək bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olunması; qapalı sosial-iqtisadi sistemin xaricə açılması və açıq qapı siyasətinin tətbiq edilməsi ilə bərabərhüquqlu dövlət kimi qlobal iqtisadi sistemə inteqrasiya edilməsi. Bu tarixi vəzifələrin hər biri istənilən bir dövlət üçün kifayət qədər ciddi və əhəmiyyətli idi və bütün qüvvələrin bu məqsədlərə səfərbər edilməsini tələb edirdi.

Akademik Ramiz Mehdiyev həmin dövrü belə xarakterizə edir:  “1993-cü ilin ortalarında, Heydər Əliyev ölkəyə rəhbərliyə qayıtdıqdan sonra milli transformasiyanın dördüncü mərhələsi başlandı - modernləşdirmə mərhələsinə başlamağın əsası qoyuldu. Onun mahiyyəti Azərbaycanın tənzimlənən bazar iqtisadiyyatına keçməsində və demokratik islahatların həyata keçirilməsində idi ki, bu da beynəlxalq aləmdə ölkənin dünya siyasətinin subyekti kimi tanınması ilə nəticələndi”.

Ölkəmizdə müstəqil, demokratik, hüquqi dövlətin möhkəm təməli 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə atılmış oldu. Konstitusiya bütün dünyaya bir daha bəyan etdi ki, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək dövlət hakimiyyətinin yeganə mənbəyi olan Azərbaycan xalqının suveren hüququdur.

Həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı həmin islahatlara dəstək verməyə başladılar. Onlar Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırladılar və ölkəmizə maliyyə yardımı göstərdilər. Həmin təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar dönməz xarakter aldı. Sərt və çevik pul-kredit, büdcə, vergi gömrük siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində qısa zamanda ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitlik təmin edildi. 

1995--96-cı illərdə yaranmış əlverişli makroiqtisadi sabitlik şəraitindən istifadə edərək, 1997-1998-ci illərdə ölkədə iqtisadi islahatların yeni mürəkkəb mərhələsinə – struktur islahatlarına start verilmişdir. Xüsusi dövlət proqramına uyğun olaraq ölkədə genişmiqyaslı özəlləşdirməyə başlanmış, iqtisadiyyatın əsas sahələrindən olan aqrar sferada torpağın xüsusi mülkiyyətə verilməsi istiqamətində radikal islahatlar aparılmış, yeni iqtisadi tələblərə cavab verən maliyyə sektorunun, onun vacib hissəsi olan bank sisteminin formalaşdırılması, dövlət banklarının yenidən qurulması istiqamətində radikal addımlar atılmışdır.

İqtisadi islahatların mühüm istiqamətləri kimi ölkədə özəlləşdirmə proqramının həyata keçirilməsi azad sahibkarlığın və şəxsi təşəbbüskarlığın inkişafına şərait yaratmışdır. 1998-ci ilə qədər 28 mindən çox kiçik müəssisə özəlləşmiş və demək olar ki, kiçik özəlləşdirmə başa çatmışdır. 1997-ci ildən başlayaraq özəlləşdirmədə həlledici mərhələ olan böyük özəlləşdirməyə  orta və iri dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi prosesinə başlanmışdır. Təkcə 1998-ci ildə 800-dən çox orta və iri dövlət müəssisələri səhmdar cəmiyyətlərə çevrilmişdir. Azərbaycanda iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək olmuşdur.

Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, onun inkişafı ümummilli liderin adı ilə bağlı olmasın. Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Heydər Əliyevin xidmətləri misilsizdir.Ulu öndər özü də ölkəmizin gələcək inkişaf kursunu böyük uzaqgörənliklə ifadə etmişdir: "Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir".

Unudulmaz rəhbər müstəqil dövlətimizi xalqımıza ən böyük töhfəsi kimi əmanət qoymuşdur.  O, bu tarixi sərvətin qorunub zənginləşdirilməsini ən etibarlı varisi, layiqli davamçısı Prezident İlham Əliyevə etibar etdi. Bundan sonrakı 14 il müstəqil Azərbaycanın ən yeni tarixində yeniləşmə və hərtərəfli tərəqqi dövrü kimi uğurla davam etməkdədir.

 Prezident İlham Əliyevin dediyi kimi: “Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir”.

Dünyamalı VƏLİYEV, 
AMEA Şərqşünaslıq İnstitutu  Mərkəzi Asiya şöbəsinin müdiri, iqtisadiyyat üzrə elmlər doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında