Avropa Parlamenti də erməni vandalizminə etirazını bildirib

Xəbər verildiyi kimi, bu il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində 2 yaşlı Zəhra və onun nənəsi qətlə yetirilmiş, mülki əhaliyə ciddi ziyan vurulmuşdur. Bu hadisə işğalçı Ermənistanın beynəlxalq hüquq normalarına hörmətsizliyini, terrorçuluqdan hələ də əl çəkmədiyini bir daha nümayiş etdirmişdir. Böyük rezonans yaratmış bu qanlı hadisə dünyanın aparıcı beynəlxalq təşkilatları olan ATƏT, Avropa İttifaqı, Avronest, İslam Əməkdaşlıq Təşkilatı, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən etirazla qarşılanmışdır. Həmin təşkilatlar bəyanatlarla çıxış edərək, hadisəni kəskin pisləmiş, əsas günahkarın məhz Ermənistan olduğu bildirilmişdir.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Alxanlı faciəsi ilə əlaqədar verdikləri  ikinci bəyanatda qanlı hadisənin Ermənistan tərəfindən törədildiyi, bu ölkənin Cenevrə konvensiyalarının, digər beynəlxalq qanunvericilik aktlarının tələblərini və danışıqlar prosesini pozduğu aydın şəkildə əksini tapıb. Bəyanatda açıq şəkildə bildirilir ki, Ermənistan silahlı qüvvələrinin son təxribatı danışıqlar prosesinin və həmsədrlərin səylərinin pozulmasına hesablanıb.

Artıq Avropa Parlamenti də məsələyə obyektiv münasibətini açıqladı. Onu da qeyd edək ki, bu qurum indiyə qədər ölkəmiz haqqında həmişə qərəzli və qeyri-obyektiv münasibət bildirir, verdiyi bəyanatlarda real faktlara yox, antiazərbaycan güvvələrin, habelə ermənipərəst dairələrin yalan məlumatlarına əsaslanırdı. Lakin Füzuli rayonunun Alxanlı kəndində baş vermiş qanlı hadisə, mülki əhalinin, xüsusilə də azyaşlı uşağın faciəli ölümündən sonra  Avropa Parlamenti əsl həqiqətlərin şahidi olmuş və bu məsələ parlamentin gündəminə gətirilmişdir.

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin növbəti iclasında əvvəlcə Avropa İttifaqının Azərbaycan və Ermənistanla imzalanacaq yeni sazişlərlə bağlı müzakirələr aparılmışdır. Parlamentarilər çıxışlarında Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlər, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında respublikamızın rolu, həmçinin Dağlıq Qarabağ münaqişəsi gündəmdə olmuşdur. Bununla yanaşı, iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından və minaatanlardan atəşə tutulması, mülki əhalinin faciəli surətdə qətlə yetirilməsi və yaşayış məntəqələrinin dağıdılması kəskin pislənilmişdir.

Avropa Parlamentinin Rumıniyadan olan üzvü Norika Nikolai və həmkarı, sloveniyalı İvo Vayql azərbaycanlı dinc mülki şəxslərin faciəli şəkildə qətlə yetirilmələrini pisləyərək, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini qeyd etmişlər. Deputatlar iyulun 4- də baş vermiş hadisəni Ermənistanın daha bir hərbi təcavüzünün nümunəsi olduğunu bildirmişlər. Bu dəhşətli hadisə zamanı həlak olan  2 yaşlı uşağın və onun nənəsinin dinc sakin olduğunu, onların öz yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyini vurğulayan avropalı parlamentarilər bu hadisəni kəskin pisləmiş və Ermənistan hakimiyyətindən  həmin qanunsuz əməllərə son qoymağı tələb etmişlər: “Günahsız insanların faciəli şəkildə öldürülməsi qəbuledilməzdir. Apardığımız araşdırmalar da təsdiqləyir ki, Azərbaycan xalqı sülh tərəfdarıdır, münaqişənin dinc yolla həllini istəyir və belə qanlı hadisələrin qəti əleyhinədir”.

Sloveniyalı deputat İvo Vayql Dağlıq  Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu diqqətə çatdırmış və dinc əhalinin faciəli surətdə qətlə yetirilməsindən kədərləndiklərini bildirmişdir: “Bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması və hörmətsizlikdir. Xüsusilə 2 yaşlı uşağın bu şəkildə qətlə yetirilməsi heç bir müharibə qanunlarına sığmır. Biz üzərimizə düşən məsuliyyəti hiss edib problemin aradan qaldırılmasına çalışmalıyıq.  Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.

Avropa Parlamentinin digər üzvləri də bu istiqamətdə qətiyyətli addımların atılmasının vaxtının çatdığını bildirmişlər. Qurumun Xarici Əlaqələr Komitəsinin sədri Devid Makallister və Avropa Xarici  Fəaliyyət Xidmətinin Şərq  Tərəfdaşlığı üzrə ikitərəfli şöbənin müdiri Dirk Şubel də münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həll olunmasının vacibliyini bildirmişlər.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında