Ermənistanın hərb və diplomatiya cəbhəsində daha bir məğlubiyyəti

Təcavüzkar ölkənin Füzuli rayonunun Alxanlı kəndində dinc əhaliyə qarşı cinayətkar əməlləri beynəlxalq səviyyədə pislənilir

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü müasir dünya tarixinə beynəlxalq hüquq normalarının ən çox və kobud şəkildə pozulduğu, insanlığa qarşı misli görünməmiş cinayətlərin törədildiyi münaqişələrdən biri kimi həkk olunub. Bədnam qonşumuzun işğalçı mövqeyini beynəlxalq səviyyədə müəyyən olunan birgəyaşayış qaydalarından daim üstün tutaraq əsassız ərazi ilhaqına cəhdlər göstərməsi Azərbaycan xalqı üçün ağır nəticələrə səbəb olub:  ərazilərimizin 20 faizi işğal edilib, 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 

İşğal nəticəsində Azərbaycanın 900-dən artıq yaşayış məntəqəsi talan edilib, yandırılıb və dağıdılıb, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilib. Ümumi yaşayış sahəsi 9 milyon kvadratmetrdən artıq olan 150 min yaşayış binası dağıdılıb, 4366 sosial-mədəni obyekt, eyni zamanda, 695 tibb məntəqəsi məhv edilib. Dağıntılar nəticəsində Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından artıq ziyan dəyib.

Ermənistan Respublikası “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talayıb.  Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılıb. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirib. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan işğalçılıq siyasətini bu gün də davam etdirməkdədir. Təəssüflə qeyd etmək lazımdır ki, beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymayaraq işğalçılıq siyasətindən əl çəkməyən təcavüzkar Ermənistan cəbhə xəttində vəziyyəti süni yolla gərginləşdirməyə, təxribatlar törətməyə və bu yolla mövcud "status-kvo"nu qoruyub saxlamağa çalışır. İyulun ilk günlərində təcavüzkar ölkənin silahlı birləşmələrinin Füzuli rayonunun cəbhəyanı ərazidə yerləşən Alxanlı kəndində dinc sakinləri atəşə tutmaları nəticəsində kənd sakinləri – Quliyeva Sahibə İdris qızının və onun azyaşlı nəvəsinin həlak olmaları, Quliyeva Sərvinaz İltifat qızının yaralanması  Ermənistanın insanlığa və bəşəriyyətə qarşı növbəti amansız cinayətini bütün dünyaya nümayiş etdirdi.

Şübhəsiz, bu Ermənistan ordusunun dinc mülki əhalini - qadınları, ahıl insanları və uşaqları atəşə tutması, amansızcasına qətlə yetirməsi ilə bağlı ilk fakt deyil. Atəşkəs rejimini mütəmadi pozaraq cəbhəyanı ərazilərdə yaşayan kəndləri ağır artelleriya qurğularından, iriçaplı silahlardan atəşə tutan erməni silahlı birləşmələri bununla azərbaycanlı əhalini qorxu və təlaş içərisində saxlamağa, kəndlərimizin, qəsəbələrimizin boşalmasına çalışsalar da, çirkin məqsədlərinə nail ola bilməyiblər.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri ötən ilin mart-aprel aylarında da bu cür təxribatçı əməllərə yol verərək cəbhəboyu  ərazilərdə, kəndlərdə təxribatları gücləndirdilər, dinc əhaliyə qarşı iriçaplı silahlardan, artilleriya qurğularından istifadə etməyə başladılar. 2016-cı il aprel ayının əvvəllərində işğalçılıq siyasətindən əl çəkməyən təcavüzkar Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozaraq qoşunların təmas xəttində törətdiyi son təxribatlara – dinc əhali üçün real təhlükə yaratmasına adekvat cavab olaraq Azərbaycan Ordusu düşmənə Bişkek protokolunun imzalanmasından sonrakı 22 ildə ən ağır və sarsıdıcı zərbəni vurdu.

Əhali arasında itkilərin, mülki evlərin və obyektlərin dağıdılmasının qarşısının alınması üçün erməni silahlı qüvvələrinin atəş nöqtələrinə və artilleriya qurğularına zərbələrin endirilməsi, düşmənin hərbi birləşmələrinin yaşayış məntəqələrimizdən daha uzaq mövqelərə çəkilməyə məcbur edilməsi məqsədilə xüsusi plan hazırlanaraq uğurla həyata keçirildi. Çevik və mütəşəkkil hərbi əməliyyatlarla düşmənin bir sıra mövqelərini ələ keçirən, hərbi obyektlərini darmadağın edən, bəzi yaşayış məntəqələrini işğaldan azad edən müzəffər Silahlı Qüvvələrimizın əzm və rəşadəti uzun illərdir ki, bu anı gözləyən xalqımızın hədsiz sevincinə, vətənpərvərlik və milli qürur hisslərinin alovlanmasına səbəb oldu.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradə və qətiyyətini, habelə xalqımızın böyük dəstəyini hiss edən Silahlı Qüvvələrimiz son illərin ilk irimiqyaslı hərbi əməliyyatlarında yüksək taktiki və strateji hazırlıq səviyyəsi və işğal altında olan torpaqlarımızı azad etmək əzmi nümayiş etdirərək daha bir sınaqdan üzüağ çıxdılar. Azərbaycan Ordusunun qısa zamanda həyata keçirdiyi uğurlu hücum əməliyyatları - düşmənin çoxlu sayda canlı qüvvəsinin və zirehli texnikasının, habelə strateji əhəmiyyətli hərbi bazalarının güclü atəş zərbəsi ilə məhv edilməsi, strateji əhəmiyyətli ərazilərimizin geri qaytarılması insanlarımızın böyük coşqusu, sevinci və mənəvi dəstəyi ilə qarşılandı. Qoşunların təmas xəttindəki uğurlu əməliyyatlarımız bir sıra reallıqları da üzə çıxardı.

İlk növbədə, məlum oldu ki, Azərbaycan xalqının milli maraqlarını daim önə çəkən, mürəkkəb geosiyasi məkanda qətiyyətli, düzgün qərarlar qəbul etmək cəsarəti ilə seçilən güclü siyasi lideri, rəhbəri var! Bu günlərdə Ali Baş Komandanımızın düşmənin hərbi təxribatlarının qarşısının alınması və layiqli cavabının verilməsi ilə bağlı əmrləri Ordumuzun ruh yüksəkliyinə səbəb olmaqla yanaşı, xalqımızın böyük dəstəyi ilə qarşılandı.

İkincisi, Azərbaycan Silahlı Qüvvələrinin - hərbçilərimizin döyüş və qələbə ruhu insanlarda böyük qürur və sevinc hissləri doğurdu. Bir daha təsdiqləndi ki, ötən illər hədər getməyib - 1994-cü ilin may ayında atəşkəs barədə sazişin imzalanmasından sonra Azərbaycanda ordu quruculuğu və ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində işlər göz qabağındadır. Bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş mükəmməl, vətənpərvər kadrlardan ibarətdir. Onu da xüsusi qeyd etmək lazımdır ki, son 14 ildə respublikanın hərbi büdcəsi on dəfədən çox artaraq, bütövlükdə, işğalçı Ermənistanın dövlət büdcəsinə çatıb. Ən müasir texnika və hərbi avadanlıqlarla təchiz edilən, döyüş ruhu yüksək  olan Azərbaycan Ordusu qısa zamanda torpaqlarımızın işğaldan azad olunmasına qadir olduğunu sübuta yetirdi. 

Üçüncüsü, 90-cı illərin əvvəllərindən fərqli olaraq cəmiyyətin bütün təbəqələri qısa müddətdə Ali Baş Komandanın ətrafında sıx birləşərək indiyə qədər görünməmiş milli birlik, həmrəylik nümayiş etdirdilər. Məlum oldu ki, hərbi əməliyyatların davam edəcəyi müddətdə hər kəs "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarını uca tutaraq torpaqlarımızın düşməndən təmizlənməsi prosesinə əməli töhfəsini verməyə çalışacaq. Həmin günlərdə yeniyetmələrdən tutmuş ahıl insanlaradək hamının əlinə silah alaraq cəhbəyə yollanmağa hazır olduğunu bildirmələri də hərbi-psixoloji üstünlüyün əldə edilməsi baxımından vacib məqamlardan idi.

Təcavüzkar ölkənin Alxanlı kəndində törətdiyi son təxribat da cavabsız qalmadı: dinc insanların qətlə yetirilməsinə cavab olaraq düşmənin hərbi hazırlıq vəziyyətinə gətirilən bölmələri və hərbi texnikası, xeyli sayda canlı qüvvəsi sıradan çıxarıldı. Azərbaycanın müasir və qüdrətli Ordusunun düşmənin mülki əhaliyə qarşı istənilən təxribat əməlinə ağır və öldürücü zərbə ilə layiqli cavab verəcəyini növbəti dəfə nümayiş etdirdi.

Alxanlıda törədilmiş vandalizmdən dərhal sonra informasiya cəbhəsində də üstünlüyü ələ alan Azərbaycan təcavüzkarın ifşası istiqamətində bir sıra operativ tədbirlərin həyata keçirilməsinə nail oldu. Bunun nəticəsidir ki, son günlər erməni silahlı qüvvələrinin Alxanlı kəndində törətdikləri təxribat müxtəlif beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən kəskin şəkildə pislənilir, yaranmış vəziyyətlə bağlı narahatlıq ifadə olunur. Müxtəlif xarici KİV-lər - o cümlədən "Associated Press",  BBC, "Euronews", "New York Times", "Washington Post", "Le Monde" kimi nüfuzlu media orqanları Alxanlıda dinc insanların, xüsusilə də azyaşlı körpənin qətlə yetirilməsini pisləyən yazılar dərc ediblər. ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, ABŞ Dövlət Departamenti və digər qurumlar isə yaranmış vəziyyətlə bağlı bəyanatlar yayıblar.

Bir sıra bəyanatlarda Ermənistanın beynəlxalq hüquq normalarına, xüsusilə də Cenevrə Konvensiyasına əməl etməməsi də pislənilir. Belə ki, beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. 1949-cu il tarixli «Müharibə zamanı mülki əhalinin qorunması haqqında» IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o cümlədən hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, təhqiramiz və alçaldıcı hərəkətlər qadağan edilir. Ermənistan bu konvensiyalara məhəl qoymamaqla bir daha işğalçı və terroru dəstəkləyən dövlət olduğunu təsdiqləmişdir.

Şübhəsiz, işğal faktı ilə heç zaman barışmayacağını bəyan etmiş Azərbaycan danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə, münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir. Son 2 ildə bütün dünya xalqımızın bu qətiyyətinin əyani şahidi olub. Söhbət ondan gedir ki, 1994-cü il mayın 12-də atəşkəs rejimini nəzərdə tutan Bişkek müqaviləsinin imzalanmasından 23 il ötsə də, Yerevanın qeyri-konstruktiv, təcavüzkar siyasəti üzündən beynəlxalq birliyin münaqişəni dinc yolla tənzimləmək cəhdləri fayda verməyib. Ötən illərdə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan üzücü və gərgin danışıqlar prosesi bir neçə dəfə problemin real həll müstəvisinə yönəltsə də, Ermənistan rəhbərliyinin aşkar siyasi cığallığı və qətiyyətsizliyi  üzündən sülhə gəlmək mümkün olmayıb.

Son insidentin ermənilər üçün sarsıdıcı hərbi, siyasi və psixoloji nəticələri rəsmi Bakının faktiki olaraq dalana dirənmiş danışıqlar prosesindəki üstünlüyünün daha da möhkəmləndirilməsi, ATƏT-in Minsk qrupu həmsərdlərinin, habelə dünyanın əsas güc mərkəzlərinin münaqişə ilə bağlı səylərinin gücləndirilməsi baxımından əhəmiyyətli sayıla bilər. Azərbaycan Alxanlı faciəsindən sonra düşmənin bir sıra hərbi obyektlərini və canlı qüvvəsini məhv etməklə münaqişənin həllini süni şəkildə uzatmaq yolu tutmuş qüvvələrə də ciddi mesaj verib: danışıqlar prosesi sonsuz və mənasız şəkildə uzadıla bilməz və Azərbaycan beynəlxalq hüquq normalarına söykənərək ən qısa müddətdə öz torpaqlarını azad etmək, ərazi bütövlüyünü və suverenliyini təmin etmək əzmindədir.

Ən əsası, Ermənistanın havadarlarının hansı mövqe tutmasından asılı olmayaraq, Azərbaycan iqtidarı xalqının və qüdrətli ordusunun köməyi ilə bu addımı atmağa qadirdir.

Şahsultan HƏSƏNOV,
 Rusiya Federasiyasının Prezidenti yanında  İdarəçilik və Dövlət Qulluğu Akademiyasının magistri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında