Söz azadlığı və plüralizm demokratik cəmiyyətin zəruri tələbatıdır

Azərbaycan milli jurnalistikasının 142 illik tarixi mətbu söz vasitəsilə xalqın köklü mənafeyini ifadə etmək, demokratiya göstəricisi kimi zaman-zaman önəmini artıran söz azadlığını cəmiyyətdə bərqərar etmək uğrunda tədrici, inadlı və mürəkkəb situasiyalardan keçib gələn bir mücadilə kimi göz önündə canlanır. Milli mətbuatımızın binasını qoyan Həsən bəy Zərdabi söz azadlığından nəşət edən doğru sözü cəmiyyətin işığı sayırdı. Böyük maarifçi-demokrat deyirdi ki, qəzet gərək işıq üzü gördüyü vilayətin, ölkənin güzgüsü olsun. O öz “Əkinçi”sini məhz bu məram və inamla ərsəyə gətirmişdi.

Zərdabi zamanında qabaqcıl Avropa ölkələrində və Amerika Birləşmiş Ştatlarında kağız üstündə tirajlanan azad sözün – demokratik mətbuatın onillərdən gələn təcrübəsi var idi. Bu, rəsmi dairələrdən asılı olmayan müstəqil mətbuatın cəmiyyəti operativ, obyektiv məlumatlandırmaq, elm, təhsil, tərəqqi amilləri vasitəsi ilə maarifləndirmək və işgüzar həyatın inrormasiya-reklam ruporu olmaq rolu və mövqeyinin ciddi siyasi-mənəvi və sosial-iqtisadi tələbata çevrilməsi gerçəkliyi idi.

Doğrudan da, söz azadlığının iki əsrdən də artıq tarixi məntiqi birmənalı şəkildə sübut və təsdiq edir: azad söz cəmiyyətin işığı, ictimai həyatın aşkarlığı üçün zəruri mənəvi vasitədir. Tarixi inkişaf prosesində qarşısıalınmaz tələbata çevrilmiş söz azadlığı hüququ tədricən aktuallaşmışdır. Bu hüquq özü ilə birlikdə maneəsiz yayılan informasiya, fikir və mülahizənin doğuracağı nəticələrlə bağlı məsuliyyət anlayışını da gündəmə gətirmişdir.

Avropa ölkələrində bir-birinin ardınca baş verən burjua inqilablarının ən ümdə şüar və tələblərindən biri və dəyişməyəni insanın əzəli haqları içərisində onun söz demək, öz düşüncə və qanuni tələblərini maneəsiz olaraq ifadə etmək və yaymaq hüququnun gerçəkləşməsi olmuşdur. Böyük Fransa inqilabı söz azadlığı anlayışını ilk dəfə cəmiyyətin siyasi həyatının ayrılmaz elementi kimi müəyyənləşdirmişdir.

Söz azadlığı üçün yaradılan hər hansı bir maneənin aşkarlığa, ahəngdar inkişafa qəsd olması fikri XX əsrin əvvəllərindən həm dövlət qurumlarının, həm siyasi dairələrin, həm də ictimai rəyin daşıyıcısı olan xalqın ortaq qənaəti, ümumi etirafı kimi səslənməyə başlamışdır. Mətbuatın maneəsiz sözün müqabilində məsuliyyəti öz üzərinə götürməsi tələbinin reallaşması senzura və hüquqi qadağaları, cinayət məsuliyyətini gərəksizləşdirmiş, özünütənzimləmə, ictimai qınaq, əxlaq kodeksləri və inzibati sanksiyalar mexanizmini güclənmişdir.

Söz azadlığı və demokratik mətuatın təkamülü prosesində yaranmış bu meyarlar və qazanılmış dəyərlər İkinci Dünya müharibəsindən sonra, dünya birliyinin baş sənədi kimi 10 dekabr 1948-ci ildə elan olunmuş “Beynəlxalq insan hüquqları bəyannaməsi”ndə ümumi, deklorativ ifadəsini tapmışdır. Bəyannamənin 19-cu, 27-ci və 29-cu maddələrində əksini tapmış bu hüquq və azadlıqlardan doğan başlıca prinsiplər sonralar beynəlxalq, regional və ayrı-ayrı ölkələrin jurnalist qurumlarının bəyannamə, kodeks və nizamnamələrində incəliklə açıqlanmışdır.

Milli mətbuatımız tarixində yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra mətbuat azadlığına dövlət tərəfindən təminat yaradılmış və bu hüquq praktiki surətdə reallaşmışdır. Cümhuriyyət hökumətinin hazırladığı və parlamentinin geniş, gərgin müzakirələrdən sonra təsdiq etdiyi “Mətbuat haqqında nizamnamə” dünyanın o vaxtkı qabaqcıl təcrübəsi əsasında azad sözə və demokratik nəşrlərə “yaşıl işıq” yandırmışdı. Nizamnamənin yaratdığı demokratik imkanlar nəticəsində Azərbaycan və rus dillərində çıxan dövlət qəzeti, müxtəlif partiya nəşrləri və müstəqil qəzet-jurnallar daxil olmaqla, 129 mətbuat orqanı fəaliyyət göstərmişdi.

Ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi, Azərbaycan Xalq Cümhuriyyəti dövrünü yaşamış jurnalistlərimiz və onlardan dərs almış sonrakı nəsil yazarlar söz azadlığının olmadığı kommunist mətbuatı daxilində də milli-mənəvi varlığımıza sadiq qaldılar, dövrün acılı-şirinli xronikasını yaratdılar. Kommunist rejiminin sonunda icazəsiz və bütün qadağaları aşıb keçən müstəqil dövri nəşrlər yarandı. Partiya-sovet nəşrləri də mümkün olan bütün üsul və vasitələrlə Azərbaycanın doğulmaqda olan yeni həqiqətinin dövlət müstəqilliyini bərpa etmək zərurətinin ifadə olunmasına qoşuldu. Beləliklə, respublikamızda “azad söz” “söz azadlığı”nın rəsmən elan olunmasını 2-3 il qabaqladı. Dövlət başçısı İlham Əliyev bu prosesi belə qiymətləndirmişdir: “Azərbaycanda azad mətbuat hələ sovet dövründə yaranmışdır və azad mətbuatın o vaxtkı fəaliyyəti çox böyük qiymətə layiqdir”.

Dövlət müstəqilliyi ölkəmizdə azad, demokratik mətbuatın sürətli inkişafı, söz azadlığı prinsiplərinin reallaşması üçün tarixi şərait yaratmışdır. 1992-ci ildə KİV haqqında qəbul olunmuş ilk qanun ölkəmizdə söz azadlığının rəsmi təməlini qoymuşdur. 1995-ci ildə qəbul olunmuş Konstitusiyada isə müstəqil dövlət vətəndaşlarının ən mühüm hüquq və azadlıqları sırasında söz azadlığı prinsipləri də yer almışdır. Konstitusiyanın “Əsas hüquqlar, azadlıqlar və vəzifələr” bölməsinin 47-ci maddəsində “fikir və söz azadlığı”, 50-ci maddəsində “mətbuat azadlığı”, 41-ci maddəsində “yaradıcılıq azadlığı” anlayışları aydın əksini tapmış, “informasiya hüququ insanın genetik hüquq konsepsiyasının tərkib hissəsi” kimi təsbit olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinə rəhbərliyinin 10 ilində ölkəmizdə azad, demokratik jurnalistikanın inkişafını təmin edən mükəmməl hüquqi-normativ baza yaradılmışdır. “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Müəlliflik hüququ haqqında”, “Reklam haqqında”, “Dövlət sirri haqqında” və s. qanunlarda, digər əsasnamə və sənədlərdə söz azadlığının ahəngdar bərqərar olması aydın, dəqiq əksini tapmaqla, mükəmməl bir mexanizm təşkil edir.

Prezident Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli “Söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı ilə senzuranın ləğv edilməsi Azərbaycan milli jurnalistikası tarixinə xüsusi önəmlə yazılmışdır. 2000-ci ildə ulu öndərin Mətbuat və İnformasiya Nazirliyini ləğv etməsi və onun xeyir-duası ilə 2003-cü ildə mətbuatın özünütənzimləmə mexanizminə çevrilən Azərbaycan Mətbuat Şurasının yaradılması ölkəmizdə azad mətbuatın əsaslarının möhkəmlənməsinə, qəzet-jurnalların normal fəaliyyətinə, çap məhsullarının maneəsiz yayılmasına xidmət edir.

Ulu öndər Heydər Əliyev bütün bu tədbirlər nəticəsində ölkəmizdə söz azadlığının çatdığı tarixi durumu belə dəyərləndirirdi: “Azərbaycanda güclü kütləvi informasiya sistemi yaradılmışdır. Azad surətdə fəaliyyət göstərən yüzlərlə mətbuat orqanı, agentliklər, teleradio şirkətləri cəmiyyətimizin çoxşaxəli və etibarlı media şəbəkəsini təşkil edir. Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir.”

Doğrudan da, Azərbaycan cəmiyyətində söz azadlığı etibarlı surətdə təmin olunmuş, hər kəsin və hamının kütləvi tribunadan sərbəst istifadəsinə imkan yaranmışdır. Dövlət orqanları medianın fəaliyyətinə əngəl törədən hansısa bir müdaxilə etmir, göstərdiyi dəstəyə görə mətbuat orqanlarının üzərinə xüsusi öhdəlik qoymur. KİV-in fəaliyyətində ortaya çıxan əngəlli məsələlər mövcud qanunlar və milli əxlaq normaları çərçivəsində həllini tapır.

Azərbaycanda azad medianın-- “yuxarı”dan problemi yoxdur. “Aşağı”dan isə hələ bir sıra arzuolunmaz təmayüllər, narahatlıq törədən hallar yaşanmaqdadır. Bu, daha çox jurnalist peşəkarlığının aşağı olması və söz azadlığının məsuliyyətini sonadək anlayıb-dəyərləndirməməklə bağlıdır. Prezident İlham Əliyev bu gerçəkliyi aydın və dəqiq qiymət vermişdir: “Bizdə söz azadlığı var. Biz söz azadlığını qoruyacağıq və müdafiə edəcəyik. Azərbaycan dövləti və Azərbaycan iqtidarı tənqidlərə dözümlüdür... Peşəkarlıq artdıqca təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır. Mediada yalan informasiyanın verilməsi qəbuledilməzdir.”

 Azərbaycan Mətbuat Şurası yaradılanadək media həyatında yaşanan məhkəmə qalmaqalları silsiləsi, əsasən, söz azadlığının verdiyi imkanlardan sui-istifadə və vətəndaşların mətbuatın ciddi açıqlamalarına, kəskin tənqidlərinə dözümsüzlüyü ilə bağlı idi. Belə hallarda artan məhkəmə prosedurlarının alternativi kimi qabaqcıl dünya təcrübəsində sınaqdan çıxmış medianın özünütənzimləmə mexanizmi ölkəmizdə də tətbiq olunmuş, qısa müddətdə özünü doğrultmaqla, keçmiş SSRİ məkanında örnək kimi qəbul edilmişdir.

Dövlət orqanı, eləcə də sıradan bir jurnalist qurumu olmayan Azərbaycan Mətbuat Şurası media qanunvericiliyinin KİV-in fəaliyyətinə tətbiqinə münsiflik edir, vətəndaşların mətbu nəşrlərlə, jurnalist kollektivlərinin dövlət orqanları ilə əlaqəsini təmin edir, azad sözün müqabilində ortaya çıxan jurnalist məsuliyyətini müəyyənləşdirir. AMŞ-nin Azərbaycan Jurnalistlərinin I Qurultayında qəbul olunmuş Peşə Etikası Kodeksi 1954-cü ildə fəaliyyətdə olan Beynəlxalq Jurnalist Etikası Prinsipləri Bəyannaməsinin müddəalarına əsaslanmaqla hazırlanmış və şuraya üzv olan media qurumlarının fəaliyyətində rəhbər tutulur.

Mətbuat Şurasının fəaliyyətində bəzi qəzetlərin insanların şərəf və ləyaqətini hədəfə almaqla narazılıq doğuran çıxışları ilə bağlı müraciətlərə baxılması aparıcı yönlərdən biridir. Şuranın “qara siyahı”sına adı düşən reket nəşrlər cəmiyyətin qınağı ilə üzləşsə də, bir çox halda məhkəməyə düşməkdən, daha ciddi sanksiyalara məruz qalmaqdan xilas olur.

Söz azadlığının pozulduğu hallardan biri də informasiya əldə etməklə bağlı vaxtaşırı özünü göstərən çətinliklərdir. Belə hallar dövlət məmurları ilə bağlı olanda lazımi tədbirlər görülür. Ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev mediaya qarşı məmur özbaşınalığı ilə bağlı dəfələrlə kəskin mövqe bildirmişlər. Ümumiyyətlə, ulu öndərin və dövlət başçısı İlham Əliyevin ayrı-ayrı KİV orqanlarının tənqidlərinə, hətta böhtan və yalanlarına dözümlü münasibəti söz azadlığına qarşı yönələn mənfi halların qarşısını almaqda nümunəyə çevrilmişdir.

Söz azadlığı prinsipinin cəmiyyətdə tamamilə bərqərar olmasının çox mühüm bir şərti də onun kütləvi informasiya vasitələrinin ahəngdar fəaliyyət mexanizminin mövcud olması, dövlətin söz azadlığının gerçəkləşməsi üçün əlverişli şərait yaratmasıdır. Bu baxımdan müstəqil Azərbaycan dövlətinin mərhələ-mərhələ həyata keçirdiyi zəruri tədbirlər demokratik mətbuatın inkişafı yolundakı maneələrin aradan qaldırılması ilə əlamətdardır.

Son onillikdə KİV-in inkişafına dövlət dəstəyi konsepsiyasının hazırlanması və azad, müstəqil medianın inkişafı üçün zəruri təminat yaradılması üçün 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətə başlaması ölkəmizdə söz azadlığı prinsipinin gerçəkləşməsi hüdudlarını genişləndirmiş və dərinləşdirmiş, demokratik jurnalistikamızın çağdaş inkişafı üçün ciddi təkan olmuşdur.

Jurnalistlərin, azad, müstəqil mətbuat vasitələrinin özlərinə mötəbər dayaq saydığı bu fondun dövlət başçısının himayəsi ilə jurnalistlərin sosial müdafiəsi ilə bağlı bir sıra tədbirlər gerçəkləşdirməsi, müstəqil qəzetlərin nəşrinə maliyyə yardımı göstərilməsi, jurnalistlər üçün müxtəlif mövzulu və istiqamətli yaradıcılıq müsabiqələrinin keçirilməsi cəmiyyətdə azad sözün dayaqlarının möhkəmləndirilməsinə xidmət göstərir.

Ölkəmizdə ­azad sözün­ mövqelərini möhkəmləndirməsində beynəlxalq qurumların, hakimiyyət orqanlarının, jurnalist təşkilatlarının təşkil etdikləri seminar və konfransların da rolu önəmlidir. Bir qayda olaraq belə tədbirlər jurnalist peşəkarlığını artırmağa, söz azadlığı prinsiplərini geniş yaymağa, neqativ halların qarşısını almağa xidmət göstərir.

Göründüyü kimi, dövlət müstəqilliyi illərində reallaşan söz azadlığı Azərbaycan cəmiyyətinin informasiya mühitini tamamilə dəyişmiş, yeni dəyərlər yaratmışdır.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında