Ermənistan rəhbərliyi beynəlxalq birliyin sərt reaksiyası ilə üzləşdi

Müasir dövrümüzdə demokratik proseslərin daha geniş şəkildə təbliğinin, insan hüquq və azadlıqlarının diqqət mərkəzində saxlanıldığının, müstəqil mətbuatın fəaliyyətinin, insanların öz fikirlərini sərbəst şəkildə ifadə etmələrinin  gündəmdə saxlanıldığı bir vaxtda dünya birliyinin gözü qarşısında baş verən ağır cinayətlərə, dəhşətli terror aktlarına, günahsız insanların, xüsusilə uşaqların xüsusi qəddarlıqla qətlə yetirilməsinə biganəlik mümkün deyildi və biz  sərt reaksiyanın şahidi olduq. Beynəlxalq hüququn norma və prinsiplərinə açıq şəkildə saymazlıq edən Ermənistanın, necə deyərlər, ərköyünlüyünə, vandal aktlarına və insanlığa yaraşmayan vəhşiliyinə  heç də hamı göz yuma bilməzdi.

25 ilə yaxındır ki, Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlayan, bir milyondan artıq soydaşımızı öz ata-baba yurdlarından didərgin salan, bu müddət ərzində törətdikləri dəhşətli terror aktları hesabına minlərlə dinc əhalini qətlə yetirən və ya ömürlük şikəst edən işğalçı Ermənistana, onun quldur hakimiyyətinə rəhbərlik edən, əli qana batmış qatil Sarkisyana axır ki, “Dayan!” dedilər.

Bir neçə gün əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulmuşdu. Xəbər verildiyi kimi, Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olmuş, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı qəlpə yarası alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdir. Bundan əlavə, mülki əhaliyə ciddi ziyan vurulmuşdur. Göründüyü kimi, Azərbaycan kəndlərini daim atəş altında saxlayan işğalçı Ermənistan hərbi birləşmələri uşaqları, qadınları və qocaları qətlə yetirməklə beynəlxalq təşkilatların sülh çağırışlarını qulaqardına vurur və insanlığa qarşı hərbi cinayətlərini davam etdirirlər.

Uşaqların amansızcasına qətlə yetirilməsi xüsusilə qeyd olunmalıdır. Çünki ermənilərin bu sahədə törətdikləri cinayətlər dünya ictimaiyyətini də dəhşətə gətirib. Bu yerdə Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri qətliamı xatırlatmaq istərdik. Həmin soyqırımının amansızlığını göstərən faktlardan biri də 63 uşağın qətlə yetirilməsidir. Faciə zamanı 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Günahsız körpələrin başları kəsilib, gözləri çıxarılıb, dərisi soyulub, süngüyə taxılıb. Qanlı cinayət nəticəsində, həmçinin 76 uşaq əlil olub. Şahidlərin sözlərinə görə, ermənilər hətta öldürdükləri uşaqların sinəsini yararaq ürəklərini çıxarıb, cəsədlərini tikə-tikə doğrayıb və bundan həzz alıblar.

Xocalıda uşaqlara qarşı görünməmiş qəddarlıq, hətta, bu hadisənin şahidi olmuş erməni jurnalistini də sarsıdıb. Beyrutlu erməni jurnalist Dan Keyriyan gördüklərini “Xaçın xətri üçün” (For the Sake of Cross) adlı kitabında belə təsvir edir: “Cəsədlərin yandırılması ilə məşğul olan bir qrup erməni martın 2-də Xocalının bir kilometr qərbindəki yerə 100 azərbaycanlının cəsədini gətirib yığdı. Son yük maşınında 10 yaşında bir qız uşağı gördüm. O, başından və əlindən yaralanmışdı, sifəti göyərmişdi. Soyuğa, aclığa və yaralarına baxmayaraq, hələ də sağ idi. Zəif nəfəs alırdı. Tiqranyan adlı bir əsgər onun qolundan tutub əvvəlki cəsədlərin üstünə atdı. Sonra bütün cəsədlərə od vurdular. Mən sanki yanmaqda olan cəsədlər arasında fəryad eşitdim. Əlimdən heç nə gəlmirdi. Mən Şuşaya qayıtdım. Onlar isə xaçın xatirinə savaşa davam etdilər”.

Təkcə budurmu ermənilərin uşaqlara qarşı amansız qətliamı? Bir faktı da diqqətə çatdırmaq yerinə düşərdi. Bir neçə il əvvəl  Tovuz rayonunun Əlibəyli kəndində 13 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi faktı yaddaşlardan silinməyib. Qeyd edək ki, həmin hadisə Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində baş vermişdi. Partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olmuş, onun anası – 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə xəsarət alaraq yaralanmışdı. Partlayıcı qurğu quraşdırılmış “itəbənzər” uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndi istiqamətində axan Tovuz çayına buraxılmışdı. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq evə gətirmişdi. Evdə oynayan zaman A. Şahmalıyeva oyuncağı masanın üstünə vurmuş, nəticədə partlayış baş vermişdi.

Xatırladaq ki, 1994-cü ildə də həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.

Ümumiyyətlə, 1994-cü ildə  atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edir. Bildirilir ki, bu vaxta qədər  32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. Çox təəssüflər olsun ki, bu gün həmin uşaqların sırasına 2 yaşlı Quliyeva Zəhra da əlavə olundu. Statistik məlumatlara görə, 2 yaşlı Zəhra Quliyevanın qətlə yetirilməsi ilə Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən azərbaycanlı uşaqların sayı 194 nəfərə çatıb.

Bəzi mənbələrin məlumatlarına əsasən, münaqişə müddətində dövlət tərəfindən 210 uşaq əsir və girovluqdan azad edilib. Buna baxmayaraq 61 uşaq hələ də itkindir, 27-si isə hələ də əsirlikdədir.

Bəli, faktlar göz önündədir. Bu gün işğalçı Ermənistan və onun indiki prezidenti Serj Sarkisyan uşaqlara qarşı törətdikləri amansız qətliama, qəddarlığa və soyqırımına görə faşistləri də geridə qoyublar. Xatırladaq ki, Ermənistan da BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasını ratifikasiya etmişdir. Ancaq faktlar da təsdiqləyir ki, uşaqlara qarşı  qəddarlıqlarından əl çəkmirlər və sanki bundan zövq alırlar. İstər müharibə, istərsə də atəşkəs zamanı bu istiqamətdə dünya ictimaiyyətini hiddətləndirən  çirkin niyyətlərini bu gün də həyata keçirirlər. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Nəhayət ki, beynəlxalq birlik Ermənistan rəhbərliyinin bu qeyri-insani əməllərini sərt şəkildə qınayan bəyanatlarla çıxış etdi. Bunu dünyanın aparıcı beynəlxalq təşkilatlarının, o cümlədən ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, Avronest, həmçinin ABŞ Dövlət Departamentinin bəyanatları da təsdiqləyir. Həmin bəyanatlarda Füzuli rayonunun Alxanlı kəndindəki qanlı hadisənin əsas günahkarının məhz Ermənistan olduğu göstərilmişdir.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin baş verən hadisələrlə əlaqədar 2-ci bəyanatında  Ermənistan qınaq hədəfi olmuşdur. Belə ki, bu qurumun sonuncu bəyanatında  4 iyul tarixində Füzuli rayonunun Alxanlı kəndində baş verən hadisələr təxribat kimi qiymətləndirilib. Həmsədrlər tərəfindən verilən açıqlamada  təxribatların kimin tərəfindən törədilməsi, Cenevrə konvensiyalarının və danışıqlar prosesinin kimin tərəfindən pozulması aydın şəkildə bəlli olur. 

Göründüyü kimi, artıq beynəlxalq təşkilatlar həqiqəti olduğu kimi qiymətləndirir, Ermənistanın təcavüzkar siyasətini pisləyirlər. Bu fakt dünyanın aparıcı kütləvi informasiya vasitələrində dərc olunan məqalələrdə də öz əksini tapıb. ­“Assosiated Press”, BBC, ­“Euronews”, “New York Times”, “Washington Post”, “Le Monde” və digər nüfuzlu mətbu orqanlar ermənilər tərəfindən törədilmiş hadisəni obyektiv işıqlandırmış, Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş, işğalçı Ermənistanın dinc əhaliyə, o cümlədən uşaqlara qarşı yönəlmiş qanlı cinayətini pisləyən məlumatlar yaymışlar.

Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin, körpə uşağın amansızlıqla qətlə yetirilməsi və mülki əhaliyə ciddi ziyan vurması dünyanın tanınmış ictimai-siyasi, elm və din xadimlərinin də kəskin  etirazına səbəb olmuşdur. Fransanın sabiq nəqliyyat naziri, Milli Assambleyanın fəxri üzvü, Fransa-Azərbaycan Parlamentlərarası dostluq qrupunun keçmiş rəhbəri Tyeri Marianinin,  İtaliya parlamentinin Deputatlar Palatasının üzvləri Kristina Bargero və Xalid Çauki, habelə Senatın üzvü Vito Petroçellinin, amerikalı politoloq Piter Teysin, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Ştefan Şennakın, Fransada Azərbaycanın Dostları Assosiasiyasının rəhbəri Jan-Fransua Manselin, fransalı deputat, Altkirş şəhərinin meri Jan-Lük Reitzerin, Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan deputatı Olav Quttinqin və digərlərinin Ermənistan silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndində iki nəfərin, o cümlədən 2 yaşı tamam olmamış körpənin ölümü ilə nəticələnən dinc əhaliyə qarşı hərbi təxribatını qətiyyətlə pisləməsi, həmçinin Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonuna səfəri dünya ictimaiyyətinin bu hadisədən hiddətləndiyindən xəbər verir.

Ermənistan ordusunun  bu təxribatı din xadimlərini də hiddətləndirmişdir. Los-Ancelesdə fəaliyyət göstərən “Churches in Action” (Hərəkətdə olan kilsələr) Təşkilatının və Los-Anceles Dinlərarası Şurasının sədri, ABŞ-da və dünyanın müxtəlif yerlərində 40-dan çox kilsənin yaradıcısı, Kaliforniyanın ən nüfuzlu xristian din xadimlərindən olan Yepiskop Xuan Karlos Mendezin Ermənistan prezidenti Serj Sarkisyana ünvanladığı açıq məktub xüsusi qeyd edilməlidir.

Yepiskop qeyd edir ki, ABŞ-da 4 iyul Müstəqillik Gününün qeyd olunduğu bir gündə Ermənistan ordusu tərəfindən Azərbaycanın mülki vətəndaşlarının, xüsusilə balaca Zəhranın öldürülməsi xəbəri onu çox sarsıdıb. Dünyanın müxtəlif bölgələrində mülki şəxslərə qarşı törədilən vəhşiliklərin davam etməsini, hətta bəzi yerlərdə gündəlik normaya çevrilməsini ürək ağrısı ilə qeyd edən yepiskop, bunun tamamilə qəbuledilməz olduğunu vurğulayır. Mendez  Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal altında saxlanılmasının davam etdirilməsini, bu işğal nəticəsində öz yurd-yuvalarından didərgin salınmış və malik olduqları hər şeydən məhrum edilmiş minlərlə azərbaycanlının əzab və iztirabının əsas səbəbi olduğunu qatil prezidentin diqqətinə çatdırır və qeyd edir ki, bu işğal və ədalətsizlik davam etdikcə, daha çox insanlar əzab çəkəcək və bu faciyəvi münaqişənin qurbanları olacaqlar.

Mendez Ermənistan prezidentinin diqqətinə çatdırır ki, günahsız mülki şəxslərin öldürülməsi, nəinki beynəlxalq hüquq normalarına, həmçinin xristianlığın əsas prinsiplərinə ziddir. Yepiskop, öz xristianlığı ilə fəxr edən Ermənistan və onun rəhbərliyinin xristian prinsiplərinə riayət etməyin məsuliyyətini dərk edə bilməsinə ümidvar olduğunu bildirir.

Qətiyyətlə demək olar ki, nəhayət, beynəlxalq təşkilatlar özlərində bir təpər, qətiyyət və cəsarət taparaq,  İrəvan rəhbərliyini sərt şəkildə qınadı. İnanırıq ki, bundan sonra Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyinin qarşısı alınacaq və  işğalçı ölkəyə qarşı ciddi tədbirlərə əl atılacaq.

Əliqismət BƏDƏLOV,
”Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında