Prezident İlham ƏLİYEV: Gün gələcək ki, bizim bayrağımız Şuşada da qaldırılacaq!

Azərbaycanın müstəqillik tarixinin 26-cı ili xalqımızın yaddaşında böyük qayıdışın başlanğıcı kimi qalacaq. Söz yox ki, respublikamız müstəqilliyini 26 il əvvəl bərpa edib, ancaq ilk illər ölkədə yaranmış hakimiyyətsizlik, idarəetmədəki naşılıq, özbaşınalıq, xaos və anarxiya müstəqilliyimizi getdikcə uçuruma yaxınlaşdırırdı. Hakimiyyətdə olanların birincilik davası  ölkədə silahlı qarşıdurmaya qədər gətirib çıxarmışdı. Qeyri-konstitusion yolla hakimiyyəti ələ keçirənlərin başı özlərinə mal-dövlət, sərvət toplamağa qarışmasından yararlanan düşmən torpaqlarımızı asanlıqla işğal edirdi...1993-cü ildən başlayaraq, ölkədə həyat tədricən öz axarına düşməyə başladı. Ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişlərindən sonra respublikaya rəhbərlik etməyə razılıq verməsi insanlarda gələcəyə inam yaratdı.

Arxada qalan 24 ilə nəzər yetirdikdə bir daha aydın olur ki, bu müddət ərzində  Azərbaycan sürətlə inkişaf etmiş, demokratik prinsiplərə üstünlük verərək, dünya birliyinə inteqrasiya olunmuşdur. Ölkəmizin mövqeyi getdikcə möhkəmlənmiş, reytinqi yüksəlmiş və beynəlxalq birlikdə söz sahibinə çevrilmişdir. İqtisadi, sosial, mədəni  sahələrdə, həmçinin xarici siyasətdə qazanılan uğurlar Azərbaycanın mövqeyini daha da möhkəmləndirmişdir. Bu müddət ərzində qazanılan uğurlar Azərbaycanı MDB dövlətləri, həmçinin müstəqillik tarixi daha çox  olan bir sıra ölkələr üçün nümunəyə çevirmişdir.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi bu gün özünü bütün sahələrdə göstərir. Təkcə bir faktı qeyd edək ki, müstəqilliyimizin 26-cı ili xalqımızın yaddaşında 20 ildən çox müddətdə düşmən əsarətində qalmış ərazilərimizin azad edilməsi və  Böyük Qayıdışın başlanğıcı kimi qalacaq. Artıq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 50 ailənin təhlükəsiz yaşaması təmin olunub. Söz yox ki, bu vaxta qədər məcburi köçkünlər üçün hər cür infrastruktura malik qəsəbələr salınıb. Ancaq həmin qəsəbələr müvəqqəti yaşamaq üçün nəzərdə tutulub. Cocuq Mərcanlıda salınan yeni qəsəbə isə tam fərqlidir. Həmin kəndin sakinləri oraya daimi yaşamaq üçün köçürülürlər. İlk növbədə, 50 ailə artıq doğma yurda qayıdıb.

Böyük Qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası artıq başa çatıb. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olmuş, sakinlərlə görüşmüşdür. Dövlətimizin başçısının Cocuq Mərcanlıya səfəri, həmin kəndin sakinlərinin evində qonaq olması doğma yurdlarından didərgin salınmış bütün soydaşlarımızda tezliklə ata-baba yurdlarına qayıdacaqlarına böyük inam yaratmışdır. Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılan, lakin Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində azad edilən, dövlətimizin başçısının xüsusi diqqəti sayəsində qısa müddətdə yenidən qurulan, hər cür infrastruktura malik evlərin tikilməsi ilə diqqəti çəkən bu kənd Ermənistan tərəfinin ürəyinə sancılmış sanki bir oxdur.

Məlum oduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqıında” 17 iyun 2017- ci il tarixli sərəncam imzalamışdır. Sərancamda qeyd edildiyi kimi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni silahlı birləşmələrinin işğalından azad edildikdən və burada insanların təhlükəsiz yaşaması mümkün olduqdan sonra kənd sakinlərinin öz doğma yurdlarına qayıtması üçün həmin ərazilərdə əsaslı yenidənqurma və bərpa işlərinə başlanmışdır. İlkin mərhələdə 10 hektar ərazidə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmış, ümumi sahəsi 3850 kvadratmetr olan 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilmiş, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilmişdir. Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və respublikamızın müxtəlif bölgələrində məskunlaşmış Cocuq Mərcanlı sakinlərinin öz doğma yurdlarına qayıtmaq barədə müraciətlərini nəzərə alaraq, ölkə Prezidentinin sərəncamı ilə  Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulmuşdur. Bu məqsədlə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat ayrılmışdır.

Yəqin ki, hər birimiz həmin illəri – ulu öndərin Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyi dövrü çox yaxşı xatırlayırıq. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk dövrdə ölkədəki ağır vəziyyəti nəzarətə götürmüş və ordu quruculuğu istiqamətində əhəmiyyətli addımlar atmışdı. Məhz ulu öndərin qətiyyəti və iradəsi sayəsində 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarına qədər davam edən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun bu qəsəbəsi ilə yanaşı, 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Lakin təhlükəsizlik baxımından uzun müddət bu kənddə yaşamaq mümkün olmamışdır. Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi strategiya nəticəsində gündən-günə mətinləşən ordumuzun gücü sayəsində 2016-cı ildə Cocuq Mərcanlı öz tarixində ikinci həyatını yaşamağa başladı. Ötən ilin aprelində şücaətli Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində Cocuq Mərcanlıda həyat yenidən öz axarına düşdü. Dördgünlük müharibədən sonra Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalandı. Dövlətimizin başçısı qətiyyətlə bildirmişdir ki, bu gün Lələtəpə və işğaldan azad edilmiş digər torpaqlarda Azərbaycan  bayrağı dalğalanır: “Gün gələcək ki, bizim bayrağımız Şuşada da qaldırılacaq”.

Böyük Qayıdışın başlanğıcı olan bu kəndin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər bir daha təsdiqləyir ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın azad olunması uğrunda son ana qədər mübarizə aparılacaq.

Ermənistan rəhbərliyi aprel döyüşlərində məğlubiyyətlərini müxtəlif vasitələrlə ört-basdır etməyə cəhd göstərsə də, artıq bu həqiqəti etiraf etmək məcburiyyətində qalıb. İşğalçı dövlətin  keçmiş ombudsmanı Larisa Alaverdiyanın da dedikləri bundan xəbər verir: “Aprel döyuşləri Azərbaycana yeni nəfəs verdi. Bakı inandı ki, bunu təkrarlaya və işğaldakı yeni əraziləri qaytara bilər”. Erməni ombudsman, eyni zamanda, həm psixoloji, həm də informasiya müharibəsində itkilər olduğunu etiraf edib: “Anlaşılmazdır ki, bu hadisələr necə bas verdi? Niyə qarşısı alınmadı? Bu müharibədə  Bakının qalib gəldiyi açıq-aşkar bəllidir”.

Ermənistan Milli Təhlükəsizlik və Müdafiə nazirliklərinə məxsus "Ermənistan Milli Qvardiyası" təşkilatının üzvləri 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə Ermənistanın itkilərini gizlətməyə cəhd etsələr də, buna nail ola bilməyiblər. Çünki bu döyüşlərdə sağ qalmış bir neçə erməni zabit və əsgəri məğlubiyyətlərini etiraf ediblər.  Aprel döyüşünün ilk günündəcə qırx nəfərə qədər erməni hərbi qulluqçunun öldüyünü bildirən əsgər Narek Nikoğosyan özünün döyüş postunda yeganə sağ qalan əsgər olduğunu bildirib. O qeyd edib ki, atılan mərmilərin sayı o qədər çox idi ki, yerimizdən tərpənə bilmirdik və ilk dəqiqələrdə başa düşürdük ki, buradan heç kim sağ çıxmayacaq. Başqa bir əsgər  Arman Kirakosyan isə bütün əsgər yoldaşlarının yaralanaraq məhv olduğunu, onlardan yalnız iki nəfərin sağ qaldığını bildirib. Erməni zabiti Edqar Martirosyan Azərbaycan tanklarının sayının onların əsgərlərinin sayından çox olduğunu etiraf edib və deyib ki, biz canlı qüvvə baxımından Azərbaycandan dəfələrlə zəif idik.

Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanın düşmən əsarətində olan ərazilərini hər an azad edə biləcək güclü ordusu var. Ali Baş Komandan, Prezident İlham Əliyev də bunu dəfələrlə bəyan edib: “Hazırda güclənən Azərbaycan Ordusu Ermənistan üçün böyük təhlükə mənbəyidir. Onu özləri də etiraf edirlər. Özləri də öz məğlubiyyətlərini etiraf edirlər. Çünki onların yüksək vəzifəli rəsmi şəxsləri dəfələrlə bəyan etmişlər ki, Ermənistan təhlükəsizliyini özü təmin edə bilmir. O ölkə ki, öz təhlükəsizliyini təmin edə bilmir, o ölkə müstəqil ölkə sayıla bilməz. Bu etiraf, əslində, məğlubiyyətin etirafıdır. Bu etiraf acizliyin etirafıdır. Onlar bizim qarşımızda duruş gətirə bilmir, özləri bunu etiraf edirlər. Bu gün güclənən Azərbaycan Ordusu məsələnin həlli üçün ən birinci amildir. Hətta atəşkəs rejimi şəraitində bizim güclənən ordumuz erməniləri təşvişə salır. Biz hamımız yaxşı bilirik və operativ məlumat da alırıq ki, Ermənistan ordusu təşviş içindədir. Biz təmas xəttində üstünlüyü tam şəkildə əldə etmişik. Təmas xəttində vəziyyətə tam şəkildə biz nəzarət edirik. Ancaq Azərbaycan dövlətinin sülhsevər siyasəti bu gün sabitliyin qarantıdır. Heç bir kənar qüvvə bu bölgədə sabitliyin qarantı ola bilməz. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz”. 

Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, biz bu münaqişənin sülh yolu ilə həllini istəyirik. Ancaq işğalçı Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə qarşı saymazlıq edərək, cəbhəboyu ərazilərdə təxribatlar törədir, günahsız insanları, hətta uşaqları da qətlə yetirirlər. İyulun 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində dinc sakinləri artilleriya atəşinə tutması faktı beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Erməni faşistlərinin nənə və nəvəni qətlə yetirmələri, digər kənd sakinlərini ağır yaralamaları bu millətə xas olan növbəti vandalizm aktıdır. Artıq bir sıra ölkələrin diplomatik nümayəndələri də erməni vəhşiliyndən hiddətləndiklərini bildirblər. İsrailin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilir ki, səfir Stav ötən gün Füzuli rayonunun Alxanlı kəndinin minaatanlardan atəşə tutulması nəticəsində iki yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın öldürülməsi xəbərindən dəhşətə gəlir və dərindən kədərlənir. Səfir Stav Zəhra və Sahibənin ailəsinə və bütün Azərbaycan xalqına bununla əlaqədar başsağlığını da çatdırmış və yaralılara tezliklə sağalmalarını arzu etmişdir.

Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda da işğalçı  Ermənistanın son təxribatı kəskin tənqid edilib. Bəyanatda bildirlir ki, Ermənistanın mülki vətəndaşlara qarşı fəaliyyəti qəbuledilməzdir: “Erməni tərəfinin təxribatı beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Beynəlxalq ictimaiyyət anlamalıdır ki, Ermənistan bu fəaliyyəti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına sistematik olaraq maneçilik törədir”.

Ermənilərin insanlığa xas olmayan sonuncu  vəhşiliyi dünyanın aparıcı kütləvi informasiya vasitələrində də geniş əks-səda doğurub. Erməni silahlı birləşmələrinin  Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması və biri iki yaşlı uşaq olmaqla, 2 nəfərin qətlə yetirilməsi barədə New-York Times qəzetində “Reuters” agentliyinin məlumatı dərc olunub. Məqalədə həmçinin qeyd edilir ki, Etnik ermәnilәrin idarә etdiyi bölgәdә baş verәn yanğınlar, neft vә qaz kәmәrlәri keçәn bölgәdә baş verә bilәcәk geniş atışma narahatlıq doğurur.

Ermənilərin cəbhədə təxribat törətməsi ilk dəfə deyil. Onlar müxtəlif bəhanələrlə həmişə belə təxribatlara əl atırlar. Görünür, erməni tərəfi təxribatlar törətmək vərdişindən hələ də  əl çəkmək istəmir. İşğalçı ölkənin bütün təxribatları bu vaxta qədər Azərbaycan Ordusu tərəfindən layiqli cavablandırılıb və bundan sonra da cavablandırılacaq. Düşmən tərəfi nə qədər təxribatlar törətsə də, birdəfəlik yadda saxlamalıdır ki, gec-tez işğal altında saxladıqları Azərbaycan ərazilərində bizim üçrəngli bayrağımız dalğalanacaq.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında