Dünya cinayətkar Ermənistan dövlətinə layiq olduğu yeri göstərməlidir!

Ermənistan terrorçu siyasətini davam etdirir. İyulun 4-də bu ölkənin silahlı qüvvələri Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutmuşlar. Erməni təxribatı nəticəsində yaşlı qadın  və onun 2 yaşlı nəvəsi öldürülmüş, digər sakinlər yaralanmış, mülki əhalinin məskunlaşdığı  yaşayış məntəqələri dağıdılmış və xeyli ziyan vurulmuşdur. Bu vandalizm aktını törətməklə terrorçu Ermənistan rejimi qaniçən mahiyyətini və Azərbaycan xalqına qarşı düşmənçilik münasibətini əyani şəkildə nümayiş etdirdi. Əli dəfələrlə Azərbaycan xalqının qanına bulaşmış Serj Sarkisyan əsgərlərinə dinc sakinləri atəşə tutmaq əmri verməklə, ermənilərin gözündə laxlamış etibarını xilas etməyə çalışır.

Deyirlər ki, küncə sıxılmış dovşan belə barmaq dişləyir. İqtisadi və siyasi problemlər məngənəsində çapalayan Ermənistan rəhbərliyi erməni vətəndaşların qarşısında itirilmiş etibarını az da olsa artırmağa çalışır. “Nokdaun”a düşmüş gücsüz boksçu kimi, sağa-sola  yumruq atmaqla,  hədəfinə çatmağı arzulayır. 2016-cı il aprel döyüşlərində başını itirmiş Ermənistan prezidenti Serj Sarkisyan ehtimal edir ki, Azərbaycanın yaşayış məntəqələrini bombalamaqla Dağlıq Qarabağ münaqişəsinin həllində özünə sərf edəcək mühitin formalaşdırılmasına nail ola bilər. O, düşünür ki, qoşunların təmas xəttində gərginliyi artırmaqla, Ermənistanda dözülməz həddə çatan narazılığı səngitməyi bacaracaq. Amma işğalçı dövlətin başçısı unudur ki, onun bu istəyi  ilk növbədə erməni xalqının mənafeyinə ziddir. Çünki bir tərəfdən danışıqlar masasına oturmayacağını deyən, digər tərəfdən danışıqların məzmunundan danışan, hansısa şərtlər irəli sürən S.Sarkisyan məntiqsiz davranaraq, münaqişənin həllində status-kvonun saxlanılmasına cəhd göstərir.

Bu gün hamı bilir ki, Ermənistan rəhbərliyi münaqişənin həlli istiqamətində hansısa müsbət meyillər müşahidə edildiyi zaman müxtəlif təxribatlara əl atır. İşğalçı dövlətə qarşı beynəlxalq təzyiqlərin artması ilə əlaqədar danışıqlarda müəyyən irəliləyiş hiss olunduğu vaxtda, daha dəqiq desək, 2016-cı il aprel ayının ilk günlərində Ermənistan təxribat törətməyə çalışmışdı. Lakin erməni işğalçıları Azərbaycan Ordusu tərəfindən layiqli cavabını almışdı. İyulun 4-də Sarkisyanın yazdığı qanlı tarix yenidən təkrarlandı. Bu dəfə də erməni hərbçiləri beynəlxalq konvensiyalara arxa çevirərək, mülki əhalinin məskunlaşdığı  yaşayış məntəqələrini artilleriya qurğularından, minaatanlardan və digər iriçaplı silahlardan intensiv atəşə tutdular. Erməni təxribatı nəticəsində Alıxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və nəvəsi –2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak oldu. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri aldı, yaşayış yerlərinə külli miqdarda zərər dəydi.

Xatırladaq ki, Ermənistanın Azərbaycanın dinc əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. S. Sarkisyan öz ampluasındadır, 25 il öncəki cinayətlərini yenə davam etdirir. Dinc sakinləri, azərbaycanlı qadın və uşaqları qətlə yetirir.

Ermənistanın terrorçu hakimiyyət rejimi Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını törətdiyi təxribatlarla təsdiqləyir. Son illər Serj Sarkisyan münaqişə ilə bağlı danışıqlarda şəxsi mənafelərini güdərək, danışıqlar xatirinə danışıqlara getdiyindən hamı xəbərdardır. Amma rəsmi İrəvan da anlayır ki, vəziyyət dəyişir və status-kvonu saxlamaq getdikcə çətinləşir. Nokdauna düşmüş ermənilərin prezidenti də ölkədəki vəziyyətə nəzarəti itirmək təhlükəsi ilə üz-üzədir. Onsuz da sosial bazadan korluq çəkən S.Sarkisyan aprel döyüşlərində Azərbaycan Ordusundan aldığı tutarlı cavab nəticəsində ermənilər arasında azsaylı dəstəyini də sürətlə “əritmişdi”.

Dünyaya məlumdur ki, Ermənistan hazırda ağır siyasi-iqtisadi böhran içərisindədir, normal həyat arxasınca xarici ölkələrə üz tutan ermənilərin sayı sürətlə artmaqdadır. Ermənistanı tərk etməyə maddi imkanı olmayan ermənilər isə S.Sarkisyan və komandasının yaratdığı cinayətkar rejimin girovuna çevrilmişlər. Bir tərəfdən dözülməz yoxsulluq, digər tərəfdən də erməni hərbçilərinin işğal altında olan Dağlıq Qarabağda kütləvi şəkildə məhvi çıxılmaz vəziyyətə düşmüş Ermənistan vətəndaşlarını terrorçu rejimdən hesabat tələb etməyə sürükləyir. S.Sarkisyan rejiminin erməni rəhbərləri isə əhalisinə 2 yaşlı Zəhra Quliyevanı və nənəsi Sahibə Quliyevanı qətlə yetirməklə hesabat verir. Dinc sakinlərimizi öldürməklə və yayayış məntəqələrimizi intensiv atəşə tutmaqla, yaxşı həyat gözləyən erməniləri sakitləşdirməyə çalışır.

Əlbəttə, Ermənistan prezidenti müharibə ab-havası yaradaraq, ölkədə antihökumət əhval-ruhiyyəsini “vətənpərvərlik” məcrasına istiqamətləndirməyə cəhd göstərir. Amma erməni quldurbaşı unudur ki, belə oyunbazlıq öz başında çatlayacaq. Çünki atəşkəs rejimini pozmaqla ermənilər münaqişənin sülh yolu ilə nizamlanma variantlarının səmərəlilik ehtimalını azaldırlar. Ermənistan rəhbərliyi gözəl anlayır ki, atəşkəs rejimi genişmiqyaslı hərbi əməliyyatlara çevrilərsə, bu, nəinki separatçı Dağlıq Qarabağ rejiminin axırı olacaq, hətta Ermənistan üçün belə, fəlakətlə yekunlaşacaq.

Xarici və daxili siyasətdə iflasa uğrayan rəsmi İrəvan beynəlxalq qaydaları kobud şəkildə pozaraq, atəşkəs rejiminə əməl etmir, dinc sakinləri hədəfə alır. Təbii ki, mülki əhali yaşamayan işğal olunmuş ərazilərdə yerləşən hərbi mövqelərə cavab zərbələri endirən Azərbaycan erməni təxribatlarının qarşısını alır və münaqişənin dinc yollarla tənzimlənməsinə olan inamını hələ itirmədiyini nümayiş etdirir. Amma istər daxildə, istərsə xaricdə dəstək axtaran S.Sarkisyan və komandası anlamalıdır ki, haqq uğrunda mübarizə aparan Azərbaycan Ordusu hər zaman işğal olunmuş torpaqları azad etməyə qadir və hazırdır. Bu sadə həqiqəti ermənilər də gözəl bilirlər və rəsmi İrəvan yanlış addımlar atmaqda davam edərsə, Azərbaycan əsgərlərinin gücünü bir daha görmüş olacaqdır. Təcavüzkar Ermənistan dövləti dərk etməlidir ki, Azərbaycan tərəfi münaqişənin həlli üçün digər vasitələrə əl atacağı təqdirdə bütün məsuliyyət Ermənistan dövlətinin üzərinə düşəcək.

Aydındır ki, Ermənistanda yuva salmış terrorçu rejimin qaniçənləri körpə və yaşlıları öldürməklə, beynəlxalq ictimaiyyətə meydan oxuyurlar. Buna görə də beynəlxalq ictimaiyyət daim aciz və çıxılmaz vəziyyətə düşdüklərini gözüyaşlı halda xarici havadarları qarşısında yalvaran erməni terrorçularının yalanlarına inanmamalı və rəsmi İrəvanı Azərbaycan torpaqlarından çıxmağa vadar etməlidir. Dünya dinc əhalinin siyasi mübahisələrin qurbanı olmaması üçün S.Sarkisyan hakimiyyətini beynəlxalq qanunlara əməl etməyə sürükləməlidir. 1915-ci il qondarma erməni soyqırımı iddiası ilə ortalığı qarışdırmaq istəyən siyasi dairələr, nəhayət 2 yaşlı Zəhra Quliyevanın öldürülməsinə qiymət verməlidirlər. Beynəlxalq ictimaiyyət yaxın keçmişin Xocalı faciəsinə və 2 yaşlı körpəni qətlə yetirən S.Sarkisyan rejiminin terror əməlinə qiymət verməli və Azərbaycanın işğal altında olan ərazilərində ermənilər tərəfindən yerləşdirilən ağır silahlar barədə mövqe bildirməlidir. Terroru dəstəkləyən və bilavasitə onu dövlət siyasətinin prioritet istiqamətinə çevirmiş Ermənistana münasibətdə beynəlxalq təşkilatlar susqunluğunu pozmalı və kəsərsiz açıqlamalardan əməli işə keçməlidir. O zaman ədalətin bərpa olunacağına ümid artar. Qərb həmişə danışdığı ədaləti bərpa etmək istəyirsə, o zaman cinayətkar Ermənistan dövlətinə layiq olduğu yeri göstərməyə borcludur.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında