Beynəlxalq hüquq normalarını tapdalayan, işğalçılıq siyasəti yeridən ermənilər mülki əhalini atəşə tutur, uşaq öldürürlər

Beynəlxalq təşkilatların ikili standartlardan əl çəkməməsi İrəvan rəhbərlərini daha da quduzlaşdırır

Azərbaycan Ordusunun istənilən təxribata adekvat cavab verəcəyi barədə deyilənlərə inanmaq istəməyən ermənilər ötən ilin aprelində həmin tezisə inanmaq məcburiyyətində qalmışdılar.  Sonra isə rəsmi Bakı bəyan etmişdi ki, ermənilər  analoji təxribatları təkrarlayarsa, Azərbaycan Ordusunun növbəti cavabı onlar üçün daha ağır  olacaq. 

Budur, erməni öz “erməniliyindən” əl çəkə bilmir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi xəbər verir ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri -- 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb. Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub. Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Buna baxmayaraq, beynəlxalq aləm susmaqda davam edir.

Müxtəlif ölkələrdəki terrorçu və təxribatçı erməni diasporunun  dəstəyi və erməni lobbisinin çirkli pulları ilə fəaliyyət göstərən bir çox siyasətçi və beynəlxalq təşkilat rəsmiləri Azərbaycanda kiminsə Vətənə xəyanət də daxil olmaqla bir neçə konkret cinayət əməlinə görə istintaqa cəlb edilməsi zamanı dərhal  vay-şivən qaldırırlar ki, qoymayın, insan hüquqları pozuldu. Bəs onlar cəllad Serj Sarkisyanın, qatil İrəvan rəhbərliyinin əli ilə qanına qəltan edilmiş iki yaşlı azərbaycanlı balası Zəhranın beynəlxalq aləmdə insan hüquqlarının ən  əsas prinsiplərindən olan  yaşamaq hüququndan məhrum edilməsi zamanı nə üçün susdular?

Bu dəhşətli və qanlı faciədən sonra da öz vəzifəsinin məsuliyyətini dərk etməyən Minsk qrupu təmsilçiləri yenə də ikibaşlı bəyanatla kifayətləndilər: “Zorakılıq zorakılıq törədəcək”. Təbii ki, həmin bəyanatın müəllifləri ermənilərlə görüşərkən onların üzünə baxa bilmək üçün bu ikibaşlı bəyanata imza atıblar. Ancaq erməni politoloqlar həmin bəyanata başqa don geyindirmək istəyirlər: “Minsk qrupu həmsədrləri Azərbaycanın təmas xəttində fəallaşacağına haqq qazandırdılar”.

 

Vasitəçilər bunu bilməlidirlər ki...

 

Beynəlxalq təşkilatlar və bilavasitə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə yaradılmış ATƏT-in Minsk qrupuna həmsədrlik edən  vasitəçilər bilməlidirlər ki, Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində yaşlı qadın  və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər sakinlərin yaralanması, mülki əhalinin məskunlaşdığı  yaşayış məntəqələrinin dağıdılması və  zərər vurulması müvafiq beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, terrorçu Ermənistan rejiminin  qaniçən mahiyyətini, şəxsən prezident Serj Sarkisyanın Azərbaycan xalqına qarşı düşmənçilik münasibətini əyani şəkildə nümayiş etdirdi. Vasitəçilər bunu bilməlidirlər və bilirlər. Ancaq ikili siyasət mərəzindən əl çəkə bilmədiklərinə görə hələ ki, Ermənistanın zəncirini dartmağa tələsmirlər. Təbii ki, hələlik.

Bütün dünya gördü ki, ötən ilin aprelində qaniçən Sarkisyanın başkəsənlər ordusu Azərbaycan əsgərinin qarşısında tamamilə çarəsiz qalmışdı. Erməni saytları açıq şəkildə yazırdılar ki, türkün (azərbaycanlıların - red.) qabağından qaçan əsgərlərimiz heç olmazsa, silahları da özləri ilə aparmayıblar: “Ermənistan ordusunun bu kasıb vaxtında nə qədər silahımız döyüş meydanlarında qalıb”. Biz erməni jurnalistlərin həmin fikirlərinin təsdiqini sonralar Azərbaycan Ordusunun yaydığı foto şəkillərdə də gördük. Yəni düşmən bizim əsgərimizlə üz-üzə dayanmaqdan açıq şəkildə qorxduğuna görə şərəfsizcəsinə öz “gücünü” arvad-uşağa göstərir.

Ekspertlərin yazdığına görə burada başqa bir məqam da var. Belə ki, Azərbaycan Ordusunun ötənilki aprel zəfərindən sonra Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi və bunun nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin  bərpasına, oraya torpağın həqiqi sakinlərinin qaytarılmasına zəmin yaradılması Ermənistan ictimaiyyəti tərəfindən həzm edilə bilmir. Ermənilər xalqın qanını içən Sarkisyan iqtidarından tələb edirlər ki, ya hakimiyyəti təhvil ver, ya da Azərbaycan Ordusunun qabağından qaçma.  Sarkisyan isə yaxasını həmin təzyiqlərdən qurtarmaq üçün iki yaşlı Zəhranın qanını tökməyi, canını almağı məqsədəuyğun saydı. Ancaq unutdu ki, Zəhranın qanı təkcə Sarkisyana deyil, çox ermənilərə qənim olacaq. O  gün uzaqda deyil.

 

Məqsəd  yerli əhali arasında psixoloji gərginlik yaratmaqdır

 

Ekspertlərin fikrincə, cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinin sıx yaşadığı ərazilərin hədəfə alınması sübut edir ki, mütəmadi olaraq törədilən bu kimi qanlı təxribatların məqsədi  yerli əhali arasında psixoloji gərginlik yaratmaqdır. Ermənistan silahlı qüvvələrinin ardıcıl və davamlı şəkildə ağır silahlardan açdığı atəş nəticəsində 2 yaşlı uşağın qətlə yetirilməsi  İrəvan rəhbərlərinin  Xocalı faciəsində törətdiyi  amansız qətliamın davamı və eyni qaniçən zehniyyətin növbəti məhsuludur.

Yuxarıda qeyd etdiyimiz kimi, 2016-cı il  aprel ayının əvvəlində Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdəki mövqelərindən qoşunların təmas xəttinə yaxın ərazilərdə sıx yaşayan mülki əhalini ağır silahlardan hədəfə almış, nəticədə  Azərbaycanın 34 yaşayış məntəqəsi və kəndi artilleriya atəşinə məruz qalmışdı. Törədilən  vandalizm aktı nəticəsində aralarında uşaqlar da  olmaqla 6 nəfər həlak olmuş və 33 nəfər ağır yaralanmışdı. Eyni zamanda, məktəblər, xəstəxanalar, təsərrüfat obyektləri ağır artilleriyanın  aramsız hücumlarına məruz qalmış, ciddi zərər görmüşdülər. Azərbaycan tərəfi lazımi tədbirləri görmüş və düşmənə layiq olduğu yeri göstərmişdi.

Bu gün dünyanın hər yerində hamı görür ki, Serj Sarkisyan hakimiyyətinin zülm etdiyi, zərərdidəyə çevirdiyi insanlar təkcə azərbaycanlılar deyil. O, öz xalqının da qatili və qaniçən düşmənidir. Elə olmasaydı, Ermənistanın dinc sakinləri ölkələrindəki quldur rejimin repressiyalarından qaçaraq Azərbaycana pənah gətirməz  və burada beynəlxalq hüququn norma və prinsiplərinə  uyğun olaraq qarşılanmazdılar. Azərbaycanın dinc sakinləri isə Ermənistan dövləti tərəfindən qətlə yetirilir, onların təsərrüfatları, şəxsi əmlakları ağır silahlarla dağıdılır. Bütün bunlar bir daha sübut edir ki, cəzasızlıq mühiti Ermənistanın heç bir beynəlxalq konvensiyaya, bu konvesiyalardan irəli gələn öhdəliklərə məhəl qoymamasına zəmin yaradır.

Beynəlxalq hüququn təməl prinsiplərini incələyən mütəxəssislər yazırlar ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Bildirilir ki, Ermənistan silahlı qüvvələrinin  Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu və qoşunların təmas xəttinin yaxınlığında yaşayan azərbaycanlı əhalinin müntəzəm olaraq atəş altında saxlanılması, onların qətlə yetirilməsi münaqişənin sülh yolu ilə həll olunmasına mane olmaq üçün Sarkisyan rejimi tərəfindən məqsədli şəkildə atılan addımlardır. İyulun 4-də erməni silahlı birləşmələrinin növbəti dəfə Azərbaycanın dinc sakinlərini qətlə yetirməsi bir daha sübut etdi ki, Ermənistan dövləti regionda sülh və əmin-amanlığın, asayişin bərqərar olmasını istəmir və özünün təcavüzkar davranışları, beynəlxalq hüququn norma və prinsiplərinə zidd dövlət siyasəti ilə Cənubi Qafqazın təhlükəsizliyi üçün ciddi təhdid rolunu oynayır.

Odur ki, beynəlxalq ictimaiyyət bu faktı yadda saxlamalıdır: Sarkisyan rejiminin reallaşdırdığı son qanlı aksiyalar bir daha göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, sadəcə olaraq, Azərbaycanın sülhpərvər siyasəti münaqişənin alovlanmasının qarşısını alır. Həm işğalçı düşmən, həm də onun məkrli havadarları bilməlidirlər ki, Azərbaycan tərəfi münaqişənin həlli üçün digər vasitələrə əl atacağı təqdirdə  bütün məsuliyyət Ermənistan dövlətinin üzərinə düşəcək.

 

Təxribatın coğrafiyası...

 

Müdafiə Nazirliyi xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Yəni, Azərbaycan Ordusunun işğalçı düşmənin hərbi-siyasi təxribatlarına adekvat cavab verməsi üçün zəruri olan hüquqi bazanı elə Sarkisyanın özü son əməlləri ilə gücləndirmiş olur.

 

“Kənd əhalisinin  hamısı yerindədir...”

 

Zəhranın ölümü və anasının yaralanması barədə verilən xəbərdə üzücü məqamın çox olmasına baxmayaraq, bu qısa xəbərdə mükəmməl bir azərbaycanlı qətiyyətinin də şahidi olduq: “Hadisə axşam tərəfi baş verib. Zəhra qapılarının ağzında oynayırmış. Elə oradaca düşmən gülləsinə tuş gəlib. Həmin anda hərbi hospitala apardılar. Amma ora çatanda artıq uşaq keçinmişdi. Zəhranın anası Sərvinaz Quliyeva isə qəlpə yarası alıb. Onu əməliyyata aldılar. Hazırda vəziyyəti stabildir. Kənd sakinləri deyir ki, Quliyevalar ailəsi 2000-ci ildən Alxanlıda yaşayır: “Kənd əhalisi hamısı yerindədir.” Bu xəbəri, xüsusən, Alxanlı camaatının hamısının kənddə olduğunu Azərbaycan oxucusu üçün deyil, Ermənistan oxucusu üçün xatırlatdıq. Çünki bir qədər yuxarıda ermənilərin bir gündə atəşkəsi pozduğu ünvanların  iki abzaslıq siyahısını vermişdik. Ona görə xatırladırıq ki, Aşot, Suren, Vazgendən fərqli olaraq hər bir sadə azərbaycanlı öz torpağına sadiqdir. Çünki bu torpaq Aşot, Suren, Vazgenin  yox, məhz Azərbaycan türkünündür. Biz o yerlərin hamısını sarkisyanlardan təmizləyəcəyik.

 

Bu cinayət bütün dünyaya çatdırılacaq

 

 ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Kamran Nəbizadə bildirib ki, Belarusun paytaxtı Minskdə keçiriləcək ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ problemini və düşmənin  Füzulidə azyaşlı körpənin və nənəsinin qətli ilə nəticələnmiş təxribatı haqqında məsələ qaldıracaq. Deputat əlavə edib ki, Azərbaycan nümayəndə heyəti hər zaman olduğu kimi, bu dəfə də Dağlıq Qarabağ məsələsini yenə gündəmə gətirəcək. Beynəlxalq ictimaiyyət Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir. Ermənistan silahlı qüvvələrinin  təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər bir mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında