Xarici siyasətimizin əsas istiqaməti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir

 

 

 

 

 

 

 

 

 

 

 


İşğal böyük ədalətsizlikdir, beynəlxalq qanunların pozulması deməkdir. Ancaq əfsuslar olsun ki, dünyada ikili standartlar mövcuddur. BMT Təhlükəsizlik Şurası  dörd qətnamə qəbul edib ki, erməni silahlı qüvvələri  Azərbaycanın işğal edilmiş torpaqlarından  dərhal və qeyd-şərtsiz çıxsın. Ermənistan buna əməl etmir. Bu qətnamələri qəbul edənlər də Ermənistanı  məcbur etmir ki, o, buna əməl etsin. Bax, bu problem bundan ibarətdir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi
     14 iyun 2017-ci il


Azərbaycan dövlətinin xarici siyasətində  Dağlıq Qarabağ münaqişəsinin əsas istiqamət olduğunu sübut edən faktları Prezident İlham Əliyevin istənilən çıxış və bəyanatlarında görürük. Dövlət başçımızın ötən ayın  son günlərində reallaşdırdığı Polşa səfəri də bu baxımdan istisna təşkil etmədi.  İyunun 27-də Polşa Prezidenti Andjey Duda ilə birlikdə mətbuat üçün bəyanatla çıxış edən Azərbaycan Prezidenti dedi: “Prezident qeyd etdiyi kimi, bu gün bir çox önəmli sənədlər imzalanmışdır. Bu sənədlər əməkdaşlığımızın perspektivlərini müəyyən edir. Mən onların arasında əlbəttə ki, prezidentlər tərəfindən imzalanmış strateji tərəfdaşlığa və iqtisadi əməkdaşlığa dair Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu bəyannamə əlaqələrimizin demək olar ki, bütün istiqamətlərini, həmçinin siyasi, iqtisadi, enerji, nəqliyyat məsələlərini ehtiva edir. Bu bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da deyilir və göstərilir ki, bu münaqişə ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır”.

Dövlət başçımızın bu istiqamətdəki fəaliyyəti barədə söz açarkən əvvəlcə türk dünyasının müxtəlif qütblərini təmsil edən iki qələm sahibinin fikirlərini yada salmaq istəyirəm. Birinci, Qırğızıstan Dövlət Teleradio Şirkəti sədrinin müavini Kayrat İmanəliyevlə söhbətimiz zamanı o,  demişdi ki, Dağlıq Qarabağ münaqişəsinin Prezident İlham Əliyev üçün bir nömrəli məsələ olduğunu deməyə ehtiyac yoxdur. Çünki Azərbaycan Prezidenti nəinki siyasi-diplomatik görüşlərdə və ya beynəlxalq tədbirlərin tribunalarından çıxış edərkən, hətta, elm, təhsil, mədəniyyət, səhiyyə, idman və digər sahələrə aid söhbətlərdə belə mütləq Dağlıq Qarabağ münaqişəsindən söz açır və həmin problemin ədalətli şəkildə həll ediləcəyi barədə qətiyyətlə danışır.  İkinci fikirin müəllifi isə türkiyəli ədəbiyyat tədqiqatçısı, şair-publisist, Ankara Milli Təhsil İdarəsinin əməkdaşı, Azərbaycan xalqının ən sədaqətli dostlarından olan Osman Baş idi. Osman bəy dövlət başçımızın ötən ilin sonunda  Lələtəpəyə, bu il Qurtuluş Günü ərəfəsində isə Cocuq Mərcanlıya etdiyi səfərlərinə işarə edərək yazmışdır: “ Ermənilər Prezident Əliyevin Dağlıq Qarabağ məsələsindəki qətiyyətini Lələtəpədə və Cocuq Mərcanlıda gördülər”.

 Bu məqamda Prezidentin  Cocuq Mərcanlıda söylədiyi başqa bir fikiri də yada salmaq yerinə düşür: “Bu gün Lələtəpədə  və işğaldan azad edilmiş digər torpaqlarda  Azərbaycan bayrağı dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada da qaldırılacaq”. Tam qətiyyətlə deyə bilərik  ki, İlham Əliyev bu qətiyyəti təkcə Prezident seçildikdən sonra deyil, eləcə də Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı  nümayəndə heyətinin rəhbəri olarkən və ondan əvvəl də dönə-dönə nümayiş etdirirdi. Həmin qənaətimizi əsaslandırmaq üçün dövlət başçımızdan müxtəlif tarixlərdə eşitdiyimiz iki çıxışdan sitat seçmişik.

Yəqin ki, hamının yadındadır. BMT Təhlükəsizlik Şurasının Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçən  “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusundakı iclasında dövlət başçımız dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi kimi problemlərin həllində əlbir fəaliyyət göstərməyə çağırmışdı:   “Əminəm ki, terrorçuluğa qarşı mübarizənin aparılması işində bütün səylərimizi birləşdirməliyik. Terrorçuluğun hazırkı siması və onun beynəlxalq sülh və sabitliyə təhlükə olan digər hədələrlə bağlılığı dövlətlər arasında daha sıx əməkdaşlığı, o cümlədən BMT-nin daha yaxşı, əlaqələndirilmiş, ahəngdar və sistemli yanaşmasını tələb edir. Bununla belə, dövlətlər arasında münaqişələrin olması, xarici hərbi təcavüz və təcavüzkar separatizm terrorçuluq üçün münbit şərait yaradır. Buna görə, beynəlxalq ictimaiyyət beynəlxalq hüququn ümumi qaydada qəbul edilmiş normaları və prinsipləri əsasında münaqişələrin, xüsusən ərazi bütövlüyünün təmin edilməsi və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına aid məsələlərin həllinə çalışmalı və ölkələrə öz əraziləri üzərində suverenliyin bərpa edilməsinə yardım etməlidir”.

İndi isə ikinci və tarix etibarilə daha yeni olan başqa bir nitqə diqqət yetirək. Fikrimizcə, dövlətimizin  xarici siyasətində Dağlıq Qarabağ münaqişəsinin əsas istiqamətlərdən biri olduğunu söyləməkdən ötrü dövlət başçımızın bu il mayın 26-da “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqinə nəzər salmaq kifayətdir. Çünki Prezident həmin nitqdə müasir Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərini  hamı üçün anlaşıqlı  şəkildə xarakterizə  edir: “Azərbaycan xarici siyasət sahəsində böyük uğurlar əldə edib. Bunu artıq Azərbaycan ictimaiyyəti bilir. Biz beynəlxalq arenada öz milli maraqlarımızı bundan sonra da müdafiə edəcəyik. Biz bu gün dünyada çox böyük hörmətə malik olan ölkə kimi tanınırıq. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Ermənistandan başqa heç bir ölkə ilə ikitərəfli formatda bizim problemimiz yoxdur. Biz bir çox üçtərəfli əməkdaşlıq formatları irəli sürdük. Bu gün bizim beynəlxalq təşkilatlarla da çox yaxşı münasibətlərimiz var və biz bu təşkilatlarda fəal rol oynayırıq. Mən onların içərisində, ilk növbədə, İslam Əməkdaşlıq Təşkilatını qeyd etmək istərdim. Azərbaycan bu təşkilatın fəal üzvüdür. Bu təşkilat erməni təcavüzü ilə bağlı keçən il Kontakt Qrupu yaratmışdır. Erməni təcavüzü, ötən ilin aprel ayında onların törətdikləri təxribat hadisələri İslam Əməkdaşıq Təşkilatı tərəfindən pislənildi. Azərbaycan dövlətinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinə daim dəstək göstərilir”.

Bu ümumi məlumatdan sonra isə konkret fakta keçən dövlət başçımız əlavə edir: “Xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bu istiqamətdə bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu gün də belədir, sabah da belə olacaqdır. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ölkələrin ərazi bütövlüyü çərçivəsində, Helsinki Yekun Aktının qərarlarına uyğun şəkildə öz həllini tapmalıdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim tarixi torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın. Elə mövcud olan erməni dövləti bizim torpağımızda yaradılıbdır. Biz yaxşı bilirik ki, 1918-ci ildə İrəvan Ermənistana hədiyyə kimi verilmişdir. Ona görə, torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılması mümkün deyil. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan qeyd–şərtsiz çıxarılmalıdır”.

Dünya ictimaiyyətinin Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətinin Bakıda və İrəvanda yaranan əks-sədası da Prezidentin nitqində özünəməxsus yer tuturdu: “Beynəlxalq təşkilatların qərar və qətnamələri bizi qane edir. Bu, münaqişənin həlli üçün hüquqi əsasdır. Eyni zamanda, son müddət ərzində səslənən bəyanatlar və atılan addımlar da yüksək qiymətləndirilməlidir. Xüsusilə həm Minsk qrupuna həmsədrlik edən ölkələr, həm Avropa İttifaqı, digər qurumlar artıq birmənalı şəkildə deyirlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Düzdür, hələ ki, bu bəyanatlardan sonra heç bir addım atılmır. Gözləyirik ki, bu addım da atılacaq və işğalçıya təzyiq göstəriləcək. Onlara qarşı sanksiya tətbiq olunacaq və mütləq olmalıdır. Əgər Ermənistana bu işğalçı siyasətinə görə sanksiyalar tətbiq edilməsə, bu, ikili standartların növbəti əlaməti olacaqdır. Buna baxmayaraq, belə bəyanatların özü də hesab edirəm ki, müsbət addımdır”.

İşğalçı Ermənistanın mövcud status-kvonu qoruyub saxlamaq və danışıqlar prosesindən yayınmaq istəyinə münasibət bildirən Prezident xatırlatdı ki, biz heç zaman öz prinsipial mövqeyimizdən çəkinməyəcəyik: “ Dağlıq Qarabağda keçirilmiş qondarma “referendum”a çox sərt reaksiya verildi, həm qonşu ölkələr tərəfindən, həm Minsk qrupundan, həm Avropa İttifaqından və digər ölkələrdən. Heç kim bu qondarma yığıncağı, bu biabırçılığı qəbul etmədi, əksinə bunu pislədi. Bir daha sübut etdilər və göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz torpağıdır, ölkəmizin ayrılmaz hissəsidir. Biz isə öz siyasətimizi davam etdirəcəyik. Danışıqlarda bizim prinsipial mövqeyimiz tam əsaslıdır və biz bu siyasətdən bir millimetr də geri çəkilən deyilik”.

Dağlıq Qarabağ münaqişəsinin xarici siyasətimizdə tutduğu yer barədə fikirlərimizi yekunlaşdırmaq üçün cənab Prezidentin yazının mətnində verilmiş iki cümləsini sonda  mütləq təkrarlamaq zərurəti hiss olunur: “Gün gələcək ki, bizim bayrağımız Şuşada da qaldırılacaq”. İkinci cümlə isə belə idi: “Danışıqlarda bizim prinsipial mövqeyimiz tam əsaslıdır və biz bu siyasətdən bir millimetr də geri çəkilən deyilik”.

Dövlət başçımızın həmin qətiyyətinin nəticələrini artıq ölkəmizdə, regionda, eləcə də bütün  dünyada hamı görür və eşidir.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında