Qaçqın və məcburi köçkünlərin problemləri Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir

 

 

 

 

 

 

 

 

 

 

 


Bizim əsas məqsədimiz məcburi köçkün soydaşlarımızı doğma yurd-yuvalarına qaytarmaq və  orada onların əvvəlkindən də yaxşı şəraitini təmin etməkdir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 20 iyun-Beynəlxalq Qaçqınlar Günü ilə əlaqədar yaydığı hesabatda bildirilir ki, 2016-cı ilin sonunda dünyada zorla didərgin salınmış insanların sayı 65,6 milyon nəfər olub. Bu göstərici 2015-ci ildən 300 min nəfər çoxdur. Hesabatda, həmçinin qeyd edilir ki, didərgin düşmüş insanların 22,5 milyon nəfəri qaçqın, 40,3 milyon nəfəri öz ölkəsi daxilində köçkün düşən, 2,8 milyon nəfəri isə vətənini tərk edən və qaçqın qismində beynəlxalq himayə axtaran insanlardır.

 

Dərd gələndə batmanla…

 

1988-ci ildən başlayaraq erməni şovinistlərinin həyata keçirdiyi etnik təmizləmə siyasəti və torpaqlarımızın işğalı nəticəsində öz doğma dədə-baba yurdlarından didərgin düşən insanların problemlərinin həlli Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələlərdən olub. İlk vaxtlar vəziyyətdən çıxmaq üçün beynəlxalq humanitar təşkilatlar, qardaş ölkələr tərəfindən respublikamıza yardımlar edilirdi. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra aparılan məqsədyönlü tədbirlər, iqtisadi islahatlar, ordu quruculuğu sahəsində atılan uğurlu addımlar respublikamızın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasını, iqtisadiyyatın güclənməsini təmin etdi. Ölkəmizin müxtəlif bölgələrində, çadır şəhərciklərində, vaqonlarda ağır sosial durumda yaşamağa məhkum olan insanlar tezliklə dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olundu. Azərbaycan dövləti öz soydaşlarını düşdükləri ağır vəziyyətdən çıxartmaq üçün mütəmadi tədbirlər həyata keçirməyə başladı.

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu on il ərzində qaçqınlara xüsusi qayğı göstərməyi aidiyyatı qurumlara tapşırmış, müvafiq qanun və sərəncamlar imzalamış, dəfələrlə onların məskunlaşdığı çadır şəhərciklərində olmuşdur. Ümummilli lider həmişə belə insanların problemlərini özünün bir nömrəli problemi adlandıraraq deyirdi: 
“... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir”.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev də ötən müddətdə problemin həllini daim diqqət mərkəzində saxlayıb, çadır şəhərcikləri ləğv olunub, müxtəlif bölgələrdə məcburi köçkünlər üçün yeni, müasir tipli qəsəbələr inşa edilib. Ölkə başçısı həmin qəsəbələrin açılışında şəxsən iştirak edib, məcburi köçkünlərlə görüşüb, dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlərlə bağlı onlara məlumatlar verib, insanların problemləri ilə maraqlanıb.

2013-cü il aprelin 1-də Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınan məhəllənin açılış mərasimində Prezident İlham Əliyev deyib: “ Görülən bütün bu işlər bir daha onu göstərir ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu günə qədər 140 min məcburi köçkün yeni evlərə, mənzillərə köçürülmüşdür. ...Onu da bilməliyik ki, dünyada ən çox qaçqın-köçkün olan ölkə Azərbaycandır. Azərbaycanın əhalisi artır. Ancaq, eyni zamanda, məcburi köçkünlərin də sayı artmaqdadır. 1992-ci ildə onların sayı bir milyon idi, indi isə artıq 1 milyon 100 min, bəlkə də 1 milyon 200 min məcburi köçkün vardır”.

Azərbaycan dövləti hazırda da qaçqın və məcburi köçkünlərin sosial vəziyyətlərinin yaxşılaşması üçün çox ciddi tədbirlər həyata keçirir, onların mənzillə təmin olunmasına, məşğulluğunun artırılmasına mühüm önəm verir.  

 

Məcburi köçkünlərin həyat şəraiti yaxşılaşdırılır

 

Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiqlənən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na və 31 oktyabr 2007-ci il tarixli sərəncamı ilə həmin proqrama edilmiş əlavələrə uyğun olaraq ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınıb, 100 min nəfərdən çox insan yeni evlərə köçürülüb. Reallaşdırılan tədbirlər nəticəsində 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarca rabitə və mədəniyyət ocağı tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb.

Ümumiyyətlə, 2001-2016-cı  illər ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda  Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış  vəsait hesabına 3,2 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 95 müasir qəsəbə salınıb. Bunun da 3  milyon kvadratmetr yaşayış sahəsinə malik  90-ı , yaxud 95 faizi son 13 ildə inşa edilib. 

Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı digər göstəricilərə də nəzər salaq. Onların arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizədək azalıb. 2016-cı ildə hər bir məcburi köçkünə 750 manat vəsait sərf olunub ki, bu da münaqişə ilə üzləşən digər ölkələrlə müqayisədə xeyli çoxdur.

Ümumilikdə, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 6,2 milyard manatdan çox vəsait sərf olunub. Həmin vəsaitin 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

Yeni yaşayış məntəqələrində 150 məktəb, 6 musiqi məktəbi, 1 incəsənət məktəbi, 1 mədəniyyət sarayı, 50 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 olimpiya idman kompleksi tikilib, 718 kilometr yol, 960 kilometr su, 1605 kilometr hava elektrik, 442  kilometr qaz, 66 kilometr rabitə, 26 kilometr istilik, 89 kilometr kanalizasiya xətti, 163 kilometr drenaj şəbəkəsi çəkilib, 830 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb.

Beləliklə, indiyədək 50 min ailə və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb ki, ondan da  46 min ailə,  yaxud 230 min nəfər (92 faiz) son 13 ilin payına düşür.

Dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində məcburi köçkün ailələrinin əksər problemləri artıq öz həllini tapıb. Dövlət başçısı 2010-cu ildə Qəbələdə məskunlaşan məcburi köçkün ailələri ilə keçirdiyi görüşündə  qeyd  edirdi ki,  hazırda ölkədə bütün çadır şəhərcikləri ləğv olunub: “Dövlət Proqramı qəbul edilib və ilk mərhələdə ən ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemləri həll olunub. Artıq Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi yoxdur. İndiki mərhələdə digər yerlərdə yararsız binalarda yaşayan soydaşlarımızın problemləri həll olunmalıdır. Bakıda, digər rayon mərkəzlərində məcburi köçkünlər üçün çoxmərtəbəli evlər tikilir”.

Məcburi köçkünlərin məşğulluğunun diqqət mərkəzində saxlanılması üçün xarici investorlar da cəlb edilir. Məsələn, Dünya Bankı və Azərbaycan hökuməti arasında bağlanılan kredit sazişi (“Məcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsi”) üzrə Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 10,8 min nəfər məcburi köçkünə 7,66 miyon manat məbləğində mikrokredit verilib.

Qeyd edilənlərdən başqa, dövlət başçısının müvafiq fərmanına əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. Dövlət başçısının bu addımı bir daha göstərir ki, məlum səbəblərdən yaranan müvəqqəti çatışmazlıqlara baxmayaraq, Azərbaycan vətəndaşının sosial təminatı Prezident İlham Əliyevin siyasi kursunun prioriteti olaraq qalmaqdadır. Bu isə öz növbəsində xalqda öz Prezidentinə inam və etimad hissini daha da gücləndirir.

 

Tarixi qayıdışın başlanğıcı

 

1994-cü ildə Cocuq Mərcanlı kəndinin və 2016-cı ildə aprel döyüşlərində Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində bir çox strateji yüksəkliklərin erməni işğalından azad edilməsi böyük qayıdışa zəmin yaratdı. Üç rayonun ərazilərinin bir hissəsində Azərbaycan bayrağı ucaldıldı. Çox keçmədən ərazinin minalardan təmizlənməsinə və bərpa işlərinin başlanmasına start verildi. Cari ilin iyun ayının 14-də Prezident İlham Əliyevin iştirakı ilə Cocuq Mərcanlıda yeni qəsəbənin açılışı qeyd edildi. Ölkə başçısı tədbirdə sakinlərlə görüşü zamanı deyib: “Bu gün, eyni zamanda, onu göstərir ki, biz hələ də işğal altında olan bütün torpaqlara qayıdacağıq. Bunu deməyə əsas verən bir çox amillər var. Güclü iqtisadiyyat, güclü Azərbaycan, güclü ordumuz və keçən ilin aprel ayında aparılan döyüşlər Azərbaycan xalqının, ordusunun gücünü, cəsarətini göstərdi.”

Hazırda Cocuq Mərcanlıda yeni evlər, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilib. Növbəti mərhələdə isə ən azı 100 əlavə ev tikiləcək və kəndin sakinləri doğma torpaqlarına  qayıdacaqlar.

Qeyd edək ki, iyulun 3-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni salınmış qəsəbədəki evlər orada yaşayacaq məcburi köçkünlər arasında püşkatma yolu ilə paylanılıb. Cocuq Mərcanlının sakinləri yeni mənzillərində məskunlaşmağa başlayıblar. Bu qayıdış işğal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətin məntiqi nəticəsi, Qarabağa Böyük Qayıdışın başlanğıcıdır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da öz fəaliyyətində sözügedən məsələyə daim diqqətlə yanaşır. Cari ilin martında məcburi köçkünlərin sosial problemlərinə həsr edilən müşavirənin keçirilməsi, müvafiq qurumlar qarşısında konkret vəzifələr qoyulması məhz bunun bariz ifadəsidir.

Xatırladaq ki, Mehriban xanım Əliyeva iyunun 27-də Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimində iştirak edib. Həmin gün Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən soydaşlarımızın bir qismi yeni mənzillərlə təmin olunub, onların yaşayış şəraiti yaxşılaşdırılıb.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva yeni mənzillərə köçürülən qaçqınlarla görüşdə deyib: “Mən öz fəaliyyətimdə sosial problemlərin, xüsusilə də qaçqın və məcburi köçkün ailələrinin problemlərinin, çətinliklərinin həllinə xüsusi diqqətlə yanaşıram. Birinci vitse-prezident vəzifəmdə ilk müşavirəm məhz bu problemlərin həllinə yönəlmişdir. Bizim qarşımızda duran məqsəd ilkin mərhələdə Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı, yarımçıq tikilmiş binalarda məskunlaşmış dörd min məcburi köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir. Bunun üçün bütün lazımi göstərişlər verilib, artıq tədbirlər görülür və əminəm ki, biz bu məqsədimizə nail olacağıq.”

Onu da xatırladaq ki, bu ilin may ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsi yaxınlığında 1026 ailəlik yeni yaşayış qəsəbəsinin də təməli qoyulub. Bu qəsəbədə bütün lazımi infrastruktur - tibb məntəqəsi, 600 şagird yerlik məktəb, uşaq bağçası inşa olunacaq. Burada inşaat işləri sürətlə həyata keçirilir.

Xəzər rayonunun Şüvəlan qəsəbəsində yararsız binada və Xətai rayonunda yarımçıq tikilmiş binada məskunlaşan 214 ailənin Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunan, tam təmirli mənzillərə köçürülməsi mərasimində sakinlərlə görüşən Birinci vitse-prezident ölkəmizdə fəaliyyət göstərən iş adamlarına xitabən deyib: “Ümidvaram ki, digər iş adamları, ölkəmizdə fəaliyyət göstərən digər biznes strukturları da gələcəkdə bu təşəbbüsə qoşulacaqlar. Mən hesab edirəm ki, ölkəmizdə fəaliyyət göstərən biznes strukturları, iş adamları, özəl sektor sosial məsuliyyət haqqında ciddi düşünməli və cəmiyyətimizi narahat edən problemlərin həllində fəal iştirak etməlidirlər. Xüsusilə də, onlar bizim hər birimiz üçün ən ağır problem olan qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq işində iştirak etməlidirlər.”

Yuxarıda qeyd edilənlərlə yanaşı, Azərbaycan dövlətinin bu gün qarşıya qoyduğu əsas vəzifə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasıdır.  Məhz elə buna görə də Prezident İlham Əliyevin tez-tez söylədiyi - “Bizim əsas məqsədimiz məcburi köçkün soydaşlarımızı doğma yurd-yuvalarına qaytarmaq və orada onların əvvəlkindən də yaxşı şəraitini təmin etməkdir”- fikri Azərbaycan xalqının öz əzəli torpaqları uğrunda mübarizəni bir an belə unutmamasından xəbər verir.

Bəli, qəlbi doğma yurd həsrəti ilə döyünən insanlara dövlət nə qədər yaxşı şərait qursa da, onlar doğma ocaqlarının qəribsəyən daşını, ata-babalarının məzarını görmək, laləli dağlarda gəzmək, sərin bulaqlardan su içmək istəklərini heç nə ilə əvəz etmək istəmirlər. Sözün həqiqi mənasında, yurddaş olmaq, yurd daşına çevrilmək, torpaqlarımızı yağı tapdağından azad etmək fikri bir an da olsa, bizi rahat buraxmır. Beynəlxalq güclərin təzyiqlərinə baxmayaraq tezliklə doğma torpaqlarda görüşərək qərib ruhları sevindirmək ümidilə...

Qabil YUSİFOĞLU,
 “Xalq qəzeti”

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında