Aleksandr Proxanov: Bakı - həyat ağacı

Yeni Azərbaycan sivilizasiyası bütün xalqların, mədəniyyətlərin, dillərin və ənənələrin simfoniyası üzərində qurulur

Xəbər verildiyi kimi, tanınmış rusiyalı ictimai xadim, “Zavtra” qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanov iyunun sonlarında Azərbaycana səfər edib. Səfər zamanı A.Proxanov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib, birinci xanım Mehriban Əliyeva ilə görüşüb, respublikamızla, burada baş verən quruculuq prosesləri ilə tanış olub, İsmayıllı rayonunda əcdadlarının yaşadığı İvanovka kəndinə baş çəkib. Yazıçı öz təəssüratlarını ”Zavtra” qəzetində dərc edilmiş “Bakı – həyat ağacı. Yeni Azərbaycan sivilizasiyası bütün xalqların, mədəniyyətlərin, dillərin və ənənələrin simfoniyası üzərində qurulur” adlı məqaləsində bölüşüb. AZƏRTAC məqaləni təqdim edir.

Münbit torpağa düşən kiçik toxumdan qol-budaq ataraq çətir əmələ gətirən, sonradan bol çiçək açan tumurcuqlarla örtülən nəhəng ağac böyüdüyü kimi, yeni dövlət də əbədiyaşar təbiət qanunu əsasında eynilə bu cür yaranır.

Mən Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya gəldim və mavi Xəzərin sahilində yaranan bu yeni dövlətin qazandığı uğurları böyük maraqla və həvəslə müşahidə etdim. Bu dövlətin təməlini onun banisi və qurucusu, əfsanəvi Heydər Əliyev qoyub. O, sovet dövlətinin idarə olunmasında möhtəşəm təcrübə toplamış güclü, bacarıqlı siyasi xadim, təcrübəli aparat işçisi, diplomat və xüsusi xidmət generalı idi. Haqsız təqiblərə və təzyiqlərə məruz qalan, vəzifədən uzaqlaşdırılan Heydər Əliyev faciəli bir məqamda Bakıya qayıtdı: Azərbaycan doğulmağa macal tapmamış ölürdü. Hakimiyyəti kommunistlərin əlindən alan Xalq Cəbhəsi sərsəm islahatları, idarə etməyi və döyüşməyi bacarmaması ilə ölkəyə əzab verirdi. Qarabağda bir-birinin ardınca rayonları itirən Azərbaycan çalxalanırdı, parçalanmaq həddində idi. Azərbaycanda diletantlar, fırıldaqçılar və sərsəmlər meydan oxuyurdular. Heydər Əliyev bu xaosu aradan qaldırmalı oldu. Öz iradəsi, incə strategiyası ilə sərsəm Xalq Cəbhəsini cilovlaya bildi, ölkənin içərilərinə doğru irəliləməyə can atan erməni qoşunlarının hücumunu dayandırdı. Heydər Əliyev elə bir təməl qoydu ki, onun üzərində yeni Azərbaycan dövləti ucalmağa başladı.

Bu gün Heydər Əliyevin bütün dünyəvi cizgilərini qoruyub saxlayan obrazı rəvayət, əfsanə, mif xarakteri kəsb edir, xalqın bütün tarixi yaddaşını, onun gələcək haqqında arzularını özündə cəmləyir. Bakıda inşa edilən Heydər Əliyev Mərkəzi möhtəşəmdir. Bu, sadəcə memorial deyildir. Bu, bir növ bakılıların Böyük Liderin xatirəsi qarşısında baş əyməyə gəldikləri məbəd, müqəddəs məkandır.

Heydər Əliyev, onun ardınca oğlu İlham Əliyev dağıdıcı xaosun qarşısını alaraq, hakimiyyət strukturlarını möhkəmləndirərək ölkənin mənəvi təməlini də inkişaf etdirməyə başladılar. Şairlər, müğənnilər, tarixçilər, filosoflar, din xadimləri – ölkənin mənəvi dəyərlərini, onun dərin qaynaqlarını, gələcək ümidlərini qoruyub saxlayan hər kəs xalqa ölkələrinin, onun tarixi taleyinin bənzərsizliyindən danışır. Onlar izah edirlər ki, nə üçün Allah bu xalqı yaradıb, ona dəniz, dağlar, isti çöllər, zümrüd meşələr kimi pay verib, bitib-tükənməyən neft kimi sərvət, ulduzları daim sayrışan mavi səma bəxş edib.

Mən görkəmli musiqiçilərin və şairlərin məzarları üzərinə çiçəklər qoyanda gənc dövlətin onların istedadı ilə necə inkişaf etdiyini hiss edirdim. Hər bir dövlətin öz qəhrəmanları və şəhidləri, Vətən uğrunda canlarından keçən igidlər panteonu var. Burada, Bakıda qəhrəmanlara dərin ehtiram hissi hökm sürür. Sovet İttifaqı dağılanda, gücdən düşmüş qırmızı səltənət əzablar içində çırpınanda sovet tankları Bakıya daxil oldu. Bakı küçələri qana boyandı. Bu qan ölməkdə olan sovet dövlətinin sonuncu qanı, əzablar içində doğulan yeni ölkə uğrunda axıdılan ilk qan idi.

Mən Şəhidlər xiyabanında məzarlar üzərinə qızılgüllər düzəndə böyük kədər hissi ilə o qorxulu anların qurbanlarının ruhunu anırdım.

İnkişaf etməkdə olan dövlətin pula ehtiyacı var idi. Bu pulları neft verirdi. O neft ki, vaxtilə varlı Nobellərin əlləri ona doğru uzanırdı. Faşistlərin tank karvanları ona can atırdı. Qüdrətli sovet sənayesinin motorlarını qidalandırırdı. İndi bu neft yeni ölkənin sərvətinə çevrilib. Hakimiyyət nefti özəl şirkətlərdən olan şəxslərə paylamayıb. Neftdən əldə olunan dollarları göyə sovurmayıb, onları hiyləgər işbazların sərvətinə çevirməyib. Neft şirkətlərinin gəliri yeni yolların, aeroportların və limanların yaradılmasına, paytaxtın yenidən qurulmasına yönəldilib.

Tarixin nəfəsi duyulan, valehedici Şərq həyat tərzi, qədim küçələri, qalaları və karvansaraları olan Bakı həmişə mavi dənizin sahilində gözəl şəhər olub. İndi isə paytaxt gələcəyə can atan yeni dövləti, onun ideyasını, futurologiyasını, sürətli sıçrayışını təcəssüm etdirir. Dünyanın ən yaxşı memarları öz layihələri ilə Bakıya gəlirlər. Şəhər fantastik binaları, büllur qüllələri, işıqsaçan göydələnləri ilə inkişaf edir. Gecələr Bakı təyyarədən göy qurşağının bütün rəngləri ilə alov saçan çıraqbana bənzəyir. Gündüzlər yeni prospektlərin və stadionların əhatəsində müasir Bakını gələcəyin şəhərinə çevirən bu gözəl tikililərin bir-birini əvəzləməsi baş gicəlləndirir.

Dövlət güc strukturlarını yaratdı. Xalq Cəbhəsi dövründə Azərbaycanın ordusu olmayıb – yaxşı təchiz edilmiş erməni hissələrinin zərbələrinə davam gətirməyən pis silahlanmış, nizamsız qruplaşmalar olub. İndi isə dövlət neft gəlirlərindən istifadə edərək yeni ordu - ən müasir silahlarla təchiz olunmuş, gözəl zabit korpusu olan nizami ordu yaradıb. Həmin ordu ötən ilin yazında Dağlıq Qarabağ ətrafında döyüşlər zamanı qələbə əzmini nümayiş etdirib. Bu ordu ermənilərin ələ keçirdikləri ərazilərin bir hissəsini işğaldan azad edib. Hücum Moskvanın təkidi ilə dayandırılıb.

Daxili işlər orqanları baş alıb gedən qanunsuzluğa son qoyub. Qısa müddətdə bütün qanuni oğrular zərərsizləşdirilib, bütün cinayətkar qruplaşmalar darmadağın edilib. Bu gün dövlətdə vətəndaşların əmlakını əlindən alan, maliyyə axınlarına nəzarət edən, küçələrdə özbaşınalıq edən quldurlar yoxdur. Gecələr Bakı küçələrinə çıxın, gəzin, diskotekalarda rəqs edin, bolluğu ilə insanları heyrətləndirən və sevindirən saysız-hesabsız xudmani restoranlarda yemək yeyin. Səksəkə içində ətrafa boylanmayın, arxadan zərbə alacağınızdan qorxmayın. Burada nə qoluzorlular, nə də qatillər var. Qadınlar qafqazlılara xas gözəl simalarını, al dodaqlarını və parlayan gözlərini çadra altında gizlətmirlər.

Bəs yeni dövlətin daxili siyasətini necə qurmalı? Bugünkü Azərbaycan cəmiyyətini təşkil edən xalqların, mədəniyyətlərin və etiqadların müxtəlifliyinin öhdəsindən necə gəlməli? Ölkənin dövlətçilik ideyasının, Azərbaycan arzusunun, Azərbaycan seçiminin bu müxtəlif dillər arasında itib-batmaması üçün nə etməli?

Dəhşətli dramatik hadisələr, nifrət və vətəndaş müharibəsi törədən ukraynalılar Ukrayna dövlətini bu ölkədə yaşayan başqa xalqları, onların dillərini, əsasən də rusları boğmağa çalışmaqla, rusofobiya, rus dilinə, rus təşkilatlarına hücumlar etməklə, böyük slavyan qardaşlığı, yaxın keçmişdəki sovet tarixi ilə bağlı olan hər şeyi ukraynalının yaddaşından silməklə yaradırlar. Azərbaycan lap əvvəldən bu yolu rədd etdi. Burada yeni Azərbaycan sivilizasiyası Azərbaycanda məskunlaşan bütün xalqların, mədəniyyətlərin, dillərin və ənənələrin simfoniyası üzərində qurulur. Hazırda burada çoxsaylı ruslar öz övladlarını rus məktəblərində oxutdururlar. Bakı həm də rus dilində danışır. Ruslara da xüsusi qayğıkeş münasibət var. Rusiya ilə siyasi, iqtisadi və mədəni tərəfdaşlıq aparıcı rol oynayır. Prezident Heydər Əliyevin vəsiyyətinə əməl edən yeni dövlətin bugünkü ideologiyası qarşıdurma üzərində deyil, harmoniya üzərində qurulur. Sovet keçmişi yeni postsovet indisi ilə vəhdət təşkil edir, Böyük Qələbə, böyük sovet tikintiləri barədə xatirələr qayğı ilə qorunub saxlanılır.

İslam dininə etiqad edən Azərbaycan dini ekstremizmi rədd edir. Başqa ölkələri və əraziləri bitib tükənməyən müharibə, nifrət ocaqlarına, qan çanağına çevirən dini radikallar burada sığınacaq tapa bilməyiblər.

Azərbaycanın xarici siyasəti də elə həmin harmoniya prinsipi üzərində qurulub. Yeni dövlət qüdrətli sivilizasiyaların qovuşduğu məkanda yaradılır. Türkiyə ilə münasibətlər gözəldir. Bu münasibətlər Ankara ilə Moskva arasında indi artıq yoluna qoyulmuş şiddətli münaqişə günlərində Azərbaycanı vasitəçiyə çevirib. İndi Rusiya Türkiyə ilə birlikdə Yaxın Şərqdə sülhün yaradılmasına çalışır.

Qədim sivilizasiyaya malik İran müasir Azərbaycanın tərəfdaşıdır. Azərbaycan yazıçıları, siyasətçiləri və filosofları ilə Azərbaycan qəlbinin mahiyyəti, hələ sonunadək ifadə olunmamış Azərbaycan arzusunun məzmunu haqqında danışarkən tez-tez belə bir fikir eşidirdim ki, Azərbaycanın rolu çoxsaylı dövlət və xalqlar arasında harmoniya, maraqlar balansı yaratmaq, münaqişə edən qüvvələr arasında  barışdırıcı qüvvə olmaq, çoxsaylı xalqları mürəkkəb simfonik vəhdətə gətirməkdir.

Bəs Qarabağ, bəs müharibə? Bəs münaqişə xəttində ardı-arası kəsilməyən atışmalar?  Hələ də Azərbaycan ailələrinə gələn qara kağızlar? Onilliklər boyu uzanan bu müharibə ürəkləri sərtləşdirir, qəlbləri nifrət və ədavətlə doldurur. Bu müharibə bugünkü Azərbaycanın ən böyük faciəsidir. Bu faciə Azərbaycan cəmiyyətini daim gərgin vəziyyətdə saxlayır, onu daim səfərbər edir, dövləti daim təkmilləşməyə sövq edir.

Azərbaycanlılar təbiət etibarilə müharibəyə deyil, ticarətə, vuruşmağa deyil, dostluğa və barışığa meyil göstərən sülhpərvər və şən xalqdır. İndi isə yeni ölkədə avanqard arxitekturanın əhatəsində, yeni tarixi və mədəni vəzifələrin təsiri, daimi səfərbərliyin təzyiqi altında çoxmillətli, yaradıcı, şüurunda öz xalqının misilsizliyi ideyası olan, bəxtinə parçalanmış sərsəm dünyaya harmoniya və həmrəylik örnəyi nümayiş etdirmək kimi tarixi missiya düşmüş yeni Azərbaycan milləti yaranır.

Mən dəniz platformalarında neftçilərin necə çalışdığını, şərabçıların böyük çəlləkləri necə doldurduqlarını, gənc şairlərin öz şeirlərini necə həvəslə oxuduqlarını gördüm. Şamaxı yaxınlığında molokan ruslarının, əcdadlarımın yaşadığı İvanovka kəndində yumrusifət, möhkəm və zəhmətkeş molokanlarla bir süfrə arxasında oturdum. Onlar məni molokan əriştəsinə qonaq etdilər, dini mahnılarla sevindirdilər.

İntellektuallar Klubu Bakıda öz şöbəsini açmaq niyyətindədir. Rus və Azərbaycan intellektuallarının münasibətləri getdikcə daha da sıxlaşır. Azərbaycan siyasətində Rusiya istiqaməti strateji istiqamətə çevrilir. Mən Prezident İlham Əliyevlə və onun xanımı, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə uzunsürən söhbətimdə bu barədə danışdım. İndi Moskvada biz rusların işləri, uğurlarımız və uğursuzluqlarımız arasında,  Rusiya dövlətinin qorunub saxlanılması və inkişaf etdirilməsi üzrə əsrlər boyu davam edən işlərimiz arasında bilirəm ki, Qafqazda Rusiyanın dostu var və mən şərab dolu qədəhimi gənc Azərbaycan dövlətinin sağlığına qaldırmaq üçün mavi Xəzərin sahilinə qayıtmaq arzusundayam.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında