(əvvəli qəzetin 2 iyul 2017-ci il tarixli sayında)
XIX əsr Azərbaycan ədəbiyyatında qəzəl ustadı kimi tanınan Seyid Əzim Şirvani maarifçilik ideyalarının qızğın təbliğatçısı olmuşdur. Dünyagörüşü baxımından maarifçi olan şair “Əkinçi”də çap etdirdiyi “Ey Həsən bəy, əmiri-alişan” misrası ilə başlayan məktubunda maarif və tərbiyə məsələsinə toxunur, köhnə məktəbləri tənqid edir, yeni məktəb açmağın çətinliyindən söz açır.
Qeyd etmək lazımdır ki, H.Zərdabi irsinin müstəsna rolu nəzərə alınaraq Azərbaycanın görkəmli alimləri Z.Göyüşov,
İ. Rüstəmov bu mövzuya dönə-dönə müraciət etmişlər və nəticədə dəyərli əsərlər ərsəyə gətirmişlər. Ziyəddin Göyüşovun “H.B.Zərdabinin dünyagörüşü” əsəri, İ.Rüstəmovun “Zərdabinin ictimai-siyasi və fəlsəfi görüşləri”, Z.Məmmədovun “H.Zərdabi”, Ş.Məmmədovun “Zərdabinin dünyagörüşü” adlı əsərlərdə böyük mütəfəkkirin fəlsəfi fikirləri, ictimai-siyasi baxışları geniş şəkildə işıqlandırılır. Professor İ.Məmmədzadə və Z.Göyüşovanın “Həsən bəy Zərdabinin maarifçilik ideyaları və maarifçilik fəlsəfəsi” (rus dilində) adlı kitabında da məsələyə özünəməxsus münasibət əksini tapır. Bu sırada Sona Vəliyevanın yenicə çapdan çıxmış Həsən bəy Zərdabinin həyat və fəaliyyətinə həsr olunan “İşığa gedən yol” romanının əhəmiyyətini də qeyd etmək lazımdır.
R.Mehdiyev milli ideyanın təşəkkülünün üçüncü mərhələsinin Rusiyada 1905-1907-ci illər inqilabından başlandığını və 1918-ci ilin may ayında Zaqafqaziya Seyminin süqutu ilə başa çatdığını qeyd edir. Bu illərin siyasi hadisələri Azərbaycan xalqının həyatında çox böyük rol oynamış, onun ictimai-siyasi şüurunun inkişafına ciddi təsir göstərmişdir. Yeni yüzilliyin birinci onilliyində mühüm ictimai irəliləyişlər nəzərə çarpır. Bu proses öz təzahürünü xalqın oyanışında, milli mənlik şüurunun formalaşmasında, ilk siyasi partiyaların yaranmasında, yeni jurnal və qəzetlərin təsis edilməsində tapırdı. “Həyat”, “İrşad”, “Füyuzat” nəşrləri milli ideologiyanın yaranmasına, dövlətçilik təfəkkürünün və azadlıq ideyasının formalaşmasına təkan verir.
XX əsrin əvvəlində artıq yüz il idi ki, Azərbaycan Rusiya imperiyasının tərkibində idi. Çar Rusiyasının qərəzli siyasəti sayəsində Azərbaycanda vəziyyət son dərəcə ağır idi. Hər hansı bir dövlətçilik meyillərinin qarşısı dərhal alınırdı. Bununla belə, Azərbaycan tədricən dünya ilə əlaqələrini genişləndirirdi. Bir məsələni qeyd etmək lazımdır ki, milli burjuaziya ilə mütərəqqi fikirli ziyalılar arasında yaranmış həmrəyliyin nəticəsində bu dövrdə qısa bir zamanda mənafe və əqidə birliyi siyasi hərəkat halına gələ bilmişdi. Məhz bu durum Azərbaycan mətbuatında dönüş yaratdı. H.Z.Tağıyev və İ.Aşurbəyli kimi imkanlı insanların maliyyə dəstəyi sayəsində Azərbaycan milli mətbuatının yeni dövrünə rəvac verildi. “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Füyuzat”, “Molla Nəsrəddin” və s. çoxsaylı qəzet və jurnallarda dövrün ziyalıları və burjuaziyası modern ideologiyaya yaxınlaşmanı təmin etməyə cəhd göstərirdi və bu ideyanın gerçəkləşməsində o dövrün mətbuatının misilsiz rolu olmuşdur. Bunu həyata keçirmək üçün isə modern məktəblər açaraq, təqaüdlər verərək təhsilin inkişafını gerçəkləşdirməyə cəhd edirdilər.
Azərbaycan mətbuatı və ədəbiyyatı tarixində özünəməxsus yeri olan “Molla Nəsrəddin” jurnalının (1906-1931) üzərində isə xüsusilə dayanmaq lazımdır. Jurnalın naşiri və redaktoru Cəlil Məmmədquluzadə olmuşdur. Mirzə Cəlil və Sabirin mövcud ictimai mühitə, quruluşa, cəmiyyətə qarşı idealları üst-üstə düşürdü. O dövrün görkəmli nümayəndələrindən Ə.Haqverdiyev, M.S.Ordubadi, Ə.Nəzmi, Ə.Qəmküsar, E.Sultanov və başqaları öz əsərlərini “Molla Nəsrəddin” jurnalı və digər satirik mətbu orqanları vasitəsilə Zaqafqaziya, Orta Asiya, İran, Türkiyə və bir çox türkdilli ölkələrin xalqları arasında yayırdılar. Bu fəaliyyətin məqsədində geniş xalq kütlələrinin məfkurəsində tərəqqiyə, inkişafa doğru modern təfəkkürün formalaşdırılması ideyası dururdu.
Akademik Ramiz Mehdiyev Azərbaycan milli ideyasının formalaşması tarixinin dördüncü mərhələsinin1918-ci il mayın axırlarında Tiflisdə, Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında qərar qəbul edildiyi vaxtdan 1920-ci il aprelin sonuna qədər olan dövrü əhatə etdiyini göstərir.
Tarix boyu baş verən müxtəlif səpkili təbəddülatlar Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə ruhunu qıra bilməmişdir. XX əsrdə təməlində, azadlıq, milli müstəqillik prinsipləri yer alan milli ideya məfkurəsi daha qətiyyətli şəkildə öz inkişaf istiqamətini müəyyənləşdirdi. Haqlı olaraq 1918-1920-ci illərin AXC hərəkatı tədqiqatçılar tərəfindən “ideya hərəkatı” kimi qiymətləndirilir. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan edildi. Bu tarixi hadisənin həyata keçirilməsində M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, A.Səfikürdskinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun, C.Hacınskinin, S.Mehmandarovun və başqalarının böyük rolu olmuşdur. Bu hadisənin ən ümdə mahiyyəti ondan ibarətdir ki, xalq suverenliyini təmin etməklə bərabər, əsrlər boyu qəlbində, ruhunda gəzdirdiyi azadlıq, müstəqillik arzusunu gerçəkləşdirdi və Azərbaycanın gələcək inkişafı, yeniləşməsi üçün yeni bir yol açdı.
Cəmi 23 ay fəaliyyət göstərsə də, dövlətçilik atributlarının qəbul edilməsi, dövlət və hərbi quruculuğu, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində həyata keçirdiyi tədbirlər sayəsində Azərbycan demokratik və ümumbəşəri dəyərlərə söykənən unitar dövlət qurmağa müvəffəq oldu. Cümhuriyyətin böyük uğurlarından biri Paris Sülh Konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olmuşdur.
Müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyev AXC-nin Azərbaycan tarixində tutduğu yeri belə qiymətləndirmişdir: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynamışdır. Ən əsası da odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini gücləndirmiş oldu”.
Görkəmli filosof R.Mehdiyev milli ideyanın formalşmasının beşinci mərhələsini 1987-ci ilin axırları 1988-ci ildən başlamış və 1990-cı ilin yanvar ayından sonrakı dövrə aid milli azadlıq hərəkatı ilə əlaqələndirir. Bu dövr Azərbaycan azadlıq və müstəqillik uğrunda mübarizə tarixində mahiyyətcə tamamilə yeni bir səhifədir. Bütün xalq bu dövrdə ayağa qalxaraq öz müstəqilliyi uğrunda mübarizəyə qoşuldu. Xalq hərəkatının sonradan milli azadlıq hərəkatına çevrilməsi hadisəsinin ciddi səbəbləri vardır. Belə ki, proses Dağlıq Qarabağla bağlı baş verən hadisələrlə başlasa da, Azərbaycan xalqı Dağlıq Qarabağın statusu ilə barışmamaqla yanaşı, tarixi fürsəti əldən verməməyə çalışaraq el birliyi ilə müstəqillik uğrunda mübarizəyə qoşuldu.
Milli ideyanın formalaşmasının altıncı mərhələsini akademik R.Mehdiyev milli şüurun inkişafı sayəsində Azərbaycan millətinin özünün müstəqil dövlətinin yaradılmasının zəruri olduğunu dərk etməsi ilə səciyyələndirir və bu dövrü 1990-cı ilin yanvar hadisələri və 1993-cü ilin iyununa qədər olan zamanla əlaqələndirir. Bütün ziddiyyətlərə baxmayaraq, xalqda müstəqillik şüurunun yüksək səviyyəyə qalxmasında bu dövrün özünəməxsus yeri vardır. Bəlkə də, tarix boyu xalq öz azadlıq mübarizəsində bu qədər yekdil və həmrəy olmamışdı. Sözsüz ki, o dövrdə milli azadlıq hərəkatı azərbaycanlıların milli təfəkkürəndə köklü dəyişikliklərə səbəb oldu. Bu hərəkatın süquta uğramasının səbəbləri barədə xeyli fikir və mülahizələr irəli sürülmüşdür. Düşünürük ki, iflasın əsas səbəbi bu hərəkatı idarə edənlərin səriştəsizliyində, mövcud situasiyadan baş çıxara bilməmələrində və ekstremal şəraitdə təcili, düzgün qərarlar qəbul etməyə hazır olmamalarındadır.
Dünya təcrübəsində öz azadlığı uğrunda mübarizə aparan, lakin bu ideyanı reallaşdırmaq üçün güclü liderin olmaması səbəbindən bu müqəddəs arzunun tarixin tapdağı altında qalması hadisələri az deyil. Bu mənada ulu öndər Heydər Əliyev həyatı boyu iki dəfə hakimiyyətə gələrək müstəsna fəaliyyəti ilə xalqın taleyində yeni mərhələnin əsasını qoydu. Ölkənin gələcək inkişafını təmin etmək qabiliyyətinə, qüdrətinə malik olan lider kimi Azərbaycan tarixində özünə əbədi ad qazandı.
1993-2003-cü illər milli ideyanın formalaşmasının yeddinci mərəhələsini əhatə edir. İctimai-siyasi sabitliyin yaranması, ölkənin iqtisadi-siyasi inkişafının əsasının qoyulması, Azərbaycan millətinin dövlət müstəqilliyi kontekstində milli ideyanın formalaşması prosesi məhz bu dövrdə baş verdi. 2003-cü ildən isə milli ideya tamamilə yeni məzmun və mahiyyət aldı. Buna imkanı artıq Azərbaycanın iqtisadi inkişafı və istər regional, istərsə də qlobal miqyasda artan nüfuzu yaratdı.
Azərbaycançılıq ideyasının təkamülünə nəzər salsaq, məlum olur ki, bunu XIX əsrin sonu XX əsrin əvvəli ilə əlaqələndirmək lazımdır. Belə ki, 1828-ci ildə İranla müharibə nəticəsində Rusiya imperiyasının tərkibinə daxil edilmiş Şimali Azərbaycanda dini identiklikdən, milli ideyanın başlanğıcı sayılan etnik identikliyə keçidə cəhd edilmişdir. Məlumdur ki, o dövrdə dini şüurun etnik şüurdan ayrılması ümdə məqsəd kimi qarşıya qoyulmuşdu və bu istiqamətdə bir sıra Azərbaycan ziyalılarının gördükləri işlərin əhəmiyyəti böyük olmuşdur. Təbii ki, bu, təsadüfi mahiyyət daşıya bilməzdi. Belə ki, milli ideya bir günə yaranmır. Bu anlayışa çatmaq üçün xalq müəyyən tarixi yol keçməlidir. O (yəni milli ideya), ilk olaraq milli şüurun oyanması, müstəqillik uğrunda mübarizə ilə başlanır. Bayrağımızda milli ideya üç tərkib hissədə ifadə tapmışdır: türkçülük – Azərbaycan türkləri və Azərbaycanda yaşayan bütün xalqların səyi nəticəsində yaranan müstəqil Azərbaycan dövləti; irəliyə inkişafı nəzərdə tutan müasirlik, modernizm; xalqın dini-mənəvi əsasını təşkil edən İslam.
Bu gün müstəqil, suveren Azərbaycan dünyəvilik prinsipinə əsaslanan sivil, demokratik dövlətin qurulmasını strategiya olaraq müəyyənləşdirmişdir. Bu ideologiyanın əsasını Azərbaycanı özünə Vətən sayan hər bir kəsin milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası təşkil edir. Akademik Ramiz Mehdiyev “Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi” məqaləsində bildirir: “Bu gün Azərbaycan demokratiyanı əsas məqsəd kimi deyil, tarixi təcrübənin və ənənələrin dönüş dövrlərində hər bir xalqın keçdiyi tarixi tərəqqi prosesi kimi başa düşərək, öz inkişaf modelini nümayiş etdirir. Azərbaycan cəmiyyətinin demokratikləşməsi sonsuz prosesdir və milli xüsusiyyətlər gözlənilməklə, müstəqil dövlət quruculuğu və milli identikliyin qorunub saxlanılması şərti ilə həyata keçirilir”.
Böyük zəhmət və mübarizələr nəticəsində əldə edilmiş müstəqilliyimizin qorunması, daha firavan həyatın əldə edilməsi naminə var qüvvəsini əsirgəməmək bu gün hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Afaq Rüstəmova,
fəlsəfə elmləri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.