Azərbaycanda milli ideyanın formalaşmasında maarifçiliyin və modernləşmənin rolu

İdeologiyamızın əsasında milli müstəqillik amili dayanır. O, demokratik ideallara, ümumbəşəri dəyərlərə, dövlətimizin Konstitusiyasına, milli mədəniyyət və adətlərə, vicdan azadlığına, humanizmə, fikir plüralizminə bağlı olur. Azərbaycançılıq ideologiyasının banisi ulu öndərimiz Heydər Əliyev bu ideologiyanın elmi-nəzəri əsasını formalaşdırmış, onun dövrün tələblərinə müvafiq olaraq modernləşdirilməsinin yollarını müəyyənləşdirmişdir. Bunların reallaşdırılmasında o, xalqın təhsillənməsini, maariflənməsini ən ümdə amil hesab edirdi. Azərbaycançılıq ideologiyası ulu öndər Heydər Əliyevin dövründə mükəmməl bir ideoloji təlim kimi ölkənin dövlət siyasətinə çevrildi. Heydər Əliyev qeyd edirdi ki, milli ideologiya tarixi keçmişimizlə, millətimizin adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır.

Bu gün Azərbaycan elmə, təhsilə, savada, tərəqqiyə istinad edərək, milli adət-ənənələrinə sadiq qalmaqla yeniləşmə, modernləşmə istiqamətində öz inkişafını həyata keçirir. Bu barədə ölkəmizin Prezidenti İlham Əliyev deyir: “Azad cəmiyyət, hüquqi dövlət, qanunun aliliyi, güclü iqtisadiyyat, güclü ordu, çevik xarici siyasət və Azərbaycanın maraqlarının tam şəkildə qorunması və möhkəmlənməsi – bunlar bizim qarşımızda duran əsas qlobal istiqamətlərdir. Hər bir istiqamət üzrə bizim baxışlarımız var, bilirik ki, nə istəyirik, haraya gedirik və təxminən bilirik ki, bunun nəticəsi nə olacaq”. Ulu öndərin tariximizə, milli-mənəvi dəyərlərimizə əsaslanaraq qurduğu demokratik, hüquqi, dünyəvi dövlətimiz bu gün azərbaycançılığa söykənərək, cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli bir ölkəyə çevrilib və inamla inkişaf edir.

Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın inkişafı, yeniləşməsi naminə həyata keçirdiyi çoxcəhətli fəaliyyəti xüsusi qeyd edilməlidir. O, istər təhsil, səhiyyə, idman, istərsə də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahələrində böyük işlər görür, ölkədə bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində mühüm rol oynayır. Mehriban xanım “Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin keçmişi, bu günü və gələcəyi” adlı məqaləsində yazır: “Azərbaycanı çox vaxt Şərqlə Qərb arasında körpü adlandırırlar. Bu, hələ tarixi Böyük İpək yolu dövründən ölkəmizin əlverişli coğrafi-siyasi mövqeyə malik olması ilə bağlıdır. Azərbaycan özünün çoxəsrlik tarixi boyunca təkcə nəqliyyat dəhlizi kimi deyil, həm də mədəniyyətlərin dialoqunda öz sözünü deməyə qadir olan bir ölkə kimi tanınır. Mən fəxr edirəm ki, ölkəmizdə tamamilə bənzərsiz, analoqu olmayan bir mədəni məkan yaranmışdır”.

Qeyd etmək lazımdır ki, bugünkü səviyyəyə çatmaq üçün Azərbaycan böyük tarixi yol keçmişdir. Bu baxımdan maarifçiliyi modernizm proseslərində bir mərhələ kimi nəzərdən keçirsək, milli ideya hadisəsinin öz təcəssümünü həm maarifçilikdə, həm də modernləşmədə tapdığının şahidi oluruq. Çünki həm maarifçiliyin, həm də modernləşmənin reallaşmasında təməl olaraq milli ideyaya istinad durur, eləcə də bu proseslər tarixi inkişaf boyu milli ideyanı zənginləşdirir və onu inkişaf etdirir.

Modernləşmə sistemli şəkildə ictimai həyatın bütün sahələrində baş verən mürəkkəb və uzunmüddətli sosial dəyişikliklər prosesidir. O, cəmiyyətdə siyasi, iqtisadi, sosiomədəni, sosial-psixoloji, ailə-məişət sahələri ilə yanaşı, dünyagörüşü və ictimai şüurda baş verən mühüm dəyişiklikləri əhatə edir. Əslində, modernləşmə müasir dövrün hadisəsi deyil, o bəşəriyyətin inkişafının bütün dövrlərində bu və ya digər şəkildə təzahür etmişdir. Yəni modernləşmə paradiqması nəzəri cəhətdən yeni ideyalarla, nəzəri-metodoloji yanaşmalarla zənginləşərək inkişaf edir. Bütövlükdə, modernləşmə nəzəriyyəsi hər bir konkret ölkənin daxili inkişaf amillərinin nəzərə alınmasına, dövlətin inkişafını təmin edən sosial dəyişikliklərin və təkamül prosesinin müəyyənləşməsinə yönəlməlidir. Bu sahənin tədqiqatçıları modernləşmə proseslərində siyasi, iqtisadi elitanın rolunun danılmaz olduğu iddialarına xüsusi diqqət yetirirlər. Yəni Hantinqtondan başlayaraq, bu sahəyə aid fikir sahibləri modernləşmənin “aşağıdan” həyata keçirilməsini mümkün saymırlar. Modernləşmənin, yeniləşmənin, bütövlükdə, inkişafın əldə edilməsi üçün siyasi elita öz ölkəsinin iqtisadi, siyasi, mədəni xüsusiyyətlərini dərindən bilməlidir, ən əsası isə, bunları nəzərə almaqla dəyişikliklərin həyata keçirilməsini reallaşdırmağa çəhd etməlidir.

İkinci Dünya müharibəsindən sonra Yaponiyada modernləşmə xalqı birləşdirən əsas ideya olmuşdur. Dərin Şərq ənənələrinə malik unitar ölkə olan Yaponiya avroatlantik, daha çox amerikan təcrübəsinə əsaslanaraq, indiyə qədər tarixə məlum olmayan sosial-iqtisadi və siyasi inkişafda böyük nailiyyətlər əldə etdi. Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərinə, məsələn, ABŞ, Avropa ölkələri, Yaponiya və Çinə və s. nəzər salsaq, məlum olur ki, bu ölkələrdə elmə, təhsilə qoyulan investisiyalar çox yüksək faiz təşkil edir. Yəni modernləşmənin müvəffəqiyyətlə həyata keçirilməsini təmin etmək üçün müvafiq səviyyədə vəsaitlərin elmin, təhsilin inkişafına yönəldilməsi vacibdir. Bu kontekstdə maarifçilik və modernləşmə ideyalarının məqsədi üst-üstə düşür. Yəni hər iki istiqamət, təbii ki, dövrün və zamanın tələblərinə müvafiq olaraq xalqın gələcəyini, onun harmonik inkişafını maariflənmədə görür.

Maarifçilik XVIII əsrdə meydana çıxsa da, bu cərəyana aid ideyalar çox qədimlərdən mövcud olmuş və bəşər mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. Azərbaycanda da maarifçiliyin qədim tarixi vardır. Belə ki, hələ orta əsrlər Azərbaycan ədəbiyyatında maarifçilik ideyalarının yayıldığını müşahidə etmək olur. Bu mənada dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bütün yaradıcılığı boyu bu ideyalara geniş yer verildiyinin şahidi oluruq. Yəni “maarifçi hökmdar” ideyası onun “Xəmsə”sinin leytmotivini təşkil edib. Təbii ki, belə zəngin maarifçilik ənənələrinə malik olduğundan Azərbaycan ədəbi-fəlsəfi fikri sonrakı dövrlərdə maarifçilik hərəkatına yaxından qoşularaq, onun ardıcıl təbliğatçısına çevrilmişdir. Azərbaycanda A.A.Bakıxanov, M.Ş.Vazeh, İ.Qutqaşınlı ilə başlayan maarifçilik hərəkatı M.F.Axundzadə və H.Zərdabi ilə davam etdirilmiş, daha sonra Ə.Hüseynzadə, Ə.Topçubaşov, Ə.Ağaoğlu, M.Rəsulzadə, M.Məmmədzadə, N.Yusifbəyli və digər ziyalılarla davam etdirilmişdir. Bu mənada dövrün ictimai-siyasi görüşlərinin ideya mənbəyini milli və bəşəri dəyərərin vəhdəti təşkil edirdi. Və tarix də təsdiq etdi ki, modernləşməyə, yeniləşməyə aparan yol da məhz bu vəhdətin necə reallaşdırılmasından asılıdır. O dövrün ziyalıları Avropa demokratik təcrübəsini, qabaqcıl ideyaları mənimsəyərək, Azərbaycan reallığına tətbiq etməyə cəhd göstərmişlər. Yəni bu ziyalılar öz fəaliyyətlərini yalnız ənənələrlə, milli zəminlə məhdudlaşdırmamışlar, onlar dünya mədəniyyəti səviyyəsinə çatmağın yollarını aramışlar.

Qeyd etmək lazımdır ki, bir milli-ideoloji hərəkat olaraq, maarifçilik Azərbaycanda milli ideyanın formalaşmasında misilsiz rol oynamışdır. Bu baxımdan akademik Ramiz Mehdiyevin milli ideyanın təşəkkülünü mərhələlərə bölməsi, mahiyyətcə hadisəni ətraflı izah edir. Akademikin fikrincə, milli ideyanın təşəkkülünün birinci mərhələsi 1828-1875-ci illəri əhatə edir. Rusiya-İran müharibəsindən sonra Azərbaycanın şimal hissəsinin ərazisi Rusiya imperiyasının tərkibində qalmış, burada azərbaycanlıların tədricən həmrəy olması prosesi başlanmışdır. O dövrdə Azərbaycan cəmiyyətinin qabaqcıl hissəsi hələ fars və ərəb ruhanilərinin təsiri altında idi. Bununla bərabər, məhz həmin dövrdə milli realist ədəbi məktəb formalaşmağa başlayır. Bu məktəbin səpdiyi milli oyanış toxumları sonrakı onilliklərdə cücərmişdir (Современная национальная идея обогащается тем, что гражданин ощущает себя частью государства, видит в себе силы к преобразованиям, ощущает потребность в наличии сильного государства и сильного, волевого лидера // Бакинский рабочий. 16 ноября, 2011-ый год, с. 5-7).

Azərbaycan maarifçiləri xalqın savadlanmasını, ictimai işlərdə fəal iştirakını təmin etmək məqsədilə maarif-məktəb işlərinə böyük rəvac verməyə başladılar. Təbii ki, belə böyük bir iş boş yerdə həyata keçirilə bilməzdi. Maarifçilər dərin və qədim mədəni irsə istinad edərək dünya mədəniyyətinin nailiyyətlərindən bəhrələnməklə xalqımızi irəliyə aparmaq üçün əllərindən gələni etmişlər.

İkinci mərhələnin başlanğıcını akademik haqlı olaraq, 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən Bakıda Azərbaycan dilində ilk qəzetin – "Əkinçi"nin təsis edilməsi ilə bağlayır. Bu mərhələ XX əsrin əvvəlinə qədər olan dövrü əhatə edir. Bu ilk Azərbaycan qəzeti milli oyanış tarixində müstəsna rol oynamışdır. Azərbaycan teatrının banilərindən biri və ədəbiyyatda realizm tərəfdarı olan Həsən bəy Zərdabi bu qəzetin səhifələrində dərc olunan məqalələrində dini-mistik poeziyaya qarşı çıxış edirdi. Qəzet öz redaktorunun dili ilə həmvətənlərini milli məhdudiyyətə qarşı mübarizə aparmağa və o dövrün elmi nailiyyətləri ilə tanış olmağa çağırırdı.

H.Zərdabinin “Əkinçi” (1875-1877) qəzetinin nəşri ilə Azərbaycan dövri demokratik mətbuatının əsası qoyulmuşdur. Həm M.F.Axundzadə, həm də onun ənənələrini davam etdirənlər – H.Zərdabi, S.Ə.Şirvani, N.Vəzirov, Ə.Haqverdiyev, N.Nərimanov, S.S.Axundov, Ü.Hacıbəyov, Z.Marağalı, İ.Talıbov, F.Köçərli, İ.Musabəyov, S.Qənizadə, R.Əfəndiyev və b. yaxşı başa düşürdülər ki, məktəbin, mətbuatın, elmin, maarifin dövrün tələblərinə uyğun yenidən qurulması sayəsində xalqın ictimai tərəqqisinə nail oluna bilər.

Əsası görkəmli mütəfəkkir M.F.Axundzadə tərəfindən qoyulmuş Azərbaycan teatrı Həsən bəy Zərdabi tərəfindən inkişaf etdirilmişdir. Bu hadisə haqqında tənqidçi, ədəbiyyatşünas Yaşar Qarayev yazır: “Maarifçiliyin banisi və klassiki rolunda Axundovun bütün Şərq üçün tarixi rolu, əhəmiyyəti və xidməti bir də ondadır ki, Vətəni Azərbaycandan və bir sıra Asiya ölkələrindən kənarda da həm filosof, həm də sənətkar kimi onun nüfuzu etiraf və təsdiq olunur, üstəlik, XVIII əsrin Avropa maarifçiliyi və maarifçi teatrı ilə müqayisədə mütəxəssislər Axundovun üstünlüyündən bəhs edirlər”.

“Əkinçi” qəzeti cəmi üç il nəşr olunsa da sonrakı dövrlərdə baş verən hadisələrə onun çox böyük təsiri oldu. Bu qəzetin özəlliyi ondan ibarətdir ki, onu Şərqin ilk modern müsəlman qəzeti hesab etmək olar. O dövrün modern düşüncə sahibləri olan H.B.Zərdabi, S.Ə.Şirvani, N.Vəzirov, Ə.Gorani, Ə.Heydəri, M.Əlizadə və başqaları qəzetin səhifələrində qədim İslam və türk dəyərlərinə böyük qiymət verməklə yanaşı, mədəniyyətdə, elmdə, sənayedə, kənd təsərrüfatında, texnika sahəsində islahatların aparılmasını, müasir, modern dünyagörüşünü təbliğ edirdilər. Həmçinin maarifçi və demokratik ideyalar ön plana çəkilir, mövhumat bütün təzahürlərində tənqid atəşinə tutulurdu.

( ardı var )

Afaq Rüstəmova,
fəlsəfə elmləri doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında