Prezident İlham Əliyevin Polşaya rəsmi səfəri iki dövlət arasındakı münasibətlərdə yeni mərhələnin əsasını qoyur

 

 

 

 

 

 

 

 

 

 

 


Biz polyakları və Polşanı yaxşı tanıyırıq. Müxtəlif dövrlərdə Azərbaycanda çalışmış və ölkəmizə xidmət etmiş məşhur polyak memarların, mühəndislərin, ictimai xadimlərin xatirəsi Azərbaycan xalqı tərəfindən yüksək hörmətlə anılır. Polyaklar 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın rəhbərliyində də təmsil olunmuşlar. Yəni, tariximizin bu səhifələri bugünkü dostluğun təməlidir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti



Azərbaycanın nailiyyətlərinə böyük ehtiramla yanaşır, ölkənizi tərəfdaş kimi görürük. Polşa və Azərbaycanın qarşısında oxşar məqsədlər durur. Ölkələrimizin sabit və təhlükəsiz inkişafını təmin etmək üçün çalışır və eyni zamanda, beynəlxalq arenada mövqeyimizi möhkəmlətmək istəyirik. Polşa və Azərbaycan öz regionlarında iqtisadi liderlərdir, regionun sabitliyinin və inkişafının təmin edilməsində həlledici rol oynayırlar. Cənubi Qafqaz regionunda rolu, həmçinin Şərq Tərəfdaşlığında getdikcə artan iştirakı baxımından Polşanın Şərq siyasəti üçün Azərbaycan çox önəmlidir.

Andjey DUDA
Polşa Respublikasının Prezidenti


Azərbaycan-Polşa münasibətləri qədim tarixə söykənir. Hələ XV əsrin sonlarına yaxın Ağqoyunlu dövləti ilə Reç Pospolita dövləti arasında məktublaşmaların aparılması, qarşılıqlı səfərlərin təşkil edilməsi məlumdur. Gəncə, Bakı, Zaqatala və Quba şəhərlərində vaxtilə polyak icmasının inşa etdiyi katolik kilsəsi və digər tikililər bu gün dövlət tərəfindən qorunub saxlanılır. 2013-cü ildə Polşanın qədim paytaxtı Qniezno şəhərində Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 540, bərpasının 20 illiyi ilə əlaqədar “Dostluq” abidəsinin ucaldılması da iki dövlət arasında tarixi münasibətlərə olan dərin hörmətdən, əlaqələrin gələcəyinə olan böyük inamdan xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya son səfəri məhz güclü dayaqlar üzərində inkişaf edən münasibətlərə yeni məzmun verəcəyini və əlaqələrin milli maraqlara uyğun möhkəmlənəcəyini təsdiqləyir.

Azərbaycan ilə Polşa arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur. İki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın əsası isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Polşaya rəsmi səfəri ikitərəfli münasibətləri tənzimləyən hüquqi-normativ bazanı genişləndirməklə, qarşılıqlı əməkdaşlığı daha da möhkəmləndirmişdir. Hazırda ikitərəfli münasibətlərin hüquqi bazası 40 sənədi əhatə edir. İki ölkə arasında yüksək səviyyəli görüşlərin keçirilməsi, əlaqələrin ikitərəfli inkişafı dostluq münasibətlərini yüksək həddə çatdırmışdır. Azərbaycan ilə Polşa arasında ötən illər ərzində çox yaxşı dostluq münasibətləri formalaşmışdır. Bu gün iki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir. Xüsusilə də Prezident İlham Əliyevin və Polşanın sabiq prezidentlərinin qarşılıqlı səfərləri ölkələrarası dialoqun yüksək səviyyədə inkişafına imkan yaratmışdır. Hazırda hər iki ölkə beynəlxalq tədbirlər çərçivəsində də sıx əməkdaşlıq edir.

Bu gün Azərbaycan-Polşa əlaqələri siyasi, iqtisadi, enerji sahələrində və əməkdaşlığın digər istiqamətlərində uğurla inkişaf edir. Polşanın Azərbaycana olan marağı və münasibəti ölkəmizin Avropa ilə münasibətlərinin inkişafına da müsbət təsir göstərir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə tərəfdar olan Polşa ölkəmizin ərazi bütövlüyünü daim dəstəkləyir, təcavüzə və işğalçıya daim “yox!” deyir. Azərbaycan üçün çox önəmli olan bu məsələnin siyasi əhəmiyyəti nə qədər vacibdirsə, Azərbaycan-Polşa dostluğu müstəvisində də bir o qədər önəmlidir. Prezident İlham Əliyevin Polşaya son səfərində rəsmi Varşavanın yüksək səviyyədə bir daha Dağlıq Qarabağ probleminə dair sərgilədiyi ədalətli mövqe və imzalanmış sənədlər iki ölkə arasında münasibətlərin strateji xarakter alması ilə yanaşı, əlaqələrdə dostluq münasibətlərinin yüksək səviyyədə olmasını təsdiqləyir. Dövlət başçımız mətbuata bəyanatında bu məsələyə xüsusi toxunmuş və ədalətli mövqe tutduğuna görə rəsmi Varşavaya təşəkkürünü bildirmişdir.

Prezident İlham Əliyev bəyanatında prezidentlər tərəfindən imzalanmış strateji tərəfdaşlığa və iqtisadi əməkdaşlığa dair Birgə Bəyannaməni xüsusi qeyd edərək vurğulamışdır ki, bu, çox ciddi siyasi sənəddir və iki ölkə arasında əlaqələrin, demək olar ki, bütün istiqamətlərini, həmçinin siyasi, iqtisadi, enerji, nəqliyyat məsələlərini ehtiva edir. “Bu bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da deyilir və göstərilir ki, bu münaqişə ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və BMT Təhləsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Bu ədalətli mövqeyə görə, cənab Prezident, Sizə minnətdarlığımı bildirmək istəyirəm”, –  deyən dövlət başçımız əlavə etmişdir ki, Azərbaycan dövləti və xalqı erməni işğalından iyirmi ildən çoxdur əziyyət çəkir. Prezident İlham Əliyev bu işğal nəticəsində torpaqlarımızın 20 faizinin işğal altında olduğunu və bir milyondan artıq azərbaycanlının öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırmışdır. Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulamış və bu tezislərin Birgə Bəyannamədə öz əksini tapdığını bildirmişdir.

Polşa Prezidenti Andjey Duda da səfər çərçivəsində imzalanmış sənədlərin böyük əhəmiyyət daşıdığını açıqlamışdır. Cənab Duda mətbuata açıqlamasında hesab etdiyini bildirmişdir ki, bu sənədlərin məqsədi əməkdaşlığın, xüsusən də iqtisadi, elmi, siyasi əməkdaşlığın genişləndirilməsi deməkdir. Çünki imzalanmış sənədlər ölkələr arasında siyasi əməkdaşlığı, strateji tərəfdaşlığı inkişaf etdirəcək və bu da çox vacibdir. Polşa Prezidenti çox şad olduğunu vurğulamışdır ki, hər iki ölkənin iqtisadi potensialı, sözün əsl mənasında, çox böyükdür və ticari mübadilələr həyata keçirilir. İllik ticarət dövriyyəsinin həcmi 100 milyon dollar civarındadır. Bununla belə, cənab Duda iqtisadi imkanların geniş olmasına baxmayaraq, əməkdaşlığımızın hələlik istənilən səviyyədə olmadığını vurğulamışdır.

Azərbaycan Prezidenti İlham Əliyev də indiki ticarət dövriyyəsinin tərəfləri qane etmədiyini açıqlamış və ümid etmişdir ki, səfər çərçivəsində keçiriləcək biznes forum və onun nəticələri ticarət əlaqələrinin inkişafına xidmət göstərəcək. Dövlət başçımız artıq bir neçə konkret məsələ ətrafında söhbət aparıldığını da diqqətə çatdırmışdır.

Səfər çərçivəsində enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri haqqında da fikir mübadiləsi aparılmışdır. Azərbaycanın zəngin neft-qaz ehtiyatları və çoxşaxəli ixrac infrastrukturu var. Hazırda ölkəmizin neft və qazını dünya və Avropa bazarlarına çıxara biləcək 7 kəmər mövcuddur və bunlar fəaliyyətdədir. Polşa ­Prezidenti energetika sahəsində də çox sıx əməkdaşlıq ­qurulacağına ümidvar olduğunu açıqlamışdır. Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında Azərbaycan neftinin Polşa bazarlarına çatdırıldığını bildirmiş və bu gün Azərbaycanın tərəfdaş ölkələrlə birlikdə nəhəng layihə olan “Cənub” qaz dəhlizi layihəsini uğurla icra etdiyini vurğulamışdır. Layihənin ümumi dəyərinin 40 milyard dollar olduğunu açıqlayan dövlət başçımız bildirmişdir ki, layihənin icrası uğurla davam etdirilir və bu layihənin birinci mərhələsi gələn il, ikinci və sonuncu mərhələsi 2020-ci ildə başa çatacaq. “Cənub” qaz dəhlizi layihəsinin reallaşması ilə Azərbaycanın Avropa üçün çox etibarlı tərəfdaş kimi özünü göstərəcəyini vurğulayan Prezident İlham Əliyev bildirmişdir ki,  Azərbaycanın enerji resursları Avropanın enerji təhlükəsizliyinə də öz dəyərli töhfəsini verəcək.

İki ölkə lideri arasında danışıqlarda nəqliyyat sahəsinə dair mühüm fikir mübadiləsi də aparılmışdır. Nəqliyyat sahəsində əlaqələrimizin genişlənməsinin vacib olduğunu  bildirən Prezident Duda Azərbaycan ilə Polşa arasında birbaşa dəmir yolu xəttinin Gürcüstan və Ukrayna ərazilərindən keçərək yaradılmasını da çox istədiklərini açıqlamışdır. “Bu, olduqca əhəmiyyətlidir. Çünki bunun sayəsində bizim nəqliyyat dəhlizimiz, əslində, Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsi tam həyata keçirilir. Biz də bu layihənin bir hissəsiyik və bizim, həmçinin Hindistana və İrana çıxışımız təmin olunur”, –  deyən Polşa Prezidenti hesab edir ki, Azərbaycan və Polşa bu perspektiv sayəsində, həmçinin ticari münasibətlərini və təmaslarını genişləndirəcək, həm Polşa, həm də Azərbaycan üçün böyük imkanlar açılacaq. 

Polşalı həmkarının nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi barədə mövqeyini dəstəkləyən Azərbaycan ­Prezidenti ölkəmizdə müasir infrastrukturun mövcudluğunu diqqətə çatdırmış və dəniz limanlarının, dəmir yollarının, aeroportların, avtomobil yollarının və eyni zamanda, regional əməkdaşlıq formatının da yaradıldığını açıqlamışdır. Əsas vəzifənin nəqliyyat sahəsində əməkdaşlığı dərinləşdirməkdən və Avropa ölkələrini də bu əməkdaşlığa cəlb etməkdən ibarət olduğunu vurğulayan dövlət başçımız xatırlatmışdır ki, bu yaxınlarda Bakıda dəmir yolları rəhbərlərinin görüşü keçirilmişdir. Belə görüşün keçirilməsi də deməyə əsas verir ki, artıq geniş beynəlxalq əməkdaşlıq formatı yaranır. Polşanın da bu formatda iştirak etməsindən şad olduğunu deyən Azərbaycan Prezidenti əlavə etmişdir ki, bu, hər iki ölkənin qarşısında çox böyük perspektivlər açır. Dövlət başçımız əmin olduğunu bildirmişdir ki, nəqliyyat sahəsində aparılacaq əlaqələndirmə işləri və birgə səylər tezliklə yaxşı nəticələrə gətirib çıxaracaq, bütün iştirakçı ölkələr bundan faydalanacaq.

Varşavada Azərbaycan-Polşa  biznes forumunun açılışında iştirak edən prezidentlər İlham Əliyev və  Andjey Duda ölkələr arasında iqtisadi və ticari əlaqələrin indiki vəziyyəti və perspektivləri barədə də mühüm açıqlamalar vermişlər. Azərbaycanın Polşanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda mühüm tərəfdaşı olduğunu diqqətə çatdıran Prezident  Duda əlavə etmişdir ki, bu baxımdan Polşa tərəfi Azərbaycan ilə iqtisadi əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir. Azərbaycan mühüm daşımalar marşrutlarında, Asiya ilə Avropanın kəsişməsində yerləşir. Cənab Duda bu baxımdan hesab edir ki, məhz Cənub və Qərb, o cümlədən Qərb-Şərq arasında saziş imzalanmışdır. Polşa Prezidenti digər tərəfdaşların da bu işə qoşulmalarını və Şərq Tərəfdaşlığı çərçivəsində yeni bir layihə həyata keçirilməsini istədiklərini açıqlamışdır. Dəmir yolunun məhz Cənub-Şərq hissəsinin Polşanın dəmir yolu şəbəkəsinə qoşulmasını istədiklərini deyən cənab Duda bunun bir növ Avropanın bütün Asiya ölkələrinə, regionuna çıxışını təmin edəcəyini vurğulamışdır. Polşanın dəmir yolu şəbəkəsinin Avropa İttifaqının bazarına böyük çıxışı təmin etdiyini xatırladan Andrey Duda ölkəsinin iqtisadi diplomatiyasının məhz yeni ticari tərəfdaşların tapılmasına və yeni ticari münasibətlərin qurulmasına yönəldiyini açıqlamış, bu baxımdan da Azərbaycan sərmayədarlarının polyaklar üçün vacib olduğunu nəzərə çatdırmışdır. Polşa lideri Prezident İlham Əliyevin Varşavaya səfəri sayəsində ticari mübadilələrin daha da artacağına ümid etdiyini də açıqlamışdır.

Tarixi mənbələrdən bilirik ki, hələ 500 il bundan əvvəl polyak tacirlər Azərbaycana gələrək kəhrəba və gümüşü Azərbaycan xalçası və ipəyi ilə dəyişərək ticarət etmişdilər. XV əsrin 70-ci illərində Polşa ilə Ağqoyunlu dövləti arasında diplomatik əlaqələr yaranması ölkələr arasında iqtisadi münasibətlərin inkişafında rol oynamışdı. Lvovdan, Kamenets - Podolskdan, Zamostyedən gələn tacirlərin Azərbaycandan xalça, dəri, meyvə və digər məhsullar apardıqları məlumdur. 1913-cü ildə Bakıda 2,5 min polyakın yaşadığı, hətta 1907-1908-ci illərdə Bakıda polyak dilində "Faris" qəzeti nəşr olunduğu, həmin dildə Qafqaza dair soraq kitabının da çap edildiyi bildirilir. Bütün tarixi mərhələlərdə Azərbaycanda məskunlaşmış polyaklara qayğı və məhəbbətlə yanaşılmışdır. Bu xoş münasibət hələ XIX əsrdə, Bakıda polyak katolik kilsəsi tikilən zaman özünü göstərmişdi. Xalqlarımız arasında əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələrinin mövcud olmasına toxunan Prezident İlham Əliyev rəsmi ziyafətdə etdiyi çıxışında hələ XV əsrdə Azərbaycan hökmdarı Uzun Həsənin Polşa Kralı Yagello ilə sıx təmasları olduğunu xatırlatmış və sonrakı dövrlərdə də münasibətlərimizin qorunub saxlandığını diqqətə çatdırmışdır. Polyakların 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin həyatında da fəal iştirak etdiklərini xatırladan dövlət başçımız general Maçey Sulkeviçin həmin dövrdə Azərbaycan Ordusunun qərargah rəisi olduğunu bildirmiş, Kriçevski qardaşlarının isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətində rəhbər vəzifələr tutduqlarını vurğulamışdır. Azərbaycanlı Vəli bəy Yadigar isə İkinci dünya müharibəsi illərində Polşa Milli Ordusunun polkovniki olmuşdur. 

Göründüyü kimi, çoxşaxəli Azərbaycan-Polşa əlaqələrinin intensiv inkişafı üçün tərəflərin siyasi iradəsi və maraqları var. Münasibətlərin dinamik inkişafında yeni mərhələnin açılması hər iki ölkənin milli maraqlarına xidmət edir. Bu mənada Prezident İlham Əliyevin Polşa səfəri zamanı imzalanmış sənədlərin və aparılmış müzakirələrin qarşılıqlı münasibətlərdə müsbət nəticələrin hasil olunmasına gətirib çıxaracağına böyük əminlik yaradır.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında