Ramazan ayı bizim hər birimizi ehtiyacı olan, çətinliklərlə üzləşən insanlara yardım etməyə dəvət edir. Bugünkü görüşümüz bu baxımdan rəmzi məna daşıyır. Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən soydaşlarımızın bir qismi bu gün yeni mənzillərlə təmin olunur, onların yaşayış şəraiti yaxşılaşır. Sizin həyatınızda yeni dövr başlayır. Sizin həyat tərziniz yaxşılaşacaq. Mən bu münasibətlə sizi ürəkdən təbrik edirəm, yeni mənzillərinizdə sizə xoşbəxt ömür arzulayıram.
Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın
məcburi köçkün ailələrinə Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimindəki çıxışından
Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində – iyunun 27-də Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimində iştirakı haqqında qələmə aldığımız yazının əvvəlində Heydər Əliyev Fondunun bu qəbildən digər tədbirlərini də yada salmaq istədik. Ancaq fondun elektron saytının “Xeyriyyə tədbirləri və aksiyalar” bölməsindəki xəbərlərin siyahısına baxanda məlum oldu ki, həmin tədbirlər barədə ətraflı söz açmaq bir qəzet materialına sığası deyil. Odur ki, Masazırdakı mərasimdən əvvəl təşkil edilmiş tədbirlərdən cəmi ikisi haqqında qələmə aldığımız yığcam sətirlərlə kifayətlənmək qərarına gəldik.
Belə ki, bu il aprelin 24-də ötən ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlər Mehriban xanım Əliyevanın xüsusi bir qayğısını görmüşdülər. Həmin gün kütləvi informasiya vasitələri yazırdılar ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti
Mehriban Əliyevanın tapşırığına əsasən, “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi üzrə işlər başa çatdırılıb. Bildirilirdi ki, Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə yaradılan işçi qrupu layihənin ilkin mərhələsində 2016-cı il aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabitlə fərdi görüşlər keçirib, onlara individual yanaşma tətbiq olunub. Nəticədə aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin fərdi xüsusiyyətləri, onların aktivlik dərəcələri, həyat tərzləri, məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri təhlil edilərək, hərbiçilərimiz üçün uyğun, müasir protez istehsalçıları olan qabaqcıl şirkətlərin yüksək texnologiyalı məhsulları seçilib. Layihə üzrə 20 gün ərzində müvafiq işlər həyata keçirilib, hərbçilərin amputasiya olunan hissələrinə protezlər quraşdırılıb. Bu müasir protezlər normal hərəkət dinamikasının təmin olunmasına imkan yaradır. Xatırladaq ki, işçi qrupun mütəxəssisləri tərəfindən həm protezlərin təminatı, həm də gələcək mərhələdə onların texniki xidməti həyata keçiriləcək.
Yada salmaq istədiyimiz ikinci tədbir haqqındakı xatırlatmalarımız daha yığcamdır. Belə ki, bu ilin may ayında məhz Mehriban xanımın təşəbbüsü ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 ailəlik yeni yaşayış qəsəbəsinin təməli qoyulub. Həmin qəsəbə də qaçqın və məcburi köçkün taleyini yaşayan soydaşlarımız üçün tikilir.
Masazırda keçirilən mərasim də bilavasitə erməni işğalçılarının, qəsbkar Ermənistan dövlətinin xalqımıza qarşı apardığı düşmənçilik siyasətinin fəsadlarının aradan qaldırılması ilə bağlı idi. Mərasimdə çıxış edən Birinci vitse-prezident dedi: “Ermənistanın artıq 20 ildən çoxdur ki, davam edən işğalçı siyasəti nəticəsində ölkəmizdə bir milyon qaçqın və məcburi köçkün mövcuddur. Bu insanların problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması, iş, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. İyirmi ildən çoxdur ki, bu sahədə ardıcıl olaraq bütün lazımi tədbirlər həyata keçirilir, addımlar atılır. Bildiyiniz kimi, – baxmayaraq ki, müstəqilliyimizin ilk illərində dövlətimiz böyük çətinliklərlə üzləşmişdir, – Azərbaycan hökuməti ölkəmizdə mövcud olan bütün çadır şəhərciklərini qısa bir zamanda ləğv etdirmişdir. Azərbaycanda məcburi köçkün ailələri üçün 100-dək müasir yaşayış kompleksi inşa olunmuşdur. Bu qəsəbələrdə bütün lazımi infrastruktur yaradılmışdır. Qəsəbələr məktəb və bağçalarla təmin olunmuşdur. Dörd yüz mindən çox məcburi köçkün iş yeri ilə təmin edilmişdir. Bu gün də soydaşlarımızın işlə təmin olunması sahəsində dövlət proqramları həyata keçirilir. Bir daha qeyd etmək istəyirəm ki, bu, Azərbaycan dövləti üçün ən ağır, ən vacib problemdir. Azərbaycan dövləti bu problemin həlli üçün bütün lazımi tədbirləri görür və bu siyasət bundan sonra da davam etdiriləcəkdir”.
Öz fəaliyyətində sosial problemlərin, xüsusilə də qaçqın və məcburi köçkün ailələrinin problemlərinin, çətinliklərinin həllinə xüsusi diqqətlə yanaşdığını yada salan Mehriban xanım xatırlatdı ki, Birinci vitse-prezident vəzifəmdə ilk müşavirəm məhz bu problemlərin həllinə yönəlmişdir. Bizim qarşımızda duran məqsəd ilkin mərhələdə Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı, yarımçıq tikilmiş binalarda məskunlaşmış dörd min məcburi köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir. Bunun üçün bütün lazımi göstərişlər verilib, artıq tədbirlər görülür və əminəm ki, biz bu məqsədimizə nail olacağıq. Bu ilin may ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 ailəlik yeni yaşayış qəsəbəsinin təməli qoyuldu. Bu qəsəbədə bütün lazımi infrastruktur – tibb məntəqəsi, 600 şagird yerlik məktəb, uşaq bağçası inşa olunacaq. Burada artıq inşaat işləri başlayıb. Əminəm ki, işlər qısa bir zamanda başa çatdırılacaq və bu gün çox ağır vəziyyətdə yaşayan daha 1026 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq.
Xatırladaq ki, Azərbaycan dövləti tərəfindən bu tədbirlərin icrası üçün ümumilikdə 6 milyard manatdan çox vəsait ayrılmışdır. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ayrılmış vəsait nisbət etibarilə dünyanın ən yuxarı göstəriciləri sırasındadır.
Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, dövlətimizin təcrübəsi artıq dünyada bir model kimi qəbul olunur. Bu məsələ barədə danışan Birinci vitse-prezident daha bir müsbət tendensiyanı da yada saldı: “Çox xoşdur ki, dövlətlə yanaşı, biznes strukturları da, iş adamları da bütün cəmiyyətimiz üçün vacib olan bir problemə biganə qalmayıb və onlar da bu ağır problemin həllinə öz töhfələrini verməkdədirlər”.
Masazırdakı tədbirdə qeyd edildi ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yararsız binada və Xətai rayonunda yarımçıq tikilmiş binada məskunlaşmış 214 ailə Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülür. Məhz iş adamlarının yardımı ilə 214 ailənin yaşayış şəraitinin yaxşılaşdırıldığını təqdir edən Birinci vitse-prezident dedi ki, fürsətdən isifadə edərək, həmin şirkətlərə dərin minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu, çox təqdirəlayiq bir haldır. Ümidvaram ki, digər iş adamları, ölkəmizdə fəaliyyət göstərən digər biznes strukturları da gələcəkdə bu təşəbbüsə qoşulacaqlar. Bu, bizim cəmiyyətimizin birliyinin göstəricisidir, eyni zamanda, Azərbaycanın ən gözəl ənənələrindən biri olan xeyriyyəçilik ənənəsinin davamıdır.
Bu əhatəli və dövlət əhəmiyyətli tədbirlər haqqındakı yığcam fikirlərimizi Füzuli rayonundan olan məcburi köçkün, Qarabağ müharibəsi veteranı Rafiz Kərimovun Birinci vitse-prezidentə xitabən dediyi cümlələrlə yekunlaşdırmaq istəyirik: “Mehriban xanım, biz 20 ildən çoxdur ki, Xəzər rayonunun ərazisində məskunlaşmışıq. Çətinliklərlə də rastlaşmışıq, problemlərimiz də olub. Lakin Sizin deputat olarkən də gördüyünüz işlər məhz bizim gözümüzün qabağında olub. İstər səhiyyə, istər elm sahəsində, istər ərazidə olan yeni quruculuq işlərində, -- mən hamısını bir-bir sadalayıb vaxtınızı almaq istəmirəm, -- məktəbindən, bağçasından, yolundan tutmuş hamısında Sizin əməyiniz var və fəaliyyətiniz olub. Buna görə də bir daha Sizə minnətdarlığımızı bildiririk”.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.