“Formula-1” Azərbaycan Qran-prisi beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir

Dünyanın kütləvi informasiya vasitələri Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yaratdığı təəssüratlardan yazmağı davam etdirdiyi zamanda ölkəmiz növbəti dəfə dünya idman ictimaiyyətinin gündəliyinə gəldi. Paytaxtımız  dünyanın ən nüfuzlu idman yarışlarından birinə  –  “Formula-1” Azərbaycan Qran-prisinə də ev sahibliyi etdi.  İyunun 25-də uğurla başa çatan bu yarışlar növbəti dəfə dünyanın idman nəbzinin  Bakıda -- Şərq ilə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyünməsini təmin etdi.

Paytaxt sakinləri və qonaqlarımız  ikinci dəfə idi ki, bu möhtəşəm yarışların şahidinə çevrilirdi. Elə Azərbaycan Respublikasının ­Prezidenti İlham Əliyev, birinci ­xanım Mehriban Əliyeva və ailə üzvləri də“Formula-1” üzrə dünya çempionatının iştirakçılarını və qaliblərini ikinci dəfə salamlayırdılar. Ötən il olduğu kimi, bu dəfə də dövlət başçımız və ailə üzvləri  Azərbaycan Qran-prisinin açılış mərasimini və final yarışını birbaşa meydandan izlədilər.

Qeyd edək ki, ötənilki təcrübəyə istinad edən təşkilatçılar builki yarışlara  daha ciddi hazırlaşmışdılar. Belə ki, böyük ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, “Formula-1” rəhbərliyinin ofisləri, eləcə də iştirakçıların hər biri üçün dayanacaqlar tikilmişdi. Burada Paddok klubun üzvləri üçün də yerlər nəzərdə tutulurdu. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını rahatlıqla izləyirdilər. Yarışın startı və finişi məhz həmin ərazidə yerləşirdi.

Təşkilatçılar birinci Avropa və IV İslam Həmrəyliyi Oyunlarında qazanılan təcrübəyə əsasən “Formula-1” Azərbaycan Qran-prisinin  həm iştirakçılarına, həm də paytaxtımızın  qonaqlarına milli mədəniyyətimizin dəyərli nümunələrini təqdim etdilər.  Yüzlərlə könüllü, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət heyət tərəfindən təqdim edilən  anlar bir daha təsdiqlədi ki, dünyada yarım milyard tamaşaçı auditoriyası olan “Formula-1”-in Bakıda keçirilməsi barədə verilən qərarın müəllifləri tamamilə haqlı idilər.  Çünki bu yarışlar həqiqətən ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirdi.

Bu qəbildən olan yarışların  Bakıda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyirdi. Dünyanın kütləvi informasiya vasitələri yazdılar ki, bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetirincə olmasından qaynaqlanır.

Əvvəllər ev sahibliyi etdiyimiz  beynəlxalq idman yarışlarının şahidi olmuş əcnəbi jurnalistlər yaxşı bilirdilər ki, “Formula-1” Qran-prisi də  sırf idman yarışlarından ibarət olmayacaq. Onlar haqlı idilər. Çünki “Formula-1”-in teatrlaşdırılmış səhnələrlə müşayiət olunan açılış mərasimində Azərbaycan mədəniyyətinin incə koloriti, milli rəqslərimiz və ən əsası da xalqımızın əsrlərdən bəri qoruyub saxladığı simvollar dünya tamaşaçılarına canlı yayımda nümayiş etdirilirdi.

Həmin anların şahidi olan həmkarlarımız yazırlar ki, tədbirin  bədii-mədəni hissələri sırf idman yarışlarından heç də az həyəcan yaratmadı.

Əcnəbilər gördülər ki, müstəqillik yolunda uğurla addımlayan Azərbaycanı bir daha özünü həm idman ölkəsi, həm də dünyanın əsas mədəniyyət və turizm mərkəzlərindən biri kimi tanıda bilir. Qədim tarixə, zəngin mədəniyyətə, milli-mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmizin güclü potensialı dünyaya bir daha nümayiş etdirildi.  Qonaqlarımız və dünyanın bir sıra ölkələrini təmsil edən idmançılar qarşıya qoyulan hər bir məqsədin sürətli inkişafı ilə örnək olan Azərbaycanda necə uğurla reallaşmasına şahidlik etdi. Canlı yayımla dünyanın az qala hər yerində göstərilən tədbirdə Azərbaycan himninin səsləndirilməsi isə başqa bir qürur mənbəyi idi.

Məlumat üçün bildirək ki, bu yarışların keçirildiyi Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Pilotlar 20 çətin döngəsi olan trekdə 51 dövrə vurdular. Mütəxəssislərin fikrincə, təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trek Bakının tarixi məkanlarından, dəniz sahilindən keçməklə azarkeşlərdə xoş ovqat yaradırdı. Təşkilatçılar idmançılar üçün ən yüksək səviyyəli şərait yaratdıqları kimi, tamaşaçıları da diqqət mərkəzində saxlamışdılar. Belə ki, yarışları 30 mindən çox tamaşaçının izləməsi üçün tras boyunca hər cür şərait yaradılmışdı. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə – İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edirdi.

Yarışlara  iyunun 23-də start verilmişdi və tədbirin  birinci günündə pilotlar Bakı Şəhər Halqasında iki sərbəst yürüşdə güclərini sınamışdılar. İlk sərbəst yürüşdə “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen birinci olmuşdu. Ən maraqlı məqamlardan biri də o idi ki,  “Formula-1” Azərbaycan Qran-prisi çərçivəsində Bakıda Formula-2 yarışları da keçirildi. Jurnalistlər və qonaqlar iyunun 24-də -- Azərbaycan Qran-prisinin ikinci günündə də maraqlı idman mübarizəsinin şahidi oldular.  Məhz həmin turdan sonra “Formula-1” Azərbaycan Qran-prisinin start düzülüşü müəyyənləşməli idi.

Diqqət çəkən əsas məqamlardan biri də o idi ki,  bu yarışlarda kimin qalib gəlməsindən asılı olmayaraq,  bütün iştirakçılar hamı tərəfindən qalib kimi alqışlanırdı.  Məsələn, “Formula-1” Azərbaycan Qran-prisinin qalibi “Red Bull Racing” komandasının üzvü Daniel Rikkiardo oldu. Pilot məsafəni 2 saat 3 dəqiqə 55 saniyəyə qət etdi. İkinci yerə “Mercedes” komandasının üzvü Valtteri Bottas çıxdı. Üçüncü yerdə isə “Williams” komandasının pilotu kanadalı Lans Strol qərarlaşdı. Konstruktorlar kubokunun sahibi isə “Red Bull Racing” komandası oldu. Məhz həmin qaliblərin şərəfinə  Avstriyanın və Avstraliyanın dövlət himnləri səsləndirilsə də  bütün iştirakçılar bayram əhval-ruhiyyəsində idilər. Çünki, idman sözün həqiqi mənasında, sülhün, sabitliyin, əmin-amanlığın simvoludur. Əgər idman yarışları Azərbaycanda keçirilirsə, deməli, sülh və əmin-amanlıq prinsipləri daha etibarlı əllərdədir.

Yarışlar başa çatandan dərhal sonra  xəbər gəldi ki,  “Formula-1” Azərbaycan Qran-prisi dünyada böyük maraq doğurub. Belə ki, almaniyalı Herman Tilke tərəfindən layihələndirilən şəhər trası nadirliyi ilə seçilir. Çünki Monte-Karlo, Melburn, Monako və Sinqapur kimi Azərbaycan Qran-prisi də şəhər trasına ev sahibliyi edir. Jurnalistlər yazdılar  ki, Bakıda keçirilən yarış zamanı avtomobillər Dənizkənarı Bulvar boyunca və şəhərin ən qədim hissəsi olan, UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilən İçərişəhər Tarix-Memarlıq Qoruğunun ətrafında dövr edirlər. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar Azərbaycan paytaxtının tam simasını görmək imkanı qazanırdılar.

Məlumat üçün bildirək ki,  “Formula-1”  1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir. “Formula-1” sürücüləri qeyri-rəsmi olaraq pilot, avtomobillər isə bolid adlandırılır. Bu yarışlar Beynəlxalq Avtomobil Federasiyasının müəyyən etdiyi qaydalara əsasən təşkil olunur və  il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyənləşdirilir və mükafatlandırılır.

Mütəxəssislər qeyd edirlər ki, “Formula-1” adlı bu texniki idman növü  dünyada futboldan sonra ən çox tamaşaçı auditoriyasına malik yarışdır. Məlumat verilir ki, 1950-ci ildə keçirilən ilk yarışda kuboku “Alfa Romeo” komandası və onun italiyalı pilotu Cüzeppe Farina qazanıb. Ən çox çempion adına “Ferrari” komandasının əfsanəvi alman pilotu Mixail Şumaxer sahib olub. O, “Formula-1” yarışlarında yeddi dəfə çempion olub.

Xatırladaq ki, yarışların başa çatdığı gün -- iyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Formula-1”-in sədri və icraçı direktoru Çeyz Kerini, “Formula-1” Motorsportun direktoru Rous Braunu və “Formula-1”-in kommersiya və marketinq üzrə direktoru Şon Bratçesi qəbul edib. Bu yarışların Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı qeyd edib  ki, ötənilki yarışlardan sonra ölkəmizdə turizm sahəsində 25 faiz artım olub. Dövlətimizin başçısı yarışların dünyada böyük sayda tamaşaçı auditoriyası tərəfindən izlənildiyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  hələ ilin əvvəlində xüsusi sərəncam imzalamışdı ki, iyun ayında Bakıda keçiriləcək “Formula-1” yarışlarını birbaşa izləmək istəyən əcnəbi turistlərin viza probleminin sadələşdirilməsi üçün həmin məsələ ölkədə fəaliyyət göstərən “ASAN”xidmətə həvalə edilsin. Həvalə edildi, proses sadələşdirildi və nəticə göz qabağındadır. Yəni Azərbaycan dövləti təkcə idmana və idmançılara deyil, eləcə də tamaşaçı, azarkeş və turistlərə də yüksək səviyyədə şərait yaradılmasının qayğısına qalır. Bu, Azərbaycan həqiqətləridir.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında